“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

Azərbaycan parlamanı ətrafında rus əhalisinin parlamanda iştirakı

 

Bakıdakı slav-rus cəmiyyəti Azərbaycan Şurayi-Milli rəisi naminə bir məktub göndərib Azərbaycan parlamanına daxil olmağı qərara aldığını xəbər vermişdir. Azərbaycan Şuarayi-Millisi kanuni-əvvəlin 5-də vaqe olan iclasında Azərbaycan parlamanında rus əhalisinə verilən 10 yerdən 5-nin slav-rus cəmiyyəti nümayəndələrinə verilməsini qərara almışdır.

 

Azərbaycan vətəndaşlarına zəhmətkeş köylülərə mübarizədə hüququnu alarsan!

 

Vətəndaşlar! Dekabrın 7-də Azərbaycanın paytəxti Bakı şəhərində Azərbaycanın parlamanı açılacaq.

 

Neçə il davam edib də axirüləmr “hamı millətlərə istiqlal” şüarilə xitampəzir olan aləmşümul Avropa müharibəsindən aldığımız təxribat və xəsarət mühitində vətənimiz Azərbaycanda əbədi və əsası qanun və nizamiyyat tapacağımız bu gün, bizim üçün daha da qiymətli, daha da əziz bir gündür.

 

Kəndli vətəndaşlar, firqəmizin ən birinci şüarlarından ədd olunan millətlər bu gün Avropada və Rusiyada geniş surətdə yürüdüldiginə biz fəxr etməliyiz.  Keçmişdə, dövri-istibdadda təzyiqat altında əzilən millətlər imdi kəndi huquqlarını tələb edib müstəqil hürr  yaşamağa səy ediyorlar. Bu millətlər cərgəsində azərbaycanlılar da Rusiya inqilabı-kəbirinin səmərələrindən  istifadə edib öz istiqlaliyyətlərini ümumə elan etdilər.

 

Kəndli qardaşlar! Siz kəndi həyati-məişətinizi “topraq və ixtiyar”ınızı müdafiəyə qalxışmalısınız. Bu da yaşadığınız Azərbaycan məmləkətinin müstəqil bir şəkli-idarə alması ilə olacaqdır. Azərbaycan kəndliləri hamıdan artıq əsarətdə və təzyiqatda yaşadıqları üçün kəndi Azərbaycanı üçün istiqlaliyyət tələb etməgə həqqi vardır. Bu gün hər  məmləkətin öz dairəsində ancaq müstəqil bir surətdə müəyyən bir qanın qoyulub hüquqa dəxi təcavüz edilməyəcəginə Azərbaycan kəndliləri daha inanmışlardır.

 

Hal-hazırda Rusiyanın hər bir küncündə, hətta hər bir şəhərində böylə bəzi firqələr və yaxud şəxslər baş qaldırıb hökumət təşkil edir və Rusiyayı təcdid etmək arzusunda bulunur. Bu hökumətlərdən əsla xəlqin xəbəri yoxdur. Azərbaycan kəndliləri bu hökumətlərə inanıb heç özlərini  ixtilal ağuşuna atmaq istəmiyəcəklər.

 

Azərbaycan kəndliləri  özlərinə istiqlaliyyət tələb etdikdə arkadaşları Rusiya kəndlisi və xəlqindən heç də üz çevirmiyorlar. Biləks, Rusiyada yaşayan kəndlilərin də kəndiləri üçün hürr və azad bir idarə qurmalarına mənəvi köməkdən çəkinməyəcəklər.

 

Kəndli qardaşlar!

 

Siz bu axır illər müddətində çox zəhmət çəkdiniz, yoruldunuz. İmdi isə yenidən mübarizeyi-həyatə girişməlisiniz. Keçmişdəki nöqsanları bu gün düzəldiniz. Dünki ədavəti bu gün qəlblərinizdən çıxarınız. Bu gün müttəhidən istiqlaliyyət yolunda çalışarsanız, yarın dinc yaşamanız təmin ediləcəkdir.

 

Bu gün hamı kəndlilər bunu düşünüb bir nəfər kimi məmləkətimizdə istiqlaliyyət “Topraq və ixtiyar” şüarını tutmalısınız.  Kim  qarşınıza çıxıb sizə mane olarsa hamınız ona qarşı qalxıb ciddi mübarizəyə girişməlisiniz, bu uğurda mübarizənizlə istiqlaliyyət  və “topraq və ixtiyar”a layiq olmağınızı aləmə bildirməlisiniz.

 

Yaşasın Azərbaycan istiqlaliyyəti!

 

Yaşasın Azərbaycan

 

Məclisi-Məbusanı!

