Şeir kimi ölən
şair
Ölüm əlçatmaz “varlıq” kimi maraqlı idi, sehrli idi Vaqif Səmədoğludan ötəri.
Onun hənirini nə zamansa telefon dəstəyindən duymuşdu,
xəbərin çəkisini
dünyanın ən ağır qanteli ilə müqayisə etmişdi...
Telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:
- Özünü ələ
al,
öldü...
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli...
Səməd Vurğun öləndə
Vaqif Səmədoğlunun
17 yaşı vardı. Kim bilir, bəlkə də gözünü açandan ədəbiyyat,
sənət mühitində
böyümüş yeniyetmənin
şeir yazmaq ehtiyacı məhz bu məqamdan, bu andan - atasının
ölümü ilə
yaranıb. Axı
Vaqif Səmədoğlu şeirləri
həm də dua idi, Allahla
dərdləşmə idi,
təkliyini ovutmaq üçün vasitə
idi... Əsl şeir elə
bu cür - dərddən, ağrıdan
yaranır. Ölümlə
görüş Səməd
Vurğunun oğlu Vaqifdən Vaqif Səmədoğlu kimi şair yaratdı! Bəlkə elə buna görə
də bütün yaradıcılığı boyu
şair ölüm mövzusuna təkrar-təkrar
qayıtdı.
Onun yaradıcılığındakı
“ölüm”lərdən uzun-uzadı
danışmaq olar. Həm öz “ölüm”ündən,
həm ümumiyyətlə
ölümdən çox,
lap çox yazıb. Saysız-hesabsız vəsiyyətləri
var...
Dostum,
mən öləndən
sonra...
Yaxud,
Sevgilim,
mən öləndə...
Bu şeirlər çox
məşhurdur, misraların
ardı dillər əzbəridir, ona görə heç bəndləri tam yazmağa
ehtiyac da yoxdur. İllərlə çap olunmayan,
əsərləri üzə
çıxmayan şairin
sürətlə populyarlaşması
özü də maraqlı, düşündürücü
məsələdir. Amma indi
məhz bu vəsiyyətlər və
onların səbəbi
haqda düşünmək
istəyirəm. Belə çıxır
ki, Vaqif Səmədoğlu ölümü
həyatdan daha artıq fikirləşib?
Məncə, yox, sadəcə
həyatın əsas
və izaholunmaz, bəlkə də barışa bilmədiyimiz
fəlsəfəsi - ölüm,
ağıllı, intellektual,
dərin düşüncəli
şairdən ötrü
maraqlı olub. Amma elə ki, onun
varlığını, yaxınlığını
real duydu, necəliyini
az-çox anladı, ovqatı dəyişildi.
... Xəstəlik birdən haqladı şairi. Çarəsizlik, sağalmağa ümidsizlik, ağrılar, gözü yaşlı doğmalar! Bunlar hamısı yazmaq üçün mövzudu, şeir üçün qığılcımdı... Ancaq Vaqif Səmədoğlu hamısını yazmışdı artıq. Bəzisini şair fəhmiylə, bəzisini iti müşahidəsiylə duyub, görüb yazmışdı. Və mənə görə onun bütün yaradıcılığının əsas özəyi, fəlsəfəsi, dərinliyi məhz son bir ildə, ömrünün sonuncu ilində açıldı. Vaqif Səmədoğlu ölümlə zarafat etməyə başlayanda. Məsələ burasındadır ki, ömrü boyu ölümdən danışan şair həyatının bu mərhələsində də keçmişdə yazdığı misraları o tərəf bu tərəfə çevirib ahu-zar etsəydi, yaxud həyatdan, xəstəlikdən şikayət motivli şeirlər yazsaydı, onda bütün yaradıcılığının mənası, yönü dəyişərdi... Amma elə ki, şair xəstəliyinə yumorla yanaşdı, “hamınızı yasıma dəvət edirəm” - dedi, məhz bu davranışıyla həyata, Nazım Hikmət demiş “böyük qaranlığa” gerçək münasibətini göstərdi. Axı oxucuya hər şeydən öncə səmimiyyət lazımdı. Şair, yazıçı özü öz yazdığına inanmırsa, əsərlərinin arxasından qaçırsa, oxucu necə inansın... Nədənsə bu yerdə “azadlıq” qışqırıb öz həyətində belə azad olmayanları, “qeyrət” deyib pişiyinə belə sahib çıxmayanları xatırladım. Hə, axı Vaqif Səmədoğlu da “ölüm” demişdi və ölümünə sahib çıxması, onu kişi kimi qarşılaması əslində bütün onu, yaradıcılığını sevərlər üçün açar oldu. Şeirlərini anlamaq, əsərlərinin dərinliyini açmaq üçün... AÇAR! Axı o son şeirlərində:
Allah, özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Yaxud,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm... -
deyəndə də təmkinli, müdrik, tox idi. Və bu mənada şairin ömrü boyu yazdıqlarının həqiqi mənası lap sonda açıldı, dərk olundu. Onun ömrünün sonunda. Məlum oldu ki, o, ölümdən qorxduğu üçün yox, həyatı sevdiyi üçün yazıb bütün bunları. Şeirlərindəki işıq da, ümid də, təsəlli də bu sevgidən, həyata bağlılıqdan gəlir.
