Elmin böyük fədakarı
... İsa müəllimi bu yaxın illərəcən
şəxsən görməmişdim. Xeyli
məqaləsini və kitablarını oxumuşdum. Doktorluq dissertasiyamda və məqalələrimdə
onun nəzəri fikirlərindən sitatlar vermişdim.
Azərbaycan ədəbiyyatında cəlilşünas
alim kimi tanınırdı. Bir də 2012-ci ildə
müdafiəm ərəfəsi avtoreferatımı
tanınmış ədəbiyyatşünas, professor
Gülşən Əliyevaya verib, Naxçıvana - akademik
İsa Həbibbəyliyə çatdırmasını
xahiş etmişdim. Elmlər Akademiyasının
böyük iclas zalında Nizami adına Ədəbiyyat
İnstitutunun sabiq direktoru, mərhum akademik Bəkir Nəbiyevin
80 illik yubileyində aparıcı məruzəsini salondakı
yüzlərlə iştirakçının biri kimi dinləmişdim.
Elmi, nəzəri fikirlərlə əhatə
olunmuş məruzəsi mənim yaddaşımda uzun müddət
qalmaqla ürəyimdə cüssəli dağ oğluna
heyranlığımı artırmışdı.
Dünyanın qəribə işləri var. Tale elə
gətirdi ki, əvvəllər işlədiyim Ədəbiyyat
İnstitutuna qayıdanda İsa müəllim direktor idi. Hələ
Naxçıvanda pedaqoji İnstitutun rektoru olanda
eşitmişdim ki, kişi adamdır, tələbənin,
alimin, ziyalının qədrini biləndir. Əliəyriliyə,
rüşvətxorluğa, süründürməçiliyə
qarşı mübarizə aparanlardandır. Bu sözləri
mənə Ərzurumdan Naxçıvana gələndə
maşında yoldaşlıq etdiyim bir şahbuzlu kişi danışmışdı və əslən
Naxçıvandan olan sürücü də onun sözlərini
təsdiq etmişdi. İsa Həbibbəylinin həyatının
çox böyük hissəsi Naxçıvan Dövlət
Universitetinin adı ilə bağlıdır. Ciddi, dəyişməz mövqeyi, fəallığı,
qeyri-adi işgüzarlığı, təşəbbüskarlığı
və başqa keyfiyyətlərini ömrünün ən
qayğıkeş çağlarında elmlə
yanaşı, ictimai xadim, təşkilatçı pedaqoq kimi
bu universitetin formalaşmasına həsr edibdir. Təbii ki, 2007-ci ildə nəşr etdirdiyi
"Naxçıvan Dövlət Universiteti" adlı albom
bu universitetin həyatını, tarixi yolunu, xarici əlaqələrini
əks etdirməklə yanaşı, İsa müəllimin bu
elm məkanına bəslədiyi dərin məhəbbətindən
irəli gəlir. Naxçıvanın
dağ kəndində doğulub, dağ kişilərinə məxsus
bütöv xarakterə malik şair, publisist, tənqidçi,
ədəbiyyatşünas kimi bu gün ölkəmizdə
çox tanınıbdır.
Daima elmi axtarışda, həyat axtarışında, ən
nəhayəti özünü tapmaq axtarışında olub. Elmi
axtarışları bəhrə verərək, yüksələn
xətlə onu ölkənin elmi-ədəbi, ictimai-siyasi həyatında
fəal mübarizlərdən birinə çeviribdir. Təbii ki, bu özünü tapmaq və təsdiq
etmək axtarışları çətin oldu, necə deyərlər,
məhrumiyyətlərlə dolu oldu. Gənc
tədqiqatçı geri çəkilmədi, inadından
dönmədi, arzularının arxasınca getdi. Naxçıvan Atabəylər məqbərəsi
kimi tək, Ərk qalası kimi təmkinli oldu. Səviyyəsindən asılı olmayaraq, adamlara
İnsan kimi yanaşdı. Etiketli cahil,
nadan alimlərə də münasibətində
yanaşmanın fövqündə dayandı və bu gün də
elədir. Artıq müdriklik
çağında olan insani keyfiyyətlərin - məfkurə
zənginliyini özündə cəmləşdirən bu
böyük şəxsiyyət, zəhmətkeş alim
haqqında söz deməyin vaxtı çatıbdır.
