Ağrım, canım mənim - Zəngəzur

 

 

 

İlahi, sən məni o yurda döndər,

İlahi, sən məni Uruda döndər...

 

Parlamentin komitələrində plenar iclaslarında, kütləvi informasiya vasitələrində öz işgüzar prinsipial çıxışlarıyla elektoratın hörmətini qazanmış Milli Məclisin deputatı Musa Quliyev ölkəmizdə demək olar ki hər kəsə tanışdır.

 

Bir çoxları onu səhiyyənin təşkilatçısı, həmçinin Azərbaycanda sosial qanunvericiliyin inkişafına dəyərli  töhfə vermiş şəxs kimi tanıyır.

 

Bununla yanaşı, Musa Quliyev - yaradıcı insandır, otuz ildir ki peşəkarcasına poeziya ilə məşğuldur, altı şeir kitabının müəllifi, bir çox ədəbiyyat mükafatlarının laureatı, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür.    Musa müəllim ədəbi dairələrdə poeziyasevərlər arasında Musa Urud təxəllüsü ilə tanınır (Urud Zəngəzurda onun doğulduğu kəndin adıdır). Yeri gəlmişkən, qüdrətli şairimiz Məmməd Araz da bu kəndin yetirməsidir. Ümumiyyətlə isə, Musa Quliyevin jurnalistlərlə söhbətindən məlum olduğu kimi, 120 evlik bu kənddən 50 alim, 6 akademik, 9 elmlər doktoru, professorlar çıxıb... 2000-ci ildə Musa Urud doğma kəndi haqqında gözəl bir kitab buraxdırmışdır mən Heydər Əliyev haqda öz roman-tədqiqatımda bundan xeyli faydalanmışam. Məsələ ondadır ki, ümummilli liderimizin nənəsi Urudda yaşayıb yeniyetmə Heydər yay aylarını Zəngəzurun bu füsunkar yerində keçirər, kənd uşaqlarına üzməyi öyrədər, axşamlar dostları ilə teatr səhnəcikləri təşkil edər, çayda balıq tutarmış. Sonralar Heydər Əliyev özü etiraf edirdi ki, bu, onun həyatının ən xoş anları olub!..

 

Təəssüf ki, 1988-ci ildən azərbaycanlılar növbəti dəfə doğma torpaqlarından dərbədər olundu, nəticədə 200 mindən artıq soydaşımız tarixi Azərbaycan torpağı Zəngəzurun Gorus, Sisyan, Mehri digər bölgələrindən vəhşicəsinə qovuldu. Musa Urudun kitabda qeyd etdiyi kimi, həmin faciəvi hadisələrin qarşısını almaqdan ötrü o zamankı Ermənistan hakimiyyəti, Azərbaycan rəhbərliyi heç bir tədbir görməmişdir. Moskva isə bu dəhşətli hadisələrə göz yummuş, yaxud baş verənləri sükutla müşahidə etmişdir...

 

Bütün bu illər doğma yurd həsrəti ağrısı Musa Quliyevin ürəyindən çıxmamışdır. Yeri gəlmişkən, o, Qarabağ münaqişəsi başlanandan sonra uşaqlığının keçdiyi yerlərə ayaq basa bilmiş çox az azərbaycanlılardandır. 2006-cı ildə Azərbaycan parlamentinin nümayəndələri Yerevanda beynəlxalq konfransda olmuşdular Musa Quliyev, əlbəttə, bunu  erməni tərəfi ilə razılaşdıraraq doğma Uruda getmişdi. Yazıçı o zaman keçirdiyi hissləri 2008-ci ildə ayrıca kitab şəklində çapdan çıxmışUruda iki səfərəsərində qələmə almışdır.

 

... 90-cı illərin sonlarında yazıçıda Zəngəzur - onun qədim zəngin tarixi, coğrafiyası, flora faunası, orada minilliklər boyu yaşamış türk xalqları son iki yüz illik dövr ərzində bu gözəl diyarda həyata keçirilmiş soyqırım kitab etnik təmizləmə haqqında elmi-publisistik kitab yazmaq planı yaranmışdır. Əlbəttə, çox möhtəşəm bir layihə idi. O da nəzərə alınmalıdır ki, Musa müəllim peşəkar alim deyil, O, ixtisasca həkim, istedadına görə isə şairdir. Lakin o, ilk növbədəMən etməsəm, bəs kim etsin?” prinsipi ilə yaşayan, biganə olmayan insandır. Belə insanlar isə məlum olduğu kimi, dağı dağ üstə qoyar.

