“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
18 mart sayımızda)
Bəhram
bəy Axundov - (Bitərəf) Möhtərəm məbuslar! Qabaqkı natiqlərin dediklərini eşitdiniz, ələlxüsus
Əhməd bəy Pepinovun.
Bən də bunların dediklərinə şərik
olmaqla bərabər, Könüllü Ordu həqqində bir
neçə söz demək istərdim. Denikin ətrafına
toplananlar kimlərdir? Lyaxov kimdir?
Lyaxov haman adamdır ki, neçə il
bundan əvvəl İran inqilabı əleyhinə qalxıb
İran demokratiyasını əzdi. Böyük
alimlərdən müctəhid Məlikül Mütəkəllimini
asdırdı. İmdi Lyaxov və onun kibi
generallar Denikin ətrafına
yığılmışlardır. Həmin
Lyaxov əvvəl fikrində tutub ki, Badkubəyə gəlib
bizim demokratiya və hürriyyətpərvər üləmamızı
da parçalasın. Ona görə bitərəflər
namindən keçən natiqlərin dediklərini müdafiə
edərək təklif ediyoram ki, bizə yaxın olan
Dağıstan hökumətinə axır qanımıza qədər
kömək edib canımızı da onlara fəda edək.
(Alqış).
Yusif
Əhmədov - (Tacirlər nümayəndəsi) Möhtərəm
məbuslar! Bəncə böylə məsələlər
ki, indi eşitdiniz, həmişə inqilabdan sonra olar. İnqilab öylə bir şeydir ki, ondan sonra
böylə çıxışlar təbiidir. Bir məmləkətdə
ki, inqilab oldu, orada yaşayan cəmi cəmaət bir rəydə
ola bilməz. Ən şədidləri
olduğu kibi, rəhmlisi də olar. Bunun
bir çarəsi var. Olmasın Denikin, Lyaxov olsun, İvanov və
qeyrə. O qara qüvvələr Bakıda, Gəncədə,
Şamaxıda, hər yerdə, hətta Avropada da var. Lakin
avropalılar dəqiqdirlər. Hər bir qorxuyu
vüquindən qabaq bilib çarəsini edərlər. Üç gün əvvəlki hadisə buna bir dəlildir.
Onlar öz başlarına getmədilər.
Qara qüvvə var. Şimdi düşünməlidir, nə
yapmaq ki, bu iş qorxusuz, qan tökməksizin bərtərəf
olsun. Nə təhər etmək ki, qan
tökülmədən işlər yaxşılaşsın?
Necə ki, müttəfiqlər hal-hazırda cəmi
Avropaya hakimdirlər və həqləri də varmış
görünür ki, bu qüvvə ittihaddan hasil olmuşdur.
Deməli, müttəfiq qüvvə
lazımdır. Öylə ittifaq
qarşısında əmin olunuz ki, qara qüvvə bərtərəf
olar. Bu saat bu qara bəlanın rəfi üçün
bütün Qafqasiya millətləri bilafərq: erməni,
gürcü, azəri türklər və sairləri
lazımdır ittifaq etsinlər. Əqidəm
budur ki, nə qədər Qafqasiyadakı cümhuriyyətlər
bir olmasalar, nifaqları olsa bu qara qüvvələrin təcavüzü
olacaqdır. Əvvəl evin içini
düzəltmək lazımdır. Əgər
bu olmasa qara qüvvələr daha da güclənib gələcəklərdir.
Denikin qorxulu degildir. Hətta bir məmləkət
üçün beş məmləkət
də qorxulu olmaz, əgər o məmləkət içində
birlik ola. Yeganə bir çarə varsa, o da
ittifaqdır.
Doğrudan da o bəlalar nə səbəbdəndir? Bizim
biri-birimizlə anlaşa bilmədigimizdən. Bu mülahizələr ilə dörd müstəqil
hökumət yaklaşsın hərgah Denikin bu dörd
hökumətin birləşdigini görsə, cürət
edib gəlməzdir ki, şimdi onlara güc çatmaz, getmək
nahaqdır. Hal-hazırda bizim özümüzdə hakim
bir millət var. Onlar ilə bir yerdə iş görməliyiz.
Necə ki, şimdiyə qədər müraciət
ediyorduq. Şimdi də deməliyiz ki, bu vəqtədək
nə olmuşsa bizim səhvimizdən idi, bundan sonra hər nə
olsa sizin öhdənizədir. O Şimali Qafqasiya cəmaəti
ki, Denikin qüvvəsini öz toprağına buraxıb,
öylə güman ediblər ki, qabaqca onlara verilən söz
doğrudur. Onlar Şimali Qafqasiyaya müraciət
etdikdə qüvvələri yox idi. Varsa da az və əhəmiyyətsiz idi. Fəqət böylə intriqalar, vədlər ilə
Dağıstanda özünə bir qədər qüvvə tədarük
etdi. İmdi Dağıstan hökumətini
tanımamağa, onların hüququnu qəsbə
çalışıyorlar. Bən təklif
edərdim müttəfiqlərə denilsin ki, parlamanı olan
məmləkətlərdə böylə xətti-hərəkət
yürütmək olmaz. Sizlər
razısınızmı ki, millətlər biri-birilə
vuruşsunlar, siz ki haman qüvvəyə
kömək ediyorsunuz, o qüvvənin millətlərə əziyyət
etməsinə və onları qırmasına tərəfdarsınızmı?
