“Müqayisəli ədəbiyyatşünaslığın
aktual problemləri”
araşdırılıb
Aprelin 4-də Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
təşkilatçılığı ilə “Müqayisəli
ədəbiyyatşünaslığın aktual problemləri”
mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransa təqdim olunan məqalələrdə
ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil
və təqdim edilib.
Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunub. Ədəbiyyatşünalıq məsələlərinə müxtəlif aspektlərdən - fəlsəfi, sosioloji, tarixi, kulturoloji kontekstdən yanaşılıb.
“Mədəniyyətlərin dialoqu: Şərq və Qərb təmasları”, “Bədii tərcümə ədəbiyyatların inteqrasiyasının əsas amili kimi” və “Şərq-Qərb dixotomiyası kulturoloji kontekstində” üç seksiyadan ibarət olan elmi konfransda 56 məruzə dinlənilib.
Konfransın əhəmiyyətli cəhətlərindən biri də budur ki, məhz müqayisəli ədəbiyyatşünaslıq elmi Şərq-Qərb ənənələri əsasında formalaşan dünya duyumunun, Şərq və Qərb mədəniyyətinin, Azərbaycanda avropatipli teatrın yaranmasının “Şərqin Molyeri” - dahi M.F.Axundzadənin dramaturgiyası əsasında öyrənilməsinə, mədəniyyətlərarası dialoqun qarşılıqlı mübadilə prosesinə, multikultural ədəbi irsin dəyərləndirilməsinə, tərcümə sahəsinin inkişaf tarixinə nüfuz etmək imkanı yaradır.
Konfransda
məruzələr ətraflı müzakirə olunub.
525-ci qəzet.-
2017.- 5 aprel.- S. 7.