 

Yaşasın topraq və ixtiyar!

 

Yaşasın Azərbaycan köylüləri!

 

Azərbaycan ictimaiyyun-inqilabiyyun firqəsi!

 

“Azərbaycan”, 7 dekabr 1918, ¹58

 

Azərbaycan Məclisi-Məbusanında

 

Bu gün 7 qanuni-əvvəl: illər ilə intizarını çəkdiyimiz tarixi bayram günü hələ səhər tezdən evdən çıxarkən şəhərdə başqa bir halət, başqa bir ruh görüyorsan. Bu gün sair günlərə bənzəməz! Bu gün bazar-dükan bağlıdır; bu gün məktəblərdə çocuqlar dərsdən azad edilmişlərdir; bu gün ümum müəssisələr bayram ediyorlar; Azərbaycanın tarixi bayramı; birinci Məclisi-Məbusanın güşadı bayramı!

 

Küçələrdə, evlərdə hamı biri-birini təbrik ediyor. Hamı şad, hamı məsrurdur.

 

Səhərdən şəhər küçələrində zirehli avtomobillər görülüyorlar; hələ saat 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamlar parlaman binası - fəqət o sevgili möhtəşəm, müəzzəm “İsmailiyyə” degil, ünas məktəbi olan bina - qabağında yüzlər, bəlkə minlər ilə toplaşıb danışıyor; hər kəs öz dairəsində, öz “əqli kəsdiyi” kibi ovzai-siyasiyyədən, istiqbal və istiqlaldan, hürriyyət və istibdaddan bəhs, mübahisə ediyor. Cəmaətdə bir qaynaşma var.

 

Birinci iclas

 

Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qaravulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardırlar. Ümumiyyətlə ruh yüksəkliyi hökmfərmadır.

 

İclas açılmadan əvvəl məbuslar və sairləri dəstə-dəstə, topa-topa yığışaraq əhvali-hazirə və ovzai-siyasiyyə həddində danışıyorlar. Parlamanın vəzifəsi, gələcək Məclisi-Müəssisan, hazırki hökumət və sairə həqqində mübadiləyi-əfkar icra olunur.

 

Diploması nümayəndələr lojalarında İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişlərdir.

 

Nəhayət, saat ikinin yarısında iclas açılıyor. İclası Məhəmməd Əmin bəy Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş və bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəlam ediyor. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enməyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların şüarı olaraq istiqlal və hürriyyət uğrunda göstərdikləri və göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin də münasibat və rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın. Binaənileyh natiq cənabları azərbaycanlıları ittihad və ittifaqla çalışaraq müstəqil yaşamağa qabil, müstəid və müstəhəqq olduğumuzu isbat etməyə çağırıyor.

 

(Nitq kəraətlə gürultulu alqışla kəsiliyor).

 

Nitqinin axırında sədr cənabları bir sədr ilə bir baş müavin seçməyi təklif ediyor. 5 dəqiqə tənəffüsdən sonra “Müsavat” və bitərəflər namindən Şəfi bəy Rüstəmbəyov sədrliyə Əlimərdan bəy Topçubaşovun və baş müavinliyə Həsən bəy Ağayevin namizədliyini təklif ediyor.

 

Təklif ümumiyyətlə qəbul olunur.

 

Həsən bəy Ağayev sədr yerini tutaraq böylə tarixi gündə bunca nəsibinə böyük şərəf və ehtiram düşdügündən izhari-etimad edərək seçənlərə təşəkkürünü bəyan ediyor. Sonra müvəqqəti bir katib intixabı lüzumunu qeydlə parlaman adətincə katibliyə ən cavan məbusu seçmək qaidəsini bəyan və binaənileyh Rəhim bəy Vəkilovun namizədliyini təklif ediyor. Təklif qəbul olunur.

 

Sonra Azərbaycanın hər yerindən və ümum millətlər və siniflərdən alınmış olan təbrik teleqraflarını qismən oxuyur (Teleqraflar dünki sayımızda dərc edilmişlərdi).

 

Teleqraflardan sonra hökumət rəisinə söz verilir.