Hərgah böylə yolsuzluqlar ədəb dairəsində
bərtərəf edilməsə gərək hər millət
özü-özünü saxlasın. Bənim
birinci təklifim budur ki, Qafqasiya cümhuriyyətləri birləşsinlər,
ikinci təklifim budur ki, müttəfiqlərə məlum
edilsin ki, Şimali Qafqasiya Cümhuriyyətinə edilən
hücumun qabağını saxlasınlar. Hərgah saxlamasa biz özümüz
istiqlalımızın bəqası üçün o
hücumun qabağını saxlamaq qəsdilə Şimali
Qafqasiya Cümhuriyyətinə kömək edəcəgiz.
(Alqış).
Aslan bəy
Qardaşov - (Əhrar) Bir vilayətə ki xaricdən qorxu ola, zənn edirəm heç bir firqə olmaz
ki, mübarizədən boyun qaçırsın. Bəndən qabaqkı natiqlər məsələyi
ətraflıca söylədiklərindən bu barədə
çox danışmağı lazım bilmiyorum. Natiqlərin sözlərinə və görülən
tədbirlərə iştirakla bərabər onu da deyirəm
ki, Zaqafqasiya hökumətlərinin birligi əmələ gəlməsə,
mübarizə işi çətin olacaqdır. Ona görə ümidvarız ki, hökumət tərəfindən
bu barədə lazımi tədbirlər görüləcəkdir.
(Alqış).
Malxazov - (Erməni fraksiyası) Rus dilində bir nitq
söyləyir.
Soltan Məcid
Qənizadə - (İttihad) Rəisi-Vükəla həzrətlərinin
oxuduğu məktubdan hamı firqələr razı qalıb səmim
qəlb ilə iştirak ediyorlar. Parlaman dəxi
cəmaət nümayəndələrindən ibarət olub
hamının fikrini təmsil etdigindən demək bütün
millət dağıstanlı qardaşlarımıza kömək
etmək istiyor. Çünki onlara vurulan zərbə
bizim cigərimizə və ürəgimizə dəyən
kibidir. Onlar ayrı, biz ayrı degiliz.
Xudanəkərdə Dağıstana bir qəza
olarsa bizə olmuş kibidir. Bir az
fasilədə onların başına gələn bizim
başımıza da gələ bilər. Bu Azərbaycan
bayrağının bir ucu Dağıstan hökumətinin
çiynindədir. O yıxılarsa, bizim
bayrağımız da yıxılar. Bən deyərəm
ki, bu məsələ barəsində parlamanda çox
danışmaq lazım degildir. Tezlik ilə iş
görmək, Əhməd Cövdət mərdanəlik ilə
dedi ki, əgər müttəfiqlər doğrudan da asayiş
üçün gəlmişlər, qüvvətlərini
götürüb Dağıstanı xilas etsinlər. Çünki biz onlara özümüzə yaxın
kibi baxırız. Əgər
Dağıstan fövt olsa, biz də olarız. Bən deyərdim hökumət bir layihə düzəltsin
ki, lazım olduğu zaman Denikin və Könüllü Ordu ilə
mübarizə üçün hamımız silahlanıb
dağı aşaq və dağıstanlı
qardaşlarımızın harayına çataq. (Ümumi alqış).
Sədr - Müsavat tərəfindən bir təklif varid
olmuşdur.
Katib (oxuyur) Azərbaycan Məclisi-Məbusanı qara
irtica qüvvəsinin qardaş Şimali Qafqasiya Cümhuriyyətinn
hüququna təcavüzünü şiddətlə protesto
edərək bu hüququn müdafiəsi yolunda hökumətin
görəcəgi hər növ qəti tədbir və qərarlarını
təsvib edər.
Təklif mütəhədül-ara qəbul olunur.
