Azərbaycan Milli
Kitabxanası 2015-ci ildə
2015-ci il Azərbaycanın müstəqillik tarixində
çox uğurlu bir il kimi yadda qaldı.
Ötən
il ölkəmiz Avropa tarixində yeni səhifə
olan I Avropa Oyunlarına çox böyük uğurla ev
sahibliyi edərək Avropa idman tarixinə şərəfli səhifə
yazdı. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi, I Avropa Oyunlarının
keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri,
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə
yeni idman infrastrukturunun qurulması, yeni idman
qurğularının yaradılması istiqamətində həyata
keçirilən tədbirlər öz bəhrəsini verdi. I Avropa Oyunlarının açılış və
bağlanış mərasimləri xüsusilə möhtəşəmliyi
və bənzərsizliyi ilə yaddaşlara həkk olundu,
milli mənəviyyatımızın, mədəni dəyərlərimizin
dünya miqyasında daha geniş təbliği
baxımından mühüm rol oynadı.
Ölkəmizin imza atdığı bu uğurlar mədəniyyət
sahəsində də özünü göstərdi və
2015-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən yaddaqalan beynəlxalq
simpoziumlar, forumlar, konfranslar, beynəlxalq sərgilər,
yarmarkalar, yubiley tədbirləri təşkil olundu.
Azərbaycan Milli Kitabxanası da bu tədbirlərdən
kənarda qalmadı, əhəmiyyətli tədbirlərin həyata
keçirilməsi nəticəsində oxuculara kitabxana xidməti
xeyli təkmilləşdirildi, yeni forma və metodlardan istifadə
olunaraq uğurlu nəticələr əldə olundu. Kitabxananın
informasiya resursları xeyli genişlənərək 4 milyon 578
min nüsxəni keçdi. Bu zəngin resurslardan səmərəli
istifadə maksimal həddə çatdı və 2015-ci ildə
kitabxananın oxucularının sayı 77100 nəfər oldu,
davamiyyət 188 min 169 nəfər, kitab verilişi isə 958
min 200 nüsxəyə çatdı. 2015-ci il ərzində
kitabxananın elektron resurslarının il ərzində xeyli
artması nətticəsində kitabxananın virtual
oxucuların sayı da kifayət qədər artaraq 791 038 nəfərə
çatdı, virtual sifarişin xidmətlərindən istifadə
edənlər 1331 nəfər,
Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual
oxu zalından və Azərbaycanda müdafiə olunmuş
dissertasiyaların elektron məlumat bazasından istifadə edənlər 1021 nəfər oldu.
Azərbaycan Milli Kitabxanasının əsas vəzifəsi
milli mətbuatımızın və kitabiyyatımızın
Arxiv fondunu yaradaraq gələcək nəsillərə
çatdırmaqdan ibarətdir. Lakin respublikamızın nəşriyyatları,
qəzet və jurnal redaksiyaları tərəfindən
“Kitabxana işi haqqında” və “Nəşriyyat işi
haqqında” Azərbaycan Respublikası qanunlarının
müvafiq maddələrinə əsasən pulsuz məcburi
nüsxələri Milli Kitabxanaya göndərməmələri
səbəbindən kitab və mətbuat
materiallarımızın arxiv fondu tam şəkildə
yaradıla bilmir. Buna görə də 2015-ci ildə Milli
Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə Milli Məclis, Nazirlər
Kabineti, Prezident Administrasiyası qarşısında məsələ
qaldıraraq “Kitabxana işi haqqında” qanunun müvafiq maddəsinin
tələblərini pozan nəşriyyatlara, qəzet və
jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq
olunması barədə təklif verdi. Nəticədə
20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
müvafiq qanun imzalandı. Bu qanunla “İnzibati Xətalar
Məcəlləsi”nə yeni maddə əlavə edildi və
bu maddəyə əsasən “Kitabxana işi haqqında”
qanunun müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara,
poliqrafiya müəssisələrinə, hüquqi şəxslərə
qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq
olunmağa başladı.
Bu qanun layihəsini qanunvericilik təşəbbüsü
qaydasında Milli Məclisə göndərməklə və
müvafiq qanunu imzalamaqla milli mənəvi dəyərlərimizin
mühafizəsinə-milli mətbuatımızın və
kitabiyyatımızın arxiv fondunun yaradılmasına verdiyi
tövhəyə görə cənab Prezidentimizə
bütün kitabxanaçılar adından və çoxminli
oxucularımız, tədqiqatçılar və alimlər
adından dərin təşəkkürümüzü
bildiririk.
