Səkkizinci səhifə, yaxud yanan
şamlar heç vaxt sönmür
Tünd rəngli kitabın üz qabığında
yanan şamın onu mühasirəyə almış
qaranlığa o qədər də gücü çatmır
- bu qatı qaranlıqdakı soyuq işıqda heç
şamın özü o qədər də aydın
görünmür.
Boy-buxunundan
görünür ki, bu şam çoxdan yanır, əməlli-başlı
oturuşub, ömrünə az qalıb.
Ancaq yaxşı ki, həyatda yanan şamlardan fərqli olaraq
şəkillərdə yanan şamlar heç vaxt
sönmür, tükənmir... Şəkildə
şam olub əbədi yanmağa nə var ki?!
Hünərin
var həyatda şam kimi yana-yana özünü ərit və
heç vaxt da tükənmə - bu da sənə şəkillə
həyatın hər yerdən görünən fərqi...
Sən
demə üz qabığı bu kitabın içindəki
şeirlərin ruhudur - kitabın üzündə, sifətində
zühur eləmişdi - adam
balasının içi üzündə, sifətində
zühur eliyən kimi.
Gözlərimdə
bir ovuc
yuxu
üşüdü,
Səbrimdən
keçən cığıra
Qar düşdü.
Alın
yazımın sətirləri
arasında
Uzaq ellərin
ağrısı
Çıxdı
köynəkdən...
Dilimdəki
sevirəm sözü də
Bu
ağrıdan, bu göynəkdən...
Əlvida
dostum,
Əlvida
Daha
çıxıb gedirəm
Ömrün
o başına;
Səni
Allaha tapşırdım,
Özümü də bir cür göz yaşına.
Ayrılıq mövsümünün əlvida məqamındakı
ölüm çəkisi ilə tən gələn ovqat
haqqında son dərəcə həssas və sərrast bir
deyim. Özümdən asılı olmayaraq onu da fikirləşdim
ki, görəsən Allaha tapşırılan o kəs,
çoxdan unudulmuş iki sözlə desək, lirik qəhrəman,
o bir cüt göz yaşına dəyərmi? Və
cavabını da tapdım: yəqin ki, dəyər; əgər
belə olmasaydı, belə yazmazdı və bu yerdə mənim
fikrim əsas deyil - əsas özünü bir cüt göz
yaşına tapşıranın - şairin fikridir ki, istəsək
də, istəməsək də onunla hesablaşmaq -
razılaşmaq məcburiyyətindəyik...
Bir də,
məni qınamayın, o bir cüt göz yaşı kitabın üz
qabığında yanan şamın göz yaşlarına
yaman oxşayır ha... elə bil bir almadı yarı
bölünüb. Belə götürəndə şam da
İnsandır - ikisi də yananda ağlayır...
O
qadının ömrü,
Kirpik-kirpik,
Quşbaşı
qar kimi
Yağır
ovcuna...
Maşa
ilə yox, barmaqlarını yandıra-yandıra yox, kirpikləri
ilə od götürən qadının
ömrünün bir gün kirpik-kirpik, quşbaşı qar
kimi ovcuna yağması ağlagəlməz olsa da, gözləniləndi.
Ömür yolunun bu ağrılı gəzintisi həyatda
uzun çəkən bir proses olsa da, şeirdə bir anın
içində gözlərimin önündə canlanıb
ürəyimi ağrıtdı və onu da deyim ki, bu cür
ürək ağrısının, Hippokratın
özünün və “törəmələrinin”
ağlına gəlməyən müalicəvi əhəmiyyəti
var - bu dəqiqdir.
...ürəyi
üşüməsin deyə
köksündən çıxarıb alar ovcuna...
ovcunda
çırpınan ürəyin ağrısı
isti qan
kimi
damcılayar,
damcılayar,
Allahın səbri üstə.
O
qadın arzuları
payız-payız tökülər
içində dəfn etdiyi
vəfasız bir adın
qəbri
üstə...
Allahın
səbri üstə tökülən damcıların
Allahın səbrini nə dərəcədə, hansı
şəkildə dəyişəcəyi barədə bir
söz deyə bilməsəm də, onu dilimə gətirə
bilərəm ki, bu damcılar da şamın “gözlərindən”
tökülürdü - çünki şamın gözləri
qızarmışdı...
