Həyat bahasına qazanılan əbədiyyət
2016-cı
il aprelin 1-dən 2-nə keçən gecədən
başlayaraq gün ərzində bütün cəbhə boyu
Azərbaycan mövqeləri və yaşayış məntəqələri
Ermənistan Silahlı Qüvvələri tərəfindən
aramsız olaraq güclü artilleriya atəşinə tutuldu.
Buna cavab olaraq, mülki şəxslərin təhlükəsizliyinin
təmin olunması məqsədilə Azərbaycan Silahlı
Qüvvələrinin Ağdərə-Tərtər-Ağdam və
Xocavənd-Füzuli istiqamətində cavab tədbirləri həyata
keçirildi.
Erməni tərəfin atəşkəsi
pozması səbəbindən başlanan dördgünlük
müharibənin nəticəsində bir neçə
yaşayış məntəqəsi, eləcə də
strateji əhəmiyyətli yüksəkliklər
işğaldan azad olundu. Bu, böyük qələbə
idi!
Həmin döyüşlərdə neçə vətən
oğlu qəhrəmanlıqla həlak oldu. Axı müharibə
heç vaxt itkisiz olmur, qələbə qansız-qadasız
qazanılmır! O günlər torpaq uğrunda şəhid
olan oğullarımızın qara xəbəri ilə qələbə
müjdəsini qoşa alan xalqımız
kədərlə sevinci birgə yaşadı. Həmin
vaxtlar hamı ordumuzun qüdrətindən, igid
oğullarımızın şücaətindən
ağızdolusu danışır, qələbə sevincini fərəhlə,
ruh yüksəkliyi ilə bölüşürdü.
O günlər
vətən yolunda canlarını fəda edən qəhrəman
oğullarımız kimi səni də şəhidliyə
aparan yol cəbhənin içindən keçdi, Fərman
Əsədli. Cəsarətin, qorxmazlığınla qəhrəmanlıq
tariximizin yaddaşına köçdün... Vətənə,
ailənə başucalığı gətirmiş şərəfli
ömründən qürur duyan atan - keçmiş hərbi
komissar, polkovnik-leytenant Elçin Əsədovla yaxın
günlərdə olan görüşümüzdə həyat
yolunun yığcam, amma mənalı, ibrətamiz
yaşantılarından xəbərdar olunca qəlbimi həyəcan
bürüdü. Atan, gözlərinin
aynasında açıq-aşkar sezdiyim
ağrı-acını səsindəki nikbinliyi, məğrurluğu
ilə gizlətməyə çalışırdı.
Dağ boyda dərdə - oğul itkisinə tablaşıb,
ürəyinin sızıltısını için-için
çəkən atanın qarşısında
özünü-sözünü necə itirməyəsən...
Bu
söhbətlərdə məni ən çox təsirləndirən
bu oldu ki, sən bir Azərbaycan vətəndaşı olaraq,
düşmənin sərhəd boyu hücumundan xəbər
tutan andan bir mülki vətəndaş kimi, könüllü
olaraq, ürəyinin hökmü ilə özünü
müharibənin od-alovuna atdın. Bu hərəkətin,
davranışınla sən təkcə göz
açdığın ailənə, kökünə, nəslinə
mənsub olmadın, bütövlükdə xalqına, vətəninə
oğul olmaq haqqına yetdin. Sənin bu cəsarətli
addımın ailənin nəsil davamçısı kimi
sıradan bir oğul olmadığını, daha böyük
missiya ilə həyata gəldiyini düşünməyə əsas
verdi.
O gün
cəbhə bölgəsində göstərdiyin şücaət
haqqında eşidib-bildiklərim nə nağıldı, nə
də xalq tərəfindən yaradılmiş qəhrəman
obrazına vurğunluğum. Bu, gənc ömründə
(heç vaxt qocalmayan!) səni ali bir mərtəbəyə
ucaldan qeyrətin, ləyaqətinlə yazdığın həyatının
qəhrəmanlıq səhifəsidir. Bu gün cismani
yoxluğun bir acı həqiqət kimi ortada olsa belə,
valideynlərinin, ahu baxışlı gözəl
yarının, şirin-şəkər, bircə qız
balanın ömründə səsinlə, nəfəsinlə
dipdiri qalmağın da taleyin qədərinə
doğmalarının mərdanə dözümü
tutarlı sübutdur...
Vətən
yolunda canlarından keçən oğullarımız
haqqında yazılmış bir çox əsərlər
bütün zamanlarda
gənclərin vətənpərvərlik
duyğularını coşdurub. Bu igidlərin
özlərinə məxsus taleləri olsa da, onları birləşdirən
mənəvi yaxınlıq, oxşar xususiyyətlər həmişə
məndə belə bir inam yaradıb ki, cəsarətli, fədakar
insanları mübarizə meydanına çəkən də
vətən sevgisi, ana torpağa bağlılıq olub.