“Azərbaycan”,
12 mart 1919, ¹ 135
Müin -
köməkçi
Azərbaycan
Məclisi-Məbusanında 17-ci iclas. 17 mart
Sədr -
Həsən bəy Ağayev
Katib -
Əhməd Cövdət
Sədr - Parlamanın iclası açılır. Bugünki yövmiyyəyi-müzakiratımız
Divani-Rəyasət tərəfindən bu qərar üzrə
tərtib verilmişdir:
1) Daxil
olmuş vərəqə və kağızlar. O cümlədən
təşriyyə komisyonu intixabı, Gürcüstan və
Ermənistan ilə post-teleqraf münasibəti həqqindəki
qanun layihəsi;
2)
Hökumət təşkili barəsində;
3) Məclisi-Məbusan
nizamnaməsinin üçünci qiraəti;
4)
Hökumət məmurlarına bayram münasibətilə
fevral maaşının 75 faiz miqdarında birdəfəlik
müavinəti-nəqdiyyə verilməsi layihəsi;
5) Şəki
şəhərinə səpmə yatalaq ilə mübarizə
etmək üçün 2 yüz min manat faizsiz istiqraz verilməsi
layihəsi;
6) Zabit
namizədlərinin maaşlarını müəyyən etmək
üçün layihəyi-qanuniyyə;
7)
Etibarnamə komisyonunun məruzəsi;
8) Yollar və
qara yollar və onların təmirat və inşasının
təriq və məabir nəzarəti ixtiyarına verilməsi
xüsusunda layihəyi-qanuniyyə.
9) Məclisi-Müəssisan
intixabı qanunnaməsinin təbi üçün 20 min rublə
verilməsi;
10)
1918-1919 sənələri üçün vilayət və
dairələr vergisi məhkəmələrinə intixab qəvaidi
xüsusunda layihəyi-qanuniyyə;
11)
Gömrük idarəsinin mücəddədən təşkili
xüsusunda layihəyi-qanuniyyə;
12) Azərbaycan
vilayət sənaye vergisi məhkəməsinin təşkili
həqqində qanun layihəsi;
13) Vergilər
xüsusundakı şikayətlərə baxmaq
üçün maliyyə naziri əndindəki şuranın
ali bir məhəll olması həqqində
qanun layihəsi;
14) Post və
teleqraf qanunnaməsinin 131 və digər maddələrinin ləğvi
xüsusunda layihəyi-qanuniyyə və qeyri-cari məsələlər.
Hərgah yövmiyyəyi-müzakiratın bu cür tərtib
olunmasına etiraz yoxsa qəbul olunur.
Son zamanlar görürsünüz ki, layihələr
gün-gündən artır, bu layihələr parlamanda qəbul
edildikdən sonra surətə salmaq üçün bir təşriyyə
komisyonu lazımdır. Rica edirəm iclasın axırında həmin
komisyona namizədlər göstərəsiniz. Söz Əhməd Cövdət əfəndinindir.
Əhməd Cövdət - Ruznameyi-müzakiratın tərtibatı
xüsusunda deyərdim ki, fraksiyamız tərəfindən
maliyyə işləri xüsusunda hökumətə
verilmiş sualda yövmiyyəyi müzakirata daxil edilsin.
Sədr - Bu sual yarım saat bundan əvvəl bənə
verilibdir. Hərgah nizamnamə üzrə getsək, bu sual
ruznameyi-müzakiratın axırına salınıb axırda
müzakirə olunmalıdır. Hərçənd
nizamnamə hələ qəbul olunmayıbdır. Lakin izin versəniz, daxil olmuş məktublar, vərəqlər
cümləsinə salarıq.
Səslər - Sualdır?
Sədr - Sualdır, bu barədə danışmaq istəyən varsa buyursun, sual maliyyə işləri barəsindədir, hərçənd nizamnamə qəbul olunmayıbdır. Amma iki dəfə oxunubdur. Hər halda bu sualı axırda elan edəcəyəm.
Keçən iclasların birində mənə tapşırılmışdır ki, bir şəxs tapıb hökumət təşkilini ona həvalə edim, imdi o adam tapılıbdır. Yusif bəy Nəsibbəyovdur. Hökumət təşkili ona həvalə olunmuş o da bu barədə lazımi təşəbbüsatda bulunur. Keçəlim növbədəki məsələyə bir də onu ərz edim ki, yeni əzalardan Cəlil bəy Sultanov Zəngəzur tərəfindən Məclisi-Məbusana gəlmişdir. Bən bilmək istərdim ki, hansı fraksiyona mənsubsunuz.
Sultanov - Gələn iclasda elan edərəm.
Sədr - Divani-Rəyasətdən bixəbər sizi fraksiyalardan birinə yazıblar. Deməli gələn iclasda hansı fraksiyaya mənsub olduğunuzu məlum edəcəksiniz. Keçəlim növbədəki məsələyə. Məclisi-Məbusanın Nizamnaməsi.
Söz məruzəçi Qara bəy Qarabəyova verilir.
Qarabəyov - Nizamnamə üçüncü dəfə oxunmalıdır. İki dəfə oxunmuşdur. Hərgah parlaman razı olursa, üçüncü dəfəsini oxumayalım. Çünki Nizamnamə əvvəlcə hamı fraksiyalara paylanmışdır. Hamı Nizamnamədən xəbərdardır. Özü də uzundur. Hərgah parlaman razı olarsa bir daha oxumayalım. Böyləcə qəbul edəlim. Onsuz da başqa məsələlər çoxdur. Komissiya böylə təklif edir.
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 1 aprel.- S.21.