Estoniyada ədəbiyyatımızın zərif
və əzəmətli səsi...
Azərbaycan xalqının zəngin etnokulturoloji dəyərləri
tarixin bütün mərhələlərində müxtəlif
dünya xalqlarının maraq mərkəzində olmuşdur.
Bir çox xalqların Azərbaycan mədəni sərvətlərinə
yaxından maraq göstərib dərin hörmətlə
yanaşması onları xalqımıza mənən daha da
yaxınlaşdırmışdır. O xalqların ziyalı təmsilçiləri
bənzərsiz Azərbaycan dəyərlərini öz vətənlərində
tanıtmaq naminə xalqlarımız arasında müxtəlif
dövrlərdə anlaşma və etimad körpüləri
missiyasını daşıyıblar.
Eston və Azərbaycan xalqları arasında belə mədəni
əlaqələri yaradıb-yaşadan parlaq şəxsiyyətlər
arasında ədəbiyyatımızın böyük dostu və
təbliğçisi, tanınmış eston şairi Li
Seppelin (1943) adı xüsusi yer tutur. O, yarım əsrdən çoxdur
ki, eston və Azərbaycan ədəbiyyatları arasında mədəni
körpü rolunu oynayır, eləcə də
xalqlarımızın ədəbi-mədəni əlaqələri
tarixinə neçə-neçə qiymətli səhifələr
yazaraq belə önəmli yaradıcı fəaliyyətini
indiyədək davam etdirir.
Li Seppeli
xalqımıza sayğılarla yanaşan, ədəbiyyatımızı
və ümimiyyətlə türk xalqlarının bədii
söz sərvətini ürəkdən sevib tərcümə
edən istedadlı bir sənətkar olaraq Azərbaycanda
tanıyanlar az deyil. Bununla
belə, Estoniya torpağında uzun illər türk
xalqlarının ədəbiyyatını geniş miqyasda
tanıtdırıb sevdirən bu gözəl şairi və tərcüməçini
aşağıda qeyd olunan rasional bir faktora görə əhatəli
təqdim etməyi özümə mənəvi borc
sayıram.
QORQUD
ATANIN RƏVAC VERDİYİ MƏNƏVİ YAXINLIQ
Etiraf etmək istərdim ki, məndə Li Seppel
haqqında yazmaq həvəsini “Kitabi-Dədə Qorqud” eposunun
2008-ci ildə Tallində estonca çap edilmiş nəşri
oyatdı. Belə
ki, bir zaman bundan öncə bu nəşrlə bağlı ədəbi
tədqiqatlar apararkən, ilk baxımdan dastanın eston dilinə
tərcüməsi ilə bilavasitə əlaqəsi olmayan,
amma zənnimcə,dolayısı ilə
kifayət qədər mühüm əhəmiyyət
daşıyan pərdəarxası bir məqamla üzləşdim.
Həmin məqam Li Seppelin dastanın eston dilinə tərcüməçiləri
Anneli Pekkonen (1973) və Vidadi Məmmədova (1959)verdiyi qiymətli
məsləhətlər, ötürdüyü peşə
bilgiləri və ümumən tərcümə zamanı
onlara etdiyi edukoloji himayəçiliklə bağlıdır.
Və heç də təsadüfü deyil ki,
bunun hamısı onun çoxillik və zəngin tərcüməçilik
təcrübəsindən qaynaqlanırdı.
Qeyd edək
ki, istedadlı mütərcimlər A.Pekkonen və V.Məmmədov
indiyədək Estoniya mediasına verdiyi bəzi müsahibələrində
və həmçinin məqalələrində Li Seppelin
onlara türk xalqlarının dillərindən tərcümə
sahəsində verdiyi yaradıcılıq məsləhətləri
və göstərdiyi akademik yardımın əhəmiyyəti
barədə bir neçə dəfə açıqlamalar
verərək öz minnətdarlığını bildiriblər.
Tanınmış
eston ictimai-siyasi xadimi və yazarı Andres Herkel (1962) isə
“Kitabi-Dədə Qorqud”un estonca nəşrinə
yazılmış ön sözün müəllifi olaraq, onda
Azərbaycan ədəbiyyatına dərin maraq oyadanlardan
birinin məhz Li Seppel olduğunu yazılarında dəfələrlə
vurğulamışdır...
