Ol!
Nə vaxtsa yazdığım şeirimdə belə bir misra var:
“Əjdər Ol olanda oldurun məni”.
Mən özüm
də dəqiq bilmirəm ki, bu misra şeirə
nə vaxt düşüb, necə düşüb. Yəqin ki belə bir
məqam olub: Uzun zaman Əjdəri
görə bilməmişəm,
darıxmışam. Ya
da gözəl bir şeirini oxumuşam, könlüm açılıb, duyğulanmışam,
istəmişəm Əjdərə
sözümü deyim:
Deyim ki, gözəl şeirdir, səni təbrik edirəm, bax belə yaz. Amma onu tapa bilməmişəm.
Yəqin
ki, bu məqamda
bu misra yaranıb, “Əjdər Ol olanda oldurun
məni”. Bəlkə də
bu misra bütün yay, payız boyu yaşadığım doğma
kəndim Buynuzda yaranıb. Mən kənddə, o da
öz iş-gücündə
Bakıda. Hər
duyğulananda, könlüm
dost istəyəndə Əjdər
yanımda olmayacaq ki... Amma mən oldurmaq
istəmişəm.
Ümumiyyətlə, “OL” kəlməsi, feilin bu əmr forması
bizim üçün
müqəddəsdir. Müqəddəs kitablara görə “OL” kəlməsi RƏHİM VƏ RƏHMAN olan dünyanın hökmdarı və yaradıcısı böyük
ALLAHIMIZIN əmridir. Onun “OL” əmri
ilə altıca gündə dünya yaranıb, hər şey - canlılar, cansızlar, yer, göy, bir sözlə
ALLAHIN əmrində olan
hər şey yerbəyer olub, dünya beləcə qərar tutub. Müqəddəs deyimlərə görə,
sözün, şeirin
yaranması da “OL” əmrinə bağlıdır.
“Ol” deyəndə
sözün, şeirin
ilk toxumu şumlanmış
əkinə düşən
tum kimi ürəyə düşüb
göyərir, yarpaqlanır,
çiçəklənir, sünbüllənib bar verəndə
şeirə çevrilir.
Nəhəng söz adamlarımızın
özləri də, sözləri də bu yaranışın içindədir, ölməz,
əbədi olan bu aləm kimi.
Hərənin öz söz payı var; mən də,
sən də, Əjdər Ol da bu “OL”un içindədir.
Gözəl şair dostumuz, qələm qardaşımız
Əjdər Ol öz halal qələmilə,
özünəməxsus istedadı
ilə oxucular arasında çoxdan hörmət qazanıb. Ədəbi aləmimizin
xeyirxah bir adamı kimi tanınıb. Ona görə
belə deyirəm ki, o həmişə özünü saxlayıb,
sevdiyi, inandığı
yaradıcıların sözünü
irəli verən, kimin olur-olsun, uğurlu bədii əsərlərə sevinən,
onun təbliğini özünə borc sayan xeyirxah qələm dostumuzdur.
Xüsusilə, indiki zamanda
bu böyük meyardır, ölçüdür,
hünərdir, böyük
ürəyə sahib olmaqdır.
Bir çox
dostlarımız onun nəsr əsərlərinə,
portret yazılarına
daha çox üstünlük verirlər. Deyirlər ki,
heç kəs bu tipli yazılarda
başqalarının görə
bilmədiyi halları,
məqamları, xarakterik
cizgiləri Əjdər
kimi verə bilməz, görəbilməz,
yəni ki, Əjdər bu sahədə özünəməxsusdur.
Düzdür, buna mən
də inanıram, sevinirəm. Amma mən
Əjdəri istedadlı
bir şair kimi, öz səsi,
öz sözü olan böyük coşğun ilham sahibi kimi sevirəm.
O vaxtlar mən İsmayıllıda işləyəndə
kəndlərə çox
gedib-gəlməli olurdum.
