Mən Dilbəri
sordum...
Göydələnin
təpəsində yamyaşıl ot
bitib...
Hündür
binaları Günəşi gizlədən şəhərin mərkəzində,
tıxacların əsəblərlə oynadığı,
maşın siqnallarının qulaq batırdığı
yerdə təbiətin bu bapbalaca parçası elə əcaib
görünür ki... Amma axı, həyatda hər şeyin
cavabı var! Heç nə təsadüfi deyil, axı! Nə
qədər əcaib, nə qədər qəribə
görünsə də, orda, daşların arasında bu zərif
bitkinin cücərməsi təbiət hadisəsidir... Necə olub görəsən bu? Bir quş
dimdiyində dən aparırmış balalarına, külək
vurub alıb ağzından o toxumu... Toxum
daşların arasına düşüb. Xoşbəxtlikdən
yağış yağıb həmin gecə... Toxumu
isladıb yaxşıca... Səhər tezdən
hava açılıb, gün çıxıb, münbit
şərait yaranıb o toxumun cücərməsiyçün.
Və bu minvalla heç uyğun olmayan fəsildə, heç
ağıla gəlməz yerdə ot bitib!
Sevgi də belə yaranır! İnanılmaz bir məqamda,
gözləmədiyin yerdə, heç ağlına də gətirmədiyin
adama aşiq olursan! Özünü, hisslərini
tanıyırsansa, bunu anındaca anlayırsan. Yox, əgər
içindən, qəlbində baş verənlərdən xəbərsizsənsə,
onda bir az zamana ehtiyacın olacaq. Elə hey düşünəcəksən, “axı,
necə oldu bu?” - deyəcəksən
özünə. Beynində yüz dəfə irəli-geri
fırladıb baxacaqsan o səhnələrə... Və birdən hər şey su kimi aydın olacaq, su
üzünə çıxacaq düşüncələrin,
durulacaqsan, için işıqla dolacaq.
Bax elə
o an, gözünün içinə baxdığın dəqiqədə,
o da nəfəs çəkmədən baxdı, sonra
qaçırtdı gözlərini... İldırım vurdu
elə bil səni! Allahın OL kəlməsi kimidi bu...
Dünyanın, həyatın, kainatın
başlanğıcıdı bu OL əmri... Və
məncə, hər insana ömründə bir, ya bir neçə
dəfə OL deyir Yaradan. Sevgi göndərir onun qəlbinə
və bunun hansı yaşda baş verməsindən
asılı olmayaraq, hər şey yenidən
başlanır...
Başlanğıc...
Dilbər nə biləydi? Nə biləydi ki, əmisi
arvadı Fəramuşun onu Pedaqoji İnstitutun
buraxılış gecəsinə dəvət etməsi və
o məclisə getməsiylə həyatı dəyişəcək?
Sözün bütün mənalarında... Böyük sevgi
də, uzun ayrılıqlar da, qorxular, itkilər, vahiməli
gecələr və işıqlı gündüzlər də
o gündən, o məclisdən - gözlərindən od yağan, ilhamı çağlayan
Müşfiqlə ilk görüşdən sonra
başlanırdı. Daha doğrusu, hər şey elə o an
baş verdi. Dilbər xanım Axundzadə
illər sonra Müşfiqin xatirəsinə, əlli illik
yubileyinə həsr edəcəyi “Müşfiqli günlərim”
kitabında o anı, uzaq görüşü, şairlə
ilk dəfə rastlaşdığı məqamı belə xatırlayacaqdı:
“Müşfiqin əynində səliqə ilə
tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi
və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının
üstünə düşən qara tellərini tez-tez arxaya
atırdı. Yoldaşlarından fərqli
olaraq, Müşfiq həyəcanlı və tutqun idi”.
O gün
həyatla, sevgiylə, ilhamla, ümidlərlə, sözlə
dolu Müşfiqin bir neçə il sonra
olacaqlardan xəbəri yoxdu. Bütün dəhşətlər
qarşıda idi. Amma heç bura qədər
də şairin həyatı asan olmamışdı.