Bəlkə də gecikmişik. Mərhum şairimiz, əvəzsiz dostum, xalq
Şairi Cabir Novruz demişkən,
"...sağlığında qiymət verin insanlara".
O, gecəli-gündüzlü
işlədi, tənqidi məqalələrlə
çıxış etdi, tədqiqatlar apardı, aylarla arxivlərdə
toz basmış, kif iyi verən qəzetlərin, əlyazmaların
tozunu, iy-qoxusunu uda-uda yazdı, qeydlər apardı. O, kəsərli
publisist kimi də çoxsaylı məqalələr yazıb
çap etdiribdir. Bu yazılarında müasir həyatın
ən ciddi aktual problemlərini, ictimai-siyasi prosesi, elm və mədəniyyət
tarixindəki önəmli məsələləri təhlil, tənqid
etməklə həlli yollarını da göstərməyə
nail olubdur.
İsa Həbibbəyli klassiklərimizi və müasirlərimizi
dərindən bildiyi, mütəmadi mütaliə etdiyi kimi
dünya ədəbiyyatını da yaxşı bilən tədqiqatçı
alimdir. Obyektiv söz - yaxşıya yaxşı, pisə
pis deməyi bacaran alimin qələminə çərçivə,
məhdudluq yaddır. O, "Kitabi-Dədə Qorqud"
eposundan, M.F.Axundzadə və Mirzə Cəlildən də, Məhəmməd
ağa Şahtaxtlı və Eynəli bəy Sultanovdan,
Hüseyn Cavid, M.Şəhriyar, M.Araz, Anar və Rəşad Məciddən
də, ümumiyyətlə, ədəbi həyatın ən
son nümunələrinə qədər ayrı-ayrı sənətkarlardan
əsərlər yazmışdır. Bu əsərlərin
hər birində faktlarla yanaşı mətnə uyğun
yanaşma tərzi, nəzəri fikirləri özünəməxsusluqları
ilə seçilir.
Ustadları kimi İsa müəllim yaxşı başa
düşürdü ki, onun həyatı ədəbiyyatsız
keçə bilməyəcək. Namizədlik və
doktorluq dissertasiyalarında, saya gəlməyən
araşdırmalarında elm aləminə məlum olmayan
açılmamış faktları elm aləminə ərmağan
etdi. İsa müəllimin
yaradıcılığını - istər ədəbi-nəzəri,
istər ədəbiyyatşünaslıq, istərsə də
tədqiqatçılığında bir məsələnin
şahidi olursan; fikrin aydınlığı, əlvanlığı,
dərinliyi, bir də yazısının
emosionallığı. Bunlar onun
bütöv yaradıcılığında birləşir və
üzvi vəhdət təşkil edir. Oxucusu
quru mühakimələrin, cansıxıcı fikirlərin,
başa düşmədiyi yad terminlərin məngənəsində
qalmır, məqalələrindən estetik zövq alır.
Bununsa səbəbi aydındır; alim hər məqaləsinin
və ya kitablara yazdığı ön sözlərin ruhuna
uyğun olaraq yazı üsulu, yazı tərzi tapır,
özünəməxsus müxtəlif ədəbi şəkillərdən,
təhkiyə üsullarından, inandırıcı tarixi
faktlardan məharətlə istifadə edir. Akademik
yaxşı bilir ki, Cəlil Məmmədquluzadə ilə
Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə
realist-satirik nəsrin yaranmasında bir addımlayan, eyni amal
uğrunda mübarizə aparan, eyni estetik duyğuya, hissə
malik, həm də bir ədəbi məsləkə qulluq
göstərən, əsl vətəndaş cəbhəsində
duran müqtədir sənətkarlardır.
Akademik
İsa Həbibbəyli bu gün müstəqil Azərbaycanın,
onun ədəbiyyatının ədəbi tənqidi və ədəbiyyatşünaslıq
elminin ən görkəmli nümayəndələrindən
biri olubdur, bugünkü elmimizə istiqamət verən, yol
göstərən təşkilatçı rəhbər, tədqiqatçıdır.
Alimin ədəbi-tənqidi məqalələri,
ciddi araşdırmaları, ədəbiyyat tarixçiliyi
konsepsiyası, nəzəri səviyyəsi müasir ədəbiyyatşünaslığımızda
öz möhürünü vuraraq təsdiqini tapıbdır.
