Sil gözün yaşın, Qaragilə...

 

 

 

I hissə

 

“Tapdım! Poçtalyon, tapdım!” Az qala uşaq kimi qışqıracaqdım, “Yaşıl eynəkli adam”dan dilimin əzbəri olmuş bu cümləni. Axtardığım bu yazının “Giriş”i idi, tapdığım isə girişsizliyi oldu. Bu yazının “Giriş”i ola bilməz, Aynur! Bilirsən niyə? Axı Vaqif sənin ruhunun insanıdır. Ruhunsa nə əvvəli var, nə sonu. “Sizdən ruh barədə soruşsalar, deyin ki, bilgim azdır”, deyəsən, belə deyilir müqəddəs kitabımız Quranda. Ruhun yaşı da yoxdur. İndi anladım ki, “Mən öləndə, sevgilim...” şeirini ilk dəfə 8 yaşında dayımın dilindən eşidib sevməyimdən, “Günün baxtı”nı babamgildə kitab dolabının qarşısında bardaş qurub 10 yaşında oxumağımdan təəccüblənməyim, Vaqifin hansı şeiri neçə yaşında yazdığını hesablamağım və onu öz yaşımla tutuşdurmağım MƏNASIZMIŞ. Ruhun yaşı olmur... Ruhun başlanğıcı olmur...

 

Bu yazının həm də ona görə “Giriş”i ola bilməz ki, o, jurnalist yazısı deyil. O, hadisədən deyil, hadisədən doğulandan danışır... Doğulmaqdan söhbət düşmüşkən...

 

lll

 

Doğuldum 1939-da,

1937-də tutuldum.

 

Bu misraların açması Vaqif  Səmədoğlunun dilindən belədir:

 

“Deyirlər ki, Səməd Vurğun 37-də niyə tutulmadı? Mənim üçün onun 37-də tutulmamağı çox konkret məsələdir. Mən sevinirəm ki, o, 37-də tutulmadı. Çünki Səməd Vurğun 37-də tutulsa idi, Yusif olacaqdı böyük qardaş, Aybəniz olacaqdı böyük bacı. Bəs mən? Mən olmayacaqdım. Mən 39-cu ildə dünyaya gəlmişəm”...

 

37-ci il barədə çox oxumuşam, az da eşitməmişəm. Amma 37-yə belə birmənalı, səmimidən səmimi münasibət yadıma gəlmir. Bu, bir insanın yaşam sevinci, etirafıdır. Və bu sakit etiraf “Niyə tutulmadı?” sualını verməyə haqqı çatdığını güman edən insanların hamısının səsini bir yerə yığsan belə, onlardan güclüdür. 1937-ci ildə Səməd Vurğunun tutulub-tutulmamağını sual mövzusuna çevirən insanlar heç ağıllarına belə gətirə bilməzlər ki, onlar hər dəfə bu söhbəti açanda bir insanın - Vaqif Səmədoğlunun xətrinə dəyirlər, onun doğulmaq, bu dünyaya gəlmək haqqına özlərindən xəbərsiz toxunurlar...”

 

Bu vaz keçə bilmədiyim sitat Vaqif Səmədoğlu ilə 2008-ci ildəki söhbətimdəndir.

 

Bu söhbətin davamını içimdə sonralar çox etmişəm. Səməd Vurğuna XXI əsrin hücumları və onu bütün doğmaları ilə, ilk növbədə, Vaqiflə üz-üzə qoymaq cəhdləri başlayanda. Mənim üçün Səməd Vurğunla Vaqif Səmədoğlu ətlə dırnaq kimidir, Azərbaycan şeirinin iki qütbu, mənfi-müsbət sonsuzluğudur. Bir-birini heç zaman təkrarlamayan, fəqət hər zaman tamamlayan: fərqli, müxtəlif, gözlənilməz baxışlarla.

 

Üçcə misal çəkəcəyəm...