Mikayıl
Müşfiq tədqiqatçısı Gülhüseyn
Hüseynoğlu “Müşfiq” monoqrafiyasında şairin keşməkeşli
uşaqlıq illəri haqda yazır: “Ağır güzəranda,
çətinliklər içərisində, insanı göz
açmağa qoymayan ehtiyacla əlbəyaxada Müşfiq
qayğısız uşaqlıq illərinin fərəhini
duya bilməmişdi”. Bütün bu çətinliklərə
səbəb isə şairin lap körpə vaxtı anasını,
altı yaşında olanda isə atasını itirməsiydi.
Müşfiq artıq məşhurlaşandan sonra “İnsan qəlbinin
mühəndisi postunda” məqaləsində yazırdı: “Hələ
atamın sağlığında güzəranımız
çox ağır keçdiyi halda, lap uşaqkən anam,
sonra atam vəfat etdi. Mən bir yetim halında
daşkəsən əmim və bibimin yanında qaldım.
Ac, yalavac, çılpaq bir yaşayış
keçirdim”.
Müşfiqin bütün dərdlərinin, hisslərinin
ən gözəl ifadəsi şeirləridir. Elə
yetimçiliklə keçən uşaqlığını
da şeirlərində daha təsirli şəkildə qələmə
alıb. “Qaya” poemasının sonluğunda yazır:
Nə ata
çağırışı, nə ana səsi,
Bunların
gül kimi lətif busəsi
Ruhuma ətrini saça bilmədi.
Mənim cocuq dərdim heç əksilmədi.
Şair
“Əfşan” poemasında da əmisi evində günlərini
keçirən yetim qızın, Əfşanın
yaşantıları vasitəsiylə öz
ağrılarını dilə gətirir:
Doğrudan
öksüzlük ağır kədərmiş,
Çək,
zavallı bəbək, bu kədəri çək!
“Öksüz” sözü “yetim” mənasında işlənir. Amma bu sözdə
nə isə bir yiyəsizlik, kimsəsizlik çaları da
duyulur. Və məhz bu cür, öksüz, yiyəsiz,
kimsəsiz böyümüş Müşfiqin Dilbərə
bağlanmağında bir sığınacaq tapmaq arzusu da
var... Dilbər onun təkcə sevgilisi yox, həm də
“valideyni”, dostu, sirdaşı, övladı olmalıydı...
Belə də oldu!
O
qaçdı məndən...
İstər Dilbər xanımın “Müşfiqli
günlərim” kitabında yazdığı hadisələrin
gedişatından, istərsə də şairin öz
şeirlərində təsvir etdiklərindən bəlli olur
ki, bu incə, işvəli qadının sevgisini qazanmaq
Müşfiqə heç də asan başa gəlməyib. Burda, əlbəttə,
təkcə Dilbərin tərəddüdləri, aşiqini
intizarda saxlamaq bacarığı yox, dövr, zaman, zəmanə
də rol oynayır. Ovuc içi boyda şəhərdə
hamı bir-birini tanıyırdı. Və
təəssüf ki, “camaat nə deyər” düşüncəsi
o vaxtlar da hakimdi. Amma olan olmuşdu:
“ - Məni
unutmamışdın ki?
Birdən-birə
mənə qəribə bir güc gəldi:
- Sizi
heç unutmaq olar?! - dedim, - Siz yadıma
düşəndə “Küləklərə” qoşuluram. Sizin bir neçə şeirinizi əzbər bilirəm”.
Dilbər xanımın söylədiyi “qəribə bir
güc”ün adı sevgidi. Və elə bu yerdə,
bu cavabı ilə Dilbər Müşfiqi birdəfəlik
qazandı. Şeiriylə nəfəs alan,
dünyanı, həyatı şeirindən keçirib
yaşayan adama - Şairə də belə söz demək
olardı? Və o şair bu cür etirafın, həm
də gözəl qadından gələn sözlərin
qarşısında tab gətirə bilərdimi? Yox, əlbəttə,
yox! Bütövləşdi Müşfiq... Əslində,
şeirlərinin ünvanını tapdı:
Sardı
gözlərimi incə bir duman,
Nə yüksəyi gördüm, nə də alçağı...
