Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları
LİTVA-AZƏRBAYCAN QƏDİM
MƏDƏNİYYƏT KÖRPÜLƏRİ
(Əvvəli ötən şənbə
sayımızda)
ƏLAQƏLƏRİMİZİN
KARAİM KÖKƏNLİ TELLƏRİ...
Litva-Azərbaycan və həmçinin Polşa-Azərbaycan
qədim elmi-mədəni əlaqələrinin dinamikasına
və ümumən Avropada şərqşünaslıq elminin
inkişaf mərhələlərinə nəzər salarkən
XX əsrin 1-ci rübündən başlayaraq bu sahədə
mühüm işlər görmüş Litva karay türkləri
kökənli şərqşünas alimlərin, eləcə
də türkoloq tədqiqatçıların fəaliyyəti
xüsusilə diqqəti çəkir. Bununla
bağlı hətta deyərdik ki, bu əlaqələr
çərçivəsində və Avropada şərqşünaslığın
inkişaf mərhələləri müstəvisində karaim
kökənli Litva-Polşa alimlərinin
yaradıcılığı və çalışmaları
xüsisi bir kəsim təşkil edir.
Biz bu
fikri vurğulayarkən, ilk növbədə dünyaca
tanınmış karay türkü, görkəmli
türkşünas alim, şərqşünas professor, məşhur
xadim, 1928-1961-ci illərdə Vilnüsdə yaşayıb
mühüm ictimai və elmi-pedaqoji fəaliyyət göstərmiş
Hacı Seraya Xan Şapşalı (1873-1961) nəzərdə
tuturuq (o, rus mənbələrində Serqey Markoviç
Şapşal kimi tanınıbdır). Sözgəlişi,
onun soyadının mənşəyi haqda qısa
açıqlama vermək istərdik ki, “Şapşal”
türklərin ilk məskəni və vətəni sayılan
Altaydakı dağ zirvələrindən birinin adıdır.
S.
Şapşal həmçinin 1928-1940-cı illərdə Litva
və Polşa karay türklərinin Haxanı (Haxamı) olaraq
geniş dini fəaliyyət göstərmişdir. Haxan - İudaizmin karaim məzhəbi olan Karaimizmin
dini ierarxiyasında ən yüksək rütbədir və bu
rütbənin daşıyıcılarına bir qayda olaraq
“Zati-aliləri” deyərək müraciət olunur. S.
Şapşalın fikrincə karaim dilindəki “Haxan”
sözünün mənşəyi qədim türk
hökmdarlarına verilən titul olaraq Xəzər
xaqanlığının adı ilə bağlıdır. Eləcə
də onun “Hacı” adı daşıması barədə qeyd
etmək istərdik ki, müsəlmanlar Məkkəyə həcc
ziyarətinə gedib Hacı olduqları kimi, karaimlər
müqəddəs Yerusəlimi ziyarət etdikdən sonra
Hacı tituluna layiq görülürlər.
Dünya karaimlərinin patriarxı və ümumən
türk xalqları ilə qırılmaz etnokulturoloji tellərlə
bağlı olmuş bu nəhəng şəxsiyyət şərqşünaslığın,
həmçinin türkologiya sahəsinin inkişafına
danılmaz töhfələr vermişdir. O, Avropada azərbaycanşünaslığın
irəliləyişi üçün də sanballı işlər
bəxş etmişdir. Təbii ki, S.
Şapşalın Azərbaycanla bağlı çoxşaxəli
fəaliyyətinin başlıca cəhətləri və
gördüyü əsas işlər barədə ümumiləşdirmələri
onun bu yönümlü çalışmalarına məxsusi
olaraq həsr olunmamış bir məqalədə ehtiva etmək
heç də asan tapşırıq deyildir. Odur ki, bu məqalədə
məşhur türkoloqun o cür fəaliyyəti ilə bağlı
az məlum olan işlərdən və yaxud indiyədək həm
müasir Litva, həm də Azərbaycan ictimaiyyətinə
naməlum olan faktlardan bir neçəsini təqdim etməklə
kifayətlənəcəyik.
Biz bunu deyərkən, ilk öncə S.