İnsanın ömür boyu heç vaxt barışmaq
istəmədiyi məqamlar çox olur və yaşam müddətində
bəziləri ilə barışır, bəziləriylə
sona qədər “küsülü” qalır,
dünyasını dəyişir. Sizə deyim ki, bu
barışmazlığın yeri var, yeri böyükdür və
birbaşa Allahın nəzarəti altındadır. Uzun sözün qısası, İnsanın
ömür boyu heç vaxt barışmaq istəmədiyi və
əsasən də barışmadığı məqam,
insanın özünün öz gözündən
düşməsi ovqatıdır və yaşından, həyat
tərzindən asılı olmayaraq bu, hər kəs
üçün son deməkdir. Adam
bütün həyatını, mövqeyindən asılı
olmayaraq yıxılıb dura-dura yaşayır. Özünə hörmət eləyən, öz
çəkisini bilən insanlar əksər hallarda təzədən
ayaq üstə dura bilib. Ancaq özü
öz gözündən düşmüş adamların
yıxılanda təzədən qalxması çox çətin
olur və əksər hallarda qalxa bilmir.
Tutub məni
sözümdən,
Alıb məni
özümdən,
Salma belə
gözümdən,
Yıxılıb
durmağım var...
Bu, bir
İnsanın istəyidir və mənə elə gəlir ki,
İnsanın İnsandan istəyə biləcəyi əəən
böyük diləkdir - bu istəkdən böyük
yalnız Allahdır!
Başqa
bir şeirində:
Əllərim
göylərə
Açılmış
“Quran”,
Ürəyim
mələk yuvası
Sənə
edirəm yenə
Tanrı
duası -
Sevgi
duası...
Əlləri “Quran” kimi göylərə
açılı vəziyyətdə mələk yuvası
ürəyi ilə, dilində də Tanrı duası, sevgi
duası olan İnsan adlı ucalıqdan nəyi əsirgəmək
olar ki? Əsirgəmək olarsa, o kimdir? Mən beləsini
tanımıram, tanıya da bilmərəm, dəfələrlə
görsəm də... Bu yerdə ancaq Allah işə
qarışmalıdır... Allah məni o Kəslə tanış eləməlidir, əgər bu
tanışlığı layiq bilsə...
Öz
aramızdı, İnsan adlı ucalığın diləyini əsirgəyən
o kəs olmasaydı, bu şeir də yazılmazdı haaa...
Çox
qəribədir...
Çox
ağrılıdır...
Bəlkə
də dünya bu qədər qəribə və
ağrılı olmasaydı, həyatdan heç vaxt doymayan
İnsan doğulandan beş-on gün keçməmiş
başlayardı darıxmağa ki, bu nədi eee belə...
İliç
lampalarının işığı, radio-televiziyanın
hay-küyü dünyaya gəlməmiş,
altmış-yetmiş il bundan əvvəl
Azərbaycanın kəndində-kəsəyində
nağıl deyənlər olardı; ağzımızı
açıb saatlarla onların ağzından noğul kimi
tökülən, iliyimizə-qanımıza işləyən
nağıllara qulaq kəsilməkdən doymazdıq. O illəri
boş-boşuna xatırlamadım. Əlimdəki əl boyda
şeir kitabını oxuduqca elə bil ki, bir İnsanın -
Şairin ovcunun içindəki tale cizgilərini
qaraçı qadın kimi “oxuyuram” və mənimlə
qaraçı qadının fərqi ordadır ki, mən gop
eləmirəm; çünki şairin əlinin içində
gop yoxdur; onun əlinin içindəki heroqlif-cizgilər o qədər
səmimi və inandırıcıdır ki...
Bir də
mənə elə gəldi ki, bu kitabın içindəki, həm
də şairin əlinin içindəki şeirləri - tale
cizgilərini mənə Qarabağın ən məşhur
nağıl deyənlərindən olmuş, Seyid
Şuşinskinin həmkəndlisi, Dördçinarlı
Gülnisə arvad danışır, mən oxumuram... mən
qulaq asıram...