TARTUDAN
BAKIYA UZANAN ƏDƏBİ MERİDİANLAR...
Li Seppel 30 aprel 1943-cü ildə Estoniyanın qərbində
- Baltik dənizinin sahilində yerləşən qədim
Haapsalu kurort şəhərində dünyaya gəlib. 1967-ci ildə
Tartu Dövlət Universitetinin Eston filologiyası fakültəsini
bitirib. Tanınmış eston dilçi alimi, poliqlot və
şərqşünas tədqiqatçı Pent Nurmekundun
(1936-1996) tələbəsi
olub. Fakültənin son kurslarında oxuyan zaman
- 1965-1967-cı illərdə Azərbaycan və digər
türk dillərini öyrənmək məqsədilə
Bakı və Moskva dövlət universitetlərinin Filologiya və
Şərqşünaslıq bölmələrində təcrübə
keçib.
Li Seppel Bakıda təhsil aldığı illərdə
Azərbaycan dilini öyrənməklə yanaşı, həm
universitet tələbələri, həm də ədəbi-mədəni
ictimaiyyət arasında özünə bir çox dostlar
qazanıb. Elə o zamandan Li Seppeldə ədəbi dəyərlərimizə
böyük rəğbət və məhəbbət hissləri
baş qaldırıb, Azərbaycan ədəbiyyatından ən
yaxşı nümunələri eston dilinə tərcümə
etmək istəyi yaranıb. O, 1971-ci ildə Tallində
Azərbaycan mətbuatına verdiyi müsahibəsində bu
barədə iftixar hissi ilə belə danışır:
“Mən sizin dilinizi öyrənməklə böyük
bir xalqın mədəniyyət xəzinəsinin
açarını əldə etmişəm. Nəinki təkcə sizin,
eləcə də digər türkdilli xalqların...”
Azərbaycan dövrü, sözün əsl mənasında
Li Seppelin yaradıcılığından qırmızı xətt
kimi keçir.
O, uzun illər Azərbaycan yazıçıları ilə
yaradıcılıq əlaqələri saxlamış, ədəbiyyatımızdan
eston dilinə çoxsaylı tərcümələr edərək
Estoniyada ədəbiyyatımızın tanıdılması
sahəsində bir sıra vacib işlər
görmüşdür.
Li Seppelin Azərbaycan ədəbiyyatından etdiyi ilk tərcümələr
nəsr nümunələrindən ibarətdir. Maraqlıdır
ki, həmin tərcümələr içərisində xalq
yazıçısı İlyas Əfəndiyevin 1970-ci ildə
Tallində çap edilmiş “Söyüdlü arx” (estonca -
“Pajuarökk”) povesti Estoniya - Azərbaycan ədəbi əlaqələri
salnaməsində orijinalın dilindən edilmiş ilk
böyük həcmli tərcümə olaraq tarixə
düşmüşdür.
Li Seppel
digər Azərbaycan yazıçılarının nəsr əsərlərini
- Anarın, Firuz Sadıqzadənin və başqa nasirlərin
hekayələrinidə tərcümə edib eston
oxucularına çatdırmışdır.Onun tərcüməsində
1975-ci ildə nəsr ustası Anarın “Dantenin yubileyi” (“Dante
juubel”) povesti, 1989-cu ildə isə “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” (“Viiekorruselise maja kuues
korrus”)romanı eston dilində nəşr edilmişdir.
Eston
oxucuları Li Seppelin tərcümələri sayəsində
həmçinin Azərbaycan poeziyası ilə tanış
olmaq imkanı əldə etmişlər. Onun müasir Azərbaycan
poeziyasından etdiyi tərcümələr içərisində
Fikrət Qoca, Fikrət Sadıq, Əlisa Nicat, İsa
İsmayılzadə, Arif Abdulla, Ələkbər Salahzadə,
Səyavuş Məmmədzadə, Hamlet İsaxanlı və
digər müəlliflərin şerləri vardır.
