Ölümsüzlük istəməm...
Sənətin təqdimatı olmasa, həyatdan nə
qalar? Qupquru bir xronologiya.
İstər bir insanın həyatı, dünyası
olsun, istər bütöv xalqın, sənətdə əksini
tapınca tarixə çevrilir. Yəni yaddaşlarda qalan tarixə...
Amma qəribədi ki, sənət də həyatdan,
gedişatdan, hətta bəzən gündəlik nəzərə
çarpmayan hadisələrdən xeyli asılıdı.
Bəzən sıradan bir hadisə hansısa sənət
əsərinə münasibəti tamam dəyişə bilər.
Bəzən çox böyük olay, faciə
unudulmuş sənəti gündəmə gətirər.
Və maraqlıdı ki, bütün bu məsələlər
həm də sənətkarın özünün taleyindən,
xarakterindən asılıdı... Əslində
elə sənətkarın sevilməsi, şöhrət
tapması, əsərlərinin yayılması da hansısa
yazılmamış qanunlarla tənzimlənir. Kütlənin sənətkarı, elitanın sevdiyi
sənət və digər anlayışlar da bu mənada
düşündürücüdü. Birinin
sadədən sadə ifadə tərzi onu bəsit göstərir,
başqasının bu cür yazması onu xalqa
yaxınlaşdırır. Kimsə
ölümü ilə birdəfəlik unudulur, ayrısı
ölümsüzlüyü elə təkcə
ölümü ilə, faciəvi taleyi ilə qazanır.
Meyar nədir? Kriterilər
necə, hansı şəkildə müəyyənləşib?
Bilinmir! Əslində bəlkə də əsas
meyar bütövlükdür. Sənətiylə,
məişətiylə, həyatı və taleyiylə
bütöv bir vəhdət, harmoniya təşkil edən sənətkar
qalır tarixdə. Həm ayrı-ayrı adamların
tarixində (yaddaşında!), həm dünyanın...
...Aprelin
1-də böyük rus şairi Yevgeni Yevtuşenko əbədiyyətə
qovuşdu. Bir gün əvvəl ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilən Yevtuşenko 85
yaşında bu dünyadan köçdü. Və bununla da əsərlərinə tamam yeni bir
intonasiya bəxş etdi. Ölümündən sonra
şeirlərini də ayrı cür qavrayır adam...
Yevtuşenko
Rusiyada ötən əsrin 60-cı illərində ədəbiyyata
gələn, "altmışıncılar" kimi
tanınan nəsildən idi: onların sağ qalan yeganə
böyük nümayəndəsi. Bulat Okucava, Andrey Voznesenski,
Bella Axmadullina, Vladimir Sokolov, Rimma Kazakova, Vladimir Vısotski,
Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Aksenov, İosif Brodskinin daxil
olduğu bu nəsil ədəbiyyata tamam yeni bir ruh, ovqat, məzmun
gətirmişdilər. Amma nədənsə
bunlardan ən çox məhz Yevtuşenko sevilmişdi,
fantastik şöhrət qazanmışdı.
Anar
şairin 80 illik yubileyinə həsr etdiyi "Zamanın
amansız üzü" essesində yazır: "Bəlkə
də sırf bədii cəhətdən Yevtuşenko Andrey
Voznesenski, yaxud İosif Brodski kimi sənətkarlardan geriydi, elə
özü də yazdığı şeirlərin yetmiş
faizini zəif hesab edirdi. Buna baxmayaraq, daim diqqət mərkəzində
qalmaq bacarığı sayəsində o, bütün
vaxtların bütün ədəbiyyat və incəsənət
xadimlərindən, o cümlədən müğənnilərdən
və aktyorlardan daha çox məşhur idi..
Onu hər kəsdən çox sevirdilər,
xalqın sevgisini qazanmaq isə yaxşı məlum olduğu
kimi qısqanc müasirlərin gözündə ən
ağır günahdır". Yazıçının
dəqiq fikirlərini davam etdirib demək olar ki, məgər
repressiyalara, sürgünlərə aparan yollarda elə bu
paxıllıqlar, qısqanclıqlar rol
oynamamışdımı? Bu mənada Yevtuşenkonun bəxti
gətirmişdi, repressiyalar arxada qalmışdı, daha 37-ci il deyildi. Lakin müqəvvasının
yandırılmasından tutmuş, Sovet vətəndaşlığından
çıxarılmaq təhlükələrinə kimi bir
çox eybəcərlikləri yaşamışdı
şair. Qələmi dinc durmurdu ona görə.