 

“Göylərə baş çəkir Göyəzən dağı”... Bu, orta statistik azərbaycanlının Göyəzən haqqında “Azərbaycan” şeirindən boy alan təsəvvürüdür.

 

İndi görək, Vaqif Səmədoğlu nə yazır Göyəzəndən...

 

Çiyin-çiyinə vermiş

Sıra dağlara baxanda,

Bir dağ çiyni görməmiş

Bizim Göyəzən düşür yadıma.

Gördüyüm dağlardan ən yetimi,

ən kimsəsizi.

Dayanıb yer üzündə

tənhalıq yelkəni kimi,

durub dünyayla

Əksipara kəndi arasında...

 

Fərqlidən fərqli bir baxış. Alt-üst edirmi Göyəzən barədə təsəvvürlərimizi? İnkarı inkardır, yoxsa əksiklərin ziddiyyəti və vəhdəti? Hər iki şeirdə danılmayan məqam, bizi Göyəzənin orbitində saxlayan iki şairin məhəbbətidir...

 

39-da doğulub, 37-də tutulan Vaqif Səmədoğlunun Səməd Vurğunun fiziki davamı olması mövzu deyil.

 

Vaqif Səməd oğlu Vəkilov yox, Vaqif Səmədoğlu Şairin mənəvi davamı idi - deyə bilmədiklərinin, yaza bilmədiklərinin davamı... 37-də tutulub, 39-da doğulan ADAM yaşamaq üçün anasından yox, hər dəfə özündən doğulmalı idi. Və onun hər doğuşu bizim üçün yeni nələrinsə doğumu demək idi. Sevdiyimiz, sevimli stereotiplərimizin belə dəyişməsi demək idi. İkinci misalla aydınlatmağa çalışacağam...

 

Səməd Vurğun bu millətçün “Azərbaycan” şeiridir. Hamının ən azından bir bəndini əzbər bildiyi “Azərbaycan” şeiri. Vaqif Səmədoğlunun yaradıcılığında “Azərbaycan” sözünə bircə dəfə rast gəlmişəm, onda da vətən yox, coğrafi məkan kimi. Vaqif Səmədoğluda Vətən var. Fərqli bir Vətən. Vaqif də bu Vətəni sevir. Amma necə...

 

Vətəndən

Nəğmə demə, qızım,

qar yağır...

Soyuq dəyər

Vətən sözünə,

üşüyər dilimiz.

Gizlət

təmiz dəsmalına büküb

oxuduğun nəğməni.

Gizlət kuklalarının arasında...

Gəl, qızım, gəl,

nağıl danışım sənə.

Biri vardı, biri yoxdu, qızım,

bir nağıl vardı,

uşaqlar ondan xəbərsiz.

 

Bu yerdə Vaqif Səmədoğlunun Vətən nağılı başlayır. Adı pıçıltıyla çəkilən, telefonsuz, öz xəbərlərini qürbətdən alan, yolu dar gələn vətən... Bu Vətənin vətəndaşının baharı Səməd Vurğunun baharından deyil. O bahar ki dodaqlar yox, ürək oxuyur...

 

Bahar, istəklimsən

başdan binadan,

Ən gözəl qızısan sən təbiətin.

Xoşbəxt yaranmısan

xoşbəxt anadan

Gözünün nurusan şeirin,

sənətin

Ən gözəl qızısan sən təbiətin.

Sənin də mənimtək

qanın qaynardır,

Yerdə arzuların gül açır

rəng-rəng...

 

Vaqif Səmədoğlunun da baharı var... Adamı diksindirən, ürəyin yəhudu yumruğu kimi sıxıldığı bahar...

 

Yer altından min ah kimi

çıxdı çiçəklər səhər.

Küçələrin budağında

açılacaq ciyərlər...

Bahar gəlib, şeirlərim,

Gəlin, bir dəstə quraq

Təkliyimin dağlarını

Dolanaq qacaq-qacaq.

