Şairliyindən böyük şair
"Səhər-səhər"
rubrikasında
Yevgeni
Yevtuşenkonun sözüdür: “Rusiyada şair olmaq -
şairlikdən böyük işdir”. Doğrudan da belədir,
amma tək Rusiyada yox, bütün SSRİ ərazisində... Elə SSRİ anlayışı da əslində
Rusiya imperiyasının təxəllüsü deyildimi?
Bu aforizmin dəruni mənası nədir? Binayi qədimdən bəri
ədəbiyyatın da, incəsənətin də bir
dilemması var: sənət sənət
üçündür yoxsa... Bax, məsələ
elə bu “yoxsada”dı. “Sənət - sənət
üçündür” düstüru aydındır, bəs ona
qarşı duran tezis necədir: Sənət xalq üçündür yaxud sənət idelogiyaya, siyasətə,
hakimiyyətə xidmət etməlidir?
Çətin sualdır və bu sorunun yəqin ki,
birbaşa cavabı yoxdur. Bu barədə düşünərkən
mən həmişə sənət tarixindən iki faktı xatırlayıram.
Böyük fransız rəssamı Pol Sezan haqqında
yazırlar ki, o, ölkəsinin də qatıldığı ən
azı iki
müharibə dövründə yaşamışdı, amma
elə müdam almaları
çəkirdi. Doğrudan da belədir.
Sezanın yaradıcılığında
yaşadığı dövrün heç bir ictimai-tarixi
hadisəsi əks olunmayıb. Amma
almaları çəkməklə (“almalar” əlbəttə
şərtidir, o tək almaları çəkmirdi) Sezan təsviri
sənətdə inqilab yaratdı və kubizm cərəyanı
da, Pikasso da, XX əsrin bir çox başqa rəssamları
da, necə deyərlər “bu almalardan” çıxdılar.
Deməli, sənət elə sənət
üçündür? Xeyr, bu yerdə mən başqa bir sənət
faktını da xatırlayıram. Böyük Çili
şairi Pablo Neruda
yazırdı ki, Latın Amerikası ölkəsindən
Parisə bir rəssam gəlir və
burda bir şəkil çəkir: yaşıl fonda
sarı dairə. Neruda yazır
ki, fəqət bu rəssamın qaçıb tərk etdiyi ölkəsində
ölüm düşərgələri vardı, həbslər,
işgəncələr, edamlar vardı, aclıq və səfalət
hökm sürürdü. Çili şairinin fikri
aydındı - belə gerçəkliyi olan ölkədən gələn
sənətkarın ancaq yaşıl fonda sarı dairə
çəkməyə haqqı varmı?
Başqa bir Qərb mütəffəkkiri deyir ki, Osvensimdən
sonra məhəbbət şeirləri yazmaq olmaz. Ona da etiraz edirlər ki, əksinə
Osventsimdən sonra
məhz elə sevgiyə, insani münasibətlərə
daha böyük ehtiyac var.
Bugünlərdə
dünyasını dəyişən böyük rus şairi Yevgeni
Yevtuşenko haqqında qələmə aldığım bu yazıda uzaq mətləblərə sapdım, amma əslində elə
bu bəhs etdiyim məsələlər “şairlikdən böyük
şair olmaq” problemidir. Yəni sənət sənət
üçündür, yoxsa ...Bu dilemmanı mən başqa
cür ifadə edərdim: sənət yalnız estetik hadisədir,
yoxsa ictimai hadisə? Əgər sırf estetik hadisədirsə
elə
Yevtuşenkonun müasirləri Andrey Voznesenski, yaxud
İosif Brodski estetik baxımdan Yevtuşenkodan üstün
şairlərdir. Voznesenski nadir metafora, təşbeh, bənzətmə,
assotsiasiya zənginliyinə, dil oyunlarına görə. Brodski poetik fikrin ənənəvi
ifadəsində dərinliyinə
və orijinallığına görə... Amma sənət
ictimai hadisədirsə çağdaşlarından heç
biri cəmiyyətin ağrılı problemlərini
Yevtuşenko qədər ardıcıl və
çılğın ehtirasla ifadə etməyi bacarmayıb.
