“Bizdə ədəbiyyata solaxay münasibət
var”
GƏNC YAZIÇI CAVİD ZEYNALLININ FİKRİNCƏ, YAŞLI ƏDƏBİ NƏSİL DƏ, GƏNCLƏR DƏ ANLAŞILMAZ DURUMDADIR
- Cavid,
Yazıçılar Birliyinin üzvü olsanız da, tədbirlərdə,
görüşlərdə az-az
görünürsünüz? Söhbətə
elə bunun səbəblərindən başlayaqmı?
-
Başlayaq. Amma gəlin, təkcə
Yazıçılar Birliyində keçirilən tədbirlərdən
danışmayaq. Olarmı, cavabımı
ümumən kitab təqdimatları, görüşlər, məclislər
üstündə qurum?
- Əlbəttə...
- Tədbirlərdə
az-az görünməyim yəqin ki, ilk növbədə xarakterə
bağlı olan məsələdir. Ədəbi
iddiaları istedadları ilə üst-üstə düşməyən
və bunun ağrısını giley-güzar, qeybətlə
çıxaran adamların tədbirlərindən
mümkün qədər uzaq dayanmaq istəyirəm. Təəssüf ki, bizim ədəbi mühitdə
bu cür adamlar çoxdur. Bir saat ünsiyyətdə
olmaq bəs edir ki, adamın enerjisini çəkib
aparsınlar, kitaba, yazıya olan həvəsi
öldürsünlər. Düzü, tədbirlərdə
iştirak etməmək həm də iş qrafikimlə
bağlıdır. Boş vaxtım olmur, hətta
dostlarımızın kitab təqdimatlarında iştirak edə
bilmirəm. Məsələn, bir neçə gün əvvəl
Fərid Hüseyn Fərhad Mete haqqında çox dəyərli
bir kitab çap etdirib, təqdimatını Səməd
Vurğunun Ev Muzeyində keçirdi. İştirak etmək istəyirdim, alınmadı.
Təkcə bu deyil, indi durub sadalasam, uzun bir
siyahı alınacaq. Tutalım, Məmməd
Oruc 70 illik yubileyinə dəvət etdi, gedə bilmədim.
Elə təəssürat yaranmasın ki,
özümü işgüzar və məşğul göstərib
bəhanə axtarıram. Qətiyyən! Sadəcə,
bir səbəb mənim tədbirlərdən
könüllü imtina etməyimdirsə, digəri
özümdən asılı olmayan səbəbdir. Özü də bura təkcə ədəbi tədbirlərdən
könüllü imtina yox, arzu olunmayan adamlarla
yarıqaranlıq kafe künclərini paylaşmaq da daxildir.
Əvvəllər həmin məclislər mənə o qədər
maraqlı görünərdi ki... Və etiraf edim, o məclislərdən
öyrəndiyim şeylər az olmayıb.
Hətta mənə elə gəlir, ədəbiyyata
yeni gələnlər çayxana-meyxana havasını
mütləq almalıdırlar. Yoluxmasalar,
bunu həyat tərzinə çevirməsələr, zaman
keçdikcə, o yerlərə maraq öz-özünə
itib gedəcək.
- AYB-də
əsasən ayda bir dəfə Gənc Ədiblər Məktəbinin
toplantısı olur. Onu necə, izləyə
bilirsinizmi?
- Ancaq mətbuatdan
izləyə bilirəm. Məsələn, Ayxan Ayvaz “Kulis.az”,
Müşfiq Şükürlü “525-ci qəzet”
üçün reportajlar yazır, onları oxuyuram. Gənc Ədiblər Məktəbinin
toplantılarında məmnuniyyətlə iştirak edərəm.
Məktəb ikinci dəfə toplananda tədbirə
qatıldım, kiçik bir çıxış da etdim.
- Gənc
Ədiblər Məktəbi həyatınızda,
yaradıcılığınızda nə kimi rol oynadı?