Milli Kitabxana mütəmadi olaraq yaratdığı arxiv
fondunun məzmununu oxucuları, tədqiqatçılar və
alimlər üçün açmaq məqsədilə
onların repertuarını və cari bülletenlərini nəşr
edir. Ötən
ilin əvvəlində ölkə kitabiyyatının tam
repertuarı olan “Azərbaycan kitabı” oncildlik fundmental məlumat
kitabının 3-cü cildi çap olunaraq oxucuların istifadəsinə
verilib və bu
il 4-cü cild çapa hazırlanacaqdır. Bundan başqa,
ötən il arxiv fonduna daxil olan ədəbiyyatın
cari göstəricisinin 4 buraxılışı və
“Birillik Azərbaycan kitabiyyatı”nın 2
buraxılışı nəşr olunub.
Ötən ildə Milli Kitabxananın fəaliyyətinin
əsas prioriteti informasiya texnologiyalarının tətbiqi ilə
oxuculara kitabxana xidmətinin bütün proseslərinin
avtomatlaşdırılmasından ibarət olub. Bu vəzifə demək olar
ki, tamamilə yerinə yetirilib və xidmətlə əlaqədar
bütün proseslər-oxucuların qeydiyyatı, nəzarət-buraxılış
məntəqəsi, kitabların elektron kataloq üzrə
axtarışı və birbaşa kitab fonduna sifarişlərin
verilməsi, zallarda kitabların oxuculara verilməsi və geri
qaytarılması prosesləri, kitabların kitabxanadan qeyr-qanuni
yollarla çıxarılmasının
qarşısının alınması, oxucuların
yaşayış və iş yerlərindən kitabların əvvəlcədən
virtual sifarişi, onlayn biblioqrafik və metodik xidmət və
s. proseslər tam avtomatlaşdırılıb.
Ötən ildə Milli Kitabxananın
qarşısında duran prioritet vəzifələrdən biri
də oxuculara göstərilən elektron xidmətlərin əhatə
dairəsinin və keyfiyyətinin genişləndirilməsindən
ibarət olub.
2015-ci ildə yeni virtual biblioqrafik xidmət
növü təcrübəyə tətbiq olunub. Başa vurduğumuz ildə Kitabxananın Elektron kataloqu
da təkmilləşdirilib. “Virtua”
AKİS-inin ən son nailiyyətlərini özündə əks
etdirən, daha təkmil interfeysə və mütəhərrik
imkanlara malik yeni CAMO adlı proqramın tətbiq olunması nəticəsində
oxuculara elektron kataloqdan birbaşa kitab fondlarına kitab sifariş
edə bilmək imkanları yaradılıb.
Elektron kitabxananın təkmilləşdirilməsi məqsədilə
Milli Kitabxana tərəfindən xüsusi proqram
hazırlanıb, bu proqram vasitəsilə kitabların pdf. formatda
hazırlanmış elektron versiyalarına milli kitabxananın
holoqramı vurulur, elektron resurs kodlaşdırılır ki,
bu da elektron kitabxanada yerləşdirdiyimiz və müəllif
hüquqları qorunan kitabların surətlərinin
çıxarılmasına, elektron
daşıyıcılarına köçürülməsinə
imkan vermir. Cari ildə 107 922
biblioqrafik yazı Elektron kataloqa daxil edilib, 1371 dissertasiya
və avtoreferat, 28.933 informasiya resursu (kitab, dövri mətbuat
və not) rəqəmsallaşdırılıb, 3 elektron məlumat
bazası-”Bəxtiyar Vahabzadə-90”, “20 Yanvar” və
“Qarabağ müharibəsi” adlı yeni elektron məlumat
bazaları yaradılaraq internet və intranet səhifələrində
yerləşdirilib. Hazırda ümumilikdə elektron
kitabxananın məlumat bazasında 126.323 elektron resurs (kitab,
dövri mətbuat materialları və not nəşrləri) var və cari ildə onların əksəriyyəti
oxucular üçün açıq olacaq.
Ötən
ildə Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin
birgə layihəsi əsasında işlənib hazırlanan,
ilk orijinal milli avtomatlaşdırılmış sistem hesab
edilən və innovasiya texnologiyalarının kitabxana işinə
tətbiqinin müasir tələblərinə tam cavab verən
Avtomatlaşdırılmış Kitabxana İnformasiya
Sisteminin (ALİSA) nazirlik sistemindəki bütün mərkəzi
kitabxanalarda tətbiqi işlərini həyata keçirməyə
başlayıb. 3 ay müddətində
respublikamızın bütün regionlarındakı və
Bakı şəhərindəki 72 Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) mütəxəssisləri treninqlərdən
keçərək yerlərdə birbaşa işə
başlayıblar.
