Eynəyin itməkliyi
Yayxınmışdı
kresloya, masanın üstü səliqəsiz halda
kağız-kuğuzla, müxtəlif qəzetlərlə
doluydu, qələmdanda müxtəlif rəngli on-on beş qələm vardı.
O, qələmləri
topasıyla iki ovucunun arasında oxlov kimi oynatmaqdan, özü
də kabinetdə işçiləri və kənar adamlar
olanda oynatmaqdan həzz alırdı. Bunu da bir
filmdə Mircəfər Bağırovdan
görüb-götürmüşdü.
Başının üstə böyük bir foto
asılmışdı. Dövlət başçısı jurnalistlərlə hansısa
görüşündə
hamı ilə görüşəndə təbii ki,
onunla da əl tutmuşdu. O da həmin şəkli
böyütdürüb vurmuşdu başının üstə.
Özü də,
oğlu da bununla fors edirdi. Bunu kitablarının birinin də
üzqabığına qoymuşdu.
Sağ tərəfindəki
yardımçı masada bir selektor, dörd dənə də
ağ rəngli
telefon vardı: biri redaksiyanın yerləşdiyi nəşriyyatın
daxili telefonuydu ki, heç vaxt istifadə etməmişdi, biri
qəbul otağına
bağlı şəhər
telefonu, ikisini isə fors üçün qoymuşdu, birinin də
üstünə gerb
yapışdırmışdı ki, guya hökumət
telefonudu. Bəzən kabinetdə hörmətli qonaq olanda həmin
telefonu qaldırıb hansısa yüksək vəzifəli
bir məmurla, ya bir nazirlə ciddi məsələ haqqında
danışar, ya da zarafat edərdi, əlini də
dodağına aparıb otaqdakına və ya otaqdakılara
“sus” işarəsi göstərirdi.
Səhər-səhər dostlarıyla babat
xaşlayıb gəlmişdi, kefi kök idi.
Katibəni
çağırdı, katibə də nazlana-nazlana girdi
içəri:
-
Eşidirəm, Rza müəllim.
Katibəni
bir ayaqdan-başa, bir də başdan-ayağa süzdü,
sonra gözlərini qıyıb qızın bədəninin
bir nöqtəsinə tuşladı:
- Ay
qız, sənə neçə dəfə demişəm belə
əndrabani geyinib əndamını çöldə qoyma?! Mənə
sənin modelliyin
ayrı yerdə lazımdı, işdə yox.
Katibə
yenə nazlandı:
- Baş
üstə, Rza müəllim.
-
Yaxşı, deynən
gəlsinlər
planlaşdırmaya. Çay da gətir,
özü də hamıya.
Bir azdan qapı açıldı, əməkdaşlar
bir-bir girdilər içəri, əllərində qələm-kağız,
düzüldülər qapının ağzına.
- Əyləşin də, gərək mən deyəm.
Hamı keçib oturdu.
Gördü
Əli bəy Hüseynzadə yoxdu, soruşdu:
- Bəs
Əli bəy
hardadı?
Cəfər
Cabbarlı:
- Dünən
qonaqlıqdan sonra tapşırdınız ki, səhər-səhər
getsin akademiyaya, bizim türk deyil, azərbaycanlı
olmağımızla bağlı görkəmli alimlərdən
açıqlamalar alsın.
- Hə,
yadıma düşdü. Özüm qəsdən
onu göndərdim. Əşi, elə
yapışıb türk belə getdi, türk elə getdi, biz
niyə türk oluruq ey? Bir millətiksə, qoy türklər
desin, biz azərbaycanlıyıq. Mirzə, mən
ölüm, düz demirəm?
Mirzə
Cəlil:
- Əlbəttə,
düz deyirsiz! Gərəkdi türklər desin biz azərbaycanlıyıq.
Özü də onlar türk deyillər ki,
osmanlıdılar. Sonradan özlərinə
Əli bəyin əsərlərini oxuyub türk dedilər.
Rza müəllim
üzünü tutdu hamıya:
- Deyin
görüm qonaqlıq necə keçdi ey?
Hamı
razılıq elədi:
- Əla.
- Hələ
siz gedəndən sonra iki-üç nazir dostum da gəldi.
Üzr istədilər, müşavirədəymişlər,
ona görə
gecikiblər. Səhərəcən
düt deyənəcən vurmuşuq. Həə, necəsiz
ey, işlər necə gedir? Görürsüz də qəzetimiz
od eləyir. O biri qəzetləri heç sayan yoxdu,
onlarınkı qəzet deyil ha. Ağızlarına
gələni yazırlar. Elə qəzetlərə nə deyirlər?
Üzeyir bəy:
- Bulvar qəzeti.
- Hə,
hə, Üzeyir bəy, bulvar qəzetləri. Başdan-ayağa şər-böhtandılar. Özləri də qapı-qapı düşüb
dilənirlər, adımızı batırırlar.
Katibə
çayları gətirdi və stəkanı birinci onun
önünə qoyanda əsəbləşdi:
- Bərli-bəzəkli
geyinməklə deyil ey, mədəniyyətin olsun, birinci stəkanı
ağsaqqalın qabağına qoyarlar!- deyə
Üzeyir bəyi göstərdi.
Katibə
çayları payladı, bu vaxt önündəki
çayı əlinin arxası ilə elə geri itələdi
ki, az qaldı stəkan aşsın, əsəbi
halda dedi:
- Bu nədi,
ay qız?
Katibə
yazıq-yazıq:
-
Çay!