Ölüm Vaqif Səmədoğludan ötrü bioloji son deyil, mənəvi başlanğıcdı. Əvvəlcə yazdı, resept verdi, sonra öz həyatı və ölümü ilə isbat etdi bunu.
Böyük türk şairi Nazım Hikmət infarktdan yox, xərçəngdən ölmək istədiyini deyirdi. İnfarkt xəbərsiz aparır, xərçəng isə bir az vaxt, möhlət verir ki, yarımçıq qalmış işlərini tamamlayasan, son sözünü deyəsən. Amma digər tərəfdən də baxanda insanın bütöv ömrü elə möhlət deyilmi? Əgər sonunda mütləq ölüm varsa, möhlətdi. Bütün bu tipli dərin fəlsəfi məsələləri Vaqif Səmədoğlunun 2013-cü ildə çapdan çıxmış “Müdriklərlə üz-üzə” aforizmlər kitabından oxuduqca gah sevinir, gah təəccüblənir, gah da kövrəlirsən.
Kitabı şairin həyat yoldaşı Nüşabə xanım tərtib edib, özü də ön söz yazıb ona... Oxuduqca şairin ömrü, poeziyası, dramaturgiyası ilə bağlı fərqli assosiasiyalar yaranır.
“Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq...”
Yəqin bu fikrin müəllifi irəli sürdüyü fəlsəfəni - ömrün möhlət olduğunu, həyatı tamamlamağın mümkünsüzlüyünü dərk etdiyi üçün ŞAİR (Vaqif Səmədoğlu!) idi. Amma sanki tale ona yarımçıq ömrünü şair kimi, sənətkar kimi başa vurmaq üçün əlavə vaxt da verdi. Nazım Hikmətin qəribə arzusunu bir daha yada salıb düşünürəm ki, axı qələm adamı həyatın özünə də yaradıcı yanaşır. Sanki yaşamır, yazır. Elə Vaqif Səmədoğlu da ömrünün son günlərini yazdı... Sənət içində doğulmuşdu, sənətlə yaşayırdı, ölümünü də SƏNƏTə çevirdi. Əslində arzusu da elə bu idi:
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əv vəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
Şairin ölümündən sonra bu misralar o qədər çox işləndi ki; yazıların başlığını, statusları, smsləri bəzədi...
Ona görə adama yenidən bu şeirə müraciət təkrar görünür. Amma bir anlıq düşünürsən: istədiyi elə bu deyildimi? Mətbuatda son bir-iki ilə aid kiçik bir axtarış aparıb Vaqif Səmədoğlu yaradıcılığını tamam ayrı yöndən görmək olar. Axı artıq söylədiyim kimi, ömrünün sonunu yazan şair indiyə kimi yaratdıqlarına təzə bir məna, təzə bir ruh vermişdi. Müxtəlif sənət sahələrini - rəssamlığı, musiqini, cazı sözündə birləşdirən, sözüylə rəsm çəkən, musiqi yazan, caz improvizələr edən şairin fəlsəfəsi heç vəchlə ölüm deyilmiş. Özü yarıciddi, yarızarafat “İntihar servisidir mənim poeziyam” desə də, əslində bütün yazdıqları ilə həyatı, yaşamağı və ən əsası ümidlə yaşamağı tərənnüm edib. Ərinin “gic-gic şeirlərini” şedevr sayan Söylü də, “detdom uşaqlarının atası olmur” - deyən əyyaş Hüseyn də, Xoşbaxlığa qafiyə axtaran qrafoman Moşu da, ayağını davada itirən Tanrıbəy dayı da, üzə bilməyən, amma dənizin kənarından çəkilməyən kişi də, Sovet dövründə qalan, amma ölümünü sevgili kimi gözləyən General da, Yaşıl eynəkli adamdan vahimələnən, amma bir yerə yığışanda həyatın balaca, bapbalaca sevinclərindən xoşbəxt olan hamı, hər kəs Yaşamaqdan danışır. Əgər “Uzaqda bir külək var, küləyin üstündə bayraq var”sa yaşamağa dəyər...