Gəzir dənizin üstüylə

ilıq, mehriban külək.

Bəs nədən sıxılır ürək

Yəhudu yumruğu tək?..

 

...39-da doğulub, 37-də tutulan ADAM doğulmaq və yaşamaq üçün həyatı dəlicəsinə sevməli, ölümə də nəğmə oxumalı idi.

 

Günəş batır,

Gecəyə düşür ürək,

Ölüm gəlir,

Ömür, sonun mübarək...

 

Bu yerdə Yusif Səmədoğlunun “Qətl günü”ndəki mübahisələrə səbəb olan “Ölümün xeyir” ifadəsini xatırlayıram. Vaqif Səmədoğlu “Ömür, sonun mübarək” deyəndə görən, əslində, bu “ölümün mübarək”, “ölümün xeyir” demək deyildimi? “Ölümün mübarək” düşüncəsini və onun davamı olan “Ölümün xeyir” ifadəsini kimin ədəbiyyata birinci gətirdiyini araşdırmaq fikrindən çox uzağam. Demək istədiyim odur ki, Səməd Vurğun və Səmədoğluları birdirlər. Onları ayırmaq istəyənlərsə Vaqif Səmədoğlunun “ağlamalı dalan”ına bənzəyirlər.

 

... Belə ağlamalı dalan

Görməmişdim ömrümdə hələ.

Nə doğru, nə də yalan

burda qorxusuz gəlməz dilə...

 

Amma bu dünyanın bütün insanlarına - ağlamalı dalanına bənzəyəninə də, açıq yola oxşayanına da Vaqif Səmədoğlu bir tapmaca qoyub getdi. Və o insanlar hamısı bu tapmacanın üstündə baş sındırırlar. Bu tapmaca qafiyəsi açıq qalan “xoşbaxtlıq” sözüdür. Xoşbaxtlıq, xoşbaxtlıq...

 

lll

 

Xoşbəxtlik nədir? Vaqif Səmədoğlunun poeziyasında xoşbəxtliyin bütün daşıyıcıları var: Allah, Şeir-dua, Qadın, Körpə...

 

Bütün şeir-dualar Allah-Vaqif söhbətlərinin məhsuludur. Məhz şeir-dua.

 

Allaha inanan

Gecəmdir yenə,

Şer oxuyuram dua yerinə...

 

Şeir-dualar deyilmir, oxunmur, onlar zikr edilir. Zikrin oxumaqdan, deməkdən fərqi odur ki, zikr etdiyinin məna qatlarının dərinliyinə enə bilməyəndə belə Allahın adı anılan cümlələr sənə bir rahatlıq gətirir. Və günlərin bir  günündə illərlə zikr etdiyin bu şeir-duanın mənası gün işığı kimi səni tapanda onda anlayırsan ki, dua necə qəbul olunur, yaxud necə geri qayıdır...

 

Yoxsa sənin də

könlünə dəymişəm, Allah,

sərxoş olduğum vaxt?

Bütün dualarım

geriyə dönür bir-bir,

Ölənə,

evindən köçənə

yazılmış məktublar kimi...

Keç günahımdan, Allah...

Nə idi o günah?

Etirafı dinləyək...

Bu zeytunların

Axşamüstü kölgəsini,

Bu əsən yelin xoş səsini,

kağız üzərində

yer üzünün bütün məntiqlərinə

meydan oxuyan qələmimin

təkliyini

dəyişmərəm

bir dövlət bayrağının

kölgəsinə,

bir qadın səsinə,

övlaq nəfəsinə,

də bağışla, Allah, sənə...

 

Və birdən illərlə təkliyin yalquzaq səsiylə “Mən burdayam, İlahi” deyən Şair “Allaha kömək vaxtıdır”, - deyir...

 

İndi hər səsdən, hər küydən

Sükuta dönmək vaxtıdır.

