Folklora bağlı ömür

 

 

Folklor xalqın bədii düşüncəsinin ifadəsi olduğuna görə daha zəngin və daha dözümlü mədəni irs hesab edilir.

 

Əhatə dairəsinin genişliyi ilə seçilən folklor xalq düşüncəsi ilə bədii düşüncənin harmoniyasının, həmahəngliyinin, uyğunluq səviyyəsinin də təcəssümüdür. Folklor nümunəsi mətnin məzmunu ilə xalqın istək və arzuları arasındakı ziddiyyətləri və əksilikləri qətiyyətlə rədd edir və əslində bu, nümunənin hansı xalqa mənsubluğunun da açarıdır.

 

Folklor xalqın tükənməz sərvəti olduğuna görə onunla xalqın istənilən nümayəndəsi məşğul ola bilər və həmin nümayəndə o barədə mülahizlər söyləmək arzusunu da gerçəkləşdirmək səlahiyyətinə malikdir. Amma o cür fikirlərin inandırıcılıq gücü özünü xalqın nümayəndəsi kimi təqdim etməkdə deyil, bundan daha artıq dərəcədə irəli sürülən fikirlərin nə qədər həqiqət və obyektiv olmasındadır. Folklor haqqında yazmaq və danışmaq kifayət qədər məsuliyyət tələb edir. Böyük və görkəmli folklorşünas olmağın bir şərti və sirri mötəbər şəxsiyyət olmaqdan keçir. Bu cür şəxsiyyətlər arasında professor Qəzənfər Paşayevin adı birincilər sırasında çəkilir.

 

Folklorşünaslıqla məşğul olan hər hansı mütəxəssis hansı mövzuda yazmasından asılı olmayaraq, həmişə müəyyən bir fikri hədəfə götürür. Biri folklorda xalq adət-ənənəsinin ifadəsini, biri xalqın yaşayış tərzini, biri xalq məişətinin incəliklərini, başqa birisi isə xalqın istək və arzularının inikasını axtarır. Bunlar hamısı doğrudur, çünki hədəfi bilinməyən yazının, məqalənin, kitabın özü də heç vaxt oxunmaz və tanınmaz. Bu baxımdan professor Qəzənfər Paşayevin folklorşünaslıq tədqiqatlarının hədəfi birincisi, xalqın ruhu, ikincisi, xalqın psixologiyası, üçüncüsü, xalqın tarixidir.

 

Professor Qəzənfər Paşayevin folklorşünaslıq görüşlərinin ən bariz və əhatəli ifadəsi “İraq-Türkmən folkloru” monoqrafiyasıdır. Əbdüllətif Bəndəroğlu həmin monoqrafiyanı “şah əsər” adlandırır. “İraq-Türkmən folkloru” monoqrafiyası yalnız folklor məsələlərindən bəhs edən kitab deyil, eyni zamanda tarixi bir hadisədir. Qəzənfər Paşayevin İraq-Türkmən folkloruna dair araşdırmaları coğrafi və mədəniyyət baxımından kölgədə qalan bir etnosun yenidən kəşfindən və tanıdılmasından keçir.

 

Folklorşünaslıqda bəzi janrlar var ki, onları arxaik janrlar, yaxud da kiçik folklor janrları adlandırırlar. Amma Qəzənfər Paşayevin tədqiqatlarında “kiçik” sözü yoxdur. O, başqalarının kiçik kimi gördüyü janrlara böyük mədəni irs nümunəsi kimi yanaşır. İnanclar, andlar, fallar, dualar və s. onun tədqiqatlarında xalq düşüncəsinin alt qatlarından gələn nümunələr kimi təqdim olunur. Professorun araşdırmalarında bu arxaik janrlar həm İraq-türkmənlərin, həm də qədim türklərin ortaq düşüncə tərzinin ifadəsi kimi meydana çıxır və müəllifin məsəllərə yanaşma üsulu öz orjinallığı ilə seçilir. Nədir bu orjinallıq? Müəllif həmin arxaik janrlarda olan nümunələrin “Kitabi-Dədə Qorqud” eposundakı faktlarla müqayisəsini aparır, beləliklə, müştərəklik və ortaqlığın klassik etalonu bəyan edilir. Bu klassik etalon müqayisəli-tarixi metodun istifadə tezliyini də yüksəltmiş olur.