Şapşalın Azərbaycan istiqlalını yaşatmaq
istiqamətində xaricdə gördüyü vacib işləri
nəzərdə tuturuq. O işlərlə bağlı ilk dəfə yorumlar
verərkən, 1920-1939-cu illərdə anneksiya edilib
Polşanın yurisdiksiyası altında olmuş Vilnüs
regionunda S. Şapşalın yaratdığı Vilnüs
Türkoloji Dərnəyi (polyakca - Kolo Turkologow w Wilnie) barədə
tarixi faktı və S. Şapşalın Prometey hərəkatının
(1926-1939) iştirakçısı olmasına dəlalət
edən məqamlarını ön plana çəkmək istərdik.
Belə ki, S. Şapşal onun rəhbərliyi ilə XX əsrin
30-cu illərində fəaliyyət göstərmiş
Vilnüs Türkoloji Dərnəyinin xətti ilə Azərbaycan
tarixi və mədəniyyətini tanıdıb yaymaq, o
cümlədən, sözügedən dərnəyin
Ümumsiyasi məktəbi dinləyiciləri (polyakca - Sluchaczy
Szkoly Nauk Politycznych) arasında Azərbaycan Xalq Cümhuriyyəti
barədə bilgiləri təbliğ etmək, həmçinin
o dövrdə Azərbaycan və digər xalqların siyasi
mühacirləri tərəfindən Avropanın bir çox
ölkələrində müxtəlif dillərdə
çap olunub yayılan qəzet və jurnallarda (“Prometey”,
“Qurtuluş”, “İstiqlal” və s.) Azərbaycan siyasi
mühacirlərinin (M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə
və b.) bolşevizm əleyhinə yazılarını və
Sovet əsarəti altında olan xalqların
azadlığı problemlərinə dair işıq
üzü görmüş bəzi əsərlərini polyak
dilinə tərcümə edib Litvada və Polşada oxuculara
təqdim etmək sahəsində dəyərli işlər
görmüşdür.
Göstərilən
Türkoloji dərnəyin üzvləri və həmçinin
Vilnüs ədəbiyyat həvəskarları arasında fəal
təbliğ olunan kitablardan biri Məmməd Əmin Rəsulzadənin
(1884-1955) “Milli Azərbaycan nəşriyyatı” seriyasından 1928-ci ildə
İstanbulda ərəb əlifbası ilə nəşr
etdirdiyi “İstiqlal uğrunda” şeirlər toplusu idi.
İstiqlalı yaşadan mühacirət poeziyasının səciyyəvi
nümunələrindən -
Əhməd Cavadın, Gültəkinin (Əmin Abid
Əhmədov), Nafe Şükrinin (Əmin Abidin
xanımı), Umgülsüm Sadıqzadənin
(yazıçı Seyid Hüseynin xanımı), Sənanın,
Əli Ustanın, Əli Yusifin, Məsud Səfvətin, Azərizadənin,
İsmayıl Zöhdinin və digər müəlliflərin
azadlıq eşqi və mübarizə ruhu tərənnüm
olunan şeirlərindən ibarət olan bu məşhur toplu
böyük türkoloq S. Şapşalın fəaliyyəti nəticəsində
o illərdə Azərbaycan türkcəsindən tərcümə
edilərək Vilnüsdə oxunur və müzakirə
olunurdu.