Onun gənclik - aspirantlıq vaxtı
yaradıcılığına diqqət yetirsək görmək
çətin deyil ki, elmi yaradıcılığa nəzəri
problemlərin araşdırılmaları ilə
başlayıb. Seçib tədqiqata cəlb etdiyi
mövzular rəngarəngliyi ilə diqqəti cəlb etməklə
ədəbiyyatşünaslıqda olan boşluğu doldurmaqla
yanaşı, həm də gənc alimin klassik irsi dərindən
bildiyindən xəbər ("Ədəbi tənqid və bədii
irs", "XX əsr Azərbaycan şeirində Füzuli ənənələri",
"Şeyx Sənan mövzularının tədqiqi",
"Poetik formalarda novatorluq", "Ədəbi hərəkatın
elmi təhlili" və s.) verir.
İsa Həbibbəylinin elmi-ədəbi
yaradıcılığında ədəbiyyat tarixinin problemləri
məxsusi yer tutur; folklor nümunələrindən
başlamış klassik və müasir ədəbiyyat, onu
yaradanlar barəsindəki əsərləri XX əsrin 80-ci
illərin ortalarından bu günə qədərki dövrə
elmi-nəzəri baxış kimi əhəmiyyət kəsb
edir.
İsa Həbibbəyli
akademiklər Yusif Məmmədəliyev, Məmməd Cəfər
Cəfərov, Fərəməz Maqsudov, Abbas Zamanov, Əziz
Mirəhmədov, Yaşar Qarayev, Nizami Cəfərov,
professorlar Kamran Məmmədov, Vaqif Yusifli, Cavad Heyət və
başqaları haqqında qiymətli əsərlər
yazmış, hər kəsi öz nöqteyi-nəzərindən
qiymətləndirmişdir. Məqalələrinin
çoxu ustadlarına onların yetirmələrinin mənəvi
borcunun ifadəsi kimi səslənir. Türk
dünyasının böyük, seçimli oğulları
Mustafa Kamal Atatürk və Heydər Əliyev haqqında
yazdığı elmi-siyasi məqalələr də hər
iki siyasətçinin Azərbaycanın və
Naxçıvanın tarixi taleyində,
bütövlüyündə, ərazi
toxunulmazlığında mühüm rol
oynadıqlarını göstərən qiymətli əsərlərdir.
Filoloq alim, ictimai xadim kimi İsa Həbibbəylinin
yaradıcılıq dairəsi olduqca çoxcəhətlidir.
Himnlərdən, marşlardan da yazır, xalq rəssamı
Tahir Salahovdan da, akademik Zərifə Əliyevadan da, Nizami,
Füzuli, Aşıq Ələsgər, Əlibəy Hüseynzadə,
C.Cabbarlı, Nazim Hikmət, Sabir, Abbas Səhhət, Şəhriyar,
M.T.Sidqi, S.Rəhimov, R.Rza, M.İbrahimov, M.Cəlaldan da
yazıb, araşdırmalar apararaq təzə söz deyib,
polemika doğuran məsələlərə zəmin
yaradıb. Hüseyn İbrahimov, Anar, Elçin,
Zəlimxan Yaqub və b. yaradıcılığının sənətkarlıq
xüsusiyyətlərinin səciyyəvi cəhətlərindən
də danışıb. "Kitabi-Dədə Qorqud"
haqqında dünya və Azərbaycan alimlərinin mülahizələrini
saf-çürük edib qiymətləndirərkən
heç nədən - sosializmin, kommunist ideologiyasının
itilənmiş, ovxara verilmiş kəsiciliyindən qorxmayaraq,
sovet siyasi sisteminin diqtəsi ilə yazılan "qana
bulanmanı" - məhdudiyyətləri də cəsarətlə
göstərmişdir. "Bu abidənin sirləri tamam
açılmayıb, tədqiqlər daha intensiv vəziyyət
almalı və daha da dərinləşməlidir.... Bu kitabəyə yeni baxış lazımdır"
- deyir.
"Sara Əfsanəsi" haqqında İsa müəllimin
variantları vardır. Əfsanənin iki variantı haqqında
alimin düşüncələri gələcək
araşdırıcılara müəyyən impuls verə bilər.