 

Xalqın ruhu, psixologiyası və tarixi xalq mərasim və nəğmələrində daha geniş şəkildə ifadə edildiyinə görə Qəzənfər Paşayev “İraq-Türkmən folkloru” monoqrafiyasında o məsələlərin təhlilinə daha böyük önəm vermişdir. Mövsüm mərasimləri, dini mərasimlər, məişət mərasimləri və onlarla bağlı nəğmələr səciyyəvi nümunələr əsasında izah və şərh edilir. Burada da müəllifin müşahidə qabiliyyəti daha qabarıq şəkildə özünü göstərir. Bu müşahidə qabiliyyəti nədən ibarətdir? Tədqiqatçı xalq arasında yağışın yağması ilə əlaqədar mövsüm nəğmələrinin digər nəğmələrlə müqayisədə çoxluq təşkil etməsini təsadüfi hesab etmir. Bunun başlıca səbəbini İraq-türkmən regionunda hökm sürən quraqlıqla əlaqələndirir. Beləliklə, xalq düşüncəsinin məhsulu olan folklor nümunəsinin xalqın məskunlaşdığı məkanın, relyefin və iqlim şəraitinin təsiri altında yaranması real bir tezis, yaxud müddəa kimi təsdiq edilir. Bununla bağlı olaraq təbiətlə insan arasındakı harmoniyanın əbədiliyinə inam tədqiqatın ciddi elmi nəticəsinə çevrilir.

 

Professor Qəzənfər Paşayev “İraq-türkmən folkloru” monoqrafiyasında lirik və epik növlərə aid materialları ayrı-ayrı fəsillərdə araşdırır. Amma bütün hallarda monoqrafiya boyu İraq-türkmən folkloru ilə Azərbaycan folkloru arasındakı qırılmaz əlaqələr diqqət mərkəzində olur. Tədqiqatçı İraq-türkmənlərdə aşkar olunan xoyratlara geniş aydınlıq gətirir. Xoyratlarda (bayatılarda) birinci misranın yarımçıq olmasına, müəllifin özünün də etiraf etdiyi kimi, vaxtilə Azərbaycan folklor toplayıcıları tərəfindən şübhə ilə yanaşılmış və bu şübhə birinci misranın toplayıcılar tərəfindən “qeyri-qanuni” şəkildə tamamlanmasına gətirib çıxarmışdı. Əslində belə bir addım xəyali formada olsa da, kərkük və Azərbaycan folkloru arasındakı əlaqə bağlarını qismən zədələmişdir. Folklorşünas alim üçün xoyratlarda, manilərdə, bayatılarda misraların sayının az-çoxluğu, misralardakı hecaların fərqliliyi deyil, onlar arasındakı ideya, fikir müştərəkliyinin aparıcı olması əsasdır. Bu düşüncə tərzi insanları və nəhayət, xalqları bir-birinə yaxınlaşdırmaq məsləkini öz daxilində yaşadan bir mütəfəkkirin düşüncə tərzi deməkdir.

 

Professor Qəzənfər Paşayev epik növə aid janrların, xüsusilə dastan və nağılların təhlili zamanı xalq düşüncəsinin genişliyi və intəhasızlığı məsələlərinə daha çox diqqət yetirir. Bu genişlik və intəhasızlıq İraq-türkmən regionu ilə müasir Azərbaycan coğrafiyası arasındakı əlaqlərin bütövlüyünə xidmət göstərir. Beləliklə, İraq-türkmən və Azərbaycan folkloru həm folklor janrlarında, həm nümunələrin strukturunda, həm də coğrafi məkan sərhədlərinin aradan götürülməsində vahid bir ideyanın daşıyıcıları kimi çıxış edir.

 

Folklor nümunəsinin xalqın psixologiyasını əks etdirmək baxımından Qəzənfər Paşayev bütün folklor janrlarının bu və digər dərəcədə əhəmiyyət daşımasını xüsusilə qeyd edir. Müəllif belə bir fikir irəli sürür ki, xeyir-dua İraq türkmənlərinin danışıqlarını bəzəyir. Yəni, xalq deyimləri içərisində duaların xalqın psixologiyası ilə bağlılığı inkaredilməzdir. Struktur baxımından bir neçə duanın birləşmiş formada üzə çıxması isə İraq kərküklərinin xeyirxahlıqlarının tükənməzliyinin nümunəsidir.

 

Professor Q.Paşayev İraq-kərkük folklor nümunələri ilə yalnız Azərbaycan folklorunu müqayisə etmir. Eyni zamanda, İraq-türkmən folkloru nümunələri ilə Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, İsmayıl Şıxlı kimi sənətkarların əsərlərinin də müqayisəsini verir. Bu isə xalqın folklor irsi ilə sıx şəkildə bağlılığının genetik yaddaşda ifadəsi deməkdir.