Arxiv materialları təsdiq edir ki, S. Şapşal Azərbaycan
siyasi mühacirət hərəkatının lideri M.Ə. Rəsulzadə
ilə XX əsrin 20-30-cu illərində ictimai-siyasi əməkdaşlıq
əlaqələri saxlayırdı (S. Şapşal 1920-1928-ci
illərdə İstanbulda yaşayıb işləmişdir). M.Ə. Rəsulzadənin
mühacirət həyatının Polşa dövründə
bu əlaqələr həm birbaşa yolla, həm də azərbaycanca
nəşr edilən qəzet və jurnallarda M.Ə. Rəsulzadə
ilə birgə çalışan əməkdaşlar vasitəsi
ilə saxlanılırdı. Bu fikri əsaslandıran
faktlardan biri olaraq M.Ə. Rəsulzadənin 1933-cü ildə
S. Şapşala yazdığı məktubu ilk dəfə
oxucuların diqqətinə təqdim edirik:
“Çox möhtərəm Sürəyya Bəyəfəndi! Bu yaxınlarda bir neçə
gün burada olmuş azərbaycanlı stajçı Həmid
bəydən Sizin sağ-salamat və
gümrah yaşadığınızı eşidib çox məmnun
oldum. Hal-hazırda bir neçə tətil
gününü Vilnüsdə keçirmək məqsədi
ilə səyahətə çıxan əməkdaşlarımızdan
biri, vətəndaşımız Əli Azərtəkin bəy
vasitəsilə Zati-alilərinizə ürək dolu
salamlarımı və hörmət hisslərimi
çatdırıram. Hörmətkarınız,
Məmməd Əmin Rəsulzadə, “İstiqlal” qəzetinin
Baş redaktoru. Varşava, 14 aprel 1933-cü il”.
M.Ə. Rəsulzadənin “İstiqlal” qəzetinin Baş
redaktoru olaraq xidməti yazışmalar blankında
yazdığı bu məktubda adı çəkilən Həmid
bəyin Azərbaycanın mühacir şairi və publisisti Həmid
Dönməz olduğunu güman edirik. Belə ki, o,
bir sıra mühacirət nəşrlərində M.Ə. Rəsulzadə
ilə birgə çalışmışdır. Adıçəkilən digər şəxs -
mühacir publisisti Əli Azərtəkin (1906-1967) isə kifayət
qədər tanınmış xadimdir. Beləliklə,
bu qısa məktubdan məlum olur ki, M.Ə. Rəsulzadənin
məslək və qələm qardaşları H. Dönməz
və Ə. Azərtəkin onun tövsiyəsi ilə o zaman
S. Şapşalla Vilnüsdə görüşüblər.
Zənnimizcə, bu məktubun konkret məzmunu və
tonu yazışma aparan tərəflər arasında
çoxdankı münasibətlərin olmasını göstərir.
Arxiv mənbələri təsdiq edir ki, S. Şapşal
onun Litva və Polşa karay türklərinin Haxanı
seçilməsi ilə bağlı 1928-ci ilin yazında
İstanbuldan köçüb Vilnüsə gəldikdən
sonra da Türkiyədəki və Avropa ölkələrindəki
Azərbaycan və Krım siyasi mühacirləri ilə əlaqələrini
kəsmirdi.
Bununla bağlı ilk dəfə olaraq daha belə bir yeni
faktı təqdim etmək istərdik ki, həmin mühacirlər
arasında Rusiya imperiyasında müsəlman qadın hərəkatının
liderlərindən və müstəqil Krım dövləti
uğrunda mübarizənin öncüllərindən biri kimi
tanınan ictimai xadim, Türkiyədə Krım Qadınlar Cəmiyyətinin
(1930) təsisçisi, jurnalist və tərcüməçi
Şəfiqə xanım Qaspralı-Yusifbəyli (1886-1975) də
olmuşdur.
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin
Baş naziri Nəsib bəy Yusifbəylinin (1881-1920)
ömür-gün yoldaşı olmuş bu xanım Türkiyədə
ehtiyac və mərhumiyyətlərlə dolu bir mühacir həyatı
yaşamışdır (o zaman xarici düşmənlərlə
ölüm-dirim savaşını aparan Türkiyədə
yaşamaq asan deyildi). 1922-1932-ci illərdə Şəfiqə xanımın
S. Şapşalla Türkiyədə və Litvada
apardığı yazışmalardan görünür ki, S.
Şapşal ağır günlərdə mənən onun
yanında olmuş, oğlu Niyazi Yusifbəylinin (1908-1964)
Litvada peşə təhsili ala bilməsi üçün səylər
göstərmiş və uzaq Vilnüsdən Şəfiqə
xanıma maliyyə yardımı göstərərək bu
yenilməz ruhlu nəcabətli xanımın və
uşaqlarının çətin həyatını müəyyən
qədər yüngülləşdirməyə
çalışmışdır.