 

Fətəli xan Xoyski uzun və gürultulu alqışlar altında kürsiyi-xitabətə çıxaraq ibtida böyük, əziz mübarək gün münasibətilə parlaman əzasını hökumət namindən təbrik ediyor. Sonra hökumətin məsuliyyət və fəaliyyətindən bəhslə hər nazirin nəzarəti həqqində müfəssəl bəyanat və məruzə verəcəyini vəd ediyor. Kəndisi isə Azərbaycan hökumətinin hini-təşkilindən, bu vəqtədək nə kibi daxili və xarici şərait altında nə surətlə çalışdığını, o vəqtki anarşi, yolsuzluq, müxabirəsizlik, pulsuzluq, əskərsizlik və ümumiyyətlə bir dövlət və hökuməti yaşada biləcək amillərin ümumiyyətlə yoxluğunu zikrlə hökumətin fəaliyyətini təsvir ediyor və şükr ediyor ki, ən mühüm məsələlər qüsurla da olsa həll edilmiş; pul kəsilmiş və əsl Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır. Yollar, post-teleqraf münasibatı və müxabiratı açılmış, paytaxtımız hüquq və ədalət bayrağı altında hüququ tapdayanların əlindən alınmışdır. Natiq həzrətləri türklərin dəvəti, qonşu millətlər və hökumətlər ilə münasibatımıza və sairlərinin açıq təsvir etdikdən sonra diyorlar ki: şimdi artıq parlaman dəvət olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə iş başında qalmaq istəməz. Binaənileyh hökumət istefa veriyor.

 

(Gərək Məhəmməd Əmin bəy və gərəksə Xan Xoyski həzrətləri nitqlərinin təfsilatı sabahkı nömrəmizdə olacaqdır).

 

Məhəmməd Əmin bəy təklif ediyor ki, yeni hökumət təşkilinədək sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq iş başında qalsın.

 

Təklif qəbul olunur.

 

Sədr - Etibarnamə, Nizamnamə və təsərrüfat komissiyaları seçmək lüzumunu göstərərək namizədlər göstərilməsini təklif ediyor.

 

Bu namizədlər göstəriliyorlar:

 

“Müsavat” və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov, Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə.

 

Sosialistlər ittifaqı (müsəlman) tərəfindən: Məhərrəmov, Səfikürdski, Hacınski.

 

“Hümmət” firqəsindən: Qarayev, Camalbəyov və Şeyxülislamov.

 

“İttihad” firqəsindən: Vəzirov, Zeynal bəy Məhəmmədbəyov və Qara bəy Qarabəyov.

 

Gürcülər, lehlər, yəhudilər və almanlar nümayəndələri tərəfindən Quxman, Vanseviç və Tsıxaqaya.

 

Rus-slav məbusları tərəfindən: Mixaylov, Klınyevski və Krınqo.

 

Namizədlər qəbul olunur.

 

Sonra “İttihad” firqəsi təklif ediyor ki, parlaman güşadi münasibətilə siyasi məhbuslara əfvi-ümumi elan olunsun.

 

Sosialistlər ittifaqı, “Müsavat” və “Hümmət” bu təklifi təbrik ediyorlar. Əsas etibarilə etiraz edən olmuyor. Fəqət bu təklifin qanun layihəsi surətində təqdimi və müəyyən bir komissiya, ya fraksiya tərəfindən verilməsi məsələsi qaldırılaraq nəhayət ittifaqi-ara ilə 5 nəfərlik bir komissiyaya mühəvvəl edilməsi təhti-qərara alınıyor.

 

Komissiyaya aşağıda isimləri yazılan məbuslar daxil oluyorlar:

 

Müsavatdan - Qardaşov.

 

Sosialistlər İttifaqından - Səfikürdski.

 

Hümmətdən - Ağamalov.

 

Bitərəflərdən - Əfəndiyev.

 

İttihad firqəsindən - Zeynal Tağıyev.

 

İclas saat 5 radələrində qapanıyor.

 

Gələcək iclas düşənbə günü saat 12-yə təyin ediliyor.

 

“Azərbaycan”, 8 dekabr 1918, ¹59

 

İxtar - elan, xatırlama

Məsrur - şad, sevinc

Müstəid - istedadlı, bacarıqlı

Müstəhəqq - layiq

Heyyən - yarandığı, diriliyi

 

Təəssürat

 

Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...

 

Əvvəla, ingilislərin qeydkeşliyi: hürriyyətimizin bədxahları tərəfindən, parlamanımız açılması münasibətilə məbadə bir şuluqluq biruzə verməsin və versə də filfövr qabağı alınsın deyə, parlaman imarəti yanındakı Hacının qız məktəbidir - ingilislərin iki ədəd zirehli avtomobili dayanıb, içindən görünən topların ağzını açıb gəlib-gedənə guya:

 

“Dinc dur!” - diyordi.

 

Zatən o səmtdən gəlib-gedən heç yox idi, çünki Azərbaycan polisi imarətin “bir ağaclığından” - qoy mübaliğə olsun - adamları keçməgə qoymayıb, ançaq məbuslara və parlamana girmək həqqı vəsiqəsinə malik olanlara izin verirdi.

 

Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi.