Bir fikri xüsusi diqqətə çəkmək istərdim
ki, Li Seppel Azərbaycan ədəbiyyatının iki klassik təmsilçisi
- Səməd Vurğun və Rəsul Rzanın
yaradıcılığına həmişə böyük rəğbətlə
yanaşıb.
Həm də qeyd edək ki, hər iki sənətkarın
əsərlərini eston dilinə ilk dəfə orijinaldan məhz
Li Seppel tərcümə edib.
Bu tərcümələrlə
bağlı göstərmək istərdik ki, S.Vurğunun məşhur
“Azərbaycan” şeiri Li Seppelin tərcüməsində
1970-ci ildə eston poeziya həvəskarlarına təkrarən
təqdim olunub (bu şeirin tərcüməsi ilə əlaqədar
qeyd etmək istərdik ki, ədəbiyyatşünas alim,
Tartu Universitetinin professoru Serqey İsakovun (1931-2013)
yazdığına görə, əsər estonca ilk dəfə
1950-ci ildə naməlum müəllifin tərcüməsində
dərc olunub, ikinci dəfə isə 1963-cü ildə
şair-tərcüməçi Erix Kumar tərəfindən
eston dilinə çevrilib).
Li Seppel həmçinin S.Vurğuna “Gözəllik
ağaclarının kökləri vardır səndə”
(“Sinus kinni on ilupuu juur”) adlı esse həsr edib. 1972-ci ildə Estoniyanın
“Noorus” (“Gənclik”)jurnalının 8-ci
sayında çap olunmuş bu gözəl essedə o,
S.Vurğunun şair və vətəndaş obrazını
yaddaqalan çalarlarla canlandırmaq üçün müxtəlif
bədii təsvir və ifadə vasitələri ilə
yanaşı, öz tərcüməsində “Azərbaycan”
şeirinin bəndlərindən də istifadə edib.
RƏSUL
RZA POEZİYASININ BƏDİİ
TÜKƏNMƏZLİYİ İLƏ ÜZ-ÜZƏ
Xalq şairi Rəsul Rzanın şeirləri eston dilinə
ötən əsrin 50-ci illərin əvvəlindən tərcümə
olunmağa başlanıb və ilk dəfə Estoniya SSR
Yazıçılar İttifaqının “Looming”
(“Yaradıcılıq”) jurnalında dərc edilib. Lakin qeyd
etdiyimiz kimi, onun poeziyasından estoncaya Azərbaycan dilindən
ilk dəfə birbaşa edilmiş tərcümələr məhz
Li Seppelin adı ilə bağlıdır. R.Rza poeziyasından götürülmüş həmin
seçmələr 1971-ci ildə şairin Tallində “Eesti
Raamat” (“Estoniya kitabı”) nəşriyyatı tərəfindən
buraxılmış “Tükənməzlik” (“Ammendamatus”)
adlı kitabında toplanmışdır. Kitaba
R.Rzanın 45 seçilmiş şeiri, o cümlədən məşhur
“Rənglər” silsiləsi daxil edilmişdir.
Bu poeziya
toplusu eston oxucuları tərəfindən böyük rəğbətlə
qarşılanmış və Li Seppel kitabın uğurlu tərcüməsinə
görə 1972-ci ildə Estoniya SSR-in Yuxan Smuul adına
ədəbiyyat mükafatına layiq
görülmüşdür. Buna əlavə
olaraq qeyd edək ki, o zaman”Tükənməzlik” şeirlər
toplusunun nəşri Estoniyada həqiqətən sanballı və
yaddaqalan bir ədəbi hadisəyə çevrilmişdi.
Tanınmış eston şairi və rəssamı Aleksander
Suuman (1927-2003) onda belə yazırdı:
“Bizim şair Li Seppel böyük şair Rəsul
Rzanın ecazkar şeirlərini eston dilinə çox gözəl
çevirmişdir. Estoniya SSR-in Dövlət mükafatına
layiq görülmüş həmin tərcümələr
bizim respublikanın oxucularına R.Rza
yaradıcılığının dərin qatları ilə
tanış olmaq və bununla da şairin Vətənini,
xalqını yaxından tanımaq imkanı
yaratmışdır”.
