Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
1502-ci ildə Kalikutdakı üsyan vaxtı orada
yaşayan portuqaliyalılar öldürüldükdən sonra
Vasko da Qama yenidən Hindistana göndərildi.
Onun əmri ilə Kalikut dağıdıldı,
Portuqaliya qəsəbəsi isə bərpa edildi. 1524-cü ildə
Vasko da Qama Portuqaliya Hindistanının vitse-kralı təyin
edildi. Elə həmin ilin sonunda
özünün Hindistana üçüncü səyahəti
vaxtı Vasko da Qama öldü.
Hindistana dəniz yolu açıldıqdan sonra Portuqaliya
Hind okeanında aparıcı rol oynamağa başladı. Hindistanın
qərb sahili boyu ticarət qəsəbələri meydana gəldi,
onlar həm də Portuqaliya donanmasının hərbi
bazaları rolunu oynayırdı. Portuqaliyalıların
karavellaları ərəb gəmilərindən daha
yaxşı təchiz olunmuş və
silahlanmışdılar. Ədviyyat ticarəti
və dəniz quldurluğu ilə yanaşı, ərəblər
üzərinə hücum gəlirin faydalı maddəsi oldu.
Hindistan və Portuqaliya arasında yük
daşınması üçün 3-4 göyərtəli gəmilərdən
istifadə olunurdu, onların yük qaldırması 2.000 tona
çatırdı. Onların heyətləri tez-tez yenidən
yığılırdı (gəmidə 800-ə qədər
adam olurdu), belə ki, uzun yol vaxtı dənizçilər
epidemiyadan qırılırdılar. 1519-1522-ci illərdə
isə dünya ətrafına üzməklə ilk dəfə
səyahət baş verdi. Portuqaliya
səyyahı və dəniz səyahətçisi Fernan
Magellan bu ekspedisiyanın təşəbbüsçüsü
olmaqla, ona başçılıq etmişdi. Bu vaxt
İspaniyada xidmət edən Magellanın planını kral V
Karl bəyənmiş və o, beş gəmidən
ibarət ekspedisiya təşkil etmişdi. 1519-cu ilin
dekabrında kiçik donanma Argentina sahillərinə
çatdı, az qala bir il sonra isə Magellan Atlantik və
Sakit okeanları birləşdirən 600 km-lik boğazı kəşf
etdi və sonralar boğaz onun adı ilə adlandı. Sakit okeanı üzüb keçdikdən sonra
1521-ci ildə ekspedisiya Filippin adalarına çatdı.
Maktan adasının əhalisi ispanların gəlməsinə
düşməncəsinə yanaşdı və yerli sakinlərlə
toqquşmaların birində Magellan həlak oldu.
O, 1480-ci
ildə anadan olmuşdu. 1517-ci ildə vətənini
tərk edib, İspaniyaya yollanmışdı. Orada o, yaxşı dəniz səyahəti məktəbi
keçmişdi. Naviqasiya və coğrafiyanı əsaslı
qaydada öyrənib,
o, qərb istiqamətində, Amerika dövrəsinə
üzməyi qərara almışdı. Çünki
Afrika dövrəsində yol artıq portuqaliyalılar tərəfindən
istifadə olunurdu.
Ekspedisiyanın başlanmasından 18 ay sonra məqsədi
Yer kürəsinə dövrə vurmaq olan ekspedisiya
donanmasının yalnız bir gəmisi - “Viktoriya” Xuan Sebastyan
Elkanonun komandanlığı altında İspaniya sahillərinə
qayıtdı.
Bu üzmək nəticəsində, səfər isə tam
sınaqlarla və təhlükələrlə dolu idi, qəti
olaraq sübut edildi ki, bizim planetimiz şar
formasındadır. Fernan Magellan tarixdə ilk dəfə
dünya ətrafına səyahətə çıxmaqla,
öz inqilabi addımı ilə Kolumbun və Vasko da
Qamanın dahiyanə işlərini davam etdirib, coğrafi kəşflər,
yeni torpaqların açılması işinə
ölçüyə sığmayan töhfələr verdi. Təkcə bir boğaz onun adını
daşımır, Yer kürəsinin ən böyük
okeanı da onun ilk dəfə dilinə gətirdiyi Sakit okean
adını pozulmayan möhür kimi indiyə qədər
daşıyır. Dünyanın
bütöv şəkildə dərk edilməsində həmin
dəniz səyyahlarının xidməti ölçüyə
sığmazdır və bəşəriyyət onları
daim böyük minnətdarlıq hissləri ilə yad edir.