Bu gün də şahidi olduğumuz Qarabağ
döyüşlərində mərdliklə vuruşan, həlak
olan oğullarımızın hansı birinin həyatı ilə
tanış oluruqsa, onların
uşaqlıqdan, yeniyetmə çağlarından fərqli
keyfiyyətlərə malik olduqlarının fərqinə
varırıq. Fərmanın da yaşadığı az ömründə bizi duyğulandıran,
qürurlandıran və ... kövrəldən keçdiyi
qısa həyat yolunun ibrətamizliyi oldu.
... Aprelin
2-də bacısı Lalənin həyat yoldaşı Sadiq
Əliyevlə Tərtərə, cəbhə bölgəsinə
getməsi, bir gündə vaxtın və fiziki gücün
imkan verdiyi qədər fürsətdən yararlanaraq, can fədasınacan
olan müddətdə top mərmisi düşən, güllələr
yağan yerlərdə yaralıların
olub-olmadığını bilməkdən ötrü dəfələrlə
od-alovun içinə atılması həqiqətən
böyük fədakarlıq idi. Bu, torpağına
bağlı olan bir vətən oğlunun qəhrəmanlıq
tariximizin səhifəsinə öz qanı ilə
yazdığı tərcümeyi-halının
qırmızı rənglə seçilmiş sətirləri idi.
Yazı üzərində işləyərkən ürəyimdən,
həmin gün son anadək Fərmanın yanında olan Sadiqlə
görüşmək keçdi. Elçin müəllimin
vasitəsilə zəngləşib vədələşdik.
Ertəsi gün onunla redaksiyada
görüşdük. Uca boylu, ilk baxışdan
qayğılı, təmkinli görünən bu gəncin az yaşında böyük bir məktəb
keçdiyini hiss etdim. Sadiq həmin gün cəbhədə
olduqları o qanlı-qadalı gündə şahidi olduğu
hadisələri mənimlə bölüşdü.
... Aprelin
2-də səhər saat 7-də dostlarımdan biri zəng edib,
Ermənistan silahlı qüvvələrinin gecədən
bütün cəbhə boyu güclü artilleriya ilə
hücuma keçdiklərini dedi. Bütün Gəncə
əhli həyəcanla müharibədən
danışırdı. Fərmanla
danışıb, eşitdiklərimi ona söylədim.
O, bir an da fikirləşmədən,
"hazırlaş, Tərtərə gedirik"- dedi. Şəhərdə bir neçə yerə dəyəndən
sonra Fərmanın "Niva" markalı maşını ilə
Goranboydan Tərtər istiqamətinə hərəkət
etdik. Səhər saat 9-da artıq Tərtərdə
idik. Rayona girəndə yolboyu hərbi
yük maşınları ilə rastlaşırdıq. Onlar döyüşlər gedən ərazilərdən
mülki əhalini çıxarırdılar. Rayonun içilə keçib-getdikcə
gördüyümüz hər şey, insanların vahiməsi,
güllə səsləri, mərmilərin gurultusu, mülki
şəxslərin təlaşı, həyəcanı
bütün aydınlığı ilə müharibənin dəhşətlərini
göstərirdi. Top-güllə səslərini
yaxından eşidirdik. Tərtərin
içindən Şıxarxa tərəf döndük. Rayonun çıxacağında ağaclıqlarda hərbçilər,
rütbəli şəxslərlə rastlaşırdıq.
İkimiz də hərbi xidmətdə
olmuşduq, təlimlər keçmişdik. Gəncədən çıxanda da bu niyyətdə
idik ki, cəbhədə nə kömək lazımdırsa edəcəyik.
Avtomat versələr döyüşəcəyik.
Qarşıda
post qurulmuşdu, dörd əsgər bura nəzarət edirdi. Onlara yaxınlaşıb maşını bir tərəfdə
saxladıq. Dedik, Gəncədən bura əsgərlərimizə
köməyə gəlmişik, icazə verin akoplara (səngərlərə)
gedək. Qəti etiraz etdilər. Həmin gün ətraf rayonlardan da xeyli gənclər
kömək üçün buraya gəlmişdilər.
Nəzarətçilər
qarşılarını kəsib irəli getmələrinə
icazə vermirdilər. Bu dəfə biz də əsgərlərə
kömək məqsədilə gələn gəncləri
başa salır, deyirdik ki, dövlətimizin güclü
nizami ordusu var, narahat olmayın, hər şey yaxşı
olacaq, biz qalib gələcəyik...
Burda yolun
sağ tərəfi Tərtər çayı, solu isə əkin
sahələri, traktor yolu idi. Onlar həmin yolla
döyüş bölgələrinə sarı irəlililəyib,
şəxsi heyətin olduğu səngərə
çatırlar. Tabor komandiri mülki
şəxsləri səngərdə görüncə narahat
olub, dərhal onların geri qayıtmalarına göstəriş
verir. "Biz bura əsgərlərimizə
köməyə gəlmişik, döyüşlərdə həlak
olanlardan artıq deyilik, icazə verin torpağa olan borcumuzu
azacıq da olsa verək,”- deyiblər. Bundan
sonra onlara səngərdə oturub avtomatın darağına
güllə doldurmağa icazə veriblər.