-
Götür apar bu çayı dədən içsin, bu çay deyil,
oşala suyudu. Bilmirsən ki mən həmişə
yaşıl çay içirəm.
Bəylər, vallah, bu çay deyil. Bu
çay fabriki saman çöpündən tutmuş əlinə nə gəldi
rəngləyib doldurur bərli-bəzəkli
qablara, sırıyır camaata. Girdirmədi
hamısı. Gərək bir vaxt tapıb bu çay fabrikinə
bir əl bulayım. Gül kimi
çaylarımız vardı, ətri adamı bihuş edərdi.
Biz görmüşük ki, çay bir on-on beş
dəqiqə dəm alıb rəngini götürər. Amma
bu çayların
üstünə dağsu tökən kimi olur
qapqara. Ona görə böyüklər hamısı yaşıl çay
içir. Çay Lənkəran
çayıdı ey, o Şahağacıdı-nədi,
o. O da hər saat
tapılmır. Başçıya zəng eləmişəm
bir on-on beş kilo göndərsin hamınıza
bağışlayım.
Katibə çayları dəyişdi. Yaşıl çaydan bir qurtum vurdu:
- Həə,
bu başqa məsələ, ürəyin dərmanıdı.
Mirzə
Cəlil:
- Qoruyun
ürəyinizi, Rza
müəllim. Siz həssas
adamsız, hər bir incə şeydən təsirlənirsiz.
- Düz
deyirsiz, Mirzə.
- Hər
şeyi ürəyinizə salmayın.
- Olmur də,
Mirzə, onda gərək adam eşşək
ola.
Üzeyir
bəy:
-
Eşşəklər də gündən-günə
çoxalır.
Əbdürrəhim
bəy ciblərini axtarmağa başladı, amma istədiyini
tapa bilmədi, öz-özünə dedi:
- Balam, bu
necə oldu?
Rza müəllim:
- Bəy,
nə isə itirmisən?
- Eynəyimi
tapa bilmirəm, deyəsən otaqda qalıb.
Hamı
çevrilib təəccüblə Əbdürrəhim bəyə
baxdı, yaxşı bilirdilər ki, bəy eynək taxmır.
Əbdürrəhim
bəy qalxdı ayağa:
- Gedim bir
otağa baxım. Eynəksiz özümü çox pis hiss
edirəm.
Rza müəllim:
- Sən
niyə gedirsən, əyləş.
Katibəni çağırdı və
tapşırdı ki, getsin bəyin otağına, eynəyini
gətirsin.
Üzünü
tutdu Üzeyir bəyə:
- Hə, ağsaqqal, nə
yazırıq?
Üzeyir
bəy barmağıyla eynəyini bir az yuxarı qaldırdı,
sonra bığını
sığallaya-sığallaya dedi:
- Rza müəllim, məsələ çox ciddidi. Son illər özünüz görürsünüz də, qarayevlərin, əmirovların, niyazilərin nəsli kəsilməkdədi. Odur ey, Ramiz Mirişli də getdi, qalanlarımız Poladdı, Fərhaddı, Siyavuşdu. Cavanşir də küsüb gedib oturub Kiprdə özüyçün. Deyən də yoxdu ki, ay oğul, kimdən küsmüsən ona salam vermə, qayıt gəl yaz-yarat, yeni bəstəkarlar yetişdir. Nə təzə opera yazan var, nə simfoniya, nə də balet. Poladın baletindən sonra səhnədə təzə bir balet görmüsüz? Leyli və Məcnunu yazmağıma peşman olmuşam, Koroğlu yaddan çıxıb! Leyli-Məcnun, Leyli-Məcnun... Nə qədər Leyli-Məcnun olar. Çox ciddi bir araşdırma aparmışam, Konservatoriyanı da, Bəstəkarlar İttifaqını da, Opera Teatrını da möhkəm silkələmişəm. Solfecionu bilməyənlər at oynadır, bəstəkarlıq edir. Bütün ənənələr qalıb ayaq altda. Xalq mahnılarına da, bəstəkar mahnılarına da, hətta Tofiq Quliyevin də mahnılarına əl gəzdirib eləyiblər toy havası. Bircə qalıb Qədirin “Sona bülbülləri”ni toy havası eləsinlər...
Bu yerdə Rza müəllim Üzeyir bəyin sözünü kəsdi:
- Bəy,
bir dayan, bir toxta. Çox
ciddi bir məsələyə toxundun. Xəbərin
var də, Məcnunlar bir-birini qırır,
söyüşün biri bir qəpik. Nə
yapışmısan ey, Koroğludan, Kürd Ovşarından,
İldırımlı yollarladan? Kimə
lazımdı ey?! Oxucuya söyüş
lazımdı, qalmaqal lazımdı, televizora baxmırsan?
Sən belə elə,
tap Canəli müəllimi, Arifin dediyinin
üstünə beşini də qoy, mindir onu cin atına. Onsuz da Arifin əlindən yanıqlıdı. Qoy açsın sandığı, töksün
pambığı.
Cəfər Cabbarlı:
- Nə vardı deyib də, təzə nə deyəcək ki?! Özü də Rza müəllim, bu gün hansısa saytda oxudum ki, barışıblar.
Katibə qayıdıb gəldi və bildirdi ki, bəyin eynəyi otağında deyil.
Əbdürrəhim bəy yenə deyindi:
- Eyy, bu nə işdi? Bəs, bu harda qalıb?
