Təhsildə multikulturalizm: günün nəbzi, zamanın tələbi

 

Yaşadığımız zaman çoxqütblü, çoxcəhətli proseslərin zənginliyi, ictimai-siyasi hadisələrin axarının sürətli olması ilə ötən dövrlərdən xeyli fərqlənir.

Dünyada sürətlə dəyişən, bir-birini əvəzləyən reallıqlar fonunda bəzən gözləmədiyimiz hadisələrlə, faktlarla üzzə qalır, baş vermiş gerçəkliklərin təhlilini sona çatdırmadan yeniləri ilə üzləşirik. Lakin istənilən halda yeni dünya nizamı üçün alternativi olmayan bir reallıq vardır ki, onu nəzərə almadan  proseslərin arzu olunan məcraya yönəldilməsi mümkünsüz görünür. Bu, multikulturalizm məfkurəsi, onun cəmiyyətdə təcəssüm olunması tələbidir. Sözü- gedən bu sadə həqiqəti nəzərə almadan ümumdünya məkanında qarşılıqlı razılığa, ədalətli tarazlığa nail olmaq çətindir.

Demokratik, dünyəvi, hüquqi dövlət olan Azərbaycan bütün dünya ölkələri ilə sülh və əməkdaşlıq şəraitində yaşamağa can atır. Xalqımız ta qədimdən əmin-amanlığı yüksək qiymətləndirmiş, öz qonşuları ilə mehriban münasibətlər yaratmış, onların uğurlarına sevinmiş, dərdlərinə şərik olmuşdur. Tolerantlıq, başqa xalqların mədəniyyətinə, adətnənəsinə hörmətlə yanaşmaq min illər boyu azərbaycanlı məfkurəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanlılar istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda yaşayan xalqlara ehtiramla yanaşmışlar. Təsadüfi deyildir ki, müasir Azərbaycan cəmiyyətində, onun mənəvi dəyərlər silsiləsində dini dözümlülük, tolerantlıq, multikulturalizm ənənələri mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili miltikulturalizm ili elan etmişdi. Bu müdrik qərar reallığa istinad edərək azərbaycanlı mentalitetini əks etdirir. Yaşadığımız 2017-ci il isə ölkə başçısı tərəfindən İslam həmrəyliyi ili elan olunub. Təbii ki, bu da təsadüfi deyil. Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları artıq çoxdandır ki, bütün dünyanın diqqət mərkəzindədir. İslam dünyasının bir parçası olan Azərbaycan bu oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə, İslam həmrəyliyinə böyük dəstək nümayiş etdirir. Multikulturalizm ilinin məntiqi davamı olan İslam həmrəyliyi ili ölkəmizin ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasından, beynəlxalq müstəvidə demokratik, sivil və humanist mövqe tutmasından xəbər verir.

Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsində son illərdə formalaşmışdır. Lakin multikultural dəyərlərin ölkəmizdə, milli şüurumuzda qədim tarixi vardır. Hələ eramızdan əvvəlki dövrlərdə Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi ölkələrdə milli adətnənələrlə yanaşı, qonşu xalqların mədəni və mənəvi dəyərlərinə də hörmətlə yanaşılmışdır. Qədim midiyalılar yaxın-uzaq ellərdən od məbədgahlarına ziyarətə gələn zəvvarlara ehtiram nümayiş etdirmiş, onların rahatlığı, təhlükəsizliyi üçün nə lazımsa etmişlər. Eyni sözləri Qafqaz Albaniyası haqqında da söyləmək olar. Antik müəlliflər Qafqaz Albaniyası əhalisinin qəhrəmanlığı, mərdliyi ilə bərabər, qonaqpərəstliyini, digər xalqların nümayəndələri ilə mehriban davrandıqlarını qeyd etmişlər. Dar gündə albanlar birləşərək yadelli düşmənlərə qarşı mübarizə apardıqları kimi, xoş gündə də öz sevinclərini, ruzi-bərəkətini qonşularından əsirgəməmişlər. Qədim yerli tayfaların qan yaddaşından süzülüb gələn bu nəcib keyfiyyətlər sonralar azərbaycanlıların milli təfəkkür tərzinə çevrilmiş, nəsillərdən nəsillərə keçərək şüurumuzda möhkəmlənmişdir. Cavanşir, Babək, Koroğlu, Nəbi, Kərəm kimi el qəhrəmanlarının digər millətlərin nümayəndələri ilə mehriban münasibətləri, dostluğu, onlardan özünə yoldaş, sirdaş, silahdaş seçməsi tarixi mənbələrdə, folklor nümunələrində qorunub saxlanmışdır. Koroğlunun güvənib özünə arxa-dayaq sandığı dəliləri, yaxınları içində azərbaycanlılarla yanaşı türk, kürd, gürcü və başqa millətlərin nümayəndələrinin olduğu bəllidir. Onların müxtəlif millətlərdən olması dost münasibətlərə əsla xələl gətirməmiş, əksinə Koroğlunun şöhrətini daha da artırmışdır. Bu kimi misalların sayını istənilən qədər çoxaltmaq olar.