O, bu
gün elmi yaradıcılığı ilə bərabər,
həm də çoxcəhətli ictimai, siyasi, mədəni
fəaliyyətilə də dövlətinə əvəzsiz
xidmətlər göstərməkdədir. AMEA-nın
vitse-prezidenti, Milli Məclisin deputatı, elm-təhsil komitəsinin
sədri, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru. Bu böyüklükdə
ağırlığın - məsuliyyətli və şərəfli
bir işin öhdəsindən gəlmək təbii ki, olduqca
çətin bir işdir. Onun bir təqvim
gününə diqqət yetirsən, heyrətə gəlirsən,
hər saatın, dəqiqənin necə məharətlə,
işgüzarlıqla, yorulmadan öhdəsindən gəldiyini
görəndə iftixar hissi keçirirsən və bu
böyük insana qibtə etməyə bilmirsən.
İnsan nə qədər möhkəm fiziki gücə
malik olar ki, müxtəlif mövzulu
yığıncaqların, yubileylərin, tədbirlərin,
çıxışların öhdəsindən gələ
bilsin. Dünya şöhrətli Azərbaycan
yazıçısı, ədəbiyyatı zamanında məhvərindən
dəyişə bilən, möhtəşəm ədəbi
məktəb yaradan, qeyri-adi fitri istedada, çoxcəhətli
yaradıcılığa malik Cəlil Məmmədquluzadə
haqqında fundamental əsərlər yazılıb və
yazılacaqdır. Lakin akademik İsa Həbibbəylinin
1987-ci ildə nəşr etdirdiyi "Cəlil Məmmədquluzadə"
monoqrafik foto-albom
qiymətli, dürüst faktlarına, həm də
müxtəlif, hərtərəfli məlumatlarına görə
nadir tədqiqat əsəridir.
Alim sanki Cəlilin müasiri olmuş, təzkirəçi kimi ədibin hər ayını və gününü, həyatında baş verən hadisələri zərgər dəqiqliyi ilə qələmə alaraq çoxminli oxucularına, bir də gələcək tədqiqatçılara çatdıraraq vətəndaşlıq nümunəsi göstərmişdir. Bu foto-albomdakı faktlar gələcək cəlilşünas tədqiqatçılara stimul verəcək, yeni-yeni əsərlərin yazılmasına zəmin yaradacaqdır. Xalq yazıçısı Anar demişkən: "Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə də babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bir çox problemlərimizin həllinə çalışan müdrik qardaş kimi baxır. ... və bizdən sonra gələn nəsillər onu yenidən nəşr edəcək..." Bizcə, Cəlil haqqında yazılmış cild-cild əsərləri, o cümlədən İsa müəllimin hazırladığı "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi" ədəbiyyatşünaslığımızda bir yazıçının timsalında nəsil şəcərəsini öyrənmək baxımından ilk təşəbbüs kimi qiymətlidir (etiraf edək və təəssüflə bildirək ki, dünya təcrübəsində şəcərə məsələsi az yazıldığı halda, Azərbaycan yazıçılarının da nəsil şəcərəsi ədəbiyyatşünaslığımızda diqqətdən kənarda qalmışdır, bu vacib işə başlanmağın vaxtı çatıbdır - B.B.).
Cəlil Məmmədquluzadənin "Əsərləri"nin dördcildlik nəşrinin birinci cildinə yazdığı böyük həcmli müqəddimə də materialların zənginliyi, faktların səhihliyi ilə çox dəyərli nəticələrdir. Təbii ki, bütün bunlar da yuxusuz gecələrin, gərgin, daimi, narahat axtarışların nəticəsi kimi dərk edilməli və qiymətləndirilməlidir.
Bir maraqlı cəhəti də qeyd edək ki, alim o vaxtlar çox gənc idi. M.Cəlil 1931-ci ildə dünyasını dəyişmişdi. O, görmədiyi, iştirakçısı olmadığı bir dövrün, içində yaşamadığı bir mühitin mənzərəsinin "tablosu"nu çəkməli, yaradıcılıq nərdivanını aybaay, ilbəil, faktları təhrif etmədən tədqiq etməliydi.
(Ardı var)
Baba BABAYEV
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2017.- 4 aprel.- S.6.