Yeri gəlmişkən qeyd edək ki, görkəmli
eston bəstəkarı Eugen Kapp (1908-1996) Rəsul Rzanın
lirik şeirləri əsasında vokal silsilə bəstələmişdir. Mezzo-soprano səs
tembrli ifaçılar üçün nəzərdə
tutulmuş həmin silsilə “Ağlar söyüdün
yarpaqları” adlı romansla başlayır. E.Kapp R.Rza
poeziyasının fəlsəfi dərinliyinə və
şeirlərinin bənzərsiz lirik çalarlarının
incəliyinə valeh olduğunu belə sözlərlə
vurğulamışdır:
“Bu gözəl şairin lirikası əsrarəngsiz
cazibə qüvvəsi ilə insan qəlbini özünə əsir
edir və mən bu lirikanı musiqi ilə ifa etməyə
çalışmışam”.
Li Seppelin
özü isə “Tükənməzlik” toplusunun işıq
üzü görməsindən sonra R.Rzanın poetik
yaradıcılığında yer almış sərbəst
şeirlərin deyim tərzi və özünəməxsus
intonasiya çalarları barədə bu cür
yazmışdır:
“Estonlar qonşu latışların ədəbi korifeyi
- şair Yanis Raynisi (1865-1929) hələ axıradək
öyrənməyiblər. Amma biz artıq (...)
türk şairi Fazil Hüsnü Dağlarcanın
yaradıcılığı ilə tanışıq. Eləcə də katalon şairi Salvador Espriunun
(1913-1985) şeirləri və Rəsul Rzanın “Rənglər”i
ilə. Türk xalqlarının poeziyasında
verlibr - sərbəst şeir formasına gəlincə
yalnız üç adı çəkməklə kifayətlənəcəyəm
- Nazim Hikmət, Dağlarca və Rəsul Rza. Bunların üçü də gözəl sərbəst
şeir yaradıcılarıdır.Lakin kimsə, nəyə
görəsə, hələ də təsdiq etməyə
çalışır ki, sərbəst şeir sistemi türk
dilləri üçün guya qəbul edilməzdir. Düzdür, digərləri ilə müqayisədə
Azərbaycanda belə fikir söyləyənlər azdır.
Ancaq özgə yerlərdə, məsələn,
Türkmənistanda, Qazaxıstanda və başqa ölkələrdə
bu məsələ ətrafında danışıqlar hələ
davam etməkdədir”.
Hələ
tələbəlik illərindən Rəsul Rzanın novator
poeziyasına və onun parlaq sənətkar şəxsiyyətinə
böyük hörmət bəsləyən Li Seppel sonralar həmin
hisslərini SSRİ Yazıçılar İttifaqının
“Literaturnaya qazeta” həftəliyinin 25 iyul 1979-cu il tarixli
sayında çap olunmuş “Mən sizin bağda gəzirəm”
başlıqlı açıq məktubunda çox səmimi
və yüksək bədii səviyyədə belə ifadə
etmişdir:
“Salam, Rəsul müəllim!
Bu əhvalat
on dörd il əvvəl Bakıda, bahar
yağışları dönəmində olub.Mən artıq
bir il idi ki, Azərbaycan Dövlət Universitetində türk
dili sahəsində biliyimi təkmilləşdirir və səylə
Azərbaycan dilini öyrənirdim. O vaxt gənc tələbə
şair dostlarım mənə öz müəllimləri -
Sizin haqqınızda sayğı və həyəcanla
danışırdılar. Onlar bilirdilər ki,
poeziyanızı eston dilinə tərcümə etmək barədə
ciddi düşünürəm və bir gün xəbər
verdilər ki, bizi bağa qonaq dəvət etmisiniz. O
zaman mənə elə gəlirdi ki, artıq Şərq adətlərinə
bələdəm və buna görə də
düşünürdüm ki, böyük vəcdlə mədh
edilməyə layiq, şan-şöhrət
qartallarının müşayiət etdiyi bir şəxslə
görüşə gedirəm.