Azərbaycanlı mentalitetinə xas olan multikultural təfəkkür nişanələri ədəbiyyat və incəsənətdə xüsusilə çoxdur. Folklorla yanaşı istər klassik poeziyada, istərsə də çağdaş ədəbi əsərlərdə bu barədə çoxsaylı nümunələrə rast gəlirik. Böyük Nizaminin "Xəmsə"sinə daxil olan poemalarda müxtəlif millətlərin nümayəndələrindən söhbət açılır, həm də onlar adi surətlər kimi yox, süjet xəttinin inkişafında mühüm rol oynayan qəhrəmanlar kimi səciyyələndirilir. Şairin yaradıcılığında türk, iranlı, ərəb, hind, həbəş və başqa millətlərin nümayəndələri təsvir olunur. "Yeddi gözəl" poemasında müxtəlif millətləri təmsil edən qızların dolğun bədii surətlərini yaratmaqla humanist təfəkkürlü şair milli xarakteri zəriflik, nəciblik, gözəllik kimi əxlaqi-etik və estetik kateqoriyalarla zənginləşdirmişdir.

Bu sırada Azərbaycan rəssamlarının yaradıcılığını xatırlamaq yerinə düşər. Hələ ötən əsrin ortalarında və ikinci yarısında rəssamlarımız xarici ölkələr mövzusunda silsilə əsərlər yaratmış, milli xarakteri, insan psixologiyasını, onun zəngin daxili aləmini parlaq boyalarla təcəssüm etdirmişlər. Tahir Salahov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Salam Salamzadə, Asəf Cəfərov, Cəmil Müfidzadə və bir çox başqalarının yaradıcılığında xarici tematika mühüm yer tutur. M.Abdullayevin məşhur "Hindistan seriyası"nda hind xalqının milli xarakteri, koloritli məişəti, əməksevərliyi, sariyə bürünmüş hind qadınlarının təbii gözəlliyi inandırıcı, realist səpgidə öz dolğun, lirik ifadəsini tapmışdır. S.Salamzadənin ərəb ölkələri, C.Müfidzadənin Monqolustan seriyası da zəngin təəssürat oyadan milli ştrixlərə malikdir.

Bəllidir ki, multikulturalizm ideyalarının yayılmasında təhsilin böyük əhəmiyyəti vardır. Bu gün Azərbaycan ali təhsilində multikulturalizmin əsaslarının tədrisinə böyük diqqət yetirilir. Bu da təbiidir, çünki dövlət siyasətinə çevrilmiş multikulturalizmin gələcəyin qurucuları olan gənclər tərəfindən öyrənməsi vacibdir. Multikulturalizm hansısa bir ötəri, müəyyən il çərçivəsində gerçəkləşdirilən, kampaniya xarakterli tədbir deyil. Multikulturalizm ictimai, mədəni və sosial tərəqqidə Azərbaycan modelinin mühüm tərkib hissəsi, onun baza elementidir. Bu model bütün dünyanın diqqətini cəlb etməklə ölkələr və xalqlar arasında qarşılıqlı etimadın inkişafı üçün nə etmək lazım gəldiyini Azərbaycan Respublikası nümunəsində bariz şəkildə göstərir. Artıq bu gün cəmiyyətimizin hərəkətverici qüvvəsi olan gənclərin bu ruhda tərbiyə edilməsi dövlət siyasətinin gələcəkdə də uğurla inkişaf edəcəyinə təminat verir.

Bu gün respublikamızın ali məktəblərində (əsasən magistratura pilləsində) multikulturalizmin əsasları tədris olunur. İctimai-humanitar xarakterli bu fənn ixtisas yönümündən asılı olmayaraq, tələbələrin dünyagörüşünün artmasına yardım edir. Bakı xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev təhsil müəssisəsində "Azərbaycanda multikulturalizm modeli" fənninin tədris olunmasına xüsusi önəm verir.