Rza müəllim:
- Bəy,
narahat olma, tapılar, - sonra üzünü tutdu Cəfər
Cabbarlıya; - Deyirsən barışıblar?
- Hə!
Yuxarıdan necə zəng ediblərsə! Hətta
Canəli müəllim Çanaqqalada barışıq
qonaqlığı da verib.
- Boş
sözdü, saytdı də yazıb aypi yığsın. Yaxşı, onda götür Mənsumdan yaz.
Yaz ki, Mənsum Məcnunu Arifdən yaxşı
oynayır. Arifin dilindən də de ki,
Əlibabanın səsi var? Səsi varsa
bir Mənsuriyyə oxusun. Yaz ki, Zeynəbdən sonra səhnədə Leyli
olmayıb. Leylilər düşsün Zeynəbin üstünə. Oxudun da Flora
Zeynəbə nə dedi? Bir
vurhavur başlayacaq ki! Bizim də reytinqimiz vurub
çıxacaq kəllə-çarxa, hələ aypini demirəm.
Sən də yapışmısan operadan, baletdən,
simfoniyadan. Xəbərin var, Üzeyir Mehdizadə bu dəqiqə
səndən beş dəfə məşhurdu.
Bəy, sənə böyük hörmətim var, amma qəzetimi
səndən də çox istəyirəm, özümdən
də, incimə! İndi XXI əsrin əvvəlidi
ey, XX əsrin yox.
Mirzə
Cəlil əyilib Əbdürrəhim bəyə
pıçıltı ilə deyir:
- Bəy,
sən axı eynək taxmırsan, nə məsələdi?
Əbdürrəhim
bəy bığaltı gülümsəyərək:
- Bir az hövsələ elə, Mirzə,
özün görəcəksən?
Bu vaxt əl
telefonunda “Kurtlar vadisi”nin musiqisi səslənir. Əbdürrəhim
bəy telefona işarə ilə deyir:
- Rza
müəllim, Polad Ələmdar zəng edir.
Cəfər
Cabbarlı:
- Bəlkə
Mematidi.
Mirzə
Cəlil:
- Mematini keçən
seriyada öldürdülər.
Rza müəllim
əlini atır
telefona və bir qədər
əsəbi halda deyir:
- Deyəsən,
mənlə məzələnirsiz?!
Mirzə
Cəlil:
- Allah eləməsin,
Rza müəllim.
Telefonu açır.
-
Eşidirəm. Bay, səsini eşidək! Gün
hardan doğub? Belə də, qəzetdi
çıxarırıq. Azərbaycanın
bütün dahilərini yığmışam redaksiyaya.
Elə bu dəqiqə planlaşmadı. Salam göndərən
sağ olsun. Onlar da sənə salam deyir. Sizdə nə var- nə yox? Hardasan?
Karlovı Varıda? Kefdəsən
ki! Yox əşi, mən Karlovı Varıyla
qurtarmışam. Bir küçəni nə
qədər o tərəf- bu tərəfə getmək olar?
Elə bil Tarqovıdasan, hamısı da
özümüzünkülər. Adam salamlaşmaqdan,
öpüşməkdən yorulur. Heç levi də getmək olmur.
Ha-ha-ha! Əşi, o tayski masaj
boş şeydi, filippinlilərdi, vyetnamlılardı-nədi
it iyi verirlər. Kazinoların da ləzzəti
qaçıb. Hərənin əlində
bir telefon. O gün bir deputatın şəklini
çəkib veriblər yutuba, saytlara, yazığı biabır ediblər,
ehtiyatlı ol. Uzunqılçalı
qızlar gətirib hündür stulda oturdurlar, bilmirsən
onların qılçalarına baxasan, yoxsa karta.
Keçən il o qılçaların
hesabına iki min avro uduzdum, söhbət puldan getmir ey, Allah sənin
kimi dostların canını sağ eləsin, prosto adamı
lox yerinə qoyurlar. Yox, sağ ol, bilirəm eləmək istəyirsən, amma həvəsim
yoxdu. Sən sağ-salamat gəl, o pulu verərsən
gedərəm bir İspaniyaya. Bilirsən də “Barselona”nın balelşikiyəm, Messiyə jivoy baxmaq
istəyirəm. Baş üstə, Cəfər
müəllim elə yanımdadı, deyərəm yazar.
Müsahibə? Olsun
müsahibə, şəkilləriynən-zadnan.
Öpürəm.- telefonu
söndürür, üzünü tutur otaqdakılara; -
Vışşı
oğlandı, bratdı. Deyir, xərcin mənim boynuma, dur gəl Karlovı
Varıya. Əşi, day oraların zibili
çıxıb, heç suyu da bir su deyil. Hə, bəy, harda qaldıq?
Üzeyir
bəy bığlarını sığallaya-sığallaya:
-
Üzeyir Mehdizadədə.
Mirzə Cəlil bığaltı gülümsəyir.
Rza müəllim:
- Bəy,
o Üzeyir Mehdizadəni boş ver getsin, sən mənim dediyim
məsələləri qaldır, - deyir sonra üzünü
tutur Cəfər Cabbarlıya; - Hə, müəllim, səndə
nə var?
- Mən də teatrımızın, dramaturgiyamızın vəziyyətindən çox narahatam. Vaxt varıydı, tamaşalara bilet tapılmırdı, əldən güc-bəlayla tapırdılar. İndi nə olub? Niyə camaat teatrdan qaçır? Səbəb nədi? Qoyulan əsərlərin keyfiyyətimi, aktyorların səviyyəsimi, rejissorların yenilikləri mənimsəyə bilməmələrimi? Teatrşünaslarımız niyə susur? İlham Rəhimli niyə teatrdan uzaq düşüb?