Bir dəfə də “Samantökülən”dən qalxıb
Həftəran vadisinə
baxanda bütün vadi boyu mavi
dəniz kimi dalğalanan, zər baftalı, sarı ləçəkləri gəlinciklər
kimi yellənən günəbaxan zəmisi məni heyrətə gətirdi. Bütünlüklə bu zəmi gözünü dan yerinə dikib Günəşi gözləyirdi.
Bir azdan günəbaxan zəmisi elə bil Günəşlə yol gedib günortaya
boylanacaqdı. Minnətdarlıqla göydə Günəşi
izləyən zəmi
qızıl nimçə
üzünü qüruba
tutub onun axırıncı şüasını
da udmağa çalışacaqdı. Bu minnətdarlıq, belə qədirbilənlik
fikrimi xeyli məşqul etdi. Nə vaxtsa bu məqamı
şeirə gətirmək
istədim. İstədim, amma deyəsən necə oldusa, o hisslər soyudu, axırda unutdum, bu şeiri yazmaq
məqamına düşmədim.
Yazarlar bilirlər ki, belə hallar
olur: mövzu toxumu ürəyə düşür, amma göyərmir, hərdən
səni diksindirir, vəssalam.
Nə bilim, bəlkə də o vaxtdan iyirmi il
keçmişdi. İllər keçməsinə
baxmayaraq, Əjdər
Olun “Günəbaxan zəmisi” adlı yeni şeirlər kitabını vərəqləyəndə
kitabın adını
daşıyan həmən
şeiri birinci oxudum. Birdən-birə ürəyimin o zəmi
ilə bağlı toxumun göyərməyən
yeri göynədi.
İstədim o duyğuları ayıldım, amma lazım olmadı. Bir də Əjdər
Ol öz şeirində mənim sarı gəlinciklərimin
sözünü və
özünü elə
deyib, elə qanadlandırıb ki, daha nə deyim...
Dalğalanır, çalxanır günəbaxan
zəmisi,
Çatışmır bu zəminin bircə
bəyaz gəmisi...
Oxudum, gördüm,
ən incə hisslər və həssas müşahidələrlə
hər şey deyilib. Sevindim, ürəyim rahat
oldu. Elə bildim ki, bu şeiri elə
özüm yazmışam.
Sonralar bu təəssüratla günəbaxanı
yerəbaxan elədim,
günəbaxanlar tabaq-tabaq
olub, dənə dolan vaxtda bu
zəmiyə baxdım:
Zəminin Günəşdən
üzrxaqlıq edən
günəbaxanların bir
az kədərli
mahnısını yazdım.
Onlar oxuyurdular ki:
Üzümüzü tutmuşuq hansı yönə,
bilmirik,
Vallah dönük deyilik,
sənə dönə
bilmirik,
Günəş bizi bağışla.
Bu hal məni də kövrəltdi. Bəlkə
elə bu kövrək vaxtımda bu misra yaranıb:
“Əjdər Ol olanda oldurun məni”.
Keçən il yayın axırıncı
ayı idi. Hələ Buynuz kəndində gün keçirirdim.
Bir az
qonaq-qara azalmışdı.
Gediş-gəliş səngimişdi. Deyəsən, darıxqan bir
günüm idi.
Evdən
çıxıb gördüm
ki, arzuladığım
dostlar məni çağırır. Qələm dostum
Əjdər Ol, türk yazarı İmdad Avşar və başqaları bizə gəliblər.
Düşdüm, şirin-şirin görüşüb-öpüşdük.
İmdad Avşarı
ev-eşiyimizlə, həyət-bacamızla
tanış etdim. İkinci qata qalxıb,
dəmir körpüdən
keçdik. Birinci olaraq
qayaların arasından
qıvrılıb çıxan
böyük dağdağan
ağacını göstərdim.