 

Öz fikrini həyata keçirmək xətrinə Musa Quliyev uzun müddətə öz təxəllüsünü unutmalı, sözün həqiqi mənasında ilham çeşməsini tıxamalı oldu.  İndi mənbələr monoqrafiyalar, arxiv materiallarının axtarışı, sağ qalmış şahidlərlə sorğu onun nəsibi idi. Zəngəzurkitabı 2005-ci ildə işıq üzü gördü. Bu əsər bir vaxtlar Azərbaycanın tarixində əhəmiyyətli rol oynamış diyarın ilk həcmli, dərin tədqiqatı kimi geniş əks-səda doğuraraq Azərbaycan tarixinə dəyərli töhfəsini verdi. Bir neçə ildən sonra Musa Urudun “Zəngəzur toponimləri” fundamental əsəri nəşr olundu. Kitabda 837 toponim təqdim edilir və bunların müfəssəl tədqiqi Zəngəzur toponimlərinin 90 faizdən çoxunun məhz Azərbaycan-türk mənşəli olduğunu qətiyyətlə sübut edir.

 

Musa müəllim “Zəngəzur” kitabının ilk nəşrinin ön sözündə poeziyadan müvəqqəti ayrılıb elmi araşdırmalara qapılmasının səbəblərini izah edərək yazırdı:

 

“Azərbaycan tarixşünaslığında bəlkə də Zəngəzur qədər az öyrənilən bölgə yoxdur. Sanki 1920-ci ildə Zəngəzuru Ermənistana bağışladıqdan sonra hansısa bir sehrli çubuğun hökmü ilə hər şeyi birdən yaddan çıxardıq. Əvvəl Zəngəzurun yolunu yaddan çıxardıq, sonra orada yaşayan qan qardaşlarımızı qəza-qədərin ümidinə buraxıb onları amansız tale ilə üz-üzə qoyduq. Daha sonra isə Zəngəzuru yavaş-yavaş unutduq, tarix qarşısında, torpaq qarşısında, babalarımızın ruhu, balalarımızın sual dolu baxışlarının qarşısındakı məsuliyyətimizi unutduq”.

 

Nəticədə, yazıçı kədərlə qeyd edir ki, budur qarşımızdakı mənzərə: talan olunub viran edilmiş şəhər və kəndlərimiz, yer üzündən silinmiş abidələrimiz, işğal olunmuş Qarabağ. Ona görə, “özümüzü tanımaq, kökümüzə qayıtmaq, təzədən dirçəlmək, ayağa qalxmaqyurda dönmək vaxtıdır”.

 

Musa Urud əmindir: “Hər hansı ərazinin yad qüvvələr tərəfindən işğalı hələ onun tam itirilməsi demək deyil. Yalnız həmin ərazinin vaxtilə bizim ərazimiz olduğu yaddaşlardan silinərsə və bizvaxtsa ora qayıdacağımıza inamı tamamilə itirəriksə, onda o torpaq tamamilə itirilmiş sayılır. Bu baxımdan da Zəngəzur tarixinin öyrənilməsi mühüm siyasi aktuallığa malikdir”.

 

Musa Urud “Zəngəzur” kitabının bütün nəşrlərini əbəs yerə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr eləmir. Məhz onun təşəbbüsü ilə Azərbaycan xalqının tarixi yaddaşının oyanmasına hədəflənmiş mühüm fərman və qanunlar qəbul edilmişdir. Məhz Heydər Əliyev tarixçiləri, yazıçıları, bütün yaradıcı ziyalıları ən vacib məsələlərin həllinə kökləyərək bəyan etmişdir: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.

 

Musa Urudun yeni (həmin mövzuya aid sayca dördüncü kitabıdır) “Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər” monoqrafiyası bu müqəddəs məqsədə xidmət edir. Tarixi-etnoqrafik səpgidə yazılmış əsər həqiqətən ensiklopedik xarakter daşıyır. Müəllif Zəngəzurun müxtəlif tarixi dövrlərini  çox qədim zamanlardan XX əsrin 80-ci illərinin axırlarınadək - çoxlu faktoqrafik material cəlb etməklə, son dərəcə dəqiqliklə tədqiq edir. Kitabda diyarın çox qədim arxeoloji abidələri, Zəngəzurun türk toponimləri, orada məskunlaşmış tayfalar haqqında geniş məlumat verilir. Tədqiqatın ayrı-ayrı bölmələri diyarın Rusiya imperiyası tərəfindən işğal olunmasının tarixinə, ermənilərin Zəngəzura Türkiyə və İrandan köçürülməsinə və yüz il keçməmiş onların qonaqpərvər azərbaycanlıların başlarına açdıqları müsibətlərə həsr edilmişdir. Bütöv bir əsr davam etmiş etnik təmizləmə və soyqırım siyasəti bir vaxtlar bərəkətli olan bu diyarı viran qoymuş, yüz minlərlə zəngəzurlunu qaçqına çevirmişdir. Bir çoxları oranı tərk etdikdən sonra daha heç vaxt geri qayıtmamışlar. Musa Urud belə bir statistika  gətirir: əgər 1918-ci ildə Zəngəzurda 50 mindən çox azərbaycanlı yaşayırdısa, 1926-cı ilin siyahıya alınmasına görə bu say heç 5 minə də çatmırdı. Ən dəhşətlisi isə ondan ibarət idi ki, zəngəzurluların öz doğma torpaqlarından sıxışdırıb qovulması siyasəti SSRİ zamanında da davam etmişdir, o zaman ki, Ermənistanda sözdə xalqlar dostluğundan dəm vurur, əslində isə Azərbaycan kəndlərini məhv edirdilər. Belə ki, monoqrafiya müəllifinin sözlərinə görə, 1931-dən 1988-ci ilədək Zəngəzurda 61 azərbaycanlı kəndi erməni kəndlərinə birləşdirilmiş, daha 104 kənd isə büsbütün erməniləşdirilmişdir.