Sən demə, heç bir qartal-filan yox imiş. Bunun əvəzinə
isə dostluq duyğuları, təmənnasız məhəbbət
və Şərq qonaqpərvərliyi ilə
qarşılandım. Həm də diqqət,
təvazökarlıq, Avropa erudisiyası və bəşəri
hikmətlə üzləşdim”.
Rəsul Rza Li Seppelin məktubuna böyük
sayğı ilə cavab yazaraq, ona eston-Azərbaycan ədəbi
əlaqələrinin genişləndirilməsi sahəsində
gördüyü işlərə görə dərin minnətdarlığını
bildirmişdi.
Xalq şairimizin həmin məktubu “Literaturnaya qazeta”nın 30 yanvar 1980-ci il tarixli sayında dərc
edilmişdir.
Sonda belə
bir qənaəti açıqlamaq istərdik ki, Rəsul
Rzanın “Tükənməzlik” poeziya toplusunun, o cümlədən
“Rənglər” silsiləsinin estonca nəşri birbaşa Azərbaycan
dilindən edilmiş parlaq tərcümə nümunəsi
olmaqla bərabər, həm də Li Seppelin indiyədək tərcümə
yaradıcılığında nail olduğu ən
böyük nailiyyətlərdən biridir.
TÜRK
XALQLARININ MƏDƏNİYYƏT ELÇİSİ
Li Seppel Azərbaycan ədəbiyyatı ilə
yanaşı, həmçinin digər türk xalqları dillərindən
- türk, özbək, qazax, türkmən, tatar və başqırd
ədəbiyyatından estoncaya bir sıra tərcümələr
edib. O, həmin
tərcümələrin bir qismini öz həyat
yoldaşı - tanınmış eston şairi və gözəl
tərcüməçi Andres Ehin(1940-2011)
ilə birgə ərsəyə gətirib. O tərcümələrin
sayca böyük hissəsi Türkiyə ədəbiyyatının
payına düşür. Belə ki, Li Seppel
30-a yaxın türk yazarının poeziya və nəsr əsərlərinin
estoncaya edilmiş tərcümələrin müəllifidir.
O, uzun onilliklərdir ki, bu sahədə diqqətçəkən
uğurlu işlərə imza ataraq mütəmadi olaraq
çalışır. Həmin işlərdən bəzilərinə
hətta biblioqrafik və statistik kəsimdə belə
gözucu nəzər salsaq, buna əmin olmaq
mümkündür:
1965-ci ildə
türk şairi, yazıçı və dramaturq Nazim Hikmətin
(1902-1963) seçilmiş şeirlərini ehtiva edən”Bir
qırmızı alma”(“See punane
öun”)adlı kitab, 1968-ci ildə yazıçı, publisist
və dramaturq Əziz Nesinin (1915-1995) seçilmiş
felyetonları (“Hull pöses lahti”. Valik följetone), 1969-cu ildə
şair Fazıl Hüsnü Dağlarcanın(1914-2008)
şeirlərindən ibarət “Dörd qanadlı quş”
(“Nelja tiivaga lind”) adlı nəşr, 1986-cı ildə
türk ədəbiyyatı tarixinin ən böyük filosof
şairlərindən olan Yunus Emrənin(1238-1321)
“Başlanğıc və axır mənəm” (“Olen algus ja
löpp”)adlı poeziya toplusu, 1995-ci ildə kürd kökənli
türk yazıçısı Yaşar Kemalın (1923-2015)
“İlanı öldürsələr” (“Madu maha tappa!”)
romanı Li Seppelin tərcüməsində Tallində estonca
işıq üzü görmüşdür.
Siyahını davam etdirib qeyd edək ki, 1997-ci ildə
Tallində L.Seppel və A.Ehin tərəfindən tərcümə
edilmiş “XX əsr türk poeziyası” (“XX sajandi türgi
luulet. Isahirve
öö”)antologiyası nəşr olundu.Estoniyanın populyar
və oxunaqlı
“Yaradıcılıq kitabxanası” (“Loomingu
Raamatukogu”)seriyasından buraxılmış bu antologiyaya
tanınmış 12 türk müəllifinin - Ahmet Haşim
(1884-1933), Nazim Hikmət, Ercüment Behzat (1903-1984), Ahmet Necip
Fazıl Kısakürek (1904-1983), Cahit Sıtkı Tarancı
(1910-1956), Fazıl Hüsnü Dağlarca, Orhan Veli Kanık
(1914-1950),Oktay Rifat (1914-1988), Melih Cevdet Anday (1915-2002), Cahit
Külebi (1917-1997), Ahmed Arif (1927-1991) və Turgut Uyarın
(1927-1985) ən yaxşı şeirləri daxil edilmişdir.
