"Biz gedərik, qoca dünya qalandır"
110 illiyi tamam
olan xalq şairi Məmməd Rahimin
yaradıcılığı haqqında qeydlər
Həmişə Məmməd Rahim
haqqında düşünəndə onun bu
dördlüyünü xatırlayıram:
Mən ağ sular kimi axıb getmərəm,
Şimşəyəm,
havayı çaxıb getmərəm.
Dünyanı pəncərə
sandı babalar,
Mən ondan mənasız
baxıb getmərəm.
Niyə bu dördlüyü
xatırladım? Birincisi, ona görə ki, Məmməd
Rahim Dövran şairi idi və bu mənada sovet
dövrünün şairi olduğu üçün xoşbəxt
idi və özünü xoşbəxt də sayırdı.
Ustad tənqidçi Məmməd Arif yazır ki, Rahim otuz il
bundan əvvəl Səməd Vurğun, Süleyman Rüstəm,
Mikayıl Müşfiq, Osman Sarıvəlli, Rəsul
Rza kimi şairlərlə bir dövrdə ədəbiyyata gəlmiş
və o zamandan bu cəbhədə fəal
çalışmaqdadır. O vaxt 17-18 yaşlarında
olan bu gənc şairlərdə sənətkarlıq hələ
zəif olsa da, yeniliyi, müasirliyi duymaq bacarığı qüvvətli
idi. Hakimiyyəti əllərinə almış
fəhlə və kəndlilər bu gənclərin
simasında öz yeni müğənnilərini, ürək
sözlərini ifadə edən yeni ruhlu, yeni zövqlü
şairləri tapmışdılar.
Adları çəkilən
o görkəmli sənətkarların
yaradıcılığı, onların nə dərəcədə
Dövran şairi olub-olmadıqları haqda heç nə
demirəm. XX əsr Azərbaycan poeziyasının bir çox
böyük uğurları onların adları ilə
bağlıdır. Və mən Məmməd
Rahimi də bu pleyadaya aid edirəm. Kimsə deyə bilər
ki, poetik istedadına görə Məmməd Rahim tutaq ki, Səməd
Vurğundan, Müşfiqdən, Rəsul Rzadan, Süleyman
Rüstəmdən zəif olmuşdur, bu fikrə qətiyyən
münasibət bildirmədən deyə bilərəm ki,
poetik istedadının dərəcəsindən asılı
olmayaraq, onların hər biri bizim üçün əzizdir,
qiymətlidir. O çətin yükü (XX əsr Azərbayjan
poeziyasının yönünü, axarını müəyyənləşdirməkdə)
çəkib aparmaqda hər birinin öz payı var.
Məmməd Rahimi bu gün
sırf sovet şairi, yaxud sovet dövrünün şairi kimi
təhlil edənlər çoxdur. Burada həqiqət
bundan ibarətdir ki, doğrudan da Məmməd Rahim bir
çox şeir və poemalarında sovet quruluşunun tərənnümçüsü
olmuşdur, ilk şeirini yazdığı 1926-cı ildən
ömrünün sonuna qədər o öz məsləkindən
dönməmişdir. Buna görə isə
nə Məmməd Rahimi, nə də digər şairləri
qınamaq olmaz. Heç şübhəsiz, Məmməd
Rahimin vaxtilə partiyaya, Leninə, Stalinə, komsomola həsr
elədiyi şeirlərin, S.M.Kirova ithaf etdiyi “Ölməz qəhrəman”
poemasının indi heç üzünə baxan da yoxdur, o
dövrdə yaşamış digər şairlərin eyni
mövzuda yazdıqları şeirləri, poemaları kimi.
Böyük Vətən
müharibəsinin qızğın çağlarında Səməd
Vurğun “Məmməd Rahimin yaradıcılığı
haqqında” adlı bir məqalə yazmışdı. Məqalə bu cümlələrlə
başlayırdı: “Məmməd Rahimin poeziyası
xalqımız arasında böyük şöhrət
qazanmışdır”. Bu, doğrudan da belə
idi. Otuzuncu illərdə onun şeirləri
xalq arasında geniş yayılmışdı. Bu şeirlər ilk növbədə, öz lirik səciyyəsi
ilə seçilirdi.
Əgər Məmməd
Rahimin poeziyasını bircə sözlə səciyyələndirməli
olsaq, “lirika” sözünün üzərində
dayanmış olarıq. Onun bütün
yaradıcılığı lirik hisslər üzərində
köklənmişdi. Məmməd Rahimin
ictimai-siyasi mövzulu şeirlərindən də bu lirika
şəffaf bir işıq kimi süzülürdü.
Deyirəm: göylərə
daldıqca bəzən,
Nurlu bir ulduza çevrilərək mən
O geniş dünyada
parıldasaydım.
Gah da söyləyirəm: ceyranlar
içən
Güllü bağçaların
içindən keçən
Sərin çeşmə
kimi şırıldasaydım.