- Mən
özümü Gənc Ədiblər Məktəbinin yetirməsi
sayıram. Bunu bir neçə dəfə
demişəm, bir də təkrar edirəm. Əlbəttə,
Gənc Ədiblər Məktəbində heç kim əlimdən tutub yazı
yazdırmırdı, cümlə qurmağı öyrətmirdi,
sadəcə, orda özümə inamı öyrəndim. Əvvəl-əvvəl reportajlarımın qəzetdə
çap olunacağına da inanmağım gəlmirdi. Gənc Ədiblər Məktəbinin
toplantılarına qatılandan sonra isə elə bilirdim, hətta
dünyanın ən nüfuzlu ədəbi nəşrləri
də məni çap etməlidirlər. Bu,
özündən razılıq, sadəlövh uşaq
yanaşması kimi görünə bilər, amma əsas odur,
o inama yiyələnmişdim. Gənc Ədiblərdə
dostlar qazandım, zövqüm formalaşdı,
oxuyacağım müəlliflərin siyahısını
saf-çürük elədim. Anladım ki, yazmaq o qədər
də çətin iş deyil. Qorxmaq, çəkinmək,
mətnin vahiməsi altında sıxılmaq lazım deyil.
Bizdə ədəbiyyatı qırxayaq kimi adamın
üstünə atıb vahimə yaratmaq istəyən adamlar az deyil. Bu, xüsusən 80-ci illər
ədəbi nəslində var, əsas da nasirlərdə.
Amma sonradan anladım ki, o xofu yaratmaq istəyən
adamların danışdıqları ilə ortaya
çıxardıqları bambaşqadır. Nə isə. Sadəcə,
istedad və imkanını düzgün müəyyənləşdirib
rahat olmaq lazımdır. Və onda hər şey yaxşı
olur...
- Bəzən
gənclər yaşlı nəsildən şikayət edirlər.
Yaşlı nəsli gənclərə özlərini
göstərmək üçün imkan yaratmamaqda
günahlandırırlar. Sizin necə, bir şikayətiniz
yoxdur ki?
- Bizdə
ədəbiyyata solaxay münasibət var. İnanmıram
yaxın 10 ildə nə isə dəyişsin. Zahirən hər
şey yaxşıdır: kitablar çıxır,
mükafatlar verilir, tədbirlər keçirilir. Amma mahiyyətcə
yaxşı olan çox az şey var. Məni
bircə sevindirən ədəbiyyat saytlarının
sayının artmasıdır, vəssalam. Problem
yaşlı nəsildə deyil, ümumi ədəbi siyasətdədir.
“Yaşlı nəsil gənclərə özlərini
göstərmək üçün imkan yaratmır” cümləsini
dilinə gətirən adam absurddan da o tərəfə
danışır. Çap problemi yoxdursa,
yaxşı mətni bütün redaksiyalar axtarırsa,
hansı maneədən söhbət gedə bilər? Ona görə problem ədəbi siyasətdədir
deyirəm ki, bizdə nə özəl bazar formalaşıb,
nə də kitab yayım şəbəkəsi ayaq üstədir.
Əslində, indi yaşlı ədəbi nəsil
də, gənclər də anlaşılmaz durumdadır.
Hamı sanki bir labirint içindədir. Hamı xoşxassəli ədəbi bədbəxtlikdən
əziyyət çəkir. Ümid edək, ədəbi
mühitin 20-25 il əvvəlki bədxassəli
fəlakəti başımıza gəlməsin.
-
Çoxlarının düşüncəsinə görə,
yazıçı 40 yaşına qədər irihəcmli əsər,
konkret desək, roman yaza bilməz, yazmamalıdır. Bunun üçün bilik və təcrübə
lazımdır. Siz isə artıq 2010 və
2014-cü illərdə 2 roman yazdınız. Çətin olmadı ki?
- İnsan roman yazmağa özünü buna hazır
hiss etdiyi yaşda başlamalıdır. Dünyada onlarla gənc
yaşda şedevrlər yaradan yazıçılar var.
Tutalım, Knut Hamsun
“Aclıq” romanını 31 yaşında yazıb və
ya Jorji Amadu 14 yaşında hekayələr yazırdı, 25
yaşında “Qum dəryasının kapitanları”
romanını çap etdirdi. Bu siyahını
uzatmaq olar, amma nə ehtiyac var? Mən ilk
romanım “Günəşi gözləyənlər”i 22
yaşım olanda yazmağa başlamışam, 24
yaşımda çap olunub. 27 yaşımda ikinci romanımı
yazdım, iki il sonra çap olundu. Sadəcə, yazmaq üçün özümü
hazır bilirdim. Ədəbi keyfiyyəti,
bədii dəyəri nədir, ona görə mübahisə
etmək olar. Əsas odur, hiss edirəm,
zaman mənə köhnə yazılarımdakı səhvləri
qiymətləndirmək imkanı verir. İki
roman yazdım, hələlik bəsdir. İndi
hekayə yazmaq mənim üçün daha maraqlıdır.
