QANADI SINAN
QUŞA
O qanadı sınan quşun,
Canı hələ özündədir.
Yerdə elə çabalayır,
Ümidi göy üzündədir.
O qanadı sınan quşun,
Yox taqəti, yox təpəri.
Ənginlikdə boş qalıbdı,
İndi
bir cüt qanad yeri...
Əgər ipi kəsilməsə,
Səmaları qucar o quş.
Belə
ki həyat eşqi var,
Qanadsız da uçar o quş!
Qanadsız da uçar o quş!
ÖVLADLARIMA
ÜÇ-BEŞ KƏLMƏ
(Ömür-gün yoldaşım
İradə xanımın
vəfatı ilə bağlı)
Siz ana itirdiz,
Mən ömür şamı,
İşıqsız qalmışam bu yer üzündə.
Qaranlıq içində yaşayarammı,
Özümü tapmıram axı özümdə.
Çətin ki, dünyaya könül açam mən,
Daha qılığıma
girənim yoxdur.
Dərd-qəmdən bar tutan bir ağacam mən,
Budaqlarım sınır...
Dərənim yoxdur.
Ana haraylayıb çox ağlamayın,
Taleyin duz yükü kürəyimdədir.
Torpağı havayı qucaqlamayın,
Bilin ki,
Ananız
ürəyimdədir!..
Yanvar
2017
...
Tale gəlir mənə hədə,
Ömrüm azmı gedib hədər!?
Gözüm yaxşı görməsə
də,
Sözümdən tutub gedirəm.
Sönürəmmi, sönmürəmmi,
Təhnizləri sinirəmmi?..
Yandırsa da bu sinəmi,
Közümdən tutub gedirəm.
Bu meydanda tələsmirəm,
Nə bərə,
nə bənd kəsmirəm.
Sallaşmağa əl gəzmirəm,
Özümdən tutub gedirəm.
AĞLA,
UYĞUR BALASI
İnternetə baxarkən milli
münaqişə zəminində
doqquz-on yaşında
bir uyğur oğlanın döyüldüyünü
gördüm...
Ağla,
ağla, ağla, uyğur balası,
Qorxma ki, gözünün gedər
qarası.
Ağla,
ağlamağın ara verməsin,
Demə ki, dünyanın qulağı kardır.
Ağla,
ağlamaqdan köksün
göyərsin,
Demə
ki, dünyanın gözləri kordur...
Nə kardır,
Nə də ki, kordur
bu dünya,
Bir gün görərsən ki, görərsən ki, sən,
Attək
şahə qalxıb durdu bu dünya!..
Sən indi top atıb, top tutmalıydın,
Şarını havada oynatmalıydın...
Amma səni toptək atıb-tuturlar,
Şar kimi havada hey oynadırlar...
Ağla,
ağla, ağla, uyğur balası,
Dünyanı diz çökdür baxışlarınla.
Ağla,
ağla, ağla, uyğur balası,
Suvar qeyrətini
göz yaşlarınla.
Ağla,
ağla, ağla, uyğur balası,
Bu dünya üzünə
bir gün baxacaq.
Ovcuna ələnən göz yaşlarından,
Qılınc cücərəcək,
Nizə
qalxacaq!..
Ağla,
ağla, ağla, uyğur balası!..
...
Gözümdə tapdanmış bir
biçənəksən,
Təzədən gül-çiçək bitirəcəksən!?
Yoxsa bilmirsən ki, nəyə gərəksən,
Havayı yapışma əlimdən
daha.
Elə sərt gətirib taleyin üzü,
Sönüb o sevdamın ocağı-közü.
Umduğun kəlməni, umduğun
sözü,
Çıxara bilməzsən dilimdən
daha.
Üstümə illərin qınağı
çökür,
Xəyallarım indi bağ-bostan əkir.
Hisslərim haçandan quraqlıq
çəkir,
Bir damcı
qalmayıb selimdən
daha.
Yoluna göz dikib çox dayanmışam,
Nağıl dünyasından gec oyanmışam.
Elə alışmışam, elə
yanmışam,
Çınqı da tapılmaz külümdən daha.
2016
BU
GÜNÜMÜN ŞAİRİ
Heç
düzəldəmmir qəddini,
Qələmini qəm qəddəyir...
Zaman da bilmir qədrini,
Görsün nə çəkdi şairi.
Ağrı-acıya bənd olub,
Ağ gününə kəmənd
olub...
Dünya
özü həpənd
olub,
Nəyə gərəkdi şairi?!
Çıxmaz dərdin çilləsindən,
Aşar
əsrin qülləsindən...
Bu günümün gülləsindən,
Qat-qat gödəkdi şairi!..
lll
Hisslərim şumtək əkilir,
Dizlərim yerə bükülür.
Fikrim də elə çəkilir,
Zaman tutub sağa bilmir.
Taledən payım görünür,
Qazılmış quyum görünür...
Qəbrimdən boyum görünür,
Torpaq məni
boğa bilmir.
Kirişimə yağmı çəkir,
Bu sinəmə dağmı çəkir?..
Əlli
ildir ağrı çəkir,
Dünya
məni doğa bilmir...
UÇUB
BU SİNƏMDƏN ÜRƏYİM MƏNİM
Ömrüm pay-puş olub, uralanmışam,
Di gəl ki, bu eşqdən oda yanmışam.
Gəncliyimdən elə aralanmışam,
Kölgəsinə belə çata bilmirəm.
Saçımda yurd salıb duman-çən daha,
Bilirəm bu sevdam tutmaz dən daha...
Yanan ocağımı təzədən
daha,
Söndürüb günaha bata bilmirəm.