-
İlham Rəhimlinin teatra nə dəxli? O
hüquqşünas deyil, özü də Putinin dostudu.
- Rza
müəllim, o İlham Rəhimlini demirəm.
- Ayrı
İlham Rəhimli də var?
- Var,
professordu, teatrşünasdı.
-
Əşi, ona deyin getsin familini dəyişsin, ölkədə
bir İlham Rəhimli ola bilər, o da
Putinin dostu.
- Deyərik,
Rza müəllim, deyərik. Məsələ ondadı ki,
hanı yeni şıxzamanovlar, turabovlar, xanızadələr, fuadlar?..
- Müəllim,
bir toxta. Elə bu günlərdə sənin
Almazını qoyublar ki, nə istəyirsən? Mirzənin də Ölülərini.
- Rza
müəllim, bu məsələnin həlli deyil. Hələ bu əsərləri necə qoyublar, bu
ayrı mövzudu. Problemlər daha dərindi. Biz
bunu araşdırmalıyıq, teatrlarımızın
inkişaf yolunu tapmalıyıq.
Qələmdandakı
qələmləri götürüb başlayır
ovuclarının içində oxlov kimi oynatmağa:
- Müəllim, getsinlər görsünlər Coşğunla Rəfaelin tamaşalarının biletlərinin üstündə niyə qırğın gedir. Azdramaya bilet dörd-beş manatdı, onların tamaşalarına əlli manat. Getsinlər onlardan öyrənsinlər də! Sən başqa məsələni qabart ey. Odur, Fuad küsdü getdi, Əli Əmirlinin Qacarı qaldı ortalıqda. Hətta mən də gedib baxmışdım, əla tamaşaydı. Ora teatr deyil ey, intriqa yuvasıdı. Azərpaşa gərək ATƏT-i çağıra ki, bəlkə onlar intriqaları Qarabağ problemi kimi həll eləsinlər. Nə qoyub, nə axtarırsan? Sən belə elə də, o bir qız var ey, təzə-təzə oxumağa başlayıb. Əvvəllər sauna qiyməti əlli manat idi. İndi villası, cipi. Bizim bu pulluların da lap zövqü ölüb. İndi də bayaq zəng eləyən dost xahiş elədi ki, ondan bir müsahibə verək, piyarını təşkil edək. Sən ondan bir qalmaqallı müsahibə al, qoy məşhurları söysün, Floranı söysün, Aygünü söysün, o Faiq Ağayevi söysün, gündəm olsun.
- Axı onun səsi yoxdu.
- Nə olsun ki, səsi yoxdu, guya o biriləri Rübabədi, Şövkətdi, Nisədi? Səsləri var ki?! Kompüterin hesabına atılıb-düşürlər. Mən də dosta deyərəm bu yay səni göndərər Kislovodskiyə kef edərsən; - üzünü tutur Üzeyir bəyə: - Nətər fikirdi, bəy?
Üzeyir bəy:
- Əla fikirdi. Bəlkə deyəsən məni də Şuşaya sanatoriyaya göndərə?
- Niyə demirəm, deyərəm, göndərər gedərsən Şuşaya! Hara? Bəy, sən də zarafatından qalmırsan ey. Deyərəm göndərər Naftalana.
Sonra Rza müəllim üzünü tutur Mirzə Cəlilə:
- Həə, Mirzə, hamıya ləzzət
edir də sənin yazıların. Hərəsi bir bombadı. Partladır qəzetin reytinqini.
Bir prokuror dostum var, sənin balelşikindi, deyir Mirzənin
bütün yazılarını yığıb saxlayıram. İcazə versə,
sponsorluq edib kitab kimi çap etdirərəm.
İnanmazsan, mənə yalvarır ki, onu sənlə
tanış edim. Gərək deyəm, bir mələməmiş
quzu kəsib bizi yığsın bağa. Nə
isə, sən nə yazırsan?
Mirzə
Cəlil istehza ilə bir otaqdakılara baxdı, bir Rza müəllimə
baxdı və dedi:
-
Yazım hazırdı, müdir. Amma bilmirəm
bombadı, yoxsa, qrad.
- Qəşəng başlıq
seç. Camaat indi başlığa görə yazını
oxuyur: ata qızını zorladı, qardaş
bacısının başını kəsdi, təzə gəlin
ərini bacısıyla tutdu. Bax, belə
başlıq seç. Səninkinin
başlığı nədi?
-
Zırrama!
- Əhsən, Mirzə, yoxdu ey səndən. Əşşi
bomba nədi ey, qrad nədi ey, bu esüçyüzdü.
Zırrama! Bəli, bəli Zırrama! Əşi, bu
zırramalar aləmi
bürüyüb ey. Karidora çıxırsan
zırramalar, küçəyə çıxırsan
zırramalar, restorana girirsən
zırramalar... əllərindən
tərpənmək olmur. Baxırsan alimdi,
intiligentdi, beş-on dəqiqə söhbət edirsən,
görürsən zırramanın yekəsidi. Hələ
bu qəzet redaktorları var ey, iki eşşəyin arpasını bölə
bilmirlər, qəzet
çıxarıb camaata ağıl verirlər. Özləri də zırramanın lap yekəsidilər.
