Elmin böyük fədakarı

 

 (Əvvəli ötən sayımızda)

 

Akademik İsa Həbibbəyli "Kitabi-Dədə Qorqud" ilk yazılı abidəmizin araşdırılmasına da, müasirimiz, istedadlı şair Rəşad Məcidin poeziyasına da qədirşünaslıqla münasibət bildirib.

Şairin irihəcmli "Bir də gəlməyəcək" (B., "Təhsil", 2015) poeziya kitabına akademik bir kitab tutumunca ön söz yazaraq, təhlil süzgəcindən keçirib. R.Məcidin yaradıcılığına yüksək qiymət verən alim yazır: "... Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, R.Məcidin şeirləri dağdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir. O, cəmiyyətə də, təbiətə də, tarixə də, müasir həyata da şeirin gözü ilə baxır".

Sən demə, İsa Həbibbəyli gənclik illərində şeir yazırmış. Əsl yaradıcılığa şeirlə başlayan alim elmlə məşğul olmazdan əvvəl yazıçı, şair olmaq istəyirmiş. Təbii ki, gəncliyin coşqun, həvəsli, sevgili vaxtlarında. İlk şeirləri də kiçik yaşlı uşaqlar üçün yazılıbdır. Professor Y.Seyidov yazır ki, "... onların yazılma tarixi 1972-ci ildən bu tərəfə keçmir. Əsasən, 15 və 23 yaşları arasında yazıbdır". İsa Həbibbəyli 1990-cı ildə "Arpa çayı daşa bilməz" adlı mənsur poema yazıb. 2002-ci ildə "Naxçıvan marşı" yazıb və bəstəkar Aqşin Əlizadə bu şeirə musiqi bəstələyib.

Mirzə Cəlilin pedaqoji fəaliyyətindən bəhs edən məqaləsində akademik məktəbdarlıq illəri fəaliyyətində onu xalq müəllimi kimi dönə-dönə vurğulayır, etiraf edir və ən yüksək, ləyaqətli qiymətini verirsə, başqa bir mühakiməsində qeyd edir ki, "C.Məmmədquluzadə bəlkə də Azərbaycanda birinci dəfə olaraq 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmışdır". Başqa bir yazısında isə Mirzə Cəlili XIX əsrin 80-90-cı illərində məşğul edən əsas məsələlərdən biri də qadın azadlığı problemidir, - deyir. İstər XIX sərin sonu, istərsə də XX əsrin əvvəlləri Mirzə Cəlil, təbii ki, ziddiyyətli, qarışıq, deyək ki, mürəkkəb bir dövrdə yaşamış, yazıb-yaratmışdır. Elə 1906-cı ildə "Molla Nəsrəddin"in fəaliyyətə başlaması illəri o karikaturalara, replika və atmaca-sancmalara, felyetonlarına, molla-ruhaniləri tənqidinə görə hər an ölümə məhkum oluna bilərdi. Və yaxud 1930-cu illərin repressiyası ilə əlaqədar professor Yaşar Qarayev demişkən, ölməsəydilər C.Cabbarlı və Mirzə Cəlil də repressiyanın qurbanı olacaqdılar. İsa Həbibbəyli Mirzə Cəlilin şəxsiyyətini, yaradıcılığını, işlədiyi yerləri tarixilik prinsiplərilə öyrənib, bu əsnada yanaşıb, faktlara, hadisələrə bu mövqedən aydınlıq gətirməklə yanaşı müasirlərindən eşitdiklərini də tədqiqatlara cəlb etməsi faktların dürüstlüyünə, dolğunluğuna səbəb olmuşdur.

Mirzə Cəlil tədqiqatçılarından bir neçəsi görkəmli ədibin həyat və sənətini əsərlərindən öyrənmək vacibliyini sözdə təkrar-təkrar irəli sürsələr də bəzən işdə yanılmış, emosiyaya qapılaraq intuisiyalarına ümid olub subyektiv fikirlərini ön sıraya çəkmişlər. Yazıçı-dramaturqun əsərlərindəki bioqrafik məlumatlara səthi yanaşma ilə kifayətlənmişlər. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ötən əsrin (XX əsr - B.B.) 80-ci illərinin ortalarından sonra başlayaraq böyük vurğunluq və sevgi ilə Mirzə Cəlilin həyatını, mühitini, bədii yaradıcılığını, "Molla Nəsrəddin" jurnalını, həm də mollanəsrəddinçiləri diqqətlə öyrəndi. Nəşrində, təbliğində birinci oldu. Təbii ki, biz subyektivliyə yol verməyərək istedadlı alim Əziz Mirəhmədovun xidmətlərini daha irəli çəkməklə qənaətlərimizi təsdiq edirik. Professorlar Məmməd Məmmədov, Xeyrulla Məmmədov, Əhəd Hüseynov, İslam Ağayev və başqa alimlərimizi qədirşünaslıqla xatırlamalı və dəyərləndirməliyik. 1987-ci ildə işıq üzü görmüş "Cəlil Məmmədquluzadə" (B, 1987) monoqrafik foto-albom və "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (B., 1997) adlı fundamental monoqrafiyası bizə deməyə əsas verir ki, cəlilşünaslıqda tədqiqat nöqteyi-nəzərindən onun kimi filoloq alim çətin olar. Açığı, o, cəlilşünaslığın fədaisi olub. Dərin elmi, həyati müşahidə qabiliyyəti, nikbin əhvali-ruhiyyə sahibi olub, vətənini - Azərbaycanını dərindən sevən, öz mənəvi-estetik inkişafında sevdiyi, rəğbət bəslədiyi klassikamızla bağlı olan gənc istedadın ürək yanğısı ilə belə əsərlər yazmasını mən təbii sayıram. Tale belə ömürlük məhəbbəti hər kəsə nəsib etməz.