 

Professor Qəzənfər Paşayev folklor nümunəsinə mücərrəd bir fakt kimi baxmır. Folklor nümunələrində insanların arzu və istəklərinin, hiss və duyğularının ifadəsinin mükəmməlliyini görür. Bunlarla yanaşı, Qəzənfər müəllim, bəlkə də, bizim folklorşünaslığımızda heç vaxt rast gəlinməyən bir cəhətin də əhəmiyyətinə həmişə önəm vermişdir. Bəs bu cəhət nədən ibarətdir? Qəzənfər Paşayev insanların dəyərini də folklora görə müəyyənləşdirir. Bu mənada o, yazır ki, “Yaşar müəllimlə məni yaxın edən, hər şeydən əvvəl, folkor olmuşdur”. Yaşar Qarayev özünün folklor nümunəsini dəyərləndirmək səriştəsi ilə folklorun regional xüsusiyyətləri ilə ümumi səciyyəvi cəhətlərinin əlaqəsini, lətifənin nə qədər gülüş doğursa belə, bir janr kimi Şəkinin şöhrət və sərvətinə çevrilməsini, müxtəlif xalqların folklor əlaqələrinin insanları bir-birinə yaxınlaşdırmasının əhəmiyyətini həmişə diqqət mərkəzində saxlamışdır.

 

Professor Qəzənfər Paşayevin çox sevdiyi və dərin hörmət bəslədiyi şəxsiyyətlərdən biri Mikayıl Azaflıdır. Müəllif Mikayıl Azaflının aşıq sənətinin inkişafındakı yerini və mövqeyini müxtəlif məqalələrində yetərincə qiymətləndirmişdir. Amma onun böyüklüyünü aşıqlığında deyil, xalq ruhunu bacarıqla ifadə etməsində, insanın amalının və mənəvi qüdrətinin Azaflı yaradıcılığı üçün ilham mənbəyi olmasında görür. Qəzənfər müəllim üçün hər hansı bir folklor nümunəsi, saz musiqi aləti, yaxud el havası və rəqs insanı dərk etməyin vasitəsinə çevrilir. Bu, elə bir müdrik yanaşma və dəyərləndirmədir ki, insanı həyata möhkəm tellərlə bağlamağın, həm də şəxsiyyət səviyyəsinə qaldırmağın yolu da məhz ordan keçir.

 

Professor Qəzənfər Paşayevin folklorşünaslıq görüşlərinin müəyyən bir hissəsini Xalq yazıçısı Elçinin yaradıcılığının folklorla əlaqəsinə dair məqalələri təşkil edir. Elçinin nəsri həyatı əks etdirmək, yeni obraz yaratmaq və bədii təhkiyə baxımından fərqli bir yaradıcılıqdır. Elçinin nəsrlə yazılmış əsərləri ədəbiyyat nəzəriyyəsinin, ədəbiyyat tariximizin və Azərbaycan dilçiliyinin bir çox məsələlərini aydınlaşdırmaq üçün kifayət qədər fakt və material verir. Onun yaradıcılığında folklorla bağlı tərəflərin araşdırılması da ədəbiyyatşünaslığın və folklorşünaslığın müəyyən bir probleminin təhlili deməkdir. Qəzənfər müəllim Elçinin əsərlərindəki folklorizm və mifologizm faktlarına məhz bu yöndən yanaşır, Elçinin yaradıcılığını yeni bir ədəbi hadisə kimi dəyərləndirir.

 

Professor Qəzənfər Paşayev Elçinin də şifahi xalq ədəbiyyatına sevgisini folklor sahəsində nüfuzlu söz sahibinə çevrilməsini əsaslı hesab edir. Tədqiqatçı xalq yazıçısı Elçinin folklora olan bağlılığının əsas istiqamətlərini onun dastanlara, nağıllara və aşıq poeziyasına olan meyil və marağında görür. Elçin bir yaradıcı sənətkar kimi sadəcə nağıllardan öyrənmir, həm də nağılın özünü yaradır. Bu nağıl-hekayələrin əsas keyfiyyəti onlarda folklor ruhunun yaşamasıdır. Elçinin qələmə aldığı nağıl-hekayələrin əsas obrazları qoca palıd, qara qarğa, söyüd, ərik və zoğal ağacları, ağlayan böyürtkən, ağqovaq, göy göyərçin, müdrik balıqdır. Qəzənfər müəllin həmin nağıl-hekayələrə, həmin obrazlara diqqəti yönəltməklə onların gücünü mətnlərdə ifadə olunan xalq hikmətlərində görür. Beləliklə, Elçinin yaradıcılığında folklora bağlılıq, sadəcə olaraq, janr-forma məsələlərində deyil, fikirdə və ideyada özünü göstərir.