Əbdürrəhim
bəy:
- Düz
deyirsən, Rza müəllim. Bir para zırramalar mətbuatı
da ələ keçiriblər, ayda yalanpuşdan bir qəzet
buraxırlar, adlarını da qoyublar baş redaktor. Hərəyə
də bir vəsiqə verib salıblar bu ölkənin canına. O gün getmişdim Beyləqana,
mehmanxananın müdiri mənə düz on doqquz dənə
baş redaktor vəsiqəsi göstərdi ki, pullarını
verə bilməyib, sənədlərini girov qoyublar ki, gəlib
götürəcəklər.
Yaz, Mirzə, yaz, ifşa elə belələrini. Bir qəpiklik
qələmləri yoxdu, yüz ilin qəzetçilərini, əlibəyləri,
əhməd bəyləri, nemanzadələri bəyənmirlər.
Ar yox, abır yox.
Cəfər
Cabbarlı:
- Hə,
düz deyirsən. Gör hər gün biz nə
çəkirik ey.
Rza müəllim
təbii ki, Cəfər Cabbarlının eyhamını başa düşmədi,
başa düşə də bilməzdi:
- Hə,
müəllim, sizin kimi intiligentlər üçün lap çətindi. Bax,
zırramaların hər şeyləri var, villaları, cipləri,
sizlər də quru maaşa işləyirsiz. Qiymətlər də bir tərəfdən.
Getmişdim bazara, gördüm bazar od tutub yanır.
Əbdürrəhim
bəy:
- Yanğınsöndürən çağıraydız.
- Əşi, nə yanğınsöndürən? Kürü
axıtsan da sönən deyil. Doğrudan
ey, hərdən fikirləşirəm, bu maaşla necə
yaşayırsız?
Üzeyir
bəy:
- Birtəhər
yola veririk.
- Həə,
Mirzə, nədən danışırdıq?
-
Zırramadan.
- Əla, çox gözəl. Yaz! O nömrəni zırrama bildiklərimin
hamısına göndərəcəm. Bəlkə oxuyub bir az özlərinə çəki-düzən
verələr.
Mirzə
Cəlil:
- Rza müəllim, imkan tapsan bir
özün də oxu.
Rza müəllim:
- Vallah,
vaxt olmur oxumağa. Bu tədbirlər, ziyafətlər,
toy-moylar qoyurlar ki, başını qaldırıb heç
olmazsa öz qəzetini oxuyasan?! Amma sənə
söz verirəm, mütləq oxuyacam. - Sonra
üzünü tutur Əbdürrəhim bəyə: - Bəy,
sən şuşalısan da.
- Nədi
ki?
- Deyirəm,
Vəzirovnan-zadnan qohumluğun yoxdu ki?
- Xeyr. Zadnan qohumluğum yoxdu, amma qurtdalasaq körpüdən
keçəndə Vəzirovla yan-yana dəymiş olaram. Ehtiyat edirsənsə,
ərizəmi yazıb gedə bilərəm.
- Əşi, nə
danışırsan, elə-belə soruşdum.
Mən bilən onun bir yazıçı qohumu olmalıydı axı? Qarabağ tarixindən-zaddan yazmışdı,
adı nəydi, hə, Nadir şah.
Mirzə
Cəlil:
- Rza
müəllim, Nadir şahı Nərimanov yazıb.
Əbdürrəhim
bəy yenə gülümsəyir:
- Yox, Mirzə,
Nadir şahı Yunus Oğuz yazıb.
Rza müəllim:
- Yox, əşi,
Yunus Oğuz mənim dostumdu. Budey, avtoqrafla da kitab
bağışlayıb mənə, - stolun üstünü axtarır və bir kitabı
götürür; - Budur ey, onun yazdığı Əmir
Teymurdu.
Əbdürrəhim
bəy:
- Rza
müəllim, Nadir
şahı da yazıb.
- Bəs,
mənə niyə bağışlamayıb?
Mirzə
Cəlil:
- Deyərsiz
bağışlayar.
Rza müəllim:
- Bəs Vəzirovun Qarabağdan yazan o qohumunun adı nəydi?
Üzeyir
bəy:
- Yusif Vəzir.
Əsərin də adı Qan içində.
- Hə,
hə, yadıma düşdü.
Bəs, indi o haralardadı?
- Pensiyaya çıxıb.
- Pensiyanın da yaş həddini artırdılar. Hə, Bəy, günün mövzusudu. Saytlar, sosial şəbəkələr partlayır. Bu deputatları ver qələmiyin ağzına.
Əbdürrəhim bəy:
- Rövnəq müəllimdən başlayım?
- Nədi, qəzetimizi bağlatmaq istəyirsən? Sən Zahid Orucdan başla. Spikerin də ondan xoşu gəlmir. Özü də nədən oldu danışır. O, hardan deputat seçilib?
- Bərdədən.
- Yaz ki Bərdənin yarısını keçirib monapoliyasına, qaz vurub qazan doldurur.
- İnanmazlar ey.
- Niyə?
- Parlamentə avtobusla gəlir.
- Əşi, yaz ki gözdən pərdə asır, kimə lazımdı ey, əsas odur düşsün dilə-ağıza.
- Rza müəllim, amma bir məsələ var, eynəyim tapılmadı axı. Deyirəm bəlkə dünən sizdən gələndə qalıb maşınınızda. Mən də eynəksiz kor kimiyəm, nə yaza bilirəm, nə də oxuya bilirəm.
Katibəni çağırır:
- Ay qız, şoferə zəng elə, bir maşına baxsın görsün Bəyin açkisi orda qalmayıb?
