Səmimiyyət və təbiilik
VAQİF NƏSİBİN YENİ KİTABINA YAZILMIŞ ÖNSÖZ
Mən ədəbiyyatda “kənd nəsri”, “şəhər
nəsri” kimi bölgüləri bəsit
bir təsnifat hesab edirəm, çünki istedad eynidir, “kənd nəsri” bir cür istedad, “şəhər nəsri” isə başqa cür istedad tələb etmir və bizim əsasən
kənd mövzusunda yazan ən istedadlı
nasirlərimizdən biri
Vaqif Nəsibdir - o, “kənd nəsri”nin yox, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsidir.
Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var və
mən indiki məqamda deyə bilmərəm ki, Vaqif Nəsibin yazıçı taleyi xoşbəxtlikdən xəbər
verir.
Məsələ burasındadır ki,
tənqidimiz bu yazıçının əsərlərini
indiyə qədər
vaxtında görüb
qiymətləndirə bilməyib
və ayrı-ayrı
məqalələr yazılsa
da, Vaqif Nəsibin yaradıcılığı
bir küll halında təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik
xüsusiyyətləri, məxsusiliyi
müəyyənləşdirilməyib, halbuki bunu onun
əsərlərinin səviyyəsi
və ədəbiyyatımızın
maraqları tələb
edir.
Onun hekayələri
və romanları haqqında yazılmış
iki məqalə də bu kitaba
daxil edilib, ancaq baxın, bu məqalələrin də müəllifləri
bizim tənqidçilərimiz
yox, hörmətli nasirlərimiz Məmməd
Oruc və Sadıq Elcanlıdır.
Mən Vaqifin yazıçı taleyindən
danışanda “indiki
məqam” sözlərini
yazdım, çünki
onun yazıçı
taleyinin gələcək
xoşbəxtliyinə tamam
əminəm. Zaman istedadın müttəfiqidir
və biz, vaxtında qiymətləndirilməyən əsərlərin
(yazıçının) yenidən
doğuşunun, ədəbiyyatda
öz yerini tutmasının az
şahidi olmamışıq.
Vaqifin hekayələrini oxuyanda, buradakı canlı insan xarakterləri, kolorit (yalançı xəlqilik, qrafoman ekzotikası yox, məhz kolorit!) həmişə Vasili Şukşinin hekayələrini
mənim yadıma salıb və bu yerdə söhbət
müqayisədən, bənzətmədən,
yaxud təsirdən getmir. Vaqif nə dərəcədə
Azərbaycan ədəbiyyatının
Şukşinidirsə, Şukşin
də o dərəcədə
rus ədəbiyyatının
Vaqif Nəsibidir.
Vaqifin hekayələrində
də, romanlarında da nəyisə bəyənmək, ya bəyənməmək mümkündür,
olsun ki, hansı bir surət isə başqasına nisbətən
zəif alınıb,
bir hekayə uğurludur, o biri isə o qədər də yox, hansı
bir fikirləsə razılaşmırsan və
sair. Ancaq bu əsərlərdə
qeyri-səmimi, qeyri-təbii
heç nəyə rast gələ bilməzsən və bu yaradıcılığı
da bir küll
halında məhz həmin səmimiyyət, həmin təbiilik səciyyələndirir - bu,
estetik kateqoriyalı bir sadəlik və təbiilikdir.
Bu yazıçıda qəti
surətdə “zorən-təbib”lik
yoxdur və o, sadə, iddiasız bir təhkiyə ilə yazır - əslində “yazır” yox, danışır, söhbət edir - ancaq bu sadəlik
mürəkkəb situasiyaları,
psixoloji məqamları
aça və göstərə bilir.
Vaqifin nəsrində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə elə söhbət edir ki, demədikləri, dediklərindən artıq
olur və sən o deyilməyənləri
hiss edirsən, xislətin
alt qatları səni özünə çəkir.
Adətən daha çox poeziyadan söhbət düşəndə hisslərdən
danışırlar, ancaq
Vaqif Nəsibin nəsri də hisslərin ifadəsi ilə zəngindir və yəqin bunun bir səbəbi
də odur ki, o, həm də bizim görkəmli
şairlərimizdən biridir.
Mən bu qısa ön sözü oxucuların xoş ovqatına şərik çıxaraq
bitirmək istəyirəm,
çünki bu kitabın onlarda xoş bir ovqat
yaradacağına şübhə
etmirəm.
4 aprel 2017.
Bakı.
ELÇİN
525-ci qəzet.- 2017.- 8 aprel.- S.12.