2010-cu ildə
L.Seppelin və A.Ehinin tərcüməsində daha bir antoloji
kitab - “XX əsrin II yarısı türk poeziyasından
seçmələr”(“Lind tulemöe kohal”.
Valik XX sajandi teise poole türgi luulet) toplusu eston poeziya biliciləri və
həvəskarlarının ixtiyarına verildi. Bu topluda isə
şair və yazarlardan Cevat Çapanın (1933), Özdemir
İncenin (1936), Cemal Süreyanın (1931-1990), Gülten
Akın Cankoçakın (1933-2015), Bejan Maturun (1968) və digər
türk müəlliflərinin
yaradıcılığından götürülmüş
seçmə şeirlər yer almışdır.
Türkiyə
ədəbiyyatından edilmiş tərcümələr
siyahısını bir az da uzadaraq qeyd edək ki, məşhur
türk yazıçısı, ədəbiyyat üzrə
Nobel mükafatı laureatı Orxan Pamukun (1952) “Qar” (“Lumi”)
romanı Li Seppelin tərcüməsində 2007-ci ildə Tallində
“Pegasus” nəşriyyatı tərəfindən estonca nəşr
olunub və tərcüməçi bu əsərin türk
dilindən edilmiş uğurlu tərcüməsinə görə
həmin ildə “Estoniya Dövlət Mədəniyyət
Fondu”nun (estonca - Eesti Kultuurkapital) mükafatını
qazanıb.
2013-cü
ildə Orxan Pamukun daha bir əsəri - “Mənim adım
qırmızı” (“Minu nimi on Punane”)adlı
romanı Li Seppelin tərcüməsində eston oxucularına
təqdim olunub.
Göstərilənlərlə
yanaşı, Li Seppel 1974-cü ildə istedadlı türkmən
şairi Gurbannazar Ezizovun (1940-1975)”Bəyaz süd kimi bahar
sabahı” (“Kevadhommiku valge piim”)başlıqlışeirlər
kitabını, 1979-cu ildə rusdilli türkmən
yazıçısı Rahim Essenovun (1927) “Turanın göz
yaşları” (“Turaani pisarad”)adlı romanını (Anatoliy
Şalaşovla ortaq yazılıb), 1986-cı ildə Qazax
akını, xalq yazıçısı və ictimai xadim
Fariza Onğarsınovanın (1939-2014) poeziya
toplusunu(“Lösalaulud”) eston dilinə çevirib nəşr
etdirmiş və bununla da eston ədəbiyyatının
türk dillərindən edilmiş tərcümələr xəzinəsini
xeyli dərəcədə zənginləşdirmişdir.
Li Seppel
dili türk xalqlarının bulqar qrupu dillərinə aid olan
başqırd (başqurd)ədəbiyyatından
da tərcümələr etmişdir. Belə ki, L.Seppelin və
A.Ehinin tərcüməsində başqırd xalq qəhrəmanı
və el şairi Salavat Yulayevin (1754-1800)şeirləri
Estoniya başqırdlarının “Agidel”mədəniyyət cəmiyyətinin
təşəbbüsü ilə 2014-cü ildə Tallində
nəşr olunmuş kitabda yer almışdır.
Qeyd edək ki, Li Seppel türk dilləri ilə
yanaşı rus və fin ədəbiyyatından da
çoxsaylı tərcümələr edib. Eston
oxucuları onu həm də estonca yazdığı gözəl
əsərlər müəllifi olaraq tanıyıb sevirlər.
Şairin ilk kitabı o, hələ Tartu
Universitetinin tələbəsi olan zaman - 1965-ci ildə nəşr
olunaraq oxucuların diqqətini çəkib. İndiyədək onun 10-a yaxın poeziya toplusu və
uşaq kitabları çapdan buraxılıb.