1986-cı ildə tapılmış ayrı-ayrı əsərlər alimin təqdimatında 1990-cı ildə işıq üzü görmüşdü. Lakin 2004-cü ildə Prezident sərəncamından sonra latın qrafikası ilə kütləvi nəşrlərə başlananda Mirzə Cəlilin 4 cilddə əsərlərinin nəşri sahibinə - tədqiqatçı İsa Həbibbəyliyə tapşırıldı. Görünən kəndə nə bələdçi. Hər kəs öz işini görməliydi. İsa müəllim mükəmməl bir nəşri hazırlayıb ortaya qoydu. İlk dəfə olaraq cildlərə yazıçının yeni 1 hekayəsi, 2 tərcüməsi, 16 şeiri, 3 pyesi, 176 felyetonu, 36 məqaləsi və s. daxil edilmişdir. Bütün bunlar da ədibin yaradıcılığını - həyatını, əsərlərini hər tərəfli təhlil edib öyrənmək baxımından ədəbiyyatşünaslar üçün qiymətli məxəz oldu. Biz alimin ayrı-ayrı yazıçı-şairlər haqqında məqalələrində müşahidə etdiyimiz, təvazökarlıqdan gələn, bəzən də həmkarlarına mesaj verdiyi tövsiyyələri burada da müşahidə edirik ki, çoxcildliyin tərtibində, izahlarda alim "ən optimal və yeganə varianta" riayət etdiyinə görə iddialı olmayıb. Akademikin xarakterini, şəxsiyyət bütövlüyünü duyub, hiss edib gördüyümüzə görə iddiasız olduğunu çəkinmədən deyirik. Bütün bunlar da əsərlərin hansı bölməyə daxil olunmasında, prinsip etibarı ilə düzgün mövqe nümayiş etdirərək zəruri bir məqamı oxucuya çatdırır ki, bu məsələnin (yəni felyetondur, yoxsa hekayə - B.B.) janr aspektində öyrənilməsinin vacibliyinin yolunu göstərir.

Mirzə Cəlilin həyatını, dövrü və mühitini bilmədən, təbii ki, ustad sənətkarın bədii yaradıcılığını öyrənmək, araşdırmaq mümkünsüzdür. Bu üç cəhət - həyat, dövr və mühit bir-biri ilə sıx bağlı məsələlərdir. Sözügedən cəhətləri bütövlükdə öyrəndikdən sonra, ədibin həyat və yaradıcılığından danışan qaynaqları dəyərləndirmək, deyilənləri saf-çürük etmək olar. İsa Həbibbəyli özündən əvvəlkilərin düşüncələrini bütün yönləri ilə mənimsəmək yox, görülən işlərə elmi qiymət verməyin zəruriliyini bildirirdi. O, mənbələri dəyərləndirilmədən, öz nəticələri olmadan başqa tədqiqatçılar haqqında hökmlər vermədi. Mirzə Cəlildə nasirlik, dramaturqluq, publisistlik, mühərrirlik, ən əsası qeyrətli vətəndaşlıq müqəddəs bir vəzifə kimi qəlbində kök salıb çülğalaşmışdı. Alimin M.Cəlil haqqında yazdığı kitabların hamısında başqa qaynaqların müqayisəli öyrənilməsindən çıxarılan nəticələr dayanır. Bu isə bir aksiomdur.

Məhəmməd ağa Şahtaxtlının seçilmiş əsərlərinə (Bakı, 2006) ön söz yazan akademik M.Şahtaxtlının Qərblə Şərq mədəniyyətləri arasında "etibarlı körpü" hesab etməklə, ədibi "Müsəlmanlarda məktəb həyatı və "Konstantinopoldan məktublar" adlı silsilə məqalələrini "ciddi ictimai-siyasi, yaxud maarifçi elmi əsərlər" kimi dəyərləndirir və haqlı olaraq "Azərbaycan publisistikasına silsilə məqalə ənənəsini Məhəmməd ağa Şahtaxtlının gətirdiyini" bildirir.

