Ədəbiyyatımıza 50 il təmənnasız xidmət
Bilmirəm indi təmənnasız sözünü
hansı
məqamda işlətmək olar.
Zəmanənin keşməkeşləri
onu bizə çox gördü.
“Təmənnasız iş”,
“təmənnasız adam” ifadələrini
işlətməkdən çəkinirik. Lakin çəkinmədən deyirəm,
o, əlli il
ədəbiyyatımıza təmənnasız xidmət
etdi. Özü də “Ədəbiyyat qəzeti” kimi ədəbi ictimaiyyətin
daim diqqət mərkəzində olan, hətta Ulu öndərimiz Heydər Əliyevin müntəzəm
oxuduğu bir qəzetdə.
O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib “Ədəbiyyat qəzeti”nə texniki işçi kimi gəlmişdi (layiq olduğun vəzifəyə işə düzəlmək həmişə çətin olub). Lakin baş redaktor Qasım Qasımzadə onun qabiliyyətini görüb, tezliklə onu ədəbi işçi vəzifəsinə irəli çəkmişdi. Sonra şöbə müdiri, məsul katib, baş redaktor müavini, baş redaktor vəzifələrinə yüksəlmişdi. Sadaladıqlarım, acılı-şirinli 50 illik zaman kəsiyində başa gəlmişdi. Əlli il bir müəssisədə, özü də söz adamlarının nişangahı olan “Ədəbiyyat qəzeti”ndə işləmək qəhrəmanlıq deyil, bəs nədir? Bunun üçün böyük iradə, vicdanla işləmək, obyektiv olmaq tələb olunur. Odur ki, Ayaz Vəfalı ədəbi ictimaiyyət arasında hörmət və ehtiramla anılır. Bununla belə, demək olmaz ki, hamı onun xatirini eyni dərəcədə istəyir. İlhamdan, istedaddan kasad ədəbiyyatçıların qabağına “Ədəbiyyat qəzeti”ndə sipər çəkmişdi. Elələrinin hücumlarına sinə gərmək onun kimi vicdanlı, obyektiv, ən başlıcası isə ədəbiyyatımıza təmənnasız xidmət edən adamlara nəsib olur. O, həmişə səssiz-küysüz vəzifə borcunu yerinə yetirən şair-alim və nasirdir. Vaxtın qədrini bilən qələm sahibidir. İki nəfərin - ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayev və Ayaz Vəfalının vəzifə borcunu yerinə yetirdikləri masanın üstündə iri hərflərlə “İtən qızılı tapmaq olar, itən vaxtı yox” yazılmış stolüstü lövhəcik görərdik. Vaxtın qədrini bilmək onlar üçün həyat kredosuna çevrilmişdi.
Düşünəndə dərk edirsən ki, yaradıcı adam üçün əvəzsiz sərvət olan vaxtı itirmək özünə qəsd etmək kimi bir şeydir.
Ayaz müəllim “Ədəbiyyat qəzeti”ndə enişli-yoxuşlu yol keçmiş hörmət qazanmış, qəzetdə bir vaxtlar çiyin-çiyinə işlədiyi, görkəmli alimimiz Nizami Cəfərovun göstərdiyi kimi qəzetdə böyük bir redaktə məktəbi yaratmışdı.
Bəzən mənə deyirlər: “Ayaz Vəfalının xasiyyəti ağır, özü də adamayovuşmazdır. Onunla necə dostluq edirsən?” suala sualla cavab verirəm. Xasiyyəti ağır olan, adamayovuşmaz birisi əlli il bir müəssisədə necə işləyə bilər? Sadəcə olaraq o, ədəbi məsələlərdə barışmaz mövqedə durur. Belə adamlardan təbii ki, inciyənlər olur, lakin zaman hər şeyi yerbəyer edəndən sonra, onun haqlı olduğunu etiraf edirlər. Ayaz Vəfalı ədası yerə-göyə sığmayan qələm sahibləri ilə çox qarşılaşıb. Biliyi-savadı ilə onların yerini göstərib. Poeziyanı dərindən bilən şairdir, tənqidçidir. Əlli ildən artıq bir dövrdə ədəbiyyatımıza vicdanla xidmət edən, onun keşiyində sayıq dayanan ədəbiyyatşünas alimdir. Qəzet işini bütün incəliklərinə qədər bilən peşəkar mətbuat işçisidir. Ən əsası isə odur ki, nəfsi tox, təmənnasız adamdır.