Rəsul Rza Müşfiqin faciəvi taleyinə həsr etdiyi “Qızılgül olmayaydı” poemasını Dilbərə müraciətlə yazıb. Və məhz bu məqamı, Dilbərin Müşfiqə şair kimi təsirini də vurğulayıb:
Bəlkə
o belə şair olmazdı,
bu xalq,
bu
torpaq,
o
yaşıl yarpaq,
o
aydın səhər,
bir də
sən,
Dilbər,
bir də
sən olmasaydın!
Rəsul Rza sanki şairliyin reseptini verir burda. Axı,
doğrudan da xalqına sevgi də, torpağına
bağlılıq da, təbiətə - “o yaşıl
yarpağa” vurğunluq da, səhərlərin aydın
olacağına ümid də Şair üçün hava, su
kimi vacibdi. Bir də sevgi! Qadın! Müşfiqinsə həyatında
Dilbər! Şairlik həm də Dilbəri, onun
məhəbbətini qazanmaq üçün vasitə idi
artıq.
Bu məqamda
böyük türk şairi Nazım Hikmətin məhbəsdən
xanımı Pirayəyə yazdığı məktubunu
xatırlayıram:
“Tanıdığım
bütün insanlar arasında nə sənin
böyüklüyündə bir şairə, nə də sənin
qədər şeiri anlayana rastlamadım. Sağ ol Pirayə,
sənə layiq olmağa çalışmaq
ömrümün ən böyük işidir. Madam ki, sən bu qədər iyi və gözəlsən,
dünya və insanlar mütləq iyi və gözəl
olacaqlar”.
Pirayə
şeir yazmırdı! Şeiri sadəcə,
yazdırırdı. Elə bu “xasiyyəti”
ilə şair idi, yəni şeir yaradan idi. Dilbər xanım sonralar Müşfiqə bir
neçə şeir yazsa da, o həm də Müşfiqin
şeirlərinin “həmmüəllifi” idi. Şeirə
çevrilən duyğuların səbəbkarıydı, ona
görə... Şair özü də bunu belə etiraf
etmişdi: “Dilbər, şeir mənim həyatımdır. O,
həmişə pərvazlanmaq istəyən bir quşa bənzər.
Sən isə bu quşun qanadlarısan!”
Həm də,
Müşfiq özü dediyi kimi, “bir ayağı qaçaraq
olan” sevgilisini şeirlə bağlayırdı özünə:
Gözlədim
yolunu hava qarardı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən
qəmgin könül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?
Görüşə gecikən qadın bu cür ürək
titrədən misralarla qarşılanarsa, növbəti dəfə
intizarda saxlayarmı aşiqini?! Amma Dilbər
saxlayırdı. Hətta nişanlanandan, ailə qurandan
sonra da Müşfiqi darıxdırır, özü haqda
düşündürür, hərdən də lap ürəyini
üzürdü... Uzaqlıqla! Uzaqlığı ilə!!!
Və
uzaqlıq...
Dilbər xanım Gəncədə anadan olmuşdu. Bakıya
oxumağa gəlmişdi, Pedaqoji Texnikomda təhsil
alırdı. Amma ara-sıra həm təyinatıyla
bağlı, həm də ailə üzvləriylə
görüşmək üçün Gəncəyə
gedirdi. Əgər Dilbər-Müşfiq
sevgisini bir roman, yaxud dastan kimi qəbul eləsək, bunun ən
təsirli məqamı uzaqlıqdı. Bütün
qəlbiylə, ruhu, varlığıyla birinə bağlanan
adamın məsafələrə dözümü olarmı?