Deyirəm: dönəydim al mərcanlara
Dost olaydım şirin-şirin canlara
Məskənim sinələr ağ gümüş kimi.
Çevriləydim gülə,
qoparaydılar
Bir qıza ərməğan
aparaydılar,
Açılaydım təzə
bir gülüş kimi.
Ancaq Məmməd Rahimin lirikası
bu şeirdə ifadə edildiyindən qat-qat zəngin,
çoxçalarlı idi. Bu lirikada nikbinlik, gələcəyə
inam hissi çox güclü idi.O, yeni insanın, onun fikrincə,
azadlığa çıxmış insanın xoş günlərini
tərənnüm edirdi. “Dövrümüzün
adamlarına xas olan zəngin mənəvi aləmi, müxtəlif
duyğuları, arzu və həyəcanları özündə
əks etdirən bu lirika mənaca rəngarəng olduğu
kimi, şəkilcə də müxtəlifdir, oynaqdır”
(M.Arif).
Məmməd Rahimin bir
şair kimi daha çox məşhurlaşması 1941-1945-ci
illərə düşür. Bu illərdə
M.Rahimin poeziyası sərt və döyüşkən
xarakter aldı. Onun “Üç qardaş”, “Müqəddəs
kədər”, “İkiqat cinayət”, “Onu Don qucaqladı”,
“Aslanım partizandır”, “Tək məzar”, “Sənsiz” və
bir çox başqa şeirləri oxucular tərəfindən
böyük rəğbətlə qarşılandı.Elə
bil, xalq kimi M.Rahimin şeiri imtahan qarşısında idi. Məmməd Rahimin şeiri də bu imtahandan
çox şərəflə çıxdı.
Müharibə dövründə
yazdığı şeirlərində M. Rahim də digər
şair dostları kimi oxuculara gələcəyə inam,
nikbinlik aşılayırdı. Köhnə
lirikanın ayrılıq, vüsal, hicran motivləri onun
şeirlərində yeni məna və məzmun kəsb edirdi.
Müharibə mövzusu Məmməd
Rahimin yaradıcılığında müharibədən
sonra da davam etdi, müharibədən az
sonra şair “Leninqrad göylərində” poemasını
yazdı. Poema təkcə M.Rahimin deyil, həm də
Azərbaycan poeziyasının uğuruna çevrildi. Həmin əsər Dövlət Mükafatına
layiq görüldü.
Əlbəttə, bu
poemanı yazana qədər M.Rahim bu janrda bir neçə
nümunə yaratmışdı. Bir çox tədqiqatçıların
fikrincə, poema poeziyanın ən ali zirvəsidir
və deməli, burada istedadın dərəcəsi, şairin
sənətkarlıq məharəti yüksək
olmalıdır.
“Leninqrad göylərində”
poeması Rahimin ən gözəl və ən uğurlu əsəridir
desək, qətiyyən yanılmarıq. Çünki
bu poemada Rahimin poetik istedadı bütün dolğunluğu ilə
üzə çıxır, Hüseynbala Əliyevin
döyüş yolu və onun qəhrəmanlığı vətənpərvərliyin
poeziyada əbədi dəyər qazanması deməkdir. Vətəni necə sevmək dərsini öyrədir
bu poema. Dəxli yoxdur, o zaman Vətən
deyəndə nəyi düşünürdük.
Poemada Rahim
Hüseynbalanın ölüm səhnəsini çox
böyük ustalıqla təsvir edir, sanki qəhrəmanın
ölümüylə sən də ölürsən. Hüseynbala o
son anlarında Azərbaycanı, Xəzəri, öz kədərli,
ağsaçlı anasını, sevgilisi Nəzakəti
düşünürdü. Mən isə
Sankt-Peterburqda Hüseynbalanı düşünürdüm.
Dünyanın ən gözəl şəhərlərinin
birində həmyerlim Hüseynbalanın harada vurulduğunu
düşünürdüm, xəyalımda o yeri
axtarırdım. Elə bilirdim Hüseynbala yenə göylərdədir,
yenə vuruşdadır:
Üzüldü əlləri
sükandan, aman,
Qapadı hər şeyi qatı bir
duman...
Gedir çarpışaraq göy
üzündə tək,
Həyat ölüm ilə pəncələşərək.
“Leninqrad göylərində”
poemasının şöhrəti M. Rahimi bu əsərdəki
obrazların sonrakı taleyini də qələmə almağa
sövq elədi. O, Hüseynbalanın döyüş yoldaşı
Alekseyi, həyat yoldaşı Nataşanı Sumqayıta gətirir,
onlar burada Hüseynbalanın nişanlısı Nəzakətlə
tanış olur, yeni bir zavodun qurulmasında iştirak edirlər.
“Abşeron torpağında”
adlanan bu poema sənətkarlıq cəhətdən “Leninqrad
göyləri”ndə poeması ilə müqayisədə zəif
idi. Yeri gəlmişkən qeyd edim ki, Məmməd
Rahimin yaradıcılığında belə ortabab və zəif
əsərlər olmuşdur, o zamankı ədəbi tənqidin
diqqətindən də bu yayınmamışdır. Rahim poeziyasının dəyərli nümunələri
vaxtında öz qiymətini almış, nöqsanlı əsərlər
isə tənqid olunmuşdur.
