Yazıçılar Birliyində Araz Dadaşzadə yad edildi
Ötən gün Azərbaycan Yazıçılar Birliyində
(AYB) mərhum alim, görkəmli ədəbiyyatşünas
Araz Dadaşzadəyə
həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə alimin II Fəxri Xiyabandakı məzarı ziyarət olunub.
Xatırladaq ki, Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində
akademik Məmməd Arif və pedaqoq
Zümrüd Axundovanın
ailəsində doğulub.
Ömrünün böyük bir hissəsi Azərbaycan Ensiklopediyasının nəşrə
hazırlanması ilə
bağlıdır. A.Dadaşzadə fəaliyyətə 1956-cı ildə
“Azərbaycan gəncləri”
qəzetində çıxan
“Tərli kürəklər”
kinofilminə yazdığı
eyniadlı resenziya ilə başlayıb.
Müxtəlif vaxtlarda
“Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və digər filmlərə həsr edilmiş məqalələrin müəllifi
olub. Onun 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı
“Molla Pənah Vaqif (həyat və yaradıcılığı
haqqında oçerk)”
kitabçası Azərbaycan,
ingilis, fransız, türk, ərəb, fars, rus
dillərində çap
edilib. “Molla Pənah Vaqif”, “Həyat müğənnisi”, “XVIII əsr
Azərbaycan lirikası”,
“Xeyirxahlıq və gözəllik poeziyası”
kimi dəyərli əsərlərin müəllifidir.
Tədbiri AYB-nin sədri,
Xalq yazıçısı
Anar açaraq uzun illər yaxın dost olduğu A. Dadaşzadə ilə bağlı xatirələrini
dilə gətirib:
“Ədəbiyyatımızın ən işıqlı simalarından biri olan, böyük alim, yazıçı, tədqiqatçı Araz Dadaşzadənin 80 illiyinə
yığışmışıq. 54 yaşında, çox erkən vəfat edən Araz mənim çox yaxın dostum idi. Onun gülüşü, zarafatları, istər siyasi, istərsə də ədəbi hadisələrə çox
dürüst, dəqiq,
müdrik baxışı
həmişə yadımdadır.
Arazın
həyatdan erkən getməsinin bir səbəbi də bəlkə 90-cı il hadisələri oldu. Yadımdadır, o, Qara Yanvarda
necə iztirab çəkirdi, müxtəlif
yerlərə məktublar
yazır, müraciət
etmək istəyirdi.
Bir sözlə, hay-küysüz,
amma əsl vətəndaş kimi, xalqımızın başına
gələn müsibətə
münasibət bildirirdi.
Elə həmin 90-cı ildə də onu itirdik.
Təsəllimiz budur ki, çox zəngin irsi, tədqiqatları, əsərləri qalıb.
Arazla bağlı xatirələrimiz
həm işıqlı,
həm də, təəssüf ki, kədərlidir”.
AYB-nin Birinci katibi,
Xalq şairi Fikrət Qoca da A. Dadaşzadə ilə bağlı düşüncələrini bölüşüb:
“Araz gözəl insan, gözəl dost idi. Bu gün
buraya yığışmağımız,
onu dərindən təsirlənərək yad
etməyimiz də bunun sübutudur. Arazın fiziki ömründən sonra mənəvi ömrü başlandı
və onun ikinci ömrü də birinci ömrü kimi işıqlıdır”.
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə alimin həm özü, həm də əsərləri və tədqiqatları barədə danışıb:
“Arazlı günlər unudulmaz günlərdir. O, öz dəyərli irsi ilə yeni ədəbiyyatşünaslar, tənqidçilər yetişməsinə yol açıb. Arazın “XVIII əsr Azərbaycan lirikası” kitabını böyük alimimiz Əziz Şərif çox yüksək qiymətləndirmişdi.
Mən bu yaxınlarda həmin kitaba göz gəzdirdim. Araz həmin kitabda tariximizin, ədəbiyyatımızın müəyyən hissəsini yüksək səviyyədə işıqlandırıb. Onun “Azərbaycan Ensiklopediyası”ndakı fəaliyyətinə toxunmadan keçmək olmaz. Bu ensiklopediyanın hazırlanması işini Xalq şairi Rəsul Rza başlatmışdı və ətrafına özlərini bu işə sərf edə biləcək, elmli, səriştəli insanları toplamışdı. Onlardan biri və ən fəallardan olan məhz Araz idi”.
Daha sonra Ədəbiyyat İnstititunun şöbə müdiri Asif Rüstəmli, "Xalq qəzeti"nin redaktor müavini Tahir Aydınoğlu, şair Oqtay Rza, musiqişünas Lalə Hüseynova və başqaları çıxış edərək mərhum alim haqqında ürək sözlərini bildirib, həyat və yaradıcılığından bəhs edib, xatirələrini bölüşüblər.
Çıxışçılar əsl ziyalının, alimin cəmiyyətin inkişafı üçün nə dərəcədə önəmli olduğuna da toxunublar. Qeyd ediblər ki, Araz Dadaşzadə məhz belə ziyalılardandır.
Sonda mərhum alimin qızı, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək tədbir iştirakçılarına, həmçinin yubilyar haqqında məqalənin müəllifi olan tənqidçi Cavanşir Yusifliyə minnətdarlığını bildirib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.17