Dilbər Axundzadənin kitabında Gəncəyə
müxtəlif vaxtlarda bir neçə gedişi təsvir
olunub. Hər dəfə də Müşfiq bu gedişləri,
uzaqlığı dərd kimi, çəkilməz,
ağır bəla kimi yaşayıb. Həsrətdən
şeirlər yazıb... Hətta hirslənib, hətta
qısqanıb, hətta ittiham edib sevdiyi qadını. Bir də ən maraqlısı budur ki,
Müşfiqin dostları da onun Dilbərdən uzaqda
keçirdiyi günlərdə necə əzab çəkməsini
biliblər. İllər sonra Rəsul Rza
“Qızılgül olmayaydı” poemasında Müşfiqin
dilindən, onun üslubuna uyğunlaşdıraraq bir neçə
şeir yazır. Guya bu, şairin xəyali bir şeir dəftərindən
tapılmış parçadı:
Dilbər Gəncəyə gedib.
Niyə gedib axı, niyə gedib?
Mən ki
onsuz
bir
gün qala bilmirəm.
Gözümdə
qəm,
Dilbər!
Sənsiz dura bilmirəm.
Rəsul
Rzanın Müşfiqin ölümündən təxminən
iyirmi il sonra onun məhz bu hisslərini qələmə
alması təsadüfi deyil. Çox güman
ki, elə o çətin günlərində Müşfiq
dostuyla dərdləşib, həsrətini
bölüşüb.
Ürəyi
dözməyəndə Səməd Vurğunu da
götürüb Gəncəyə getmişdi hətta...
“Dilbər bacı, bizim bu dağlara gəlməyimizin -
dedi, - bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə
dönməsidir.
...Bilmirəm
siz bunu necə ovsunlamısız ki, şəhərdə nə
gecəsi, nə də gündüzü var. Gördüm bu
gedişlə o Kərəmi keçib Məcnun olacaq, dözməyib
dedim ki, gedək Gəncə dağlarına, bəlkə
ürəyin orada təskinlik tapdı...”
Bu sözləri Müşfiqlə birgə Gəncəyə,
Dilbərin görüşünə gedən Səməd
Vurğun demişdi. Bəlkə bununla dostuna kömək etməyə, Dilbərin
ürəyini yumşaltmağa çalışırdı,
bilmirəm. Hər halda Müşfiqin çəkdiyi
həsrətin də, nigarançılığın da bir
faydası vardı. Yeni şeirlər, sevgi
şeirləri yaranırdı bu duyğulardan.
Rəfiq
Zəka Müşfiq şeirlərindəki bu çaları,
bu hissi xüsusi vurğulayaraq yazır: “Sevgi şeirlərində
ayrılıq çəkmiş bir gəncin işıqlı
kədəri var. Bu kədər sənə dünyanı
sevdirən məhəbbətinin ziynətidir. Könlün
bu məhəbbətə qarşı çocuqdur”.
Doğrudan da, dəcəl bir uşaq ərköyünlüyü
duyulur Müşfiqin bəzi şeirlərindən. Məsələ
burasındadır ki, Dilbər karyerasını qurmaqda
israrlı idi. Ona görə hətta bəzən
başı işlərə qarışdığından
Müşfiqin məktublarını cavabsız da qoyurdu.
Şair qarışıq, təzadlı duyğular
keçirir, bəzən qəzəblənir, bəzən
küsür... Hətta şübhələnirdi də... Məktublarından
birində Dibərə yazırdı:
“Bilmirəm
niyə məktubuma cavab yazmırsan, ürəyimə cürbəcür
şeylər gəlir; qorxu, nigarançılıq... Bəlkə də məni unutmusan?! Əgər
bilsən sənsiz necə darıxıram! Hər günüm
bir il keçir. Bilsəm, səni
əlimdən buraxmazdım”.
Müşfiqin
ürəyi məktublarla soyumurdu, incikliyini şeirə də
çevirirdi:
Ey insan
qılıqlı, mələk xülyalı,
Bu ceyran ədalı,
tərlan sevdalı!
Hey
çalışdım, anlamadım dilini,
Heç
bilmədim şeytanmısan,
mələkmisən, ya nəsən?!