ODA
SİTAYİŞƏ VƏ QAYAÜSTÜ RƏSMLƏRƏ
EHTİRAMLA YAZILMIŞ MİSRALAR...
Li Seppelin
əsərlərində torpağa və Vətənə,
doğma dilə, dinə, ədəbi ənənələrə
və digər etnokulturoloji eston dəyərlərinə mənsubluqdan
doğan milli ruh və vətəndaşlıq amilləri,
Skandinaviya xalqlarının mədəniyyətinə
yaxınlıqdan irəli gələn düşüncə tərzi,
yanaşmalar və inikaslar təbii ki, üstünlük təşkil
edir. Bununla bərabər, onun poeziyasında
türk xalqları ədəbiyyatına xas olan bir sıra
çalarları sezmək mümkündür. Düşünürük ki, o, həmçinin Azərbaycan
şairlərinin əsərlərini eston dilinə tərcümə
edərkən, eyni zamanda özü də Azərbaycan poeziya xəzinəsinin
imkanlarından yaradıcı surətdə
yararlanmışdır. Azərbaycan, eləcə də
digər türk xalqları ədəbiyyatına mənsub olan
təşbehlər sistemi və deyim üsulları Li Seppelin
yaradıcılığına təsir göstərmiş, əsərlərinin
bədii üfüqlərini genişləndirmiş və onun
lirikasındakı hiss-həyəcan, iztirab, fikir və
arzuların tərənnüm tərzini xeyli zənginləşdirmişdir.
Mübaliğəsiz demək olar ki, onun ədəbi
yaradıcılığındakı bəzi bədii
tapıntılar məhz ədəbiyyatımızdan etdiyi
önəmli tərcümələrlə bağlıdır. Bunu Li Seppelin
1974-cü ildə Tallində çap olunmuş “Od ətrafında
kölgələr dairəsi” (“Varjuring ümber tule”) adlı
poeziya kitabında xüsusilə aydın sezmək
mümkündür. Topluya şairin 85
şeiri daxil edilmişdir. Bunların
arasında bir sıra türkdilli xalqlara həsr olunmuş
şeirlər, o cümlədən Azərbaycan mövzusunda
yazılmış əsərlər də vardır.
Maraqlıdır ki, həmin əsərlərdən biri
türk dilində başlıqla - “Seni kim
düşünüyor” adı altında eston oxucularına təqdim
olunmuşdur.
Vurğulamaq
istərdik ki, bu nəşr Estoniyada ilin ən yaxşı
poeziya kitabı adına layiq
görülmüş və Li Seppel bu kitaba görə 1975-ci
ildə ikinci dəfə Y.Smuul adına ədəbiyyat
mükafatı ilə təltif edilmişdir.
Kitab Azərbaycan tədqiqatçıları
üçün həm mövzu və həm də bədii tərtibatı
baxımından böyük maraq kəsb edir. Kitabın
üz qabığında Qobustan qayaüstü rəsmlərindən
görüntülər verilmişdir. Bu rəsmlər
içərisində daş üzərində quş, heyvan
işləmələri, ov səhnəsi cizgiləri də vardır.
Amma bunlarla müqayisədə insan və
kollektiv rəqs təsvirləri üstünlük təşkil
edir ki, biz onlarla kitabın içində də
qarşılaşırıq.
Qədim
insanların assosiativ olaraq qədim Atəşpərəst məbədlərində
- Odlar yurdunun sönməyən müqəddəs od yerlərində
təsəvvür edilməsi dərin rəmzi məna
daşıyaraq kitabın məzmunu və ideya istiqaməti ilə
tamamilə uzlaşır, geniş anlamda desək, Li Seppelin Azərbaycana
sənətkar baxışları və etnokulturoloji
yanaşmaları ilə ilahi və daxili bir ahəngdarlıq təşkil
edir. Kitabın adında isə məhz o cür
yanaşmalar və assosiativ düşüncələr öz
poetik təcəssümünü tapmışdır.