“Axı niyə bir ölü, meyit kimi soyuq metaldan düzəldilmiş bir üzüyün üstündə altı dənə diri, dipdiri şam ağacı ölməlidi? Niyə? Hansı qanuna görə? Hansı məntiqə görə? (ildırım çaxır, yağış yağmağa başlayır) İç, iç sənə qurban olum, iç qadanı alım sənin... iç, böyü torpağa kölgən düşsün. Bu torpaq sənindir, sənin! İç bala, iç ata, iç ana, bu torpaq sənindir”.
Gətirdiyim bu parça hamımızın sevə-sevə oxuduğumuz, filminə baxıb güldüyümüz, personajlarını özümüzdən biri saydığımız “Bəxt üzüyü” pyesinin finalıdır. İnsanların dünya malına görə bir-birinin ətini yediyini görən Tanrıbəy dayının sözləridir. Həyatın dəhşətli bir amansızlığı, qəddarlığı var burda. Müharibədə əlil olmuş qoca ayağını buna görə itirib? Bir mənasız üzükdən ötrü adamlar bir-birini qırsın?! Qocanın duyğularını dərk etmək çətin deyil. Həm də Vaqif Səmədoğlu dramaturgiyasındakı ustalıq buna imkan verir. Əyyaş Hüseyn, ya da atasının özünü asacağına inanan balaca qızcığaz hər şeyi “deyirlər”. Amma axı bütün bu qəmin, kədərin, həyatın faniliyini göstərən hadisənin içində işıq var, ümid, təsəlli var: (ildırım çaxır, yağış yağmağa başlayır) - remarkası... Məhz bu remarkadadı o işıq.
“Kim sulayacaq
bulvardakı söyüdləri?..” -
sualının cavabı da burdadı: “ildırım çaxır, yağış yağmağa başlayır” - remarkasında. Vaqif Səmədoğlunun bütün həyat fəlsəfəsi budur əslində. Yəni o ildırıma, yağışa həmişə ümid var, uzaqdakı külək də, bayraq da təsəllidir. Görünür elə ömrünün son aylarında da bu cür külək kimi, bayraq kimi, ildırım, yağış kimi ümidi olub şairin. Və bu ümid, güclə seziləcək təsəlli ona, doğmalarına güc verib.
... Vaqif Səmədoğlu yaradıcılığının ilk illərində çox az çap olunub. Ən sanballı şeir kitabı, “Mən burdayam, İlahi”, yaxud elə pyeslər kitabı müstəqillikdən sonra işıq üzü görüb. Telepyesləri, filmləri 80-nin sonlarından, əsasən 90-cı illərdən çəkilib, tanınıb, sevilib. Ramiz Əzizbəyli, Hüseynağa Atakişiyev, Ramiz Həsənoğlu kimi rejissorlar onun əsərlərini öz yozumlarında tamaşaçıya təqdim ediblər, sevdiriblər. Saysız-hesabsız mükafatlar, ordenlər alıb... Bütün bunları sadalamaqla demək istəyirəm ki, o, yazdıqlarının bəhrəsini gec də olsa, həyatının ikinci yarısında da olsa, sağlığında görüb. Yanında hər cümləsinin, hər misrasının qədrini bilən xanımı, Nüşabə xanım, mətbuatda, küçədə, sosial şəbəkələrdə sayı-hesabı bilinməyən oxucular, sevənləri, heyranları... Sənətkara bundan artıq nə lazımdı axı? Əsl sənətkar, kişi, vətəndaş səadəti yaşayıb Vaqif Səmədoğlu. Amma yenə də yazdıqlarını, dediklərini, çıxışlarını, zarafatlarını yadıma salıb düşünürəm ki, onun ən böyük fərqi, “üstünlüyü” ölümü də sənətkar kimi qarşılaması, öz ölümünü də SƏNƏT kimi “yaşaması” olub...
P.S. Nizami muzeyindəki son çıxışında - “Ay Allah, bircə arzum var: mən öləndən sonra kiminsə yadına o adam tək olanda düşüm. Ağlamasa da, gözləri dolsun...” - demişdi. Arzuna çatdın, şair. Təkəm! Səni düşünürəm! Gözlərim dolub!
PƏRVİN
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.21