“Qurban
olduğum” şeirində isə daha yumşaq şəkildə
dilə gətirirdi şübhələrini:
Bilməm
məni neçin atmış, unutmuş,
Cövrü cəfasına qurban olduğum?
Yoxsa
özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum?
Bütün sualların cavabı odu ki, Dilbər xanım sadəcə Qadın idi. Qadın isə həm qılıqlı olmalıdı, həm ədalı, həm Şeytan kimi yoldan çıxarmalıdı, həm Mələk kimi düz yola çəkməli... Cövrü cəfası da öz yerində. Hə, bütün bunları bacarmalıdı qadın... Uzaqdan belə bacarmalı!
Evlilik...
Elə evlilik təklifini də Müşfiq Dilbərə Gəncədə etdi. Qəribə bir sahiblənmə duyğusu hiss olunur bu təklifdə. Yaxşı mənada sahiblənmək... Məktubunda dediyi kimi, “əlindən buraxmamaq”, həmişə bir yerdə olmaq üçün. Əslində yəqin sevərək evlənənlərin hamısı məhz bu ehtiyacdan ailə qururlar. Artıq birgə keçirdiyin saatlar bəs eləmir, sağollaşan kimi darıxırsan, onsuz yaşadığın hər an mənasız olur. Və evlənirsən... Müşfiqlə Dilbərin evliliyi isə sadəcə, iki gəncin həyatında yox, ümumiyyətlə, ədəbiyyatımızda əlamətdar hadisə idi. 1933-cü ildə baş tutan toyda dövrün şairləri, yazıçıları iştirak edirdilər. Məşum 37-ci ilə hələ vardı... Hələ yaşamaq olardı.
Azərbaycan ailələrinə xas olmayan qəribə bir romantika yağır Dilbər xanımın evlilik illəri haqqında yazdıqlarından. Müşfiqin gündəlik həyatda da qayğıkeş, mehriban, diqqətli münasibəti xoşbəxt edib qadını. Bir də Müşfiqi sevirdi axı... “Sevgilim, sən həmişə haqlısan” - deyən kişini sevməmək olardımı?
Çadrovı küçəsində birotaqlı ev tutub orda yaşayırdılar. Müşfiq 18 nömrəli məktəbdə ədəbiyyat müəllimliyi edir, “Azərnəşr”də redaktor kimi çalışır, dərnək aparır, oxucu görüşlərinə gedir, bir sözlə, şöhrətinin zirvəsindədir. Dilbərin anası da, Müşfiqin bacıları da ara-sıra qonaq gəlir, gənc ailənin qayğısına qalırlar. İstər Dilbər xanımın, istərsə də o vaxtlar yaşamış başqa sənətkarların xatirələrindən, əsərlərindən işıqlı bir HƏYAT yağır. Çox qəribədir ki, dövrün bütün məhrumiyyətlərinə, qadağalarına, sürgün, repressiya qorxularına, kasıbçılığa baxmayaraq, həyat eşqiylə doludu bu insanlar. Rəsul Rzanın təbirincə desək:
Ruzumuz yaxşı gündə
bir parça dağlı çörəyi,
bir tikə
Xaşbulaq ətirli Gəncə pendiri
Çəkməmizdə bağ yerinə
adi zivə kəndiri.
Günümüzü bir manat ödəyirdi.
Ən vitaminli qidamız şeir idi.
Şairin yarızarafat dediyi “ən vitaminli qida” doğrudan da hər şeyin xilası idi. Görünür, artıq söylədiyim kimi, bu insanların həyatla, sevgiylə, işıqla dolu olmalarının da əsas səbəbi mənəviyyatla yaşamaları idi. Bir də nə qədər kədərli olsa da, gələcəyə böyük ümidlər, hər şeyin daha yaxşı olacağına sarsılmaz inamdı bu nikbinliyin səbəbi:
“ - Yaxın vaxtlarda hər şeyimiz olacaqdır. Dilbər, kasıb oğlan idim. Sənin şeir vurğunu olduğunu görüb səni şeirlə aldadıb aldım...” - demişdi Müşfiq Dilbərə. Dilbər kimi bir qadını qazanmaq güclü etmişdi şairi. Ona görə daha da ümidli idi. Amma “yaxın vaxtlarda” nələr olacaqdı... Aman Allah nələr?!