 

Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz!” - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu. Nədənsə bu fəqərə dəxi yadıma düşdü ki, görəsən küçədə zirehli avtomobillər olmuyub, heç bir nəfər də polis və ya qoşun əhli görünməsə idi, bugünki günün şərəfinə toxunmaq kimi ədəbsizligə bir kəsdə cürət ola bilərdimi!

 

Bəncə yox, çünki bu müqəddəs məclisin imarət dəlik-deşiklərindən belə dışarıya tərəf sübhan etdigi əzəməti-mənəviyyəsindən o dərəcə mütəəssir olardı ki, əli-qolu boşalıb dili də bağlanardı...

 

Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az degildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinləriylə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmıyıb, sağ və sol iki loju doldurdular.

 

Bunların hamısı başı açıqdırlar. Bir nəfərdən səvayi, görünür ki, soyuqdan qorxurmuş, həqiqət, çox soyuğdur.

 

Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu.

 

Məhəmməd Əmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı.

 

Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbayçan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı.

 

Məhəmməd Əmində - natiqlikdə “patent” qazanmış olan “arator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəgişmə kimi hərəkətlər yox idi.

 

Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndigini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi.

 

Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verilirdi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı.

 

Natiqin nitqini bugünki nömrəmizdə oxuyarsınız. Mənim məqsədim - gördüklərimi, təəssüratımı söyləməkdir.

 

Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi.

 

Xudavəndi-aləm hər yerdə istibdad varsa evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vəqtində  dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməgə, söz axtarmağa möhtac qalmayaq!

 

Bavücudin - Fətəli xan çox da duruxa-duruxa danışmırdı; dilinə hətta rəvan demək də caizdir. Anasından ögrənmiş dilinə, bir qədər də türk qəzetələri mütaliəsindən və bir də Osmanlı türk arkadaşlarımız ilə bir müddət təmasda bulunub deyib-danışmaq məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi.

 

Fətəli xan zatən nitq sögləmirdi. O, məbuslar əfəndilərlə dərdləşmək istiyordı, dərdini söyliyib şikayət edirdi:

 

- Xaricdə qarışıqlıq və daxildə pərişanlıq ola-ola, xəzinədə bir köpük pul və meydanda bir nəfər əsgər olmaya-olmaya - bizi hökumət seçib dedilər ki, gərək bu işləri düzəldəsiniz. Biz də - necə ki görürsünüz mümkün qədər düzəltdik. Pul da var, yol da yar və sairə.

 

Məclis Rəisi-Vüzəranın sözlərinə diqqət və sükut ilə qulaq verirdi, ancaq sağ tərəfdə kim idisə xısın-xısın pıçıldanıb rəisin hər sözünə bir kinayə buraxırdı.

 

Zənnimcə, Fətəli xanın “şikayət”i parlaman əksəriyyətinin qəbuluna məzhər olmayacaq degil.

 

“Deklarasiya”nın müzakirəsi sonraya qaldı. Doğrudur, Fətəli xan kabinəsinin əvəzində özgə bir kabinə olsa idi işləri daha gözəl aparardı, deyənlər olacaqdır. Ancaq bəlkə özgə kabinə heç bu işləri də görə bilməyəcək idi, deyənlər də az olmayacaqdır.

 

Fətəli xanı “tənqid etmək asandır, amma işi görmək çətindir” - sözlərinə çox adamlar şərikdir.

 

Sağda oturan “İttihad” fraksiyası özlərindən sol olan fraksiyaları bir məsələdə qabaqladı. Hətta bir dərəcəyə qədər “məhcub” belə etdi ki, “utandırdı” sözündən bir az yüngüldür. “İttihad” parlaman açılmaq bayramı münasibətilə siyasi dustaqların əfvi-ümumisi təklifıni etdi. Fraksya namindən bu təklifi irad edən “İttihad” əzası “özgələrə səbqət” etmək arzusunun cuşindən karıxıb “siyasi” sözünü unutmaqla bir çoxlarını qorxutdu, kənardan tez “siyasi” sözünün əlavəsi mətləbi aşkar etməklə təskinə səbəb oldu.

 

Cavan parlamanımızın birinci iclasından hasil olan təəssürat gələcək əndişələrimizin zayil edilməyəcəginə ümidlər verib, indiki ovzamızın da bir dərəcəyə qədər hiss etdigimiz ağırlığı müqabilində qəlbimizdə təsliyyətamiz bir hiss oyadır.

 

Allah kömək etsin.

 

Üzeyir

“Azərbaycan”, 9 dekabr 1918, ¹60

 

Sübhan - tərif, alqış

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 30 yanvar.- S.24-25