Şair Təvəkkül Yanarın 80 illiyi qeyd olunub

 

İstedadlı söz ustası, tanınmış şair Təvəkkül Yanarın anadan olmasının 80 illiyi münasibəti ilə Ağcabədidə tədbir keçirilib.

Yubiley tədbiri şairin doğulduğu Rəncbərlər kəndində təşkil olunub. Yığıncağa rayon ziyalıları, müəllimlər, ağsaqqallar, şairin qələm dostları, ailə üzvləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, media mənsubları qatılıblar.

Tədbiri giriş sözü ilə Rəncbərlər kənd tam orta məktəbinin direktoru İsmayıl Həsənov açıb. Qonaqları, bütün iştirakçıları salamlayan natiq qeyd edib ki, bir vaxtlar adıçəkilən kənd orta məktəbində müəllim işləyən Təvəkkül Yanar həm bacarıqlı pedaqoq, həm də gözəl bir şair kimi yaddaşlara həkk olunub. Onun incə ruhlu səmimi şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanıb,  daim sevilib. Ədəbiyyatımızda öz dəsti-xətti, imzası olan şairin müxtəlif illərdə "Yadigar", "Günlər məni gözləmir", "Axtar Qarabağda, gəz Qarabağda", "Xoşbəxtəmmi, görəsən?", "Heydər poeması", "Sabir girdi yuxuma", "Yaddaşlarda qalan izlər" adlı kitabları işıq üzü görübairin şeirləri ispan, Ukrayna, rus dillərinə tərcümə olunub.Onun sözlərinə bəstələnmiş mahnılar dillər əzbərinə çevrilib. Unudulmaz sənətkarın xatirəsi bu gün hər yerdə hörmətlə yad edilir, əziz tutulur.

Azərbaycan Pedaqoji Universiteti Ağcabədi filialının dosenti, filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyev yığıncaqda "Təvəkkül Yanar yaradıcılığının ideya-bədii xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.Məruzədə tanınmış qələm sahibinin həyat və yaradıcılığı, əsərlərinin bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Təvəkkül Yanarın  daha yüksək səviyyədə yubileyi qeyd olunmağa layiq sənətkar olduğunu vurğulayan V.Allahverdiyev onun seçilmiş əsərlərinin toplanaraq çap edilməsinin vacibliyinə də toxunub.

Şairin qələm dostu, keçmiş yoldaşı. şair Hacı Kəbirli, Rəncbərlər kənd icra hakimiyyəti nümayəndəsinin müavini İbrahim Hacıyev, kənd sakini Aqil İsmayılov, köçkün müəllim Kəriş Rəhimov başqaları Təvəkkül Yanar poeziyasının yüksək məziyyətlərindən danışıb, onun haqqında maraqlı xatirələrini, təəssüratlarını bölüşüb, şairə həsr etdikləri şeirlərini oxuyublar.Təvəkkül Yanarın məktəb şagirdlərinin ifasında təqdim edilən şeirləri, yerli xanəndələr Bəhram Yusibov, Cəfər Qurbanov, Elvin Nağıyev, Elgiz Məmmədovun məharətlə səsləndirdikləri xalq mahnıları muğamlar tədbir iştirakçılarında xoş ovqat ,böyük ruh yüksəkliyi yaradıb.

Sonda ADPU Ağcabədi filialının dosenti, tarix üzrə fəlsəfə doktoru Mahir Səlimov şairin ailəsi adından belə bir gözəl tədbirin təşkilatçılarına, Rəncbərlər kənd orta məktəbinin rəhbərliyinə, bütün pedaqoji kollektivinə səmimi təşəkkürünü minnətdarlığını bildirib. T.Yanarın yubiley tədbirlərinin davam etdiriləcəyini vurğulayan M.Səlimov bu məqsədlə ADPU Ağcabədi filialında da yığıncaq keçiriləcəyini  diqqətə çatdırıb.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2017.- 5 aprel.- S. 7.