Bu anlamda Yevtuşenko həm də müstəsna vətəndaşlıq
hünərinə malik olan cəsur şair idi. Sovet qoşunlarının əvvəl
Çexoslovakiyaya, sonra da Əfqanıstana soxulmasına
açıq etiraz etməkdən, Soljenitsinin, elə Brodskinin
özünün, başqa dissidentlərin müdafiəsinə
qalxmaqdan, Xrüşşovla
mübahisə etməkdən çəkinmirdi. Yeri gəlmişkən,
Xruşşov vəzifə
başında olarkən
onun ilk növbədə altmışıncılara
qarşı qaba təhqirlərinə gurultulu alqışlarla
züy tutanlardan heç biri, Nikita Serqeyeviç məcburi istefaya göndəriləndən sonra keçmiş rəhbərin
üzünə baxmadı, Yevtuşenko isə onu məhz
gözdən salınandan sonra ziyarət etmişdi. Şəxsi
davranışında, ictimai fəaliyyətində özünü ləyaqətli
apardığına görə,
yaradıcılığında ən ağrılı problemlərdən
gur səslə danışdığına görə
Yevtuşenko lal- kar sükutuna qərq olmuş ölkənin ən
populyar insanı olmuşdu. Siyasətçilərdən də,
estrada ulduzlarından da, kinoaktyorlardan da və
müasiri olduğu bütün başqa şairlərdən də
daha çox məşhur idi. Və bu məşhurluğu ona
bağışlamırdılar, ilk növbədə də həmkarları, şöhrət
umsuğu olan şairlər.. Nə böhtanlar
yağdırmırdılar onun ünvanına?
Şöhrət hərisi, ikiüzlü, xain, Qərb imperialistlərinə
satılmış, antisovet və eyni zamanda da sovet
KQB-sinin adamı...Yəni atəş hər tərəfdən
açılırdı və hətta bu gün vəfatından
sonra da gülləbəran səngimir. Bir tərəfdən
sovet sistemini tənqid etdiyinə görə, o biri tərəfdən
bu sistemi kifayət qədər tənqid etmədiyinə
görə topa tuturdular və hələ də tuturlar.
Onu KQByə işləməkdə suçlayanlar şairin son kitablarına
saldığı danoslarla tanış olsunlar. Elə
Semiçastnıdan Andropova qədər KQB rəislərinin
Yevtuşenkonun antisovet fəaliyyəti haqqında yüksək
partiya və
ölkə rəhbərlərinə yolladıqları danoslarla tanış olmaq yetər.
Bütün
dinlərin, cəmiyyətlərinin tarix boyu riayət etdikləri
bir əxlaq prinsipi var
- “ölənlər haqqında ya yaxşı
danışmaq, ya heç danışmamaq”.Bu prinsip də bizim günlərdə ayaqlar altına atılıb
tapdalanıb. Ən çox elə gedənlərin
dalınca zingildəyirlər.
Yaradıcılığının ilk dövrlərində
“Mən karyera dalınca qaçmamağımla karyera edirəm”
demişdi Yevtuşenko. Bu sözlər səmimi olduğu qədər
də həqiqi idi. Uşaq vaxtı Stalinə
inamı da, yeniyetməlik çağı onun cinayətlərindən
xəbər tutandan sonra “böyük rəhbərə” nifrəti
də səmimi idi. Uzun zaman Stalinə qarşı Lenini
ideallaşdırdığında da səmimiydi və yenidənqurma
dövründə Leninin bütün bəd əməlləri
ortaya çıxandan sonra xəyal
qırıqlığı da təbii idi.