Dedim, İmdad, bu göz ağacı
dağdağanıdır. Pis nəzəri
kəsir, insanları pis gözdən qoruyur. Görürsənmi, yarpaqlarını pis nəzər dəlik-dəlik edib.
İmdad o dəqiqə
cavab verdi
ki, mən bu ağacı zəhmətə salmayacağam.
Mənim
gözümdə bir pis şey yoxdur.
Dedim,
bunu düz deyirsən. Adı İmdad olub
imdada yetən insanlara pis göz,
pis nəzər heç nə edə bilməz. Göz ağacım belə insanlara əlavə güc, əlavə enerji verir. Sən də öz gücünü al. Hamımız
bir yerdə gülüşdük. Aşağı düşüb, bağ-bağçanı
gəzdik. Sonra gəlib
dəyirman arxının
yanında əyləşdik.
Bir məclis qurduq. Söhbətimiz xeyli uzandı.
Əlbəttə ki, söhbətimiz
türkdilli ədəbiyyatımızdan,
şeirimizdən gedirdi.
Avşarın türkdilli ədəbiyyata,
şeir və sənətə bu qədər yaxından bələd olması məni və dostları heyrətə gətirdi. Xüsusilə, qırğız, özbək, tatar, qaqauz ədəbiyyatından,
şeirindən çəkdiyi
misallar və türkdilli ədəbiyyat
aləmində gördüyü
işlər könlümdə
qürur hissi yaratdı. Üzünə deməsəm də,
ürəyimdə fəxr
etdim ki, bizim türk ədəbi söz dünyamızın belə
fədaisi, təbliğatçısı
və bələdçisi
var. O bizim də qələm dostumuzdu, bu gün Buynuz
kəndində mənim
qonağımdır. Hələ Əjdər
Ol da bu
sahədə İmdadın
xoş işlərindən
danışdı. Bu da sevincimə əlavə olundu. Sonra şeirlər dedik, ədəbi söhbətlər
oldu. Dəqiqələr şirin keçirdi.
Birdən yanımızdan axan arxın suyu çoxaldı, zümzüməsi,
şırıltısı artdı.
Əjdərlə İmdad nəhəng şabalıd və qoz ağaclarının dibinə çəkilib söhbət etməyə başladılar. Suyun şırıltısından onları yaxşı eşidə bilmirdim. Amma deyəsən məsələ bir az ciddi idi. Onlar nəyisə oldurmaq istəyirdilər. Mən öz dostlarımı yola salıb yenə Buynuzda qaldım.
Bu ilin də son və tək durnası başım üstdən uçub getdi:
Ey hər göldən şəkər dadan,
Buluda baş qoyub yatan,
Mən qanadsız piyadadan
Durub dilək dilərsənmi?!
Aradan xeyli vaxt keçdi.
Bir gün Bakıdaydım, Əjdər OL mənə zəng etdi ki dostumuz İmdad Avşar Bakıya gəlib, bir yerdə görüşmək istəyirik. Əlbəttə, bu xəbərdən sevindim və bir yerdə görüşdük, İmdadı salamladım. Sonra dedilər ki, sənə bir hədiyyəmiz var. Bu vaxt İmdad üz qabığında xarı bülbül şəkli olan, zövqlə tərtib edilmiş, “Benim dertlerimin ayakları var” adlı, Türkiyədə çap olunmuş şeirlər kitabımı mənə uzatdı. Şair üçün bundan gözlənilməz, qiymətli nə hədiyyə ola bilər ki... Heç bir dilək diləmədən bu şeirlər kitabı Əjdər Olun və İmdad Avşarın zəhməti ilə ərsəyə gəlmişdi. Mən daha heç nə deyə bilmədim.
İndi bildim ki, Buynuzda həmin şabalıd ağacının dibində məsləhətləşib, qərarlaşıb bu kitabımı oldurmaq istəyirlərmiş.
Payız
2015
Bakı
Musa YAQUB
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.18.