Ağlamayan gözlər ağlasın...
Müşfiq görkəmli dramaturq, şair Cəfər Cabbarlını hədsiz çox sevib. Həm Dilbər xanımın, həm də Cabbarlının həyat yoldaşı Sona xanımın xatirələrindən bəlli olur ki, Müşfiq Cəfər Cabbarlını sənətkar idealı hesab edib, özünün təbirincə desək , “ruh mühəndisi” sayıb. Cəfər Cabbarlının hər yeni əsərindən, hər yeni uğurundan, pyeslərinin səhnəyə qoyulmasından güc alıb. Cəfər Cabbarlı da özündən gənc və xeyli çılğın qələm dostuna böyük dəyər verib. Sona xanım Cəfərin Müşfiqi qəlb dostu saydığını və hətta “Sevil” əsərinin redaktəsindən sonra sevincək otağından çıxanda Müşfiqi görüb qanadlandığını da yazır. Bir sözlə, bu qarşılıqlı sevgi, ehtiram onların hər ikisinin yaradıcılığına müsbət təsir göstərirdi. Yeni əsərlərini bir-birinə oxuyar, uzun-uzun sənət müzakirələri edərdilər.
Təəssüf ki, paxıllıq, gözügötürməzlik Cəfər Cabbarlı kimi parlaq şəxsiyyətin, böyük istedad sahibinin də həyatında olmamış deyildi. Cəfər Cabbarlının teatrı öz monopoliyasına çevirməsi kimi cılız ittihamlar, danoslar onun xəstə ürəyini bir az da ağrıdırdı. Hətta dramaturq bütün haqsız tənqidlərdən, böhtanlardan bezib Sovet Yazıçılar İttifaqına məktub ünvanlamışdı:
“...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq, repertuarını mənim “1905-ci ildə”, “Almaz”, “Yaşar”, “Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü ora da borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.
Nə qədər də “müasir” səslənir, deyilmi? İş görən, zəhmət çəkən insanı əlindən bir şey gəlməyən biveclərin, bisavadların, istedadsızların daşlaması və adamın bezib “tərk etməyə hazıram”, “tamamilə yazmaya bilərəm” - deyib özünəməxsus üsyan etməsi...
Həm gərgin, fasiləsiz iş, həm sağlamlığının qayğısına qalmaması, həm də qəliz dövrün qəliz işləri Cəfər Cabbarlının ürək xəstəliyini bir az da şiddətləndirdi. 1934-cü ilin 31 dekabrında Cəfər Cabbarlı 35 yaşında ürək tutmasından öldü.
“Cəfər Cabbarlının qəfil ölüm xəbərinin Müşfiqə necə təsir etdiyini yazmaqda qələm acizdir...” - yazır Dilbər xanım. Mənə görə bu xəbər gənc, ümidli Müşfiqin həyatında ilk böyük sarsıntıdır. Cabbarlının ölümünə yazdığı şeiri də ağı kimi səslənir:
Öldü! Ağlamayan gözlər ağlasın,
Qələmlər, kağızlar, sözlər ağlasın!
Cabbarlının ölümü
Müşfiqin qanadlarını qırmışdı sanki... Amma bu, hələ
ümidlərin sonu deyildi. Qarşıda ümidli, sevincli bir
yay qalırdı... 1936-cı ilin yayı!
Bu yaz bir
başqa yazdı...
Müşfiqin ən məşhur sevgi şeirlərindən
biri, bəlkə birincisi “Yenə o bağ olaydı”
şeiridir. 1936-cı ilin yayında yazılıb bu şeir.