Bir azdan
sürücü zəng edir:
- Şef, Bəyin açkisi maşında yoxdu. Bəlkə
ayrı yerdə qalıb?
Rza müəllim:
- Bəy,
maşında yoxdu, bir yaxşı fikirləş, bəlkə
açkini ayrı yerdə qoymusan?
Əbdürrəhim
bəy geri addım atmadı:
- Yox, yox! Rza müəllim, axırıncı dəfə sizdə istifadə etmişəm. Yadımdadı, dördüncü cildinizi vərəqləyəndə. Sözgəlişi, sonuncu cildiniz möhtəşəmdi. Xüsusilə də Qarabağ savaşında milli satqınlarımızın iç üzünü açıb göstərmisiniz. Çox gözəl araşdırmadı. Günahın özümüzdə olduğunu çox ciddi və tutarlı faktlarla, dəlillərlə oxuculara çatdırırsız.
- Sağ
ol, Bəy, sonuncu deyil. Beşlə,
altını da vermişəm çapa. Hər
ikisini də yenə Qarabağa həsr etmişəm. Gərək
yazaq, gələcək
nəsillər görsün nələr çəkmişik
də. Qoy gələcək nəsillər bilsinlər də
Xalq Cəbhəsinin iç üzünü. Onlarınkı
torpaq davası deyildi ha, kreslo davası idi.
Üzeyir
bəy:
- Xalq Cəbhəsinin
vaxtında Ağdərəni azad eləmişdik, Xankəndindən
də ermənilər
köçürdü.
- Bəy,
sən də elçibəyçilər kimi
danışırsan. Bir az da qalsaydılar,
ölkə getmişdi. İndi bircə dərdimiz
var, o da Qarabağ dərdi. Qarabağ dərdi bizi çərlədib
öldürəcək. O gün oğlum Parisdən zəng
edib deyir ki, papa, nəyi gözləyirik ey? Deyirəm,
a bala, sən dərsini oxu, orda bizim diaspora ilə məşğul
ol. Əl çəkmir, yapışıb
ki, nəyi gözləyirik ey?!
Cəfər
Cabbarlı:
-
Lazımı!
-
Lazım kimdi?
-
Lazım lazımdı də. Gərək o gələ
ki, Qarabağı həll edək.
Mirzə
Cəlil:
-
Buraxın, Qarabağ problemini. Bəyin eynəyi itib, siz də
başlamısız... Ona görə
Qarabağı ala bilmirik ey. Hələ bu
eynək məsələsini həll eləyin, Qarabağ
qaçmır ki?
Əbdürrəhim
bəy:
- Rza
müəllim, siz Qarabağın dərdin çəkməyin,
bununla ATƏT
məşğul olur. Əsas mənim eynəyimdi.
Bəlkə sizin evdə qalıb?
Telefonu
götürüb evə zəng edir:
- Ay
qız, kim
var evdə, xanım hardadı? Yatıb? Yox, qoy yatsın, sən
də evə yaxşı bax. Gör bəyin
açkisi oralarda qalmayıb? Telefonda
gözləyirəm. Yoxdu? Bəy, deyir yoxdu.
Əbdürrəhim
bəy:
- Rza
müəllim, sən Allah, təzədən zəng elə.
Denən yaxşı-yaxşı baxsınlar. Hələ nə qədər
yazı-pozum var. Güman ki, kitabın arasında
qalıb. Məndə adətdi,
bəzən eynəyi
kitab oxuyarkən qaldığım yerdə qoyuram ki, bir də
həmin səhifəni axtarmayım.
Yenə
evə zəng edir:
- Ay
qız, yaxşı axtar də! O dördüncü cildin arasına
bax. Bəy deyir bəlkə orda qalıb. Nə oldu? Orda da yoxdu? -
Telefonu yerə qoyur; - Yox, Bəy, tapmadı. Sən
ölçünü de, şoferi göndərim bizim optikaların birinə,
təzəsini alıb gətirsinlər.
Cəfər
Cabbarlı:
- Bəy,
al özümünkün verim sənə, mənim evdə
biri də var.
Əbdürrəhim
bəy Cəfər Cabbarlının eynəyini alıb
taxır, önündəki kağızlara baxır:
- Yox, Cəfər
müəllim,
gözümə düşmədi.
-
Yaxşı, durun gedin işinizdə olun, mən şoferi
göndərərəm gedib yaxşı-yaxşı axtarar.
Bəylər
qımışa-qımışa çıxırlar. Cəfər Cabbarlı gülə-gülə
Əbdürrəhim bəyə deyir:
- A bəy,
bu eynək nəydi belə?
- Cəfər,
bu zırramaya heç olmasa bir dəfə zırrama
olduğunu sübut eləmək lazımdı, ya yox?!
- Deyəsən,
sən onu ağdamlı bəyin gününə salacaqsan.
- Bəylər,
hələ ondan da betər günə salacam,
darıxmayın!
Rza müəllim
katibəni
çağırır:
- Ay
qız, gəl bu interneti aç, Möhtəşəm yüzilə baxım.
Axşam evdə dördüncü cildimi yuyurduq, qonaqlar çoxuydu,
baxa bilməmişəm. De görüm, o
sultanın adı nəydi?
- Murad.
- Hə,
qardaşını öldürdü, yoxsa y
ox?
- Hələ
öldürməyib.