Ötən
ilin sentyabrında Mədəniyyət və turizm naziri cənab
Əbülfəs Qarayev klassik və müasir Azərbaycan
musiqisinin dünya miqyasında geniş təbliğini təmin
etmək məqsədilə müvafiq not materiallarının
məşhur dünya musiqi saytlarında yerləşdirilməsi
ilə əlaqədar Bəstəkarlar İttifaqının,
Musiqi Akademiyasının, Milli Koservatoriyanın və digər
müvafiq qurumların rəhbərlərinin iştirakilə
Milli Kitabxanada müşavirə keçirib. Müşavirədə
Milli Kitabxanaya klassik və müasir Azərbaycan bəstəkarlarının
not əsərlərinin dünyada məşhur olan “IMSLP
Petrucci Music Library” saytında yerləşdirilməsi
tapşırılıb. Bu günə kimi xalq musiqisi
nümunələrimizin və Dövlət himnimizin səs
yazısının, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət
Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov, Tofiq
Bakıxanov, Xəyyam Mirzəzadə və digər 20 Azərbaycan
bəstəkarının not əsərlərinin həmin
saytda yerləşdirilməsi təmin olunub və hazırda bu
iş davam etdirilir.
Ötən
il Milli Kitabxana “Kitabxanaların fəaliyyətinin
təkmilləşdirilməsinə dair konsepsiya”nın
icrasını təmin etmək məqsədilə
respublikamızın MKS-lərinin və kənd
kitabxanalarının fəaliyyətinin təhlili üzrə
monitorinqlər keçirib. Bu məqsədlə Milli
Kitabxananın, Respublika Uşaq Kitabxanası və Respublika Gənclər
Kitabxanasının mütəxəssislərindən ibarət
işçi qrupları yaradılıb və 3 ay müddətində
65 rayon (şəhər) və Bakı şəhəri
üzrə bütün mərkəzi kitabxanalarda və əksər
kənd kitabxanalarında Nazirliklə birlikdə tərtib olunmuş
monitorinqin aparılmasına dair suallar əsasında monitorinqlərin
keçirilməsi başa çatdırılıb.
Müvafiq təhlillər aparılaraq yekun materialları Nazirliyə təqdim
olunmuşdur. Monitorinqlərin yekun
materiallarının cari ildə Kitabxananın Elmi-Tədqiqat
Kitabxanaçılıq və Kitabxanaların Metodik Təminatı
şöbələri və digər şöbələr tərəfindən
geniş təhlil olunaraq toplu halında çap olunması nəzərdə
tutulur.
2015-ci ildə Kitabxananın nəşriyyat fəaliyyəti
də uğurlu nəticələrlə yadda qalıb. Kitabxananın nəşriyyat
planına uyğun olaraq “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə”
fundamental biblioqrafiyası, “Sədaqət Kərimova”, “Camal
Əhmədov” biblioqrafik vəsaitləri, “Kitabxana işinə
dair rəsmi sənədlər (Qanun və qanun qüvvəli
normativ hüquqlu sənədlər toplusu)”, “Kitabxanalarda
diyarşünaslıq ədəbiyyatının təbliği
(metodik tövsiyələr)” və digər vəsaitlər
çap olunaraq kitabxanalara göndərillb. Ölkəmizin
kitabxana tarixində ilk dəfə olaraq fundamental “Azərbaycan
Kitabxana Ensiklopediyası” nəşrə hazırlanaraq
çap olunub.
Ötən
ildə Milli Kitabxananın əldə etdiyi nailiyyətlər il ərzində kitab təbliğinin genişləndirilməsi,
kitabın və mütaliənin kütləviləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər nəticəsində
mümkün olub. Kitab təbliğinin genişləndirilməsi
məqsədilə keçirilən ən əhəmiyyətli
tədbirlərindən biri Mədəniyyət və Turizm
Nazirliyi ilə Milli Kitabxananın birgə təşkil etdiyi ənənəvi
IV Bakı Beynəlxalq Kitab Sərgisi olub.
Sərgidə 10 xarici ölkənin milli
kitabxanasının iştirakı təmin edilib.
2015-ci ildə Milli Kitabxananın beynəlxalq əlaqələri
də genişlənib. Kitabxanamız artıq dünyanın 34
ölkəsinin milli kitabxanaları ilə
qarşılıqlı əməkdaşlığa dair
memorandum imzalamışdır və onlar müvəffəqiyyətlə
icra olunur. Qarşılıqlı beynəlxalq
kitab və informasiya mübadiləsi, elektron resurslardan ikitərəfli
istifadənin təşkili, mütəxəssislərin təcrübə
mübadiləsi, qarşılıqlı beynəlxalq tədbirlərin
keçirilməsi, ötən əsrlərdə çap
olunmuş ölkələrə dair nəşr
materiallarının qarşılıqlı mübadiləsi
imzalanan memorandumların əhəmiyyətli nəticələri
hesab oluna bilər. Ötən il ərzində beynəlxalq
kitab mübadiləsi yolu ilə Milli Kitabxanaya xarici ölkə
kitabxanalarından 2051 nüsxə yeni ədəbiyyat daxil
olub, xarici ölkələrin milli kitabxanalarına isə 2657
nüsxə ədəbiyyat
göndərilib.