Millət, dövlət zirvəsindən

İnsana enmək vaxtıdır...

İndi nə dua, nə qarğış,

Nə nəzir demək vaxtıdır.

Dünya susmalıdır artıq,

Allaha kömək vaxtıdır...

 

Mənə elə gəlir ki, biz hər gün, hər səhər bu misraları dua kimi zikr etsək, durum çox sürətlə düzələr. Qarğışsız-alqışsız, söyüşsüz-döyüşsüz düzələr.

 

Şair sözü insan sözünə baxmayan Vaqif Səmədoğlu bütün siyasi görüşlərin fövqündə idi. Vaqif ən siyasi şeirlərini yazanda da öz məqamına sadiq idi.

 

Bilmirəm hardayam yenə,

Suallarda itib vicdan,

Nə eldən cavab tapıram,

Nə də qısa dalğalardan.

 

İndi kommunikasiyanın sosial şəbəkələrdə vığ vurduğu bir zamanda suallarıma cavab tapmayanda mən qısa dalğalara yox, Vaqifin dalğasına köklənirəm - falşsız, heç zaman xaric vurmayan, boğazdan yuxarı söz deməyən dalğasına...

 

XXX

 

Nə qonaqlar, nə don,

duvağ...

Ağzına kimi adamla dolu

bir yad şəhərin vağzalında,

ya da yorğun insanlarla

yırğalanan,

boşalıb-dolan

bir metro vaqonunda

bir qadın çıxa qarşına,

baş verə zəlzələ kimi,

görünə gözləmədiyin

bir anda,

ya vağzalda,

ya metro vaqonunda...

Və o gün ya uçulub dağılasan,

ya məəttəl qalasan,

ya da biryolluq biləsən ki, varmış,

bu dünya, doğrudan da, darmış,

bu dünyada Allah varmış

sən bu qadınla

üz-üzə gələnə qədər,

O günə qədər

Allah qoymayıb

səni yaşamağa hədər.

 

Bu şeiri oxuyanda hər dəfə Nüşabə xanım gəlir gözlərimin önünə. Bu, qəbul olunmuş şeir-duadır...

 

Bizim eldə şair sevmək

Qızların qara baxtıdır...

 

Mən Vaqifi sevirəm və məncə, Vaqifi sevən Azərbaycan qadını heç vaxt qarabaxt ola bilməz. Çünki o qadını Vaqif kimi sevən tapılmaz. Sevən tapılar, amma Vafiq kimi sevən tapılmaz...

 

Dənizin üstü duman,

Sahili sapsarı qum.

Xəzər sağdır, sevgilim,

Rahat yat, gözünü yum.

... Başın üstdə diriyəm,

Ayağın altda məzar

İki qütbdən görünür

Sən gördüyün yuxular.

Sağ əlimdə al Günəş,

Sol əlimdə sarı Ay,

Gündüz, gecə məndədir,

Lay-lay, sevgilim, lay-lay...

 

Həyatdan küsən qadınlar, açın Vaqifin sizə yazdığı şeirləri oxuyun, yenidən doğulacaqsınız.

 

Sevil, qadın, yenə sevil,

sevil, dönə-dönə sevil,

sevil, əsrə,

sevil günə,

sevil şeirə, sevil dinə,

sevil, hər an,

sevil, qadın.

 

Kimdir Vaqifin sevilməyə çağırdığı qadın?... Hamımız varıq burada, hamımız - Leylidən Söylüyə kimi... Azərbaycan ədəbiyyatında hamının oxumayıb tanıdığı və sevdiyi iki qadın obrazı var. Leyli və Söylü. Biri faciə, o bu komediya qəhrəmanı. İkisi də, əslində, cəmiyyətin qəbul etmədiyi insanlardır. Amma hər ikisini şair sevdirə bilib... Bu yerdə bütün Söylüsevərlərə Vaqifin ən incə qadın obrazından danışmaq istəyirəm.