 

Professor Qəzənfər Paşayev Elçinin dastanlara bağlı yaradıcılığına da xüsusi diqqət yetirir. Yazıçının “Mahmud və Məryəm” əsəri “Əsli və Kərəm” dastanı motivləri əsasında yaranan yeni bədii hadisə kimi dəyərləndirilir. Qəzənfər müəllim “Mahmud və Məryəm” əsərinin təhlili zamanı Elçinin özünün folklora münasibətinin məzmununu “Kərəm yanğısı ilə” ifadəsinə bərabər tutur və ona yeni dəyər qazandırır.

 

Elçinin “Klassik aşıq poeziyasında Dünya obrazı” kitabı isə tədqiqatçının aşıq yaradıcılığına münasibətinin ifadəsidir. Q.Paşayev Elçinin ayrı-ayrı sənətkarların yaradıcılığı əsasında Dünya obrazı ilə bağlı apardığı təhlilləri bu sahədə ilk örnək tədqiqat kimi qiymətləndirir. Nəticə isə ondan ibarətdir ki, Elçin həm yazıçı, həm də tədqiqatçı kimi folklora münasibətdə eyni bir mövqenin daşıyıcısıdır. Bu mövqe folklorumuza sonsuz məhəbbətlə müşayiət olunur.

 

Əslində professor Qəzənfər Paşayevi bütün folklorşünaslıq tədqiqatları ilə yanaşı meydana çıxan və ona çox böyük şöhrət gətirən “Altı il Dəclə-Fərat sahillərində” kitabının da sirri müəllifin bu kitabda da xalqa və onun folkloruna bağlı olunmasındadır. Həmin kitabdakı “Adətim mənim, həyatım mənim”, “Dost dosta tən gərək”, “Əfsanəyə bənzər həqiqətlər” kimi fəsillər bu fikri işarələyir. Qəzənfər müəllim “Altı il Dəclə-Fərat sahillərində” kitabında İraqdakı adət-ənənələrdən danışarkən bu adət-ənənələrin rəngarəng olduğunu göstərir. Eyni zamanda, onların qonaqpərvərliyinin intəhasızlığını da qeyd edir. Müəllif yazır ki, “iraqlılar bununla fəxr edirlər”.

 

Qəzənfər Paşayevin folklora olan marağı və məhəbbətinin ardıcıl olmasını göstərən faktlardan biri “Altı il Dəclə-Fərat sahillərində” kitabının elə ilk cümlələrində Xaqaninin, Vaqifin, Vidadinin və Füzulinin adlarından əvvəl “Min bir gecə” nağıllarını xatırlamasıdır. “Altı il Dəcla-Fərat sahillərində” kitabı, sadəcə olaraq, “Min bir gecə” nağıllarının adını çəkməsi ilə başlamır. Eyni zamanda “Min bir gecə” nağıllarının nəqli ilə davam edir. Kitab bu nağılların ruhu ilə də başa çatır. Ola bilsin ki, Qəzənfər müəllimin “Altı il Dəclə-Fərat sahillərində” kitabına “İraq necə yaxın olur” adlı ön söz yazan Ayaz Vəfalı da Qəzənfər müəllimin folklora yaxın olduğunu bildiyinə görə həmin ön sözün birinci cümləsini “Bir gün duz-çörək kəsdiyin yerə qırx il salam ver” şərq məsəli ilə başlayır. Bu mənada Qasım Qasımzadənin kitaba yazdığı “Ömrün əbədiləşən illəri” adlı son sözünün ilk cümləsində “çox yaşayan çox bilməz, çox gəzən çox bilər” atalar sözünü xatırlamasını da təsadüfi hesab etmək olmaz. Görünür, bu elm adamları da Qəzənfər müəllimin insanların dəyərini folklora görə müəyyənləşdirməsi meyarını yaxşı bildiklərinə görə həmin meyarı məhz onun özünə doğru yönəltmişlər.

 

Professor Qəzənfər Paşayevin həyatı folklora bağlı bir ömrün simvoludur.

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

Əməkdar elm xadimi

 

 

525-ci qəzet.- 2017.- 8 aprel.- S.19.