Uzun illər Ayaz Vəfalı ilə bir yerdə işləyən Xalq şairi Qabil onun kimliyini tam dəqiqliyi ilə açıb göstərib: “Ayaz Vəfalı qələmilə külüng çalır”. Həqiqətən də Ayaz Vəfalının yeganə dayağı qələmi olub. Tərcümələr edib, məqalələr yazıb, monoqrafiyalar, şeir kitabları buraxıb. “Azərnəşr”, “Gənclik” və “Yazıçı” nəşriyyatlarının xahişi ilə plana düşəcək kitablara rəylər yazıb. Məvacibindən əlavə yeganə gəlir mənbəyi, Qabilin doğru olaraq göstərdiyi kimi, qələmi ilə külüng çalmaq olub.
Ayaz Vəfalını tanıyanlar bilir ki, o, dostluqda vəfalıdır. Yaxşı yadımdadır, Əbdüllətif Bəndəroğlu ilə Nəsiminin İraq Divan nüsxəsi üzərində anlaşılmazlıq baş verəndə, Ayaz Vəfalıya pul təklif eləmişdilər, hədə-qorxu gəlmişdilər ki, mənim haqlı olduğumu sübut edən məqalə yazmasın. Lakin o, heç nədən çəkinmədən dostluğa sədaqətini göstərdi. Xalq şairi Nəriman Həsənzadə onda “Ədəbiyyat qəzeti”nin redaktoru idi. Deyilənləri təsdiq edə bilər. Ayaz Vəfalı sözünə düz, əqidəsinə sadiq adamdır. Bunu onun “Hippokrat andı” şeirindən də görmək olur:
Söz də bizim məsləkimiz, -
Kəlmə kəlmə ölçək, biçək;
Ələ qələm alanda biz, -
Hippokrat andı içək!...
Ayaz Vəfalının poeziyası xalq yaradıcılığından qaynaqlanıb, folklordan, adət-ənənələrimizdən qidalanıb. Odur ki, maraqla oxunur. Xalq yaradıcılığı onun poetik dünyasının ana xəttini təşkil edir. Bunu şairin “İllər və nəsillər” kitabından (“Azərnəşr”, 1964) başlamış, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişdik”, “Özü oda yana-yana” şeirlər kitablarından, poemalarından, xüsusən də “Sağ gözüm sənə qurban” poemasından və hətta tərcümələrindən də görmək olur. Şairin əsərləri və tərcümələri “Yarım əsrlik yol kitabında (Bakı, “NMB” nəşr, 2010, 554 səh.). XX əsrin 70-ci illərində, dinlə heç bir əlaqəsi olmayan Novruz bayramının yasaq edildiyi vaxtlarda o, çəkinmədən Novruz bayramına şeir həsr etmişdi. Maraqlıdır ki, Ayaz Vəfalı şeiri kitabına daxil edib və kitaba həmin şeirdən götürdüyü misra ilə “Bəlkə onda öyrənmişdik” adını verib (Yazıçı, 1979). Şeir “Yaz gələndə axşamüstü - Həyətdə od qalardıq; Burulardı qara tüstü - Kəndə hay-küy salardıq” misraları ilə başlayır sonra “Qada-bala, azar-bezar, - Qatılardı alova” deyir və gözlənilmədən əsl mətləbə keçir:
Deməyin ki, əylənmişdik,
Duymamışdıq heç nəyi, -
Bəlkə onda öyrənmişdik
Od içindən keçməyi...
Ayaz Vəfalının folklora bağlılığı, bütün yaradıcılığı boyu ondan bəhrələnməsi təsadüfi deyildir. O, folklorşünaslıq elmimizə yenilik gətirən tədqiqatçılardandır. Görkəmli folklorşünas alim Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi ilə “Füzuli və folklor” namizədlik dissertasiyasını yazan Ayaz Vəfalıya qədər yalnız Cəlal Abdullayev “Səməd Vurğun və folklor” adlı namizədlik dissertasiyası yazmışdı. Ayaz Vəfalıdan sonra yazıçı və şairlərimizin yaradıcılığında folklor motivlərinə dair çoxsaylı dissertasiyalar yazıldı. Ayaz Vəfalının dissertasiya işi ona Azərbaycanda və İraqda şan-şöhrət gətirdi. Akademik Mirzə İbrahimov tədqiqatçının dissertasiyasını əhatə edən “Füzuli öyrədir” monoqrafiyasını oxuyaraq ona “Düzlük və yaradıcılıq” adlı məqalə həsr etdi. Görkəmli kərküklü folklorşünas alim Əta Tərzibaşı Bağdadda çıxan “Qardaşlıq” dərgisində və Abbas Zamanova ünvanladığı məktubda Ayaz Vəfalının “Az yaşlı, ağır başlı” - yəni ağıllı, zəkalı olduğunu xüsusi vurğulamışdı. Kərküklü yazıçı, tədqiqatçı və tərcüməçi Cəlal Polad (O, “Kitabi-Dədəd Qorqud”u ərəb dilinə tərcümə edərək. İraqda nəşr etdirmişdir. Bağdad, 2007, 264 səh.) alimin “Füzuli öyrədir” və “Füzuli xəlqiliyi” əsərlərini oxuyaraq Kərkükdə çıxan “Yurd” dərgisində “Ayaz Vəfalıdan Füzuliyə vəfa” adlı çox maraqlı və böyük həcmli məqalə çap etdirmişdir. Cəlal Poladın gəldiyi nəticə budur: “Ayaz Vəfalı bu kitablar üzərində işləyərkən Füzuliyə boyun borcunu ödəmək üçün hər qapını çalmış, bağlı və örtülü duran hər düyünü açmışdır”.