Qismət olsa, növbəti il hekayələr
kitabımı çap etmək istəyirəm.
- Bəs
bu romanlardan sonra ədəbi mühitin, ətrafınızın
sizə qarşı münasibəti necə oldu? Tələsmisən deyən oldumu heç?
- Əlbəttə, oldu. Hələ deyənlər
də olacaq. Əsas odur, az-çox ədəbi
potensialımı göstərə bildim. Yəni
ən pis tərəfini götürsək, adamları
inandıra bildim ki, cümlə qurmağı bacarıram.
- Əvvəllər də imzanız az-çox
tanınırdı. Ancaq “Leyla” romanı bütün ölkədə
rezonansa səbəb oldu. 3 il
keçməsinə baxmayaraq, indi də haqqında
danışılır. Bu cür reaksiya gözləyirdinizmi?
- Deməzdim
bütün ölkədə. Düzdür, ədəbi
mühitdə və kitaba yaxın olan çevrədə səsi-sədası
yayıldı. “Leyla” serial estetikası ilə
yazılıb və məqsədim kəskin süjet xəttinə
meyl edən bulvar ədəbiyyatı oxucusu ilə koloritli,
axıcı dildə əsər oxumağı sevən kəsimi
bir araya gətirmək idi. Təvazökarlıqdan
uzaq olmasın, məncə, hər iki roman yaxşı film
materialıdır. Nə yaxşı ki,
bizdə özəl kino sektoru yavaş-yavaş
formalaşmaqdadır. Təəssüf ki,
yalnız komediyalar çəkilir. Bugünkü
tamaşaçının peşəkar kino dilinə
çevrilən dram və melodramlara ehtiyacı var. Gələcəkdə
tələbat olarsa, hər iki romanın ssenarisini
yazmağı planlaşdırıram. Bu yaxınlarda Xalq
artisti Nurəddin Mehdixanlı dedi ki, “Günəşi gözləyənlər”də
ən azı 100 seriyalıq serial materialı var. Heç vaxt
bu haqda düşünməmişdim və mənə təəccüblü
gəldi. “Günəşi gözləyənlər”i
daha çox tammetrajlı film materialı kimi
görürdüm.
- Sizin
fikrinizcə, bu cür reaksiyaya səbəb nə idi? Roman özü, yoxsa qəhrəmanın hansısa
müğənninin prototipi olması?
-
Romandakı konkret bir müğənninin prototipi deyildi. Əsərin qəhrəmanı ümumiləşmiş
obrazdır.
- Hətta
bir ara sizin bir müğənni ilə
eşq yaşadığınızı, Rəcəbin sizin
prototipiniz olduğunu da dedilər. Nə dərəcədə
doğru idi?
- Rəcəbdə
mənim xarakterimdən, bioqrafiyamdan nələrsə var, amma
o nələrsədən daha artığı təxəyyüldür.
Eşq məsələsi haqqında deyilənlər
də qeyri-ciddi söhbətlərdir, üstündə
dayanmayaq. Azərbaycan kimi ölkədə gənc və
yoxsul yazıçının toyda 15 min manata oxuyan müğənni
ilə eşq yaşaması ancaq roman mövzusu ola bilər. Daha
artığını arzu etmək ən yaxşı halda sadəlövhlükdür.
- Bildiyim
qədər hazırda iki yerdə işləyirsiniz. Fəaliyyətinizin istiqamətlərini öyrənmək
olarmı?
- Mən
APA İnformasiya Agentliyi və Akademik Milli Dram Teatrında
çalışıram. İşimi sevirəm,
zövq alıram, ölkənin iki böyük və ciddi
qurumunda çalışmaq mənim üçün
xoşdur. Artıq beş ilə
yaxındır APA-nın əməkdaşıyam. Yəqin ki,
səhv etmərəm: indiyə qədər yüzdən
artıq ciddi və tanınmış şəxslərdən
müsahibələr almışam. Bura sənət
adamları da daxildir, dövlət rəsmiləri də.