- Bunlar da qəribə adamlardı ey, biri oğlunu öldürür, biri qardaşını, o biri bacısının ərini asdırır, o biri anasını türməyə basır. O boyda imperatorluqlarının içinə arvadları oturdu. Kişinin də iki yüz-üç yüz arvadı olarmı? Əliyin üstə əl var, get bazlığını elə də. İldə birinə bir dəfə düşəsən, yox! Onlar da oturub bir il səni gözləyəcək, sən öl. Paylayacaq də! Ona görə indi qalıblar on-on beş terrorçunun əlində. O Polad Ələmdar noldu ey, çoxdandı görünmür?
-
Sentyabrdan başlayacaq.
Katibə
filmi tapır:
- Buyurun. Çayınızı təzələyim?
- O
çayı əzizlərin içsin. Ordan
viski gətir, buz da at içinə.
Katibə
viski gətirir, bir qurtum içir, siqaretini yandırır, yayxınır kresloya,
başlayır filmə
baxmağa. Bu vaxt telefon yenə zəng çalmağa
başlayır:
-
Eşidirəm, booyy, xoş gördük, xoş
gördük. Çoxdandı zəng etmirsən,
təzə nazirlə neynirsən? Ötən il, o şəhər var dənizin içində,
adı… hə, hə, Venetsiya, orda bir yerdəydik. Əşi, köhnə naziriniz çox
şişmişdi ey. Düzdü, salam-sabahımız
vardı, amma son zamanlar
lap qığ yemiş
toyuğa dönmüşdü, adama salamı şeyinin ucu ilə verirdi. Təzə nazirinizlə o gün bir toyda babat vurduq.
Canlara dəyən
oğlandı. Qoy yerin bir az isitsin,
tanış edərəm. Nə? Nə açki? Açki nədi?
Sən açki taxırsan? Bəyin
açkisi? Əşi, neynirəm bəyin
açkisin. Dünən bizdə
sapıçıxınca vurmuşdu. Allah
bilir harda itirib. Deyirəm təzəsini
alım verim, istəmir. Əşi, yox, sən öl, bizdə qalmayıb.
Evi iki dəfə axtartmışam,
tapılmayıb. Sən niyə alırsan? Özüm
bu axşam ona bir firminni açki alaram. Görüşərik.
Nə vaxt könlün istəsə zəng elə,
gedək Çanaqqalada bir Qarabağ quzusu yeyək.
Telefonu
atır masanın üstə, katibəni
çağırır:
- Ay
qız, gəl
bunu başdan qoy, imkan vermədilər doğru-düzgün
baxım.
Katibə
filmi başdan qoyur:
-
Müdir, nə çətin şeydi, öyrən də bu
kompüteri. İstəyirsən mən öyrədim.
-
Kompüteri öyrənsəm, day sən mənim nəyimə
lazımsan?
Katibə
nazlanır:
- Mən
sənə elə kompüter üçün lazımam?
-
Yaxşı, yaxşı, nazlanma, qoy kinoya baxım.
Viskidən
bir qurtum da vurur, təzə siqaret yandırır:
- Sənin
sultan boyunu yerə soxum, qalıb arvadların əlində.
Telefon yenə
səslənir, əsəbi halda götürüb nömrəyə
baxır, könülsüz-könülsüz açır:
- Salam, beş də artıq. Nə xəbər?
Belə də, qəzetdi,
çıxarırıq. Kim? Əbdürrəhim
bəy? Kef edir özüyçün.
Böyük yazıçı olmasa mənim qəzetimdə
nə işi var?! Çatdırram. Nə açki? Ə, bəsdirin də, yekə
kişisiniz, lap zəhləmi tökdünüz...
Telefonu söndürüb qoyur cibinə və durub kabinetdən çıxır. Dəhlizdə Mirzə Cəlillə rastlaşır:
- Bəy hanı?
- Getdi. Eynəksiz burda neyləyəcək ki?! Rza müəllim,
evi bir də axtarsalar pis olmaz. O eynəyə öyrəşmişdi.
- Mirzə,
bilirsən ki xətrini
çox istəyirəm. Amma məni cin atına mindirməyin.
Əşi, onun açkisi nəyimə
lazımdı? Az qala bütün şəhəri töküb
üstümə. Nə
isə... Gedirəm, Bəyə on-on beş açki alacam, nə qədər
itirir-itirsin.
Getmək
istəyəndə Mirzə Cəlil saxlayır:
- Mənim yazım
hazırdı.
-
Hansı yazı?
-
Zırrama!
-
Hazırdı, verin getsin də.
- İstəyirəm birinci səhifədə sizin
köşə yerinizdə elə sizin şəkillə
getsin. Sizin köşə çox oxunur axı.
- Ay Mirzə,
məni dolamısan? Mənim köşəmin sənin
yazına nə dəxli? Hara istəyirsən qoy, lap
manşetə qoy, amma
əl çəkin məndən. Redaksiya
deyil ey, dəlixanadı.
Həyətdə
maşına minmək
istərkən nəşriyyatın direktoru ilə
rastlaşdı, görüşüb-öpüşdülər,
hal-əhval tutdular.
Direktor:
- Bir az əsəbi görünürsən, sir-sifətin
də qaralıb. Xəstə-zad deyilsən?
- Yox, əşi,
qoz kimiyəm. Amma səhərdən o qədər zəhləmimi
töküblər ki! O zəng
edir açki, bu zəng edir açki...
Direktor:
-
Açki dedin, yadıma düşdü. Eşitdim Bəyin açkisi sizdə qalıb.
Tapıldı?
Özündən
çıxdı:
- Əşi, açki itirənə də söyərəm,
tapana da. Get
işinlə məşğul ol, mən bilərəm, Bəy
bilər. Sənə nə düşüb.