 

Mənə elə gəlir ki, Vaqif bu qadını hamıdan çox sevib, hamıdan çox müdafiə edib, ona görə hətta qarğış da gəlib dilinə...

 

Əlin sınaydı sanitar,

O qızı döydüyün yerdə

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə...

O qız sənin gözlərinlə

o ağaca baxmamışdı.

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

Sən o qızı döyən zaman

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

 

Görəsən, kimsə bu şeiri o qıza oxusa, nə olar?... Cavab uzaqda deyil...

 

Yer üzündə bircə qadın varsa,

məhəbbət var yer üzündə...

Yer üzündə bircə cocuq varsa,

Övlad var yer üzündə

Yer üzündə bircə ağac varsa,

Kölgə var yer üzündə

Yer üzündə bircə tikə

torpaq varsa,

Vətən var yer üzündə.

 

Yer üzündə bircə misra varsa... Bunu mən deyirəm. Deyirəm ki, əgər bir gün bütün şeirlər insanlığın yaddaşından silinsə, Vaqif Səmədoğlunun təkcə bir misrası qalsa, o misra yer üzünun bütün poeziyasını yenidən doğmağa yetər...

 

39-da doğulmadın Şair,

37-də tutulmadın.

 

Çox şərtiymiş doğum, çox şərtiymiş rəqəmlər...

 

II hissə

 

“De görüm, mən sənin dayınam, yoxsa əmin?” “Dayım,”- dedim. Xoşuna gəldi. 86-nın yaz axşamı idi. Stolun yox, pianonun arxasına keçdin.  “Qaragilə” çaldın caz üstündə. Qəfil başladığın kimi qəfil də kəsdin. Adaşın Vaqifə caz öyrətməyindən danışdın. Amma “Qaragilə”nin davamı gəlmədi. Beləcə, məni bir ömür boyu o, “Qaragilə”nin həsrətində qoydun...

 

Mənə “plemyannitsa” (bacıqızı) dedin. Sağlığında “Vaqif dayı” demədim sənə, Vaqif dayı. Dedin ki, get Nigarı tap universitetdə, tanış olun. Tapmadım. Onda 1992-nin mayı idi. Birinci müsahibəni verirdin mənə Şuşa verilən gun. Günün baxtından danışırdıq...

 

2008-ci yanvarında ikinci müsahibəni götürəndə Günelin iş otağında dedin ki, yoldaşını da götür, gəl bizə. Rövşənlə birlikdə sənə Nizamı küçəsində uzaqdan-uzağa baxdıq, ağayana ədandan, stilyaqa şarmından həzz aldıq. Şeirlərini birlikdə oxuduq. Amma evinə getmədik...

 

Niyə? Bəlkə ruhun mənə evindən daha yaxın, daha doğma idi ona görə...  Bəlkə...

 

Axtarıram, araşdırıram

Səndən doğma bir adam

tapa bilmirəm yer üzündə.

Gah qayıqda,

gah at belində, bəzən təyyarədə, bəzən qatarda

gedirəm harasa.

Və səndən uzaq

bir adam tapa bilmirəm

Yer üzündə...

 

Çağıranda getmədim. Amma çağrılmamış qonaq kimi durdum qarşısında. Dünyanın ən böyük əziyyətini verdim 2014-ün sentyabrında, Ədəbiyyat İnstitutunda.  Canın ağrıyan, qələmin əlinə yük olan vaxtı kitabını uzatdım avtoqraf üçün. “Tanıdız məni?” - soruşdum. “Niyə tanımadın?”- dedin. Sonra yazdın: “Aynur balaya  Vaq Səməd”. Mənim yox, öz adından ixtisar etdin, Vaqif dayı... Bağışla məni... Haradan biləydin ki, mən bu kitabı ömrüm boyu gözləmişdim. Bu kitab 80-lərdə “Ulduz”da çıxan mənimlə üç mənzil dəyişən, şeirlərinin saralmış qoşa səhifəsindən və tələbəykən bloknotuma köçürdüyüm “Nə olacaq?” şeirindən sonra evimizə gələn ilk kitabın idi...