Ötən
il ərzində Milli Kitabxananın yerinə
yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqətlərinin
ölkə xaricində daha geniş təbliğində fəal
iştirak etməkdən ibarət olub. İl ərzində
Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi ilə
birgə 10-dan artıq beynəlxalq kitab sərgisində
iştirak edib. Dünyanın
60-dan artıq milli kitabxanasına, səfirliklərə,
universitetlərə və digər təşkilatlara 7 min
nüsxədən artıq Azərbaycanın tarixinə, mədəniyyətinə,
iqtisadiyyatına, daxili və xarici siyasətinə,
Dağlıq Qarabağ məsələsinə və s. dair
müxtəlif kitablar göndərilib.
Milli Kitabxananın ötənilki fəaliyyətində
ölkə daxilində və xarici ölkələrdə beynəlxalq
tədbirlərin-kitab sərgilərinin və beynəlxalq
konfransların keçirilməsi də ənənə halını
alıb.
2015-ci ildə oktyabrın 28-də Milli Kitabxanada Xalq şairi Bəxtiyar
Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar TÜRKSOY
beynəlxalq təşkilatı ilə birlikdə türkdilli
ölkələrin nümayəndələrinin iştiraki ilə
elmi konfrans və B.Vahabzadənin 15 şeirinin 6 türkdilli
ölkənin dilində TÜRKSOY tərəfindən nəşr
olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90
şeiri” kitabının və Milli Kitabxana tərəfindən
tərtib edilmiş “Bəxtiyar Vahabzadə”
biblioqrafiyasının və Elektron məlumat bazasının
təqdimat mərasimi keçirilib.
Dekabr
ayında isə Türkiyənin Ankara şəhərində
TÜRKSOY təşkilatının iqamətgahında Azərbaycanın
Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90
illiyi münasibətilə Milli Kitabxananın fondlarında
mühafizə olunan kitablardan ibarət kitab sərgisi və
Beynəlxalq Elmi Konfrans keçirilib.
2015-ci ilin ən yaxşı nəticələrindən biri də Azərbaycan Milli Kitabxanası tərəfindən xarici ölkə milli kitabxanalarında Azərbaycana dair guşələrin və bu guşələrdə Milli Kitabxananın virtual oxu zallarının yaradılması işlərinə başlaması olub. İlin son günlərində Türkiyə və Rusiya Federasiyasının kitabxanaları ilə bu barədə razılıq əldə edilib. 2016-cı ildə 5 xarici ölkədə belə guşələrin və virtual oxu zallarının açılması müvafiq ölkələrin milli kitabxanalarının rəhbərliyi ilə razılaşdırılıb. Bununla da xarici ölkə vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların informasiya resurslarımıza birbaşa girişi təmin olunacaq.
2015-ci ildə Milli Kitabxananın Elmi Şurasının qərarı ilə kitabxananın 1990-cı ildə nəşri dayandırılmış “Elmi Əsərləri”nin nəşri bərpa olunub, Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək VII buraxılışı nəşr olunub. Kitabxanamızın əməkdaşları il ərzində 10-dan artıq xarici ölkələrdə keçirilən elmi konfranslarda, simpoziumlarda, treninqlərdə iştirak ediblər.
Kitabxanamızın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər keçən il də davam etdirilib, yeni server avadanlıqları alınaraq saytımızın və elektron kitabxanamızın bütün materialları orada yerləşdirilib, Kitabxananın Arxiv fondu üçün müasir tipli yanğınxəbərverici və yanğınsöndürücü avadanlıqlarla, işıqlandırma və havalandırma sistemləri, qiymətli kitabları kənar təsirlərdən etibarlı mühafizə edən mobil kitab rəfləri quraşdırılıb.
Ötən ildə əldə olunan uğurlar əməksevər kollektivimizin bütün üzvlərinin birgə gərgin əməyinin nəticəsidir və bununla kifayətlənməyən Milli Kitabxananın kollektivi yeni ildə də fərəhli nəticələr əldə etmək əzmi ilə işə başlayıb. Bu yolda kollektivin hər bir üzvünə müvəffəqiyyətlər arzulayıram.
Kərim
TAHİROV
M.F.Axundzadə
adına Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi, professor
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.11-12