Özləri səmimi olmayanlar heç kəsin səmimiyyətinə inana bilmir. Özləri karyera,
şan-şöhrət dalınca yüyürənlər kiminsə karyerist
olmadığını, şöhrətə biganəliyini
ağıllarına sığışdırmır. Fürsət
düşəndə
əliəyri, dələduz olanlar inanmırlar ki,
kimsə təmiz yaşaya bilər. Və nəhayət ortaya
bədii əsərləriylə çıxa bilməyənlər
özlərini yaradıcılıq uğurlarıyla təsdiq edənləri
heç cür bağışlamaq istəmirlər. Tək Yevtuşenkoya yox, ümumən
altmışıncılar nəslinə, özü də tək
Rusiyada yox, başqa keçmiş sovet respublikalarında
da qısqanc münasibətin səbəbi
budur. Dərk etmirlər ki, müəyyən illərin konkret termin kimi
işlənməsi kiminsə təşəbbüsü
yox, tarixin hökmüdür. Şübhəsiz, başqa illərdə
də dəyərli sənətçilər yetişib, amma ədəbiyyat
tarixində “əllincilər”,
ya tutalım “yetmişincilər” anlayışı yoxdur.
Sovet
dönəmində heç bir ədəbi nəsil
ictimai-siyasi şüura altmışıncılar qədər təsir etməyib. Buna görə
də Yevtuşenkonun “Rusiyada şair olmaq şairlikdən
böyükdür” fikrinə əsaslanaraq, onu bir az da genişləndirərək
və dəqiqləşdirərək deyə bilərəm
ki, keçmiş Sovet İttifaqında şair,
yazıçı olmaq şairlikdən,
yazıçılıqdan daha böyük vəzifə idi.
Əlbəttə, altmışıncı illərdə ədəbiyyata gəlmiş yaradıcı
insanların arasında retroqradlar, mühafizəkarlar,
geriçilər də az deyildi, amma ədəbiyyat tarixində
termin kimi “altmışıncılar” ifadəsini məhz bu nəslin mütərəqqi, irəliçi,
açıq fikirli yaradıcılarına aid
edirlər. Bu baxımdan
altmışıncıların cəmiyyətin ictimai-siyasi
şüuruna təsirini hətta siyasi xadimlərin özləri
də etiraf edirlər.
Nəsillər
bir-birini əvəz edir və bu həyatın da, ədəbiyyatın
da qaçılmaz təbii
qanunudur. Heç şübhəsiz
altmışıncılardan sonra ədəbiyyata gələn neçə-neçə
nəslin də sənət tarixində öz yeri var.
Onların poeziyaya, nəsrə, dramaturgiyaya, tənqidə
verdikləri töhfələri heç kəs inkar etmir. Amma ictimai hadisə kimi nə əvvəlki, nə
sonrakı nəsillər altmışıncılar qədər
təsir gücünə malik olmayıb və deyil.
Şəxsən
məni bizim Azərbaycan ədəbiyyatında yeni nəsillərin
(şübhəsiz bütünlüklə yox,
ayrı-ayrı nüməyandələrini nəzərdə
tuturam) fəalyyətində,
daha doğrusu bəyanatlarında narahat elən nədir? Özlərindən əvvəlkiləri inkar etməkləri,
bəzən hətta ən kobud şəkildə
yamanlamaqları yox. Özlərinin ədəbiyyatda guya ki, yeni
söz demələri, guya ki, yeni ədəbiyyat
yaratdıqları barədə əsassız iddiaları... Yəni,
daha açıq desəm, özündən müştəbehlik,
gördükləri işlərin müqabilində özləri
haqqında yüksək mif yaratmaları,
hamını, bəlkə də
ilk növbədə özləri özlərini bu mifə
inandırmaq cəhdləri.
Bu cavanlığa (doğrudur, artıq iyirmi ildir ki,hələ də cavandırlar) xas olan cəhətdir. Məşhur kəlam var :kim iyirmi yaşında üsyançı deyilsə ürəyi yoxdur, kim qırxında üsyançıdırsa ağlı... Amma məsələ yalnız bunda da deyil. Məsələ onların bir çoxunun ədəbiyyata ümumi baxışlarındadır. İnternet icad olunandan sonra bütün dəbdə olan yazıçıların, nəzəriyyəçilərin adlarını bilmək çətin iş deyil, ən yeni “izmlərdən” də xəbər tutmaq olur. Bəla ondadır ki, dünyada təsdiq olunmuş (xüsusiylə də axır vaxtlar Nobel mükafatı yeganə meyar olub) yazıçılara qibtə edib öz doğma ədəbiyyatında yaxşını pisdən ayırmayasan. Bundan çıxan nəticə isə - milli ədəbiyyatın bütün hadisələrini yalnız ən uzaq ölkələrin ədəbi örnəklərilylə qiyaslayaraq, bu ya digər “izmlərlə” tutuşduraraq qiymətləndirmək təşəbbüsü... Bu bir. İkinci məni narahat edən cəhət odur ki, şeir ya nəsr nümunələrini yalnız forma açısından, onun ictimai siqlətini vecinə almadan qiymətləndirmək meylləri yeganə ölçüyə çevrilir. Yəni Qarabağ dərdi, min cür başqa problemi olan cəmiyyətdə “yaşıl fonda sarı dairə” çəkmək məsələsi...