Nə zaman ki Rəsul Rza, Ənvər Məmmədxanlıgilin
ailələri, Əhməd Cavad Şükriyyə xanımla
və övladlarıyla, bir də Mikayıl Rzaquluzadə
Pirşağıda dincəlirdilər, həmin yay. Həftəsonları
Məmməd Arif, Əlağa Vahid, Sabit Rəhman,
Müşfiqlə Dilbər gəlirdilər. Rəsul
Rzagilin bağında uzun, şeir, söz, zarafat dolu
axşamlar keçirərdilər.
Bunların hamısını akademik Rafael Hüseynovun
son dərəcə təsirli “Bağ romanı” essesindən
öyrənirik. Rafael müəllim o sevinc, ümid, fərəh dolu
yayı o qədər gözəl yazır, o qədər təsirli
şərh edir ki, özünü uzaq illərin arxasında
qalmış o günlərdə hiss edirsən... Ancaq bu essenin bir üstünlüyü də
Müşfiqin məşhur “Yenə o bağ olaydı”
şeirinin tarixçəsini açmasıdır.
Demə, şair bu şeiri Ənvər Məmmədxanlının
bacısı Arifəyə yazıbmış. Rafael Hüseynov Arifənin
ömrünün son günlərində onunla söhbət
edib, bu həqiqəti öyrənib:
“Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Ba, nə xoş bir təsadüf”. Heç yadımdan çıxmır. Dedi: “Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəm sənə”. Bükmüşdü, belə dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir”. - deyən Arifənin Müşfiqə aid elə bir “iddiası” da yoxdu. Yəni, şeirdi yazılıb, vəssalam. Həm də axı Müşfiq çılğın idi, çox çılğın. Ara-sıra başqa gözəllərə də şeir yaza bilərdi... Dilbər özü də bunu sonralar təmkinli bir xanım müdrikliyi ilə etiraf edirdi:
“Müşfiq bütün məhəbbət şeirlərini mənə həsr etməyib. Məndən əvvəl yazdıqları da vardı, ikincisi də Müşfiq surətpərəst idi, hətta bircə dəfə görüb gözəlliyinə heyran qaldığı qıza da məhəbbət şeiri yaza bilərdi. Nəinki bircə dəfə rastlaşdığı, lap yuxusuna girmiş bir gözələ də şeir həsr etdiyi olub”.
Müşfiqsiz günlər... Müşfiqsiz Dilbər!
Dilbər xanımın “Müşfiqli günlərim” əsəri yarımçıq qalır elə bil... Müşfiqlə birgə həyatı yarımçıq kəsildiyi kimi... Müşfiqin aparıldığı o məşum gecə haqqında heç nə yazmır. Sonralar qələmə aldığı yazılarında da o gecəyə aid nə isə yoxdu. Görünür, o gecənin dəhşətini, keçirilən hissləri yazmaq mümkünsüzdü...
...1937-ci ilin 4 iyunu... Həmin gecə apardılar Müşfiqi. Onunla eyni gecədə Əhməd Cavadı da, Hüseyn Cavidi də apardılar. Hər üçünü gedər-gəlməzə!
Bu ilin, repressiyaların məntiqi, yaxud məntiqsizliyi haqqında çox yazılıb. Ona görə Müşfiqin “günah”ını araşdırıb tapmaq çətindi. Çünki şairin Sovet rejimini tərənnüm edən “28 aprel”, “Lenin”, “26-lar”, “Stalin” kimi əsərləri də vardı. Üstəlik kimsəsiz, yetim bir uşağın günahı nə ola bilərdi ki? Dilbərin əmisi İdris Axundzadə 36-cı ildə tutulmuşdu. Ehtimallardan biri odur ki, Müşfiq də bu adamla dostluq və qohumluq əlaqələrinin güdazına gedib. Amma yenə də heç bir məntiq yoxdur burda...