XVI əsrin əvvəllərində Cənubi Amerika sahillərinə
gedən bir neçə ispan və Portuqaliya
ekspedisiyalarında Florensiyadan olan Ameriqo Vesspuçi də var
idi. 1504-cü ildə o, ilk dəfə belə bir fikir
söylədi ki, bu torpaqlar Asiyanın bir hissəsi deyil, yeni
materikdir, onları o, “Yeni Dünya” adlandırmağı təklif
etdi. Vesspuççinin şərəfinə
alman kartoqrafı Martin Valdzemyuller 1507-ci ildə tərtib etdiyi
öz dünya xəritəsində bu materiki Amerika
adlandırdı.
İlk dəfə
dünya ətrafına üzməyi 1519-1522-ci ildə həyata
keçirən, ispan xidmətində olan Portuqaliya dvoryanı
Fernan Magellan Ameriqo Vesspuççinin ideyasını təsdiq
etdi. Cənubi Amerikanı dövrə vurub
keçən Magellan bu qitə ilə Odlu torpaq arxipelaqı
arasındakı boğazı gördü, bu boğaz indi onun
adını daşıyır və boğaz dəniz səyahətlərini
Atlantik okeanından Sakit okeana keçirdi. Axırıncıya
bu adı Magellan vermişdi, çünki Asiyanın sahillərinə
gedən yolda onun ekspedisiyası bir dəfə də olsun
qasırğaya düşməmişdi. Magellanın
özü başladığı səfəri başa
çatdıra bilmədi, 1521-ci ildə Filippin adalarında o,
tuzemlilərlə toqquşmada öldürüldü. Bir ildən sonra kapitan Xuan Sebastyan Elkano Magellanın
səfərə çıxdığı gəmilərin
birində Sevilyaya döndü.
İspanların
Mərkəzi və Cənubi Amerikadakı işğalları
Böyük səyyah Xristofor Kolumb Yeni Dünyanı
açdıqda o, Haitidə ilk ispan koloniyası yaratdı. Bundan sonra
ispan konkistadorları Mərkəzi və Cənubi Amerikaya əslində
birbaşa işğallara səbəb olan səfərlər
etdilər. İspan konkistadoru Ernan Kortes
1509-cu ildə atsteklərin dövlətini tutmaq
üçün Meksika sahillərinə ayaq basdı. O,
burada bir yaşayış məskəninin əsasını
qoydu. Beş ay sonra isə sentyabrda ispan dəstəsi
atstek dövlətinin paytaxtı Tenoçtitlana girdi. Bu
şəhərin böyüklüyü və var-dövləti
ispanlara əfsanəvi qızıl ölkəsi Eldoradoya
çatdıqlarını düşünməyə əsas
verdi.
Kortes 1514-cü ildə Espanyolaya (Haitiyə) sadə sakin
kimi gəlmişdi. Lakin Kubaya gəlib çıxdıqdan və
orada plantasiya ələ keçirdikdən sonra çox tez
varlandı və öz vəsaitləri hesabına Meksikada
ekspedisiya təşkil etməyi bacardı.
Kortesin komandası muşketlərlə və yüngül
artilleriya ilə silahlanmış 6000 nəfər adamdan ibarət
idi. Atsteklərin
paytaxtına doğru irəliləyərkən o, bir sıra hindu tayfalarını fəth etdi, onlar daxili
çəkişmələrə və onları tabe etmiş
atsteklərlə düşmənçiliklərinə
görə işğalçılara ciddi müqavimət
göstərmədilər. İspan dəstəsinin
sahilə çıxması barədə atsteklərin
hökmdarı Montesumaya xəbər verdilər. O, allah Ketsalkoatolun qayıdacağı barədə
qədim peyğəmbərliyin həyata keçməsini
güman etdiyindən, ispanları qarşılamağa
varlı hədiyyələrlə elçilər göndərdi.
O, ümid edirdi ki, sərt allahı sakitləşdirsin,
çünki onun gəlməsi atsteklərə məhrumiyyətlər
və ağır sınaqlar gətirəcəkdi.
Lakin ispanlar hökmdar II Montesumanın sadəlövhlüyündən
xaincəsinə sui-istifadə edib, onu əsir
götürdülər. Montesuma əsirlikdə də öldü.