 

O gün, Ədəbiyyat İnstitutunda, millətin o ən xoşbəxt günündə dayanmadan şəklini çəkdim, royal arxasında ifanı telefonun yaddaşına acgözlüklə köçürdüm. Mən şəkil çəkməyi və çəkdirməyi heç sevmirəm. Telefonumun yaddaşında ancaq uşaq şəkilləri var. Evə gəlib şəkillərini uşaq şəkillərinin arasında tapanda duydum ki, bu  şəkillərdəki Vaqif, dayı deyil, balaca bir oğlandır - sualları bitməyən, sevgisi tükənməyən, təbəssümü qafiyə olan uşaq. Bəlkə də, körpə. Gülüşündən xalı toxunan körpə, xalısı buludlar arasına maviliyə salınan körpə....

 

Bir uşaq oynayır.

Oynayır özü kimi əlvan

otların, çiçəklərin arasında.

Günəşə baxır göz qırpmadan...

Yoxdur qocalıq yer üzündə, yoxdur!

... Məni məndən ayıltmağa

heç kəsin gücü çatmaz.

Allah da dəymədi mənə,

Allah körpə oyatmaz...

 

Şəkillərin körpə şəkillərindən fərqlənmirdi. Ana kimi duydum bu körpəni. Və onda başa düşdüm ki, sənin ananın yanına qayıtmağına az qalıb...

 

Ağlama,

Bəlkə, ağlamaqdan öləcəyəm.

Bir-iki lay-lay qoy yoluma, ana,

Bəlkə, uzaqda

Uşaqlıqda öləcəyəm...

Vaqif dayı, deyəsən, çox uzağa getdik, uşaqlığının meşəsinə... Özünə yox, mənə deyirsən ki...

Çox yorma özünü,

heyfin gəlsin

o məxmər gözlərinə.

Yorma ipək baxışlarını.

Mütləqmi görməlisən

var, nə yox

bu qatı dumanın arxasında?

Dumanın özünə bax gör nə gözəldir...

Sözünə qulaq asardım, yerimdə mıxlanıb dumana baxardım. Deməsəydin ki...

Bir yerə mıxlanıb

yaşamaq olar bu dünyada,

amma o gündən aman

biləsən ki,

getməyə yer yoxdur

Yer üzündə...

 

Tapdım, Vaqif dayı, tapdim! Getməyə yer tapdım...

Bağışlayın məni...

Bu gün evdən qaçacam...

Qorxmayın, azmayacam.

Bələdçim olacaq şeir kimi yadımda qalan Şair,

aparacaq məni kitab dükanına

dünyanın təptəzə xəritəsini aldırmağa,

bir də Andersenin nağıl kitabını...

Sonra yolumuzu salacağıq  bulvara,

söyüdləri suvarmağa ...

Sonuncu söyüdü suvaranda

görəcəyəm ki, söyüd yox, bayraq imiş suvardığım,

söyüdün yox, bayrağın kölgəsiymiş axtardığım...

Yorğun ayaqlarım saxlamayacaq məni,

Xəritəni salacam yerə.

Oturub bayraq kölgəsində

Bir-iki nağıl oxuyacam.

Batan günəşə baxıb

Qağayılardan dəniz vaxtını,

Allahdan millətin baxtını soruşacam.

Şam namazı əvəzinə

Şeir oxuyacam...

Qayıtmaq vaxtı gələndə

“Qaragilə” üstündə ağlayacam Vaqifçün ...

Sormayın “Neçin?”

Ağlayacam için-için...

 

Aynur BƏŞİRLİ

525-ci qəzet.- 2016.-  30 yanvar.- S.20;30