İndi
baxın, görün şair cəmi-cümlətani iyirmi beş sözün gücünə
arxalanıb əks qütblərdə üz-üzə dayanan
insanların qara xəbər kimi ağır yükünün
arasında necə harayçılıq edir:
İstədim evimdən köçürəm səni.
İstədim yolumdan qaçıram səni.
İstədim gözümdən itirəm səni.
İstədim özümlə bitirəm səni.
Bitmədin,
itmədin,
köçmədin...
Yağdın
- yağış kimi,
Bitdin - qamış
kimi...
Köçməyi, qaçmağı, itməyi və
bitməyi bacarmayan, istəməyən birisinin əlindən nə
gələr ki? Qədim xalq mahnısında olduğu kimi (Allah
Bülbülə də rəhmət eləsin):
Ancaq bu
xalq mahnısında oxunan bəndin son iki misrası
köçməyi, qaçmağı, itməyi və bitməyi
bacarmayan, istəməyən o kəsə heç vaxt aid
olmayacaq:
Oğlana
qız yaraşır,
Xançala
gümüş kimi...
Kişinin oğlu bu yaraşığı özünə
yaraşdırmır də, özü bilər... bir də bu
şeir kitabının müəllifi. Şairlə lirik qəhrəmanın
arasına girən iylənib çıxar - necə ki, ətnən
dırnağın arasına girəndə...
Dünyada hər şeyin ilkin fiziki xassəsi onun tükənməyindədir. Əslində
insan ölmür - tükənir. İnsan tükənməyinin
iki istiqaməti var: adam kimi, yaxud son tikəsi
manqalda qızaran əti yeməli dördayaqlı kimi.
Tükənəndə
də Adam kimi, Adam həsrətilə tükənəsən
- bax, belə:
Ləçək-ləçək
tökülürəm,
İlmə-ilmə
sökülürəm,
Bənövşətək
bükülürəm,
Sən
olmayan günlərdə...
Onsuz da hamımız tükənəcəyik. Ancaq deyirəm ki, nə
olar, tükənəndə də belə tükənəsən...
Allahın insana bəxş elədiyi ən böyük əmanət
mərhəmətdir. Gözümüz və
qulağımız açılan gündən eşidirik ki, əmanətə
xəyanət olmaz. Elə bilirəm ki, əmanətə
xəyanət Vətənə xəyanət qədər
ağrılı və qəbuledilməzdir.
İnsan
hər şeyini itirə bilər: evindəki əşyaları,
doğmasını, vətənini, avtomobilini, vəzifəsini...
Bu itkilər nə qədər ağır və
dözülməz olsa da, mərhəmət itkisinin
yanında, deyərdim ki, heç nədir. Axşam
televizorda “Xəbərlər”ə baxın görün mərhəmət
hissinə - Allahın ən böyük əmanətinə xəyanətə
görə milyonlarla barel insan qanı tökülür,
körpələrin qanı torpağa hopduqca (su əvəzinə)
torpaq doğub-törəməz olur, bəşəriyyətin
bərəkəti qaçır və bərəkəti
qaçan bəşəriyyət günbəgün, saatbasaat
daha da qəddarlaşır, qəddarlaşdıqca da
Allahın əmanəti tapdalanır - bəs bilmirdiniz ki, Allah
da bizi tapdalayacaq?!
Əlqərəz...
Şairin
doqquz sözdən ibarət şeirində kəlmələr
nə boyda boy göstərib:
Körpə
hıçqırdı...
Səni
bağışladım günahlarına...
Taleyin sənə
olan
qarğışlarına...
Dünyanın hər yerində günahlara görə
adama cəza verilir - əlbəttə, o baxır
günahın boy-buxununa, sir-sifətinə. Şair isə lirik qəhrəmanını
günahlarına görə cəzalandırmır, əksinə
onu məhz elə günahlarına görə
bağışlayır... bir də taleyin ona elədiyi
qarğışlarına...
Belə böyük, geniş ürəyə Sahiblik eləməyin,
bağışlamağı bacarmağın yolu yalnız və
yalnız Allahın insana verdiyi mərhəmət hissinə -
Ən Böyük Əmanətinə xəyanət etməməkdən,
onu qorumaqdan keçir. Bu yerdə ürəyimdən bu sözləri demək
keçdi:
- Mərhəmətsiz
Cənablar, üzünüzü şairlərə tərəf
çevirin! O şairə ki, deyir:
Yadıma
xatirə
çağında
soyuq bir
axşam
düşdü.