İstər "Cəlil Məmmədquluzadə", istərsə də M.Şahtaxtlının "Seçilmiş əsərləri"nə (Bakı, 2006) yazdığı ön sözdə və məqalələrdə, yaxud M.F.Axundzadəyə aid yazılmış bir kitaba ön sözdə, yaxud İzzət Maqsudovun "Eynəli bəy Sultanovun həyat və yaradıcılığı" (Bakı, "Elm-təhsil", 2016) monoqrafiyasına yazdığı giriş sözü və s. əsərlərdə onun kitabları, ön  ya giriş sözləri gələcək tədqiqatçılar, əsasən də gənc ədəbiyyatşünaslar üçün mötəbər məxəz rolunu oynayır və bundan sonra da oynayacaq. Geniş erudisiyaya malik alim ciddi axtarışlar aparmaqla faktların nazı ilə oynayan ədəbiyyatşünaslardandır. Bütün bunlar, zamanla üz-üzə dayanmaq, zamanın fövqündə durmaq, onunla haqq-hesab çəkib görünən və görünməz işləri görmək, ancaq fenomen insanlara, şəxsiyyətlərə xas olan bir xüsusiyyətdir.

Hələ indiyə qədər elmi rəhbəri və məsləhətçisi olduğu onlarla doktorantını demirik (30-dan çox alimə məsləhətçi və elmi rəhbər olub - B.B.). İsa Həbibbəyli Nizami Gəncəvidən və Tusidən də, Aşıq Ələsgərdən də, M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov, Hüseyn Caviddən də yazanda (filologiya üzrə fəlsəfə doktoru Lütfiyyə Əsgərzadənin 2015-ci ildə nəşr olunan "Hüseyn Cavid - mühiti və müasirləri" monoqrafiyasına ön sözündə akademik yazır: "... şair dramaturqun məfkurəsi və sənəti daha çox dövrünün ədəbi və ictimai mədəni mühiti kontekstindən yeni arxiv sənədləri və dövrü mətbuat materialları əsasında araşdırılıb, ümumiləşdirilmişdir") onların yaradıcılığı üzərində dayanır, əvvəlcə tədqiq edir, arxivlərdə axtarışlar aparır, nəhayət, bunların timsalında nəsrimizdə və yaxud poeziyamızda hansı meyillərin üstünlük təşkil etdiyini, hansı meyillərin ədəbiyyatımızın inkişafına təsir etdiyini, publisistikanın necə yöndə olmasını, sözügedən ədiblərin ilham qaynaqlarını, xalq yaradıcılığı və təfəkkürü ilə, nəhayət, xalq ifadə tərzi ilə bağlı olduğu qənaətinə gəlir.

Akademikin yazılarının maraq doğuran cəhətlərindən biri söhbət açdığı yazıçıların yaradıcılığını ümumi ədəbi proses kontekstindən təcrid olunmuş şəkildə götürməməsidir. Bunlarsa onun sənətə, ədəbiyyata və özünə qarşı daxili məsuliyyət hissinin, əzmkarlığının, ciddi tələbkarlığının nəticəsi kimi dəyərləndirilməlidir.

İzzət Maqsudovun "Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı" monoqrafiyası ədəbiyyatşünaslıq elmimizin dəyərli, ilkin nümunəsidir. Əsərə geniş, əhatəli ön söz yazan İ.Həbibbəyli maarifçi-ziyalı, folklorşünas, tənqidçi-pedaqoq, yazıçı Eynəli bəy Sultanov yaradıcılığını elmi cəhətdən düzgün səciyyələndirmişdir. Doğru olaraq ədibi Azərbaycanda milli teatr hərəkatının əsas yaradıcılarından sayır. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun Azərbaycan teatrını yaratmaq üçün Bakıda gördükləri işi Eynəli bəy Cəlil Məmmədquluzadə ilə birlikdə Naxçıvanda həyata keçirmişdir, - deyir. Azərbaycan realist nəsrinin inkişafında da yazıçının xidmətlərini qeyd edərək yazır: "İdeyası etibari ilə cəmiyyətin yeniləşməsinə, dəyişməsinə mane olan meyllərə qarşı tənqidi münasibət bəsləyən Eynəli bəy Sultanov məsələnin bədii həllində kəskin etirazçı mövqedən çox, islahatçı-maarifçi baxışların ifadəçisi kimi çıxış etmişdir" (ədib 40 hekayə, 2 dram əsəri yazmışdır - B.B.).

Monoqrafiyanın tərtibçisi - filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu yazır ki, Eynəli bəy Sultanovun doğum tarixini 1862-ci il yox, İsa müəllim Ermənistan Dövlət Arxivində əldə etdiyi bir sənədə əsasən yazıçının İrəvan Kişi Gimnaziyasında oxuduğu illərə aid tərcümeyi-halda 5 may 1866-cı ildə anadan olduğu qeyd olunmuşdur - deyir. Bütün bu dəqiqliklər, gərgin axtarışlar, hər sənədə ehtiyatla, hörmətlə yanaşma akademikin sənətkarla yanaşı tarixi faktlara ciddi önəm verməsi ilə əlaqədardır. Bütün bunlar onun sənət kredosudur.

 

(ardı var)

 

Baba BABAYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 5 aprel.- S.6.