Atsteklər, ümumiyyətlə, çox dindar
olduqlarından, inanırdılar ki, bəlalardan və fəlakətlərdən
müdafiə olunmaq üçün allahlara qurban vermək
lazımdır. Onlar əsasən qulları və əsirləri qurban
verirdilər və insan qurbanı fəxri və müqəddəs
iş sayılırdı. Atstek heykəltəraşları
rəhmsiz və qana susayan allahları təsvir edirdilər.
Atsteklərin dövlətinin başında
hökmdar, kahinlər, hərbi xadimlər və yüksək
rütbəli məmurlar dururdu. Yalnız
onlar özəl mülkiyyət hüququna malik idilər.
Zümrə fərqlərinə ciddi surətdə
əməl edilirdi. Öz möhtəşəmliyi ilə
adamları heyran edən paytaxt Tenoçtitlanın 250.000 nəfərdən
çox əhalisi tabe edilmiş xalqların verdikləri bac hesabına yaşayırdı.
Atsteklər ispan qəsbkarlarını paytaxtdan qova bildilər. Lakin 1521-ci ildə
yenidən şəhəri tutdular və onu viran qoydular.
Bir il sonra Tenoçtitlanın
xarabalıqları üzərində onlar yeni şəhərin
tikintisinə başladılar və onu Mexiko
adlandırdılar. Mexikonun mərkəzi qədim
atstek məbədinin ərazisi oldu.
1533-cü ildə isə ispan konkistadoru Fransisko Pisarronun
başçılıq etdiyi kiçik ekspedisiya cənubi
Amerika Andlarında olan inklər imperiyasını
dağıtdı. İnklərin hökmdarı Ataualpa nəhəng məbləğdə
girov pulu verməsinə baxmayaraq, Pisarro onu edam
etməyi əmr etdi və inklərin paytaxtı Kuskonu tutdu. 1529-cu ildə Pisarro İspaniya kralı imperator
Karldan Peru torpaqlarının (Yeni Kastiliyanın)
general-qubernator rütbəsini aldı, bununla onları ispan
taxt-tacına tabe etmək istəyirdi. 1531-ci ildə Cənubi
Amerika sahillərinə ayaq basan ispanlar məhrumiyyətlərlə
dolu olan keçiddən sonra And
dağlarındakı Ataualpa qoşunlarının düşərgəsinə
çatdı. Gözlənilməyən
hücumun nəticəsində Pisarro inklərin
hökmdarını tutmağa müvəffəq oldu.
İnklərin
imperiyası ilk (mifik) ink hökmdarı Manko Kapakanın
işğal yürüşlərindən sonra ən yüksək
inkişafına çatmışdı. İnk
hökumətinin qəsbkar siyasəti hər şeydən əvvəl
möhkəm dövlətə və hərbi təşkilatlanmaya
əsaslanırdı. Yollar şəbəkəsi
paytaxt Kuskonu əyalətlərlə birləşdirirdi.
İnklərin dövləti siyasi cəhətdən
piramida şəklində təşkil olunmuşdu. Onun
zirvəsini qeyri-məhdud hakimiyyətə yiyələnən
kral - allah İnka tuturdu. Ona Günəşin
oğlu kimi sitayiş edilirdi, imperiyanın dörd hissəsini
idarə edən dörd vali ona tabe idi. Dövlətin
sərvəti və qüdrəti “aylyu” adlanan kənd və əmək
icmaları tərəfindən yaradılırdı.
Ümumiyyətlə, Amerika qitəsinin tədqiq edilməsi
və işğalı özlərini konkistador
adlandırdıqları ispan macəraçılarının
işinə çevrildi. Onların arasında mənşəyinə
və xarakterinə görə müxtəlif adamlar var idi.
Lakin onları bircə şey - var-dövlət
və hakimiyyət yanğısı birləşdirirdi.
Vasko Nunyes de Balbao Amerikaya yollandı, qərbdə
böyük dənizin mövcud olduğunu bildikdən sonra
1613-cü ildə Panama boynunu keçib, Sakit okean sahillərinə
çıxdı. Kortes Meksikanın bir hissəsini tutmaqla
şöhrətə malik olsa da, hakimiyyət qazana bilmədi.
Ümidləri puça çıxan Kortes
İspaniyaya qayıdıb, 1547-ci ildə orada öldü.
Fransisko Pisarro inklərin dövlətini qarət edib
dağıtdı. Lakin Yeni Dünya ona nə sərvət, nə də
hakimiyyət verdi. Öz
tabeliyində olanlarla davada o, 1541-ci ildə Limada
öldürüldü.