Nə yaman gecikib çiçəyim
axı,
Artıq
bir nağıldır
diləyim axı!..
Ucub bu sinəmdən ürəyim axı,
Uçub
kəpənəktək...
Tuta bilmirəm!..
lll
Bu gül kolu
Azadlığı andıran
Günəşin işartısına
Aldanıb.
Arzusunda,
istəyində olduğu
Baharı
andırıb...
Yazı
andırıb...
Qönçələyib minbir həvəslə, -
Gül açıb.
Sanki girəvələyib,
Məhbəsdən
Bir məhbus qaçıb...
Amma qışın da adı qışdır, -
Yenidən tutulub hava,
Yenidən buz bağlayıb
su...
Şaxta
axır ki,
Keçirib ələ,
Məhbəsdən qaçan bu məhbusu!..
1999
UŞAQ
ÇƏKMƏSİ
Sərhəd rayonlarımızdan köçürülən
azərbaycanlı ailələri arasında
on-on bir yaşında
bir qız qoltuğundakı bağlamanı
əlindən vermək
istəmir:”Qar-daşımın
çəkməsidir, vermərəm!
Qardaşımı “saqqallılar” yandırdılar.
Ondan yadigar qalan təkcə bu çəkmədir!..”
Bu qız bu dünyanı
yoxsa unudub,
Öz yurdu özünə od-ocaq deyil.
Əlində bir kiçik bağlama tutub,
Uşaq
çəkməsidir,
Oyuncaq deyil.
“Saqqallı” cəlladlar susayıb qana,
Bu qızın qardaşı
yanıb, kül olub.
Üzünü nifrətlə tutub
zamana,
Bu qızın gözləri
sualla dolu!..
(Bu qızı bir ağrı hey çapar-talar,
-
Tanrı bu həsrətdən göyə çək məni!)
“Sapı özümüzdən
olan baltalar”,
İçində gizlənsin qoy bu çəkmənin!..
Sən də, ey keşikçi,
çəpəki baxma,
Lazımmı hər şeyi bir-bir yoxlamaq!?
Bağlama açılsa,
Partlamaz
qorxma, -
Kövrək ürəkləri partladar
ancaq!..
Bu qız bu dünyanı
yoxsa unudub,
Öz yurdu özünə od-ocaq deyil.
Əlində bir kiçik bağlama tutub,
Kədər mərmisidir!..
Oyuncaq deyil!..
1993
SOMALİ-2011
Burada ümidlər
Səhralar yorğunu
Bir dəvənin gözləri
kimi
Qapanıb.
Burada dərd-qəmi çəkməyə
Tab gətirməz dünyanın
tərəzisi,
Qapanı...
Burada
Anatomiya
müəllimi
Korluq görməz
əyani
vəsait sarıdan.
Sümükləri çıxmış
Hər bir uşaq bədəni,
Onu dərs zamanı yarıdar...
Burada
İnsanlar yuxularda tapar,
Bol suyunu, çörəyini...
Burada
infarkt
mərkəzi yaradılıb
Duyub-düşünən insan ürəyinin...
Burada əllər də kəsərdən
düşüb,
Dikələ bilmir
Göylərə
sarı,
Burada
Uşaqlar acından torpaq
yeyir,
Torpaq da uşaqları...
ƏLLƏRİMİN
İÇİNDƏN KEÇƏRƏM
Əllərimin içindən keçərəm,
-
Gedərəm üzü günəşə.
Bəxtimlə,
Taleyimlə
Güləşə-güləşə.
Əllərimin içindən keçərəm,
Fərqi
yox,
Uduzum da,
Udum da...
Əllərim beşiyim də
olar,
Tabutum da!..
İKİ
SƏRHƏD ARASINDA
Zəngilan qaçqınları Araz çayını keçərkən
dünyaya bir körpə gəlib. Bu körpənin
adını Araz qoyublar...
Araz balam,
Haqsızlığa göz açdın,
Nə yazıydı
bu yazıldı alnına?
Araz çayı dərdə yeni iz açdı,
Düşdü sənin tərcümeyi-halına...
Sayımızı azalmağa qoymadın,
Gəlib çıxdın dar macalda, çətində.
Söylə, yoxsa belə gündə qıymadın,
Yük olasan
Sən ananın bətnində?..
Qaçqınlığın harayına bələndin,
Qismətinə düşdü sənin bu ad da.
İlk beşiyin-
Araz çayı yelləndi,
İlk laylanı
sular çaldı həyatda.
Gəlişinlə qırdın neçə
tilsimi,
Düşmənlərin sinəsinə dağ oldun.
Bu millətin taleyinə görk kimi,
İki sərhəd arasında doğuldun!..
Düşmənlərin sinəsinə dağ oldun!..
BİR
PAYIZ YAĞIŞI
On altı yaşımda...
Yerimdən məni
Bir payız
yağışı oynatdı
keçdi.
Gözümdən əritdi dumanı,
çəni,
Nağıllı dünyamdan oyatdı keçdi.
Dinclikdən necə də əl götürdüm, əl, -
Sığışa bilmədim mən öz qınıma.
O qızın...o qızın
eşqilə birgə,
O payız yağışı
hopdu canıma.
Sonralar nə qədər yağış yağsa da,
Yerini vermədi
həmin yağışın.
Qarşıma gözəllər dəst-dəst
çıxsa da,
Heç
odu sönmədi o ilk
baxışın...
O payız yağışı
yadımdan çıxmır,
İndi də ömrümdə görünür yeri.
O payız yağışı
heç nəyə baxmır,
Yağır yaddaşıma illərdən
bəri...
Ələsgər Əlioğlu
525-ci
qəzet.- 2017.- 1 aprel.- S.23.