Elmin böyük fədakarı
(Əvvəli
ötən sayımızda)
Akademik İsa Həbibbəylinin
elmi yaradıcılığına diqqətlə nəzər
yetirdikdə oxşar taleli, oxşar üslubda yazan, eyni
mühitin, dövrün yazıçıları arasında
paralellər apardığı aydın görünür.
Yuxarıda qeyd etdik ki, Eynəli
bəyi milli teatr sahəsində gördüyü işləri
kimlərlə müqayisə edir. Başqa bir fikrində
isə İ.Həbibbəyli E.Sultanovun XX əsrin əvvəllərində
siyasi-maarifçi publisistikasının bənzərsiz
nümunələri ilə Zaqafqaziya mətbuatındakı fəaliyyətini
yalnız Məhəmməd ağa Şahtaxtlı ilə
müqayisə edir. "... M.Şahtaxtlı, nəinki Qərbdə,
hətta bütün dünyada ən çox xarici dil bilən
yeganə şərqşünas, Şərq və Qərb mədəniyyətini
sintez halında mənimsəyən və dəyərləndirən
alimdir" - deyən akademik daha sonra yazır: "... Azərbaycan
publisistikasına silsilə məqalə ənənəsini Məhəmməd
ağa Şahtaxtlının gətirdiyini" bildirir və s.
bərabərlik qoyulubdur. Cavabı isə budur; alim hər iki
yazıçının yaradıcılığı ilə
yaxından tanış olub, yaxud onları mükəmməl tədqiq edərək öyrənib,
nəticələr çıxarıbdır.
İsa Həbibbəylinin əsərləri
mənbəşünaslıq bazalarına, ən müxtəlif
ədəbiyyatlarla, arxiv sənədləri və dövrü mətbuat
materiallarına, eşitdikləri, söhbət
apardıqları insanlarla, xatirələrlə zəngindir. Ona görə tədqiqatları elmi dərinliyi,
inandırıcılığı, faktların
dürüstlüyünə görə diqqəti cəlb
edir, oxunur, təqdir edilir və asanlıqla elmi dövriyyəyə
daxil olur. Yazdığı əsərlərdə
akademik ədəbiyyatşünaslıq elmində yeni təmayülün
əsasını qoymuşdur ki, bu da bədii ədəbiyyatın
ideologiyasından və ictimai fikirdən
asılılığına məhəl qoymamış, olacaq
basqı, tənqiddən qorxmamış, faktların təhrif
olunmaması üçün müqayisəli təhlil-tədqiqlərə
ciddi fikir vermişdir. Yazdığı
fundamental əsərlərlə, məqalələrlə o ədəbiyyat
elmində sözügedən sahədə nəzərə
çarpan dönüş yaratmışdır ki, onun mahiyyəti
fəhmli tədqiqatçı kimi mətndə bədii
sözün məna tutumunun, üslub çalarlarının dərinliyinin
və rəngarəngliyinin, faktların
dürüstlüyünün ortalığa qoyulmasında,
açılmasındadır. Alim öz məqsədinə
nail olmaq üçün tədqiqat obyekti kimi bədii ədəbiyyatın
ideya məzmununu, janr, dil və üslub formalarının sənətkarlığını
öncə təhlilinin kənarında saxlamış,
yazıçının dövrü, mühiti, ictimai
baxışı, məntiqi ardıcıllıqla illərin,
günlərin tarixini saf-çürük etdikdən sonra
bütün bunlar nə qədər çətin,
ağır zəhmət tələb edən bir iş olsa da,
sonra onları çevrəyə daxil etmişdir.
Ş.Şamioğlunun
"Mirzə Fətəli Axundzadə dövrü, elmi
bioqrafiyası və müasirləşmək
konsepsiyası" monoqrafiyası (Bakı, "Elm və Təhsil",
2017) müstəqillik dövründə yeni baxış və
münasibətlə bəzi məsələlərə
aydınlıq gətirilməklə faktların
dürüstlüyünə görə yeni baxış
bucağında yazılıb ərsəyə gətirilibdir. Bu kitaba ön
sözündə İsa Həbibbəyli C.Məmmədquluzadənin
M.Fətəli haqqında dediyi - "Mirzə Fətəli
Axundzadə barəsində ya yaxşı yazmaq
lazımdır, ya da heç yazmamaq lazımdır" fikrini
genişləndirərək klassikin
yaradıcılığına müasir ədəbiyyatşünaslıq
prizmasından yanaşmış "M.F.Axundzadədən həm
də çox yazmaq lazımdır" - demişdir.
Professor Qəzənfər Paşayevin "Hüseyn
Kürdoğlunun poetik dünyası" monoqrafiyasını
(Bakı, "Sabah", 2017) oxuyanda ilkin əvvəl
kitabın çox gözəl, nəfis şəkildə,