Ayaz Vəfalının folklora bağlılığı, xalqın söz sərvətindən bəhrələnməsi “Sənətkar və xalq” məqalələr toplusunda özünü bariz şəkildə göstərir. Onun folklora vurğunluğu ona gətirib çıxarmışdır ki, dünya xalqlarının atalar sözlərini dilimizə tərcümə edərək “Atalar sözü - ağlın gözü” adı altında çap etdirmişdir (“Azərnəşr”, 1976). O, “Atalar sözü - ağlın gözü” kitabı üzərində yenidən işləmiş, çoxlu əlavələr etmiş, hər bir atalar sözünü latın, kiril və ərəb əlifbasında vermiş, kitabı “Elm” nəşriyyatının direktoru Şirindil Alışanlının köməyi ilə çap etdirmişdir (Bakı, “Elm”, 2012, 1216 səh.).
Ayaz Vəfalı tərcümə sahəsində də diqqətəlayiq işlər görmüşdür. Əlişir Nəvaidən “Leyli və Məcnun” poemasını tərcümə etmişdir. O, eyni zamanda Taras Şevçenkonun “Kor qadın” poemasını, Aleksandr Çakovskinin “Qələbə” romanını (I kitab). Lesya Ukrainka, Konstantin Simonov, Həmid Əlimcan, Erkin Vahidov və başqalarının neçə-neçə poetik nümunələrini dilimizə çevirmişdir. Tərcümələr o qədər peşəkarlıqla, məharətlə edilmişdir ki, sanki şairin öz şeirləridir. Bizə qalırsa, bu ədəbi əlaqələrə ən yaxşı xidmətdir. Ədəbi əlaqələr yolunda Ayaz Vəfalının xidmətlərindən biri də İraq türkmanları ilə bağlıdır. İraq türkmanları ilə ədəbi-elmi-mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsində onun da əməyi az olmamışdır. Onun “Həsrət nəğməsi”, “Əta bəyin hüzurunda”, “Nəsiminin İraq Divanını oxuyarkən”, “Qələm və qan qardaşlığı” və başqa məqalələri kərküklülər tərəfindən rəğbətlə qarşılanmışdır.
“Ədəbiyyat qəzeti”nin 50 illik yubileyi keçiriləndə Ayaz Vəfalı bu mötəbər qəzetdə artıq 25 il idi işləyirdi. Bu münasibətlə yazmışdı:
İllər necə gəldi, necə sovuşdu, -
Az qalıb ki ola iyirmi beş il.
Bəli, yarım əsrin yarısıdır bu,
Bir igid ömrüdür - zarafat deyil!
Yarım əsrin yarısı zarafat-zarafat yarım əsrə çevrildi. Ayaz Vəfalı
yarım əsr “Ədəbiyyat qəzeti”ndə
səmərəli fəaliyyət
göstərdi. İndi
Nizami adına
Ədəbiyyat İnstitutunda
“Mətbuat tarixi” şöbəsində işləyir.
Bu qocaman fikir adamını
bu yaşda işlə təmin etdiyinə görə onu yaxından tanıyanlar,
dost münasibətində olanlar
İnstitutun direktoru akademik İsa Həbibbəyliyə minnətdarlığını
bildirir.
Bu gün Ayaz Vəfalının 80 yaşı tamam olur. Bilmirəm 80 il ömür üçün çoxdur, ya az? Bir onu bilirəm ki, illəri illərə calayıb uzun illər boyu necə gəldi yaşamaq böyük hünər deyil, həyatı həyat kimi ləyaqətlə, iddiasız yaşamaq, yaradanın bəxş etdiyi istedaddan bəhrələnərək yaratmaq, iz qoyub getmək hünərdir. Ayaz Vəfalı ikincilər sırasındadır.
Bu fərəhli
günündə qələm dostuma möhkəm
cansağlığı, gümrahlıq,
yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2017.- 1 aprel.- S.17.