Belə ki, Bakı Xoreoqrafiya Akademiyasında multikulturalizm təhsilinin təşkil edilməsinə nəzər salmaq yerinə düşər. Artıq xeyli vaxtdır ki, həmin ali məktəbin magistr pilləsində "Azərbaycanda multikulturalizm modeli" fənninin tədrisinə başlanılmışdır. Fənnin tədrisinictimai fənlər" kafedrası həyata keçirir.

Əlbəttə, mədəniyyət yönümlü bu ali təhsil müəssisəsində "Azərbaycanda multikulturalizm modeli" fənninin tədrisi ümumi təsbit edilmiş qaydalarla yanaşı, həm də özünəməxsus spesifikliyə malikdir. Onu da vurğulamaq vacibdir ki, respublikada xoreoqrafiya təhsilinin təşəkkülü on illər ərzində məhz multikultural dəyərlərə istinad etməklə formalaşmışdır.

Bakı Xoreoqrafiya Akademiyasında klassik və milli rəqs ifaçılığı ilə yanaşı, dünya xalqlarının rəqslərinin öyrənilməsinə da böyük diqqət yetirilir. Çoxpilləli təhsil prinsipinə əsaslanan Akademiyada təhsilin erkən mərhələsindən (tam ali məktəbin aşağı siniflərindən) ali səviyyəsinə - magistratura pilləsinə qədər milli rəqslərin tədrisinə geniş yer verilir. Fərəh hissi ilə demək lazımdır ki, zəngin ənənələrə malik bu sənət məbədinin tələbə və məzunlarının repertuarında dünya xalqlarının rəqsləri mühüm yer tutur. Dərin tarixi köklərə istinad edən bu tədris-yaradıcılıq ənənəsi hazırda daha sürətlə inkişaf etməkdə və genişlənməkdədir.

Multikulturalizm ictimai və mədəni həyatın bütün sahələrinə sirayət edir. Mədəniyyət yönümlü təhsil müəssisələrində bu cəhət özünü daha qabarıq göstərir, çünki multikultural dəyərlərin mahiyyəti incəsənət vasitəsilə daha aydın təcəssüm olunur. Həm də Azərbaycan incəsənəti tarixən multikulturalizm düşüncələrinə meylli olmuşdur. Azərbaycan bədii mədəniyyəti təmsilçilərinin - yazıçıların, şairlərin, rəssamların, bəstəkarların, aktyor və rejissorların yaradıcılığında bu meyl hər zaman özünü aydın göstərmiş və bu gün də göstərməkdədir. Elə bunun nəticəsidir ki, sənət məktəblərində multikultural təmayüllər özünü daha həssas formada büruzə verir, yaradıcı təfəkkürün inkişafına təsir göstərir. Bu reallıqdan çıxış edən professor-müəllim heyəti "Azərbaycanda multikulturalizm modeli" fənnini tədris edərkən sənətin, auditoriyanın spesifik xarakterini, gənclərin yaradıcı təbiətini nəzərə alırlar.

Azərbaycan sivil, hüquqi dövlətdir və demokratik ruhlu qanunlarla idarə olunur. Ölkəmizdə alternativsiz yaşam tərzinə çevrilmiş multikulturalizm təfəkkürü ildən-ilə daha geniş yayılır. Bu işdə təhsil müəssisələrinin, multikulturalizm tədrisinin əhəmiyyəti şübhəsizdir. Ona görə də çalışmaq lazımdır ki, bu tədrisin əhatə dairəsi genişlənsin, həm də o, gəncliyin mənəvi-psixoloji tələblərinə uyğunlaşdırılsın, bu tələbləri ödəmək qabiliyyətinə malik olsun. Bunun üçünsə hələ çox iş görülməlidir. Bakı Xoreoqrafiya Akademiyasında "Azərbaycanda multikulturalizm modeli" fənninin tədris olunması nümunəsində bu mövzunu az da olsa işıqlandırmağa cəhd göstərdik. Gələcəkdə isə təhsildə multukulturalizm dəyərlərinin təcəssümü daha əhatəli, ixtisas profilinin özəllikləri nəzərə alınmaqla universal biliklər sistemi kontekstində gerçəkləşdirilməlidir.

 

Maral MANAFOVA

Professor, Bakı Xoreoqrafiya Akademiyasının

İctimai fənlər kafedrasının müdiri

 

525-ci qəzet.- 2017.- 5 aprel.- S. 8.