Bu
ömrün
ləçəyi bizim,
gülü yarpağın.
Boyumuza
baxıb
qəbir-qəbir
Gözləri gülür torpağın.
Bu kitabı oxuyandan sonra uzun illər boyu təkrar-təkrar
dediyim sözümün üstündə durmuram,
sözümdən qaçıram. Həmişə
demişəm ki, şeir dərk etmək üçün yox,
duymaq üçündür - çünki dərk etməyin
meydanı duymaq meydanının yanında kolxoz xırmanı
boyda bir şeydi; bəlkə də, mənim dediyimdə həqiqət
ona görə var ki, Yer kürəsi də (axı, insan ən
çox Yeri dərk etməyə cəhd edir) Xırman kimi
yumrudur. Bu şeirləri həm duydum, həm də
gördüm; bəlkə də duyduqlarım
görüntüləndi - hələ özüm
üçün də tam aydınlaşdırmamışam və
bu natamamlığın içində yenə Duyuram ki, səhv
eləmirəm...
Kitabda məlum
Aprel döyüşlərindən söz açan kiçik
həcmli “Səs” poemasını oxuyandan sonra şairin - bir
qadının öz xalqının övladlarının
üstündə nanə yarpağı kimi əsə-əsə
onların igidliyi ilə necə ürək dolusu fəxr etməsi
ilə mən də fəxr elədim:
Yazağzı
Kiprik-kiprik
qaçdı
torpağın
yamyaşıl yuxusu.
Səngər-səngər
çiçəklədi
Ürəklərdə zəfər qoxusu.
Və
yaxud:
Ürək
çatladır,
qaralmış divarların
şəhid libası...
... Kitabın annotasiyasında oxudum ki, şair AYB-nin
üzvüdür, elə bu təşkilatda qadın problemləri
üzrə komissiyanın sədridir. Prezident
mükafatçısı olmaqla Rəsul Rza mükafatına
layiq görülüb. 2006-2007-ci illərdə
ilin ən yaxşı şairi adını alıb. Ona yaxın şeir kitabının müəllifidir.
Türkiyədə, İranda, Rusiyada
keçirilən şeir şölənlərində
iştirak edib, əsərləri xarici dillərə tərcümə
olunub, şeirlərinə mahnılar yazılıb və s.
Düzü,
bir az özümdən incidim ki, niyə
indiyə qədər bu şairi tanımamışam. Artıq indi tanıyıram və incikliyim də
keçib getdi.
Bilirsiniz, Yazıçılar Birliyinə gedən kimi
dörd tərəfdən adama kitab bağışlayırlar
və fikrimi bildirmək istədiklərini deyirlər. Belə kitabların
hamısını oxuyuram, ancaq hara qədər oxumaq
mümkündürsə - özümü zorlayası deyiləm
ki...
Yaradıcılığına bələd
olmadığım müəlliflər olanda kitabın hər
hansı bir səhifəsini açıb oxuyuram, xoşuma gələndə
axıra qədər gedirəm. Bu dəfə də
belə oldu. Şəfəq Sahiblinin
kitabını açdım; səkkizinci səhifə.
Yuxarıda misal gətirdiyim kimi şeir belə başlayırdı:
“Gözlərimdə bir ovuc yuxu üşüdü...” Sonra kitabın əvvəlindəki “Qayıt”
şeirinə qayıtdım və axıra qədər oxudum
- bu da nəticəsi.
Bu cür bənzərsiz şeirlərə görə Şəfəq Sahibliyə Sözünən həmişə belə qol-boyun olmağı istəyərdim. Çünki Sözdən etibarlı yalnız Allahdır!
Özümdən asılı olmayaraq yenə Şəfəq Sahiblinin “Bu sevgiyə ölüm gəldi” kitabının üz qabığına nəzər saldım.
Özünü güclə işıqlandıran şam hələ də yanırdı.
Üz qabığında yanan şamlar heç vaxt sönmür...
23 mart 2017-ci il
Seyran
SƏXAVƏT
525-ci qəzet.- 2017.- 1 aprel.- S.16.