Ernando de Sato Perunun işğalında iştirak
etmiş, qızıl və gümüş axtarmaq məqsədilə
1539-cu ildə Floridanı tədqiq etmişdi. Arzuladığı
qiymətli metalları o, heç də tapa bilmədi. Qızıl əldə etmək uğrundakı fəaliyyət
işğal edilmiş torpaqların qarət edilməsinə gətirib
çıxardı.
İspan konkistadoru və səyyahı Fransisko de Orelyano
ilk avropalı kimi ispan Visente Pinsonun 1500-cü ildə kəşf
etdiyi Amazonkanı tədqiq etdi. Orelyanonun dəstəsi hindu qadınlarından ibarət
döyüşçülərin hücumuna məruz
qaldıqdan sonra o, çayı Amazonka adlandırdı (səyyah
hindu qadın döyüşçülərini yunan
mifologiyasında təsvir edilən vuruşan qadınlar -
amazonkalar tayfasının üzvlərinə bənzətmişdi).
Orelyano Pisarronun ekspedisiyasında iştirak
etmişdi, Andın digər tərəfindəki torpaqları
tədqiq etməyə yollanmışdı. O, əfsanəvi
qızıl mənbəyi olan Eldoradonu tapmağa ümid bəsləyirdi.
Lakin o, nə qızılı, nə də həmçinin
axtardığı qəhvəyi ağacları tapa bilmədi.
Yerli sakinlərlə qanlı toqquşmalardan, silahlı hindu qadınların hücumundan və
çayla səkkiz ay davam edən üzməkdən sonra,
1542-ci ildə ispanlar Amazonkanın mənsəbini
gördülər.
Orelyano
arzularının həyata keçməsinə nail olmasa da,
Amerikanın kəşfi tarixində qitənin ən
böyük çayını tədqiq etdiyinə görə
daim qaldı.
İspan konkistadorları Cənubi Peru Andlarında zəngin gümüş yataqları tapdılar və adada Potosi yaşayış məntəqəsi saldılar. 1547-ci ildə imperator V Karl dəniz səviyyəsindən 4.000 m hündürlüyündə olan bu məntəqəni Villa İmperial de Potosi adlandırmağa göstəriş verdi. Gümüş çıxarılmasından gələn mənfəət hesabına məntəqə tezliklə mədən sənayesinin mərkəzinə çevrildi və İspaniya müstəmləkə imperiyasının ən varlı şəhərlərindən biri oldu. İspan donanması yüksək tələbat olan qiymətli metalı müstəmləkədən Avropaya daşıyırdı. Gümüşün daşınması çətin və uzun müddət davam edən üzməyə səbəb oldu. Qiymətli yük, dəniz quldurlarının ovuna çevrilirdi. Çox xərc tələb edən işlərin görülməsi üçün pula ehtiyac duyulduğundan, gümüşün çıxarılmasından bu çox asılı idi. Gümüş mədənlərində ucuz işçi qüvvəsi Andın kənarlarından gələn hindular idi. İspan müstəmləkəçiləri onları, gümüş istehsalına qoyulan öz kapitalları hesab etdiklərindən mədənlərə satırdılar. Pis əmək şəraiti və qidanın çatışmaması ucbatından hindular çox tez ölürdülər. Peru gümüşü İspaniyaya da rifah gətirmədi. Qızıl və gümüş gətirilməsi İspaniyanın ənənəvi təsərrüfat sistemini dağıdırdı. Bəzi tarixçilər İspaniyanı qızılla, və gümüşlə varlanmağa aludə olmaqla alkoqollu içkidən başı dumanlananlar kimi “sərxoş adama” bənzədirdilər. Bu aludəçilik nəticə etibarı ilə İspaniyanı böyük iqtisadi geriliyə məhkum etdi.
Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Avropaya həm də tütün daşınmağa başlandı. Tütünü (hindu dilində bu, “tobako bako”, ispan dilində isə tabako, “tüstülənən qəlyan” demək idi) Amerikanın cənubunda hindular iyləyir və çeynəyirdilər, şimalda isə əsasən qəlyanda çəkirdilər. İspan dənizçiləri tütünü Avropaya gətirdilər və o, burada çox populyar oldu. İlk dəfə tütün ispan kralı II Filippin sarayında meydana çıxdı.
Sonralar fransız səfiri Jan Nikto (buradan “nikotin” sözü əmələ gəlmişdir) onu Parisdə nümayiş etdirdi, burada tütünün iylənməsi dəbə düşmüş məşğuliyyətə çevrildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 8 aprel.- S.20.