Yadıma sala bilərlər: bəs Sezanın almaları necə olsun? O da lazımdı, söz yox, Amma hanı özündən əvvəlkiləri bütünlüklə inkar edənlərdən birisi ki ,Sezan səviyyəsində sənətkar olsun?
Deyəsən yenə Yevtuşenko mövzusundan uzaq düşdüm. Onun ölüm xəbəri gələn gündən heç cür fikrimdən çıxmır. Nə deyirlər desinlər, altmışıncılar nəslinin ən parlaq və son nümayəndəsi idi. Həm də tam bir dövrün poetik simasıydı. Öz dövründə ictimai-siyasi fikrə güclü təsir göstərən şairin bu gün - rus mediasında stalinçi təmayüllərin, imperiyanın bərpası düşüncəsinin, başqa xalqlara qarşı yekəxanalığın baş alıb getdiyi bir zamanda Yevtuşenkonun yeri daha çox görünəcək. O, əsl saf Rusiya vətənpərvəri olmaqla yanaşı həqiqi, sözdə yox, əməldə beynəlmiləlçi idi. Şovinistləri ən çox qəzəbləndirən “Babi Yar” şeirində nasistlər tərəfindən amansızcasına məhv edilmiş yəhudilərin taleyinə acıdığı kimi Qarabağ məsələsi başlayanda da məhz Xuraman xanımın hərəkətini təqdir edən şeir yazmışdı. Birinci halda rus qaragüruhu tərəfindən təhqirlərə məruz qalmış, ikinci şerinə görə bir daşnak cızmaqaraçısının qafiyəli həcviylə cavab almışdı.
Böyük şairin ölümüylə bağlı düşüncələrimi onun bir yazısıyla tamamlamaq istəyirəm. XIX əsrin rus-Qafqaz müharibələrini nəzərdə tutaraq Yevtuşenko yazırdı:
“Qafqaz xalqlarına zülm-cəza tədbirlərini çar rejiminin qarşılarına qoyduqları vəzifəyə uyğun olaraq həyata keçirən generallar, zabitlər, əsgərlər zəbt etdikləri başqa xalqların azadlıq eşqini görəndə, öz hürriyyətləri yolunda necə savaşdıqlarına şahid olanda, hərbi mundirlərinin altındakı ürəklərində eyni hisslər baş qaldırırdı. Döyüşlərdə aldıqları yaralardan daha çox başqa xalqa vurduqları yaralardan ağrıyırdılar. Yad torpaqların gözəllikləri yaralayırdı onların özlərini. Qəsbkarlar qəsb olunmuşa çevrilirdi. İşğal etdikləri torpaqlar sirrləri və mədəniyyətiylə onların özlərini işğal edirdi, onlara azadlıq hissi aşılıyardı. Azadlıq həsrətində olanlar başqa xalqların azadlıq arzularını daha yaxşı duya bilir... Puşkinin Qafqaz şeirləri, Lermontovun povestləri, Tolstoyun “Hacı Muradı” belə yarandı”.
Yevtuşankodan daha bir sitat. “Babi yar” şeirinin sonluğunda yazır ki, mənim damarlarımda yəhudi qanı axmır, amma antisemitlər mənə yəhudilərə nifrət etdiklərindən betər nifrət edirlər. “Və ona görə də mən əsl rusam”.
Düz deyirdi şair.
5 aprel 2017
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 8 aprel.- S.11.