 

Kitabın 5-ci və 6-cı fəsilləri, fikrimcə, tamamilə unikaldır, belə ki, ilk dəfə ictimaiyyətə sistemləşdirilmiş halda təqdim olunan məlumatlardan ibarətdir. Bu fəsillərdə diyar Ermənistan SSR-in tərkibində olan dövrdə zəngəzurluların həyatından və məişətindən, təsərrüfat işlərinin sistemindən, təhsildən, Azərbaycan millətinin qürur və iftixarına çevrilmiş görkəmli zəngəzurlulardan, yerli sakinlərin adət-ənənələrindən, mərasimlərindən və bir çox digər məsələlərdən söhbət açılır.

 

Təqdirəlayiqdir ki, Musa Urud həqiqət axtarışında, o cümlədən, erməni milləti daxil antik müəlliflərdən tutmuş, ən müasir tədqiqatlaracan müraciət edir. İstifadə edilmiş ədəbiyyat siyahısında 250 ad saydım. Bundan başqa, diyarın azərbaycanlı əhalisinin soyqırımı, etnik təmizləmə, ermənişləşdirməyə məruz qalması kimi çoxsaylı faktları təsdiq edən arxiv materialları monoqrafiyada sanballı fəsil təşkil edir. Bunlar çar Rusiyası məmurlarının xəbər və raportlarının əsli, ADR dövrü teleqramlar, raportlar, qərarlardır. Onları kədər və ağrısız oxumaq mümkün deyil. Belə ki, 450-ci səhifədə Zəngəzur qəzasında daşnaklar tərəfindən cəmi bir həftə ərzində 1920-ci il, yanvarın 18-dən 25-dək - yandırılmış 50-dən çox Azərbaycan kəndinin siyahısı verilir. Bundan başqa, monoqrafiyada müxtəlif dövrlərdə Zəngəzurda məhv edilib yer üzündən silinmiş, həmçinin artıq sovet zamanında adı dəyişdirilmiş bütün Azərbaycan kəndlərinin adı sadalanır (məsələn, Sisyan rayonundakı Məliklər kəndi 1930-cu ildə Spandaryan, elə həmin rayonda Ağkənd kəndi 1948-ci ildə dəyişdirilib Aşotavan olmuş, yazıçının doğma kəndi Urud  1968-ci ildə Vartan adlandırılmış və sair və ilaxır). Artıq 1991-ci ildə isə müəllifin yazdığına görə, Ermənistan hökumətinin xüsusi qərarı ilə bütün yerdəqalan Azərbaycan mənşəli yaşayış məntəqələrinin adları tamamilə  erməniləşdirilmişdir.

 

Buna görə Musa Urud yox olmuş adları, yer üzündən silinmiş abidələri, yalnız çox qoca zəngəzurluların xatirələrində hifz olunmuş orta əsr müsəlman qəbiristanları və müxtəlif əsrlərdə Zəngəzur azərbaycanlıları tərəfindən yaradılmış digər qiymətsiz mədəni artefakları gələcək nəsillər üçün saxlamağa çalışır. Yaddaş bu gün əsas silahımızdır. Güclü tarixi yaddaşa malik olan, keçmişini bilən və gələcəyə inamla baxan xalq güclüdür.

 

Bir müddət əvvəl Novruz bayramı günlərində İlham Əliyev demişdir: “Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq.”.

 

Biz düşüncələrimiz, əməllərimiz, zəhmətimizlə o günü yaxınlaşdırmalıyıq.  Şair, publisist, əsl vətəndaş olan Musa Urudun “Zəngəzur”u kimi kitablar bu müqəddəs missiyaya layiqincə xidmət edir.

 

Mən çox istərdim ki, Azərbaycan Milli Elmlər Akademiyası bu monoqrafiyaya görə müəllifi tarix elmləri doktoru elmi dərəcəsinə layiq görsün. Əminəm ki, həmkarım bu adı çoxdan qazanıb.

 

Elmira AXUNDOVA

yazıçı-publisist, Dövlət mükafatı laureatı

 

525-ci qəzet.- 2017.- 8 aprel.- S.8.