Bu yazıya hazırlaşdığım vaxtda Milli Kitabxanada dövrə aid məqalələrlə tanış olduqca dəhşət bürüyürdü məni. Akademik Rafael Hüseynov “İçimizdəki qurd” essesində bu yazıların bəzilərini şərh edir, onlardan parçalar gətirir. Mənimsə bunu etməyə cəsarətim çatmır. Həm də axı sevgidən, Dilbər-Müşfiq dastanından danışdığımız yerdə bunlara nə hacət? Sadəcə, bu yazılarla tanış olanda bütün zamanların və dövrlərin ən həlledici “silahının”, paxıllığın gücünü bir daha dərk etdim. Rafael müəllim bunu həmin essesində dəqiq ifadə edib:
“... Müşfiqin gedişinin labüdlüyünü törədən siyasi səbəblərdən savayı mühüm səbəb də vardı. Paxıllıq. Müşfiq istedadlı idi, amma həm də talantlı olduğunu gizlətməyən idi... Bu isə paxılları daha da yandırırdı”.
Müşfiqdən sonra, elə həmin ilin 2 noyabrında Dilbər xanımı da “vətən xaininin arvadı” kimi həbs etdilər. Həbsxanada olmazın mənəvi və fiziki işgəncələrə tab gətirməyən Dilbər havalanmışdı... “Yazıq Dilbər! Dilbər hey... Müşfiq gəlsin...” - deyib qışqırırdı. Bir müddət ruhi xəstəxanada müalicə alandan sonra anası Leyla xanımın səyləri, müəyyən yerlərə yazılı müraciətləri nəticəsində Dilbər xanım azadlığa çıxdı... Lakin bu, azadlıq idimi? Müşfiqsiz, hələ üstəlik üzərində ən müxtəlif dözülməz yarlıqlarla necə yaşayaydı zavallı qadın? Necəsə xilas olmalıydı... Yenə Rafael Hüseynovun essesindən Dilbər xanımın sonrakı taleyi haqqında öyrənirik:
“Dilbər xanımın oğlu, qızı vardı, hələ sonuncudan əvvəlki ərindən də bir oğlu cavan yaşında epilepsiyadan tələf olmuşdu. Amma birinci əriylə yerli-dibli rəsmiləşməmişdi izdivacları, ikinci əriylə də uzun müddət nikaha girə bilməmişdi”.
İllər sonra Dilbər xanımın qızı Leyla Axundzadə “Müşfiqli günlərim” kitabının yeni nəşrinə ön sözündə yazırdı: “Anladım ki, anam Dilbər Axundzadəyə güc-qüvvət verən, onu mətin, şux saxlayan ölməz Müşfiq məhəbbəti, Müşfiq ruhu imiş...”
Leyla xanımın sözlərindən də, ümumiyyətlə, Dilbərin ömrünün sonuna kimi Müşfiqlə bağlı tədbirlərə, görüşlərə getməsi, onun haqqında yazmasından da bəlli olur ki, sonrakı evliliklər ona sadəcə, xilas üçün, bəlkə kiməsə sığınmaq üçün lazım olub. Bəlkə də, ana olmaq, ömrünü balalarına həsr etmək üçün... Axı, onun Müşfiqdən olan Yalçın adlı oğlu iki aylıq tələf olmuşdu?! Dilbər xanım bu mənada da yaralı idi... Ona görə sonrakı evliliklərini heç vəchlə Müşfiqə xəyanət kimi yozmaq olmaz...
O, ömrünün sonuna kimi bir vaxt intizarda saxladığı, gözlətdiyi, amma bütün qəlbiylə sevdiyi Müşfiqinin həsrətiylə yaşayırdı. Bunu Müşfiqin “Qurban olduğum” şeirinə cavab kimi yazmışdı:
Gözlərim yoluna həsrətlə baxar,
Həsrətin qəlbimi yandırar, yaxar.
Of! Bilsən
ürəyim necə darıxar,
Ay
şirin dilinə qurban olduğum!
1990-cı
ildə o həsrət sona yetdi... Dilbər də
əbədi yumdu gözlərini.
Bu dünyada isə onlardan şeirlər, nəğmələr
qaldı.
Bir də
dillərə dastan olan sevgiləri...
PƏRVİN
525-ci qəzet.- 2017.- 8 aprel.- S.16-17.