Biz nə qədər desək ki, jurnalistika
yazıçının potensialını xərcləyir, məncə,
bir qədər də hissə qapılıb
reallığı nəzərə almırıq. Əlbəttə, bir yazıçının
jurnalist qismində çalışması, xəbər
peşində olması böyük mənada arzuolunan deyil.
Sadəcə, bir vacib məsələni nəzərə alaq:
jurnalistika çevik beyin, məhsuldarlıq, aktiv fəaliyyət
deməkdir. Bu cəhətlər hər bir
yazıçı üçün də vacibdir. Məsələn, mən jurnalistikaya gələnə
qədər adicə köşəni iki günə
yazırdım. İndi dəyib-toxunan
olmasa, bir qəzet səhifəsi materialı bir neçə
saata təhvil verə bilərəm. Başqa
bir tərəfdən də ədəbiyyata ən yaxın sahə
elə jurnalistikadır və bizim başqa alternativimiz yoxdur.
Akademik Milli Dram Teatrında ölkənin ən
tanınmış sənətkarları ilə
çiyin-çiyinə çalışıram. Onları şəxsən tanımaq, yoldaşlıq
etmək, teatrın, səhnənin havası ilə nəfəs
almaq mənim üçün hədsiz ləzzətdir. Teatrda çalışmaq səhnəni,
dramaturgiyanı hiss etmək deməkdir. O gün Əli Əmirli
soruşur ki, nə vaxt pyes yazırsan? Dedim, Əli müəllim,
deyəsən, içimdə nələrsə oyanır. Amma bu oyanış hələ yazmaq
üçün bəs etmir. Nəsr
genişlikdir, hər cür əllaməçilik etmək
üçün meydan var. Dramaturgiya və ümumən səhnə
çox amansızdır. Bunu məhz
Akademik Milli Dram Teatrında çalışmağa
başlayandan sonra anlamışam. Elə
buna görə də bizim ölkəmizdə yaxşı
dramaturqların sayı bir əlin barmaqlarından daha
azdır.
- Gənc yazarlar arasında ən zəhmətkeşlərdən birisiniz. Həm də bir yazıçı olaraq, məhsuldarsınız. 24 saatınızı necə idarə edirsiniz?
- Yazmaq dinclik, ruhən rahatlıq deməkdir. Bu dincliyi və rahatlığı tapan kimi kompüterin arxasına keçirəm. O ki qaldı 24 saata, APA-da işim saat 10-da başlayır, 7-də bitir. Teatrda tədbirlərimiz, premyeralarımız olur və mətbuata cavabdeh şəxs kimi işimin başında olmağım vəzifə borcumdur. Tamaşa saat yeddidə başlayırsa, deməli, bəzi vaxtlarda evə getməyim axşam 11-12-nin yarısından tez olmur.
- Yaradıcılığa necə vaxt ayırırsınız? Hansı yenilikləriniz var?
- Son vaxtlar bir həqiqəti daha yaxşı başa düşmüşəm: insanın həqiqi yazmaq ehtiyacı varsa, vaxtı faciəyə çevirmək lazım deyil. Ssenarilər və hekayələr yazmaq istəyirəm. Kino mənim üçün hədsiz maraqlı sahədir. Hətta bir ara rejissorluq təhsili almaq fikrinə düşmüşdüm. Sonra nə yaxşı ki, bu fikirdən tez də uzaqlaşa bildim.
- Gənclərin, xüsusən gənc yazarların zəhmətə, əziyyətə münasibətini necə qiymətləndirirsiniz? Heç şikayətlənənlər olurmu?
- Ardıcıl şikayət edən adamla yoldaş olmaq müşkül məsələdir. Deyəsən, Marksın sözüdür: insanı əmək yaradıb. Mən uşaqlıqdan zəhmətə alışan adamam. Ona görə iş heç vaxt məni qorxutmayıb. Atam 30 ildir dövlət işində çalışır və hər bayramda Cəlilabada gedəndə görürəm, plan qurur ki, pensiyaya çıxanda hansı işlərlə məşğul olacaq. Volterin sözüdür: iş bizi üç böyük bəladan - avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 1 aprel.- S.9.