Get ondansa idarəni təmir et. Tualetə
girəndə bir həftə adamın üstündən tualet iyi gəlir!
- dedi və maşına əyləşib
qapını da möhkəm örtdü; - Sür, ə! Avara adamlar!- dalınca da ağır bir söyüş
söydü.
Direktor isə qımışa-qımışa girdi
binaya. Bəyə
zəng elədi:
- Bəy,
qaqam hazırdı. Bir az da getsə infakrt
olacaq.
Sürücü:
-
Müdir, hara sürüm?
- Cəhənnəmə.
Sürücü
söz altında qalmadı:
- Hələ
tez deyil?
- Ə, sarsaqlama. Görmürsən ölü
rəm?
Sür Ziya doktorun
balnisasına.
Klinikanın həyətində maşından
düşəndə telefonu yenə zəng çaldı. Dilxor-dilxor telefonu
açdı:
- Hə, Rza bəydi. Günaydın, günaydın. Kimdi? Avrasiya Yazarlar Birliyindən? Yaqub Öməroğlu? Bir daha günaydın. İyiyik, siz nasılsınız? Ankarada havalar nasıl? Buraya bahar çokdan gəlmiş. Misafirimiz ola bilərsiz. Kim? Əbdürrəhim bəymi? İyi, iyi, çok iyi. Öylədi, böyük yazardı. Ankarada kitabı basılmışmı? Nə güzəl, nə güzəl! Dəvətmi etmək istiyorsuz? Nə güzəl, nə güzəl. Problemmi çıkmış? Ne problem çıkmışsa həll edəriz. Gözlük? Gözlük ne? Eynəkmi? Gözlüyü bendemi qalmış? Bura bak, arkadaş, bakmaram türksən-nəsən, beni hırs atına mindirme. Senin de, Əbdürrəhim beyin də, Avrasiya Yazarlar Birliyinin də... - dedi və telefonu hirslə vurdu yerə, sonra da başladı tapdalamağa.
Telefon parça-parça oldu.
Doktor Ziyanın kabinetinə girəndə artıq halı özündə deyildi, tıncıxmışdı, ağır-ağır nəfəs alırdı:
Doktor Ziya cəld yerindən qalxdı:
- Boy,
qardaş, bu nə haldı? Əyləş, əyləş; - qolundan tutub
divanda oturtdu; - Ay qız, ordan su gətir.
Su gətirdilər,
özü içirtdi, sonra təzyiqini ölçdü:
- Təzyiqin
çox yüksəkdi, yüz on-yüz səksən beş, iynə vurmaq lazımdı.
Bu vaxt
Doktor Ziyanın telefonu səsləndi, qalxıb telefonu
götürdü:
- Salam.
Sağ olun, siz də yaxşı olun. Rza müəllim?
Hə, burdadı. Elə bir şey deyil, bir az təzyiqi
qalxıb, indi iynə vurarlar, keçər. Olur da, iş, əsəb,
stress, hava da bir tərəfdən, gündə üç dəfə
dəyişir. Nə deyim? Nə açki?
Bəyin açkisi? Bu dəqiqə; -
telefonu qulağından yendirir, “eynək” sözünü eşidəndə Rza müəllim bir-iki dəfə udqunur, nə isə
demək istəyir; - Rza müəllim, Üzeyir bəydi, deyir
Əbdürrəhim bəyin eynəyi sizdə qalıb, ver
sürücümlə göndərim.
Rza müəllim ağzını açıb nə isə demək istədi, gücü çatmadı, ağzı köpükləndi. Doktor Ziya əlindəki telefonu tullayıb özünü atdı onun üstünə, sinəsini aça-aça ucadan dedi:
- Tez eləyin, tez eləyin, götürün reanimasiyaya.
Səhər Rza müəllimin qəzetinin birinci səhifəsində Mirzə Cəlilin “Zırrama” hekayəsinin yanında belə bir xəbər də getdi: “Məşhur jurnalist Rza Dağlaroğluna sui-qəsd cəhdi olub, hazırda xəstəxanadadı. Həkimlər vəziyyətinin orta ağır olduğunu bildirirlər”. Saytlar da bu xəbəri göydə qapıb yaydılar.
Günortaya yaxın saytlar daha bir məlumatı yaydılar: “DİN təkzib edir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlum sui-qəsd hadisəsi ilə bağlı bildirir ki, Daxili İşlər Nazirliyində belə bir məlumat yoxdur. Dəqiqləşdirmişik, baş redaktor Rza Dağlaroğluna heç bir sui-qəsd cəhdi olmamışdır. Səhhətində müəyyən problemlər olduğuna görə şəhərdəki 5 nömrəli klinikaya yerləşdirilmişdir”.
Bir az keçmiş saytlar klinikanın baş həkimi Doktor Ziyanın belə bir açıqlamasını paylaşdılar: “Bəli, Rza Dağlaroğlu həqiqətən bizim klinikada müalicə alır, heç bir silahlı saldırıya uğramayıb. Sui-qəsd olmağına olub, amma mənəvi sui-qəsd. Hazırda vəziyyəti normaldı”.
Rza müəllim təkadamlıq palatada ləzzətlə qəzetlərdəki və saytlardakı özü ilə bağlı xəbərləri oxuyurdu:
- Mənim vesimə bax, ə, bütün
ölkə məndən danışır!
Aqil ABBAS
525-ci qəzet.- 2017.- 1 aprel.- S.14-15;24.