Zənnimizcə,
“Od ətrafında kölgələr dairəsi” poeziya
toplusunda yer almış Azərbaycan mövzulu şeirlər,
Li Seppelin Azərbaycana, onun ağsaçlı tarixinə,
xalqımızın qədim Atəşpərəstlik
etiqadına və ən qədim yaşam məskənlərindən
biri olan Qobustana, həm də bunların timsalında digər
milli dəyərlərimizə bəslədiyi dərin
sayğıları əks etdirən gözəl və qiymətli
poeziya nümunələri olaraq həm eston ədəbiyyatında,
həm də mədəni əlaqələrimiz tarixində
böyük əhəmiyyət daşıyan ədəbi
faktorlardan sayıla bilər.
İŞIQ
AXININDAKI KÖVRƏK NUR TELİ...
Beləliklə, Li Seppelin tərcümələri və
orijinal poetik əsərləri eston ədəbiyyatına yeni
bədii incilər - tərənnüm və ifadə tərzi,
təşbeh və metaforalar rəngarəngliyi, şərqsayağı
lirik duyğular dünyası və xüsusi bir Azərbaycan zənginliyi
gətiribdir desək, yanılmarıq.
Li Seppel sözün əsl mənasında Azərbaycan və
digər türk xalqları ədəbiyyatının
Estoniyadakı zərif və əzəmətli səsi,
xoş məramlı Səfiridir. O, xalqımızın və ədəbiyyatımızın
böyük dostu olaraq Azərbaycanda sevilən və gəlişinə
həmişə şad olduğumuz əsl eston
ziyalısıdır. Təsadüfü deyildir ki, bir sıra
Azərbaycan yazıçı və şairləri - Anar, Fikrət
Qoca, Fikrət Sadıq, Abbas Abdulla, Vaqif Arzumanlı və
başqa müəlliflər Li Seppel şəxsiyyətinə
böyük rəğbətlə yanaşaraq onun haqqında
yazmış, ona həsr etdikləri məqalə, oçerk və
şeirlərində bu gözəl eston şairini sevə-sevə
təsvir və tərənnüm etmişlər.
Li Seppel eston və Azərbaycan xalqları
arasındakı qədim əlaqələrin həm layiqli
varisi və davamçısı, həm də müasir
dövrdə yeni məzmunlu əlaqələrimizin
istedadlı yaradıcısıdır. O, xalqlarımızın
qarşılıqlı anlaşma ənənələrini zənginləşdirib
təcəssüm edən bədii söz ustası, ədəbi
və mədəni əlaqələrimizi böyük istedadla
yaradıb yaşadan bənzərsiz bir sənətkardır.
1969-cu ilin avqustunda şair Fikrət Sadığın
(1930-2016) Estoniyada səfərdə olarkən Li Seppelə həsr
etdiyi bir lirik şeirdə deyildiyi kimi, “o, dost ellərimiz
arasındakı işıq axınında bir nur telidir”.
“Eston
şairi Li Seppelə” adlı o şeir F.Sadığın
1970-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən
buraxılmış “Sevgi yağışı” poeziya
kitabındakı “Eston mahnısı” başlıqlı
şeirlər silsiləsində dərc edilib. Li Seppelin sənətkar
şəxsiyyəti və onun tərcümə
yaradıcılığı haqqındakı
düşüncə və qeydlərimizi gözəl
şairimizin həmin duyğulu şeiri ilə bitirmək istərdik:
Sən
gedəndə
Bir
dalğa apardın -
şeirli,
Bir bulaq
apardın -
nəğməli,
Bir yamac
apardın -
laləli,
Li!
Sarı
cildli,
Eston
dilli,
Bir kitabı vərəqlədim.
Gördüm
Mirzə Cəlili.
Səni
xatırladım, Li!
Kitablar
qovuşdurar
Bir dost elə
Bir dost eli.
Bu
işıq axınında
Sən də
kövrək nur teli,
Səni
xatırladım, Li!
Vilnüs-Tallin-Bakı,
yanvar-aprel 2017-ci il
Mahir
HƏMZƏYEV
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti
yanında Milli İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet.- 2017.- 1 aprel.- S.18-19;24