Bu yazışma ilə bağlı hələlik
üç fakt tapılıb üzə
çıxarılmışdır. Bunlar Şəfiqə xanımın
16 noyabr 1922-ci il, 17 aprel 1923-cü il və
28 noyabr 1932-ci il tarixlərində S. Şapşala
ünvanladığı məktublardır. Həmin məktublarda
Şəfiqə xanımın həyat yolunda üzləşdiyi
çətinlik və ziddiyyətlərlə bərabər,
Türkiyədə o zaman baş vermiş mühüm
ictimai-siyasi və mədəni hadisələr, o cümlədən,
1932-ci ilin sentyabr-oktyabr aylarında Türk Dil Qurumu tərəfindən
təşkil olunmuş 1-ci Beynəlxalq Türk Dili
Qurultayı haqqında maraqlı bilgilər yer
almışdır.
S. Şapşalın Azərbaycan dili və ədəbiyyatı
ilə bağlı fəaliyyətinə nəzər salarkən,
onun əməyi sayəsində Cənubi Azərbaycan folklor ədəbiyyatı
incilərinin Litvada və Polşada yayımlanmasını da
qeyd etmək istərdik. Belə ki, S. Şapşalın müəllifliyi ilə
hazırlanmış “İran Azərbaycanı türklərinin
xalq ədəbiyyatı nümunələri” adlı kitab
1935-ci ildə Krakovda polyakca və Azərbaycan dilində (latın əlifbası hərfləri
əsasında transkribasiya edilmiş şəkildə)
çap olunmuşdur (polyakca - H.S. Szapszal. “Proby
literatury ludowej turkow z Azerbaydjanu perskiego”. Krakow.
1935). Polşa Elmlər Akademiyasının “Şərqşünaslıq
İşləri Komissiyası” seriyasından
buraxılmış bu kitaba S. Şapşalın 1901-1908-ci illərdə
Təbrizdə yaşayıb işlədiyi dövrdə Cənubi
Azərbaycanın müxtəlif yerlərini gəzərək
Azərbaycan türklərinin dilindən yazıya alıb
topladığı bir sıra folklor nümunələri -
nağıllar, bayatılar, gəraylılar, xalq
mahnıları və təsniflər, atalar sözləri və
məsəllər, lətifələr, tapmacalar, dübbələr
(məsxərələr) daxil edilmişdir. Əsərləri
polyak dilinə S. Şapşal və karaim əsilli
türkşünas professor Ananiaş Zayonçkovski (1903-1970)
tərcümə ediblər. Kitabda S.
Şapşal tərəfindən yazılmış 9 səhifədən
ibarət giriş məqaləsi və azərbaycanca-polyakca-almanca
mini-lüğət də çap olunmuşdur. S. Şapşalın Azərbaycan dilinə, tarixinə
və ədəbiyyatına gözəl bələd
olduğunu göstərən bu folklor seçmələrindən
ibarət toplu indiyədək öz dəyərini itirməmişdir.
Sözügedən folklor seçmələri toplusu Azərbaycanın
elm və mədəniyyət dairələrinə məlum
olan nəşrdir. Belə ki, görkəmli dilçi və türkoloq
alim, filologiya elmləri doktoru, Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki Məmmədağa Şirəliyev
(1909-1991) və digər dilçi mütəxəssislər hələ
Sovet dövründə Azərbaycan dilinin dialekt və şivələrini
araşdıran zaman S. Şapşalın göstərilən
kitabını biblioqrafik göstərici olaraq tədqiqata cəlb
ediblər. Lakin buna baxmayaraq, zənnimizcə həmin
toplu daha geniş linqvistik araşdırmalara layiqdir.
Ələlxüsus,
Azərbaycan dili dialektlərinin Cənub qrupuna aid Təbriz və
Urmiya şivələrini müqayisəli surətdə
araşdırmaq, sözügedən şivələrin tarixi
inkişaf mərhələlərini tədqiq etmək, həmçinin
Azərbaycan dilinin lüğət tərkibini, dilimizin qədim
leksik xüsusiyyətlərini, dil əlaqələrini öyrənmək
baxımından ilk növbədə dil tarixi və
dialektologiya mütəxəssisləri üçün
çox önəmli bir qaynaqdır. Bu
qaynağın lazımi elmi səviyyədə öyrənilməsi
və araşdırmaların sanballı monoqrafiya şəklində
ərsəyə gətirilməsi fikrimizcə, böyük
elmi hadisə olardı.
Bütün
bunlarla bərabər, belə bir məqamı təəssüflə
irəli sürməyə israrlıyıq ki, S.
Şapşalın görkəmli şərqşünas alim
olaraq Dünya türkoloji araşdırmalar xəzinəsinə
verdiyi qiymətli çalışmalarla yanaşı, XX əsrin
əvvəllərində Cənubi Azərbaycan türklərinin
azadlıq və demokratik hərəkatı ilə
bağlı apardığı ziddiyyətli ictimai-siyasi fəaliyyəti
də olmuşdur (mövzuları qarışdırmamaq
üçün bu barədə məqaləmizin növbəti
hissəsində danışacağıq).
İndi isə mətləbə qayıdaraq
yaradıcılığında digər türk dilləri ilə
yanaşı Azərbaycan dili və ədəbiyyatı
haqqında çalışmalar yer almış karaim əsilli
türkoloq alimlərdən müxtəlif illərdə
Litvadan Polşaya mühacir etmiş Ananiaş Zayonçkovski
və Vlodzimej Zayaçkovskinin (1914-1982), eləcə də
Aleksandr Dubinskinin (1924-2002) həyatı və elmi fəaliyyətindəki
bəzi məqamlara tezislər şəklində toxunmaq istərdik.
A.
Zayonçkovski və A. Dubinski karaimlərin yığcam
yaşadıqları qədim Trakay şəhərində, V.
Zayaçkovski isə Vilnüsdə anadan anadan olmuş və
onların hər üçü ilk təhsillərini
Vilnüsdə almışlar.
Məşhur türkoloq alim, Varşava universitetinin professoru (1935), Polşa Elmlər Akademiyasının akademiki (1952) A. Zayonçkovskinin yaradıcılığında Nizami irsinin öyrənilməsi və türk dillərinin tədqiqatı sahəsində aparılmış mühüm araşdırmalar diqqəti cəlb edir.
Tanınmış professor V. Zayaçkovski isə Krakovdakı Yagellon universitetinin Şərq Filologiyası İnstitutu Türkologiya şöbəsinin müdiri (1973) olaraq qaqauz və tatar türkcəsinin öyrənilməsi sahəsində əhəmiyyətli tədqiqatlar aparmış və Polşada bir sıra kitablar çap etdirmişdir. Onlardan “Qaqauz türklərinin tarixi, dili və etnoqrafiyası” (1949), “Bolqarıstan qaqauzlarının dili və folkloru” (1966), “Rumıniyanın Dobruca bölgəsi tatarlarının dili və folkloru” (1975) kimi sanballı ktabları göstərmək mümkündür.
Humanitar elmlər doktoru, Varşava universiteti Şərqşünaslıq İnstitutunun dosenti A. Dubinski karaimlərin dili, mədəniyyəti, dini və ədəbiyyatı barədə, eləcə də tatarlar və türklər haqqında 150-dən artıq elmi məqalənin və bir neçə kitabın müəllifidir. O, uzun müddət Polşa Karay Türkləri Dini Birliyinin katibi olaraq fəaliyyət göstərmişdir. Dəfələrlə Azərbaycanda və Türkiyədə olmuş, burada keçirilmiş elmi konfranslarda və ekspedisiyalarda iştirak etmişdir.
V. Zayaçkovski və A. Dubinski, məşhur rus türkoloqu, professor Nikolay Baskakov (1905-1995), A. Zayonçkovski və S. Şapşalın birgə müəllifliyi ilə 1974-cü ildə Moskvada çap olunmuş “Karaimcə-rusca-polyakca” lüğətin hazırlanmasında da yaxından iştirak ediblər.
(Vilnüs)
(Ardı gələn
şənbə sayımızda)
Mahir Həmzəyev
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası Hökuməti yanında Milli
İcmalar Şurasının üzvü
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.10;19