Sadiq xatırlayır ki, düşmənlər topu hara
atırdısa, bilirdik, orda şəxsi heyət var, 3-4 dəqiqə
gözləyirdik, sakitlik olan kimi dərhal maşını ora
sürürdük. Əsgərlərlə hal-əhval
tuturduq, yaralanan, həlak olan varmı, nə edə bilərik,
deyə xəbər alırdıq. Nəhayət,
gəldiyimiz posta qayıtdıq. Burda cəbhədən
gələn iki hərbi yük maşınının posta
çatmamış xarab olaraq yolda qaldığını
gördük. Maşından başı çıxan Fərman
dedi ki, onun akkumulyatoru sıradan çıxıb. Dərhal mülki əhalinin olduğu yerdə
maşınlardan birinin akkumulyatorunu çıxararaq
postdakı əsgərlərin icazəsi ilə maşına
tərəf götürüldük. Fərman
akkumulyatoru hərbi maşına qoyandan sonra sürücü əsgər
Şirinovun yerinə keçib maşını gülləbaranın
altından çıxardı. Demə, həmin
maşında bir neçə əsgərimizin cənazəsi
varmış. Onları gətirib
rayondakı hərbi hissəyə təhvil verdik. Sonra
geriyə qayıdıb yenidən döyüş bölgələrini
gəzirdik ki, birdən köməyimizə ehtiyac yaranar...
Axşam saat 7-nin yarısında evlərinə qayıtmaq istəyərkən bir nəfər kapitanın yolun kənarı ilə döyüş bölgəsinə getdiyini görürlər. Yol uzaq, həm də təhlükəli olduğundan kapitanı maşınla hərbi hissənin yerləşdiyi Şıxarxa aparırlar. Bu dəfə maşını Sadiq sürür. Əsas postu, Nəzarət buraxılış məntəqəsini (NBN) ötüb, çay boyu gedərək Şıxarxa çatanda görürlər ki, açıq hədəfdədirlər. Qum-çınqıl karxanasını təxminən 500 metr keçdikdən sonra qəflətən düşmənin "D-30" top mərmisi avtomaşının yaxınlığında partlayır... Doğmaları xəstəxanaya çatıb, içəri keçəndə gözlərini əbədi yummuş Fərmanın başının üstündə hərbçilərin, iş yoldaşlarının, dostlarının dayanıb göz yaşı tökdüklərini görürlər...
Həmin gün döyüşlərdə sağ qalmış kapitan Mübariz Rəhimov Elçin müəllimin evinə gələrək, həyatını xilas etdiyi üçün Fərmana borclu olduğunu, onun ruhu qarşısında baş əydiyini deyib və belə bir övlad tərbiyə etdikləri üçün onlara dərin minnətdarlığını bildirib.
Fərmanın anası dəftər vərəqinə yazdığı 20 səhifədən (çətin ki, 26 ilin hadisələri 20 səhifəyə sığa! Hər günün, ayın illərdə toplandığı xatirələri yazmaq özü ana üçün başdan-başa ağrıdı...) ibarət xatirəsini mənə yollayıb. Boy-buxunlu balasının, ciyərparasının səsindən-nəfəsindən, şirin təbəssümündən, qüvvətli qollarının arasında yaşadığı xoşbəxt anlarından doymayan təmkinli, dözümlü Xatirə ananın Fərmanlı günləri qəlbimə köz saldı, yandırdı, ağrıtdı məni...
Bu xatirələr mənə ən ümdəsi ondan ötrü qiymətli oldu ki, doğulandan cismani yoxluğuna qədər olan zaman çərçivəsində onu əsl vətən oğlu kimi görə bildim. Uşaqlıq çağlarının dəcəlliyi, müəllimləri ilə yaxınlığı, qoçaqlığı, ağlı, zəkası ilə bütün nəslin, kökün sevimlisi olması, kimsəsiz uşaqların halına yanması, onlara tez-tez yardım etməsi, ailəcanlı, dostcanlı olması onda özünəxas keyfiyyətlərin formalaşmasına zəmin yaradıb. İndi Fərmanın yaşadığı ömrə nəzər salanda görürük ki, o, 25 yaşın çərçivəsinə ən azı 80 illik ömür qədər məna sığışdıra bilib...
Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi daxil olan qələbəmizin yazılmasında şəhid Fərman Əsədlinin də öz dəst-xətti var. Bütün gəncəlilərin tanıyıb sevdiyi, əməllərindən qürur duyduğu vətən oğlunun xatirəsi bu gün də, sabah da əziz tutulacaq. Xalqımız torpaqlarımızın bütövlüyü uğrunda rəşadət göstərərək canlarından keçən vətən oğulları ilə həmişə fəxr edir.
Şəfəq
NASİR
525-ci qəzet.- 2017.- 4 aprel.- S.4.