Rahim süjetli lirika
ustası idi.
O, həyatda, cəmiyyətdə müşahidə etdiyi və
yaxud xəbər tutduğu hər hansı bir hadisədən
təsirlənib onu şeirinin mövzusuna çevirə
bilirdi. “Alapalazoğlu” şeirində məşhur
Azərbaycan xanəndəsinin həyatından kiçik bir
epizod təqdim edilir. İranda şahın məclisinə
dəvət olunan xanəndə buradakı cah-cəlalı
görür, insanların qanı-canı hesabına ucalan bu
saray elə bil onun içindəki sənət
ehtirasını söndürür, şah və onun ətrafındakı
yaltaq əyanlar nə qədər təkid edirsə, ona pul təklif
olunursa, Alapalazoğlu oxumur və beləliklə, şahın
qəzəbinə düçar olur. Amma elə
ki, o, saraydan çıxır, dünyanın gözəlliklərini
görür, oxumağa başlayır. Şah bunun səbəbini
soruşanda Alapalazoğlu deyir:
Sən əmr eyləyəndə
yoxdu həvəsim,
Sandım ki, heç zaman
olmayıb səsim.
Qubarlıydım azca, susdum
bir qədər.
Yaltaqlar, ilhamı dərk etməyənlər
Qızdırdılar səni, durub
yanında,
Demədilər axı, oxuyanın da
Qəlbi var, hissi var, möhnəti
də var.
Rahimin bir silsilə “Cənub şeirləri”
də var və həmin şeirlər də süjetli
lirikanın gözəl nümunələridir: “Şatır”,
“Qara daşın həsrəti”, “Arazın həsrəti”,
“Xalçaçı qız”, “Mən nə gətirmişəm”.
Ümumiyyətlə, bir çox sovet şairləri kimi
Rahimin yaradıcılığında da beynəlxalq
mövzuda yazılmış onlarla şeirlərə rast gəlirik:
“Allah satıcısına”, “İlan oynadan”, “Nazim Hikmət
azaddırmı”, “Çılpaq şəkil çəkdirmiş
fransız gözəlinə”, “Pol Robsona məktub”, “Kapri
balıqçıları”, “Bağdad gecələri”, “Kərbəla”,
“Yeddi zənci”, “Hindli qardaşıma” və s.
Bu yazıda mən Məmməd
Rahimin gözəl sevgi şeirləri yazdığını
da qeyd etməliyəm. Bu şeirlərin bir çoxunun indi də
xanəndələr tərəfindən şövq ilə
oxunduğunu görürəm.
Gözəlim, başına
dönür fələklər,
Sevgi dünyasında
soltansan, nəsən?
Ətrin məst eləyir aşiqlərini
Yoxsa qızıl gülsən,
reyhansan, nəsən?
Sakit sular kimi bəzən axırsan,
Canlar yandırırsan, evlər
yıxırsan,
Bəzən tovuz kimi süzüb
baxırsan
Yoxsa öz-özünə
heyransan, nəsən?
Rahimdən söz açanda
onun tərcüməçilik fəaliyyətindən də yan
keçmək olmaz. Onun tərcüməçilik fəaliyyəti
orijinal yaradıcılığı qədər dəyərlidir.
Çünki Rahim tərcümə işinə
barmaqarası baxmırdı, poetik istedadının
gücü ilə Şərq və Qərb şairlərinin əsərlərini
dilimizdə məharətlə səsləndirə bilirdi.
O, dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını
farscadan dilimizə çevirmişdi, hələlik bu əsərin
ən yaxşı və uğurlu tərcüməsi Rahimə
məxsusdur. Böyük gürcü klassiki
Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
əsərinin bir hissəsinin tərcüməsi də Rahimin
qələmindən çıxıb. Puşkinin
“Ruslan və Lyudmila” poeması və bir sıra digər
şeirləri, Lermontovun bir çox şeir və
poemaları, Blokun “On ikilər” poeması da Rahim tərcüməsində
Azərbaycan oxucularına çatdırılıb. Bu tərcümələrin hər biri haqqında
filoloji araşdırmalar aparmaq olar və deyə bilərik ki,
onların bir çoxu indi də öz poetik gözəlliyini
saxlayır.
...Məmməd Rahimin 110 illiyi
münasibətilə yazdığım bu məqaləni
şairin iki misrası ilə bitirmək istəyirəm.
Bu iki misra gözəl əməllər
yadigar qoyub dünyadan köçənlərə aiddir. Məmməd
Rahimə də.
Yarat, sən köçəndə
ellər söyləsin:
Dünyadan nə gözəl
bir insan gedir.
Vaqif YUSİFLİ
Filologiya elmləri
doktoru
525-ci qəzet.-
2017.-22 aprel.- S.23.