Sovet dövründə böyük xəyanətkarlıq
sayıla biləcək işlərinə görə... Məsələn,
nəzmlə qələmə aldığı
avtobioqrafiyasını fransız mətbuatında çap
etdirməsi, yaxud Sovet qoşunlarının Çexoslovakiyada
törətdikləri haqda "Praqada tanklar gəzir"
şeiri kimi "əməllərinə" görə...
Bütün bunlara görə şair daşlanırdı
öz vətənində... Bəlkə ona
görə ilk fürsətdəcə burdan uzaqlaşdı,
ömrünün son illərini yad ölkədə, ABŞ-da
yaşamalı oldu, orda da dünyasını dəyişdi.
Əslində bütün bu kiçik, ya böyük
faktlar dərdli bir sənətkar obrazı gətirir göz
önünə. Amma şeirlərini oxuyanda, öz ifasında dinləyəndə,
müsahibələri ilə tanış
olanda həyatla dopdolu, insansevər birisini görürsən. Həm də qəribə bir önduyumu var
şairin. Əslində ölümü hiss etmək
üçün heç önduyuma da ehtiyac yoxdu. Hər halda
indi, vəfatından sonra Yevtuşenkonun ölümdən
danışan şeirləri ayrı cür səslənir:
Ağappaq
qarlar yağar -
Sapa
düzülmüş muncuq
Hey
yaşardım, hey yaşar
Mümkün deyil, nə yazıq.
Yağar,
əriyər qarlar
Kim əcələ yalvarar?
Mən də
bir gün gedəcəm -
Ölümsüzlük
istəməm...
(Tərcümə:
Anar)
Şeiri ilə, sənəti ilə
ölümsüzlük qazanan şair reallığı
yaxşı bilirdi. Bəlkə əslində
"Ölümsüzlük istəməm" deməsində
də iddiası ölümsüzlüyədir. "Ostankino" studiyasında oxucularıyla
görüşlərin birində ona ünvanlanan -
"İnsanlıq üçün hansı kəşfləri
etmək istərdiniz?"- sualına
son dərəcə səmimi şəkildə "Çox
istərdim ki, insanlar heç vaxt ölməsinlər" -
deyə cavab vermişdi. Axı nə baş
verir insan öləndə? Sənətkar
öləndə nə dəyişir? Bəlkə
həyatı dərk etmək, daha yaxşı anlamaq, qədrini
bilmək üçündü ölüm? Şair
özü də bunu yazırdı:
Ölüm
hissi duymadan həyat hissi də olmur
Kimdir dünyadan gedib su tək qumlara hopan?
Ölənlərin
yerini tutsalar da dirilər
Qalanlar gedənləri əvəz etməz heç zaman.
(Tərcümə:
Anar)
Şair "Əvəzolunmaz insan yoxdur" - kimi mənasız
bir düşüncəni darmadağın edir. Necə yəni yoxdur əvəzolunmaz
adam? Var, əlbəttə
var. Çünki hər insan öz-özlüyündə
orijinaldı və onun daha bir kopyasını yaratmaq, yaxud əvəz
etmək cılız düşüncədən başqa bir
şey deyil. Lakin Yevtuşenko xoşbəxtliyin, yaşamağın
daha gözəl, daha dəqiq reseptini verir:
Bildim ki,
cocuq vaxtı daha bərraqdı qarlar,
Gənclikdə daha yaşıl görünürlər
ormanlar.
Bir həyatda
neçə ömür yaşayacaqsan sən hətta
Nə qədər
ki, sevmisən ömrün boyu həyatda...
(Tərcümə:
Anar)
Sevgiyə
də münasibəti fərqli idi şairin... Sevirsə,
yaşayır deməli... Sevdisə, qazanmalıdı...
Gözəlliyə göz yuma bilməz. Saxtakarlıq edib sevmədiyi adamın yanında
durmaz. Yəqin elə ona görə
dörd dəfə evlənmişdi. Birinci
xanımı məşhur şairə Bella Axmadulinaya
yazdığı sevgi şeirləri dillər əzbəridir.
Şairin bu evliliyi nə qədər
"poetik", nə qədər romantik görünsə də,
o, həyatından keçən başqa qadınları da
eyni cür dəyərli sayır, "Kişinin ona bu gözəl
hissləri bəxş edən qadına minnətdar olmamağa
haqqı yoxdur!" - deyir. Görünür şairin "Sevimli dostum yanıma
gəlmir", "Sənin rəqsin", "Yat sevgilim,
yat" kimi sevgi şeirlərini bu qədər sehrli, təsirli
edən də elə həmin minnətdarlıq duyğusudur.
Çünki məhz o ilahi övqat şeiri ŞEİR
edir...
Şairin
görüşlərinin videolarına baxanda, nəfəs
çəkmədən onu dinləyən yüzlərlə
adamın, publikanın halını hiss edəndə kədərlənir
adam. Onun ölümündən
sonra kədərlənir. Axı bu yüzlərlə,
minlərlə adamın həmdəminə, təsəllisinə
çevrilmişdi şair... Onda sual oluna bilər
ki, əgər ölüm qaçılmazdısa, hər kəs
də bunu bilirsə, hələ üstəlik şairin əsərləri
ondan sonra da qalırsa, yaralara məlhəm olursa, onda problem, dərd
nədədi? Niyə insan 85 yaşlı sənətkarın
ölümünə belə acısın?
Çünki əslində Yevtuşenko kimi şairin
ölümü onun əsərləriylə yaşayan,
böyüyən, tərbiyə olunan yüzlərlə, minlərlə,
hətta milyonlarla insanın keçmişinin, xatirələrinin
"ölümü" deməkdi... Sanki həmdəmin
gedir dünyadan. Çünki bəlkə əslində
yanında olan, gündə səninlə görüşən,
çörək yeyən, dərdləşən, həmsöhbət
olan adam da o qədər, o sevdiyin sənətkar
kimi başa düşməyib səni, o cür xəbər
verməyib ürəyindən...
Elə
düşünmə ki, quru can gedir,
Yox, bir günəş batır, bir cahan gedir.
İnsanlar
görmüşük bu dünyada biz,
Şanlı-şərafətli, şansız-şərəfsiz.
Görəsən, onları tanıyırıqmı?
Onların qəlbindən xəbərdarıqmı?
Çoxmu
tanıyırıq atamızı biz,
Çoxmu tanıyırıq qardaşımızı?
Bizimlə
bir yerdə duz-çörək kəsən
Ürək dostumuzu, sirdaşımızı?
(Tərcümə:
Xəlil Rza)
Əslində elə şairin söylədiyi kimi -
dostumuzu, sirdaşımızı anlamağa, tanımağa da
kömək edən sənətdi. Bəzən hisslərinin
o qədər dəqiq ifadəsini tapırsan ki, müəllif
sənə düyünləri açmağa, çox
şeyləri dərk etməyə yardımçı olur.
Yevtuşenko isə sadəcə həyatı dərk
etməyə yox, onu sevməyə də kömək olurdu.
Son illərdə verdiyi müsahibələrindən birində
özü bunu belə izah edirdi:
"Mən həmişə insanların kədərini
yüngülləşdirməyə
çalışmışam. Hər yerdə
insanların fotosunu çəkmişəm. Nəhəng foto kolleksiyam var. Mənim
üçün dünyada insanın işıqlı
üzündən müqəddəs heç nə yoxdur.
Ona görə tənha deyiləm. Hətta, öz muzeyimdə fotolarla təklikdə
qalanda da şeirlərimi yazır və çoxdankı sədaqətli
oxucularıma oxuyuram. Özümü heç vaxt tənha
hiss eləmirəm."
18 iyunda şairin doğumunun 85 illiyi münasibətiylə
ənənəvi olaraq Politexnik muzeyində oxucularıyla
görüşü nəzərdə tutulurdu. Əcəl imkan vermədi! Amma bu iki gün ərzində müxtəlif internet
saytlarda, şairin öz ifasında şeirlərini, canlı
müsahibələrini seyr etdikcə, neçə-neçə
oxucusunun kədərli şərhlərini oxuduqca
düşünürəm ki, həyat davam edir. Yevtuşenkonun ömrü bu şəkildə davam
edir. Az qala yarım əsr öncə
yüzlərin, minlərin qarşısında durub yüksək
artistlik qabiliyyətiylə əsərlərini oxuyan şair,
indi də texnikanın yaratdığı möcüzəylə
sevənlərinin qarşısındadır... İndi hər
kəsin onunla təkbətək qalmaq, dərdləşmək
imkanı da var. O özü isə Boris Pasternakla "təkbətək"
qalmaq istəyib, onun yanında dəfn olunmağı vəsiyyət
edib. Axı bir vaxtlar ondan kömək də istəmişdi:
Pasternak!
Kömək ol, əl yetir mənə,
Parlaq
idrakının əzəmətini,
Əsrin
möhnətini, müsibətini,
Əks edən
şerinin dağ siqlətini
Ürək alovuna büküb ver mənə.
(Tərcümə:
Xəlil Rza)
Bir də "Rusiya durunca olacam mən də..." -
demişdi şair. Yevtuşenko nəhəngliyində sənətkar tərcümə
olunduğu bütün dillərdə, dünyanın dörd
bir yanında ömür sürən oxucularının yaddaşında,
dilində, xatirələrində, intellektində yaşayacaq!
PƏRVİN
525-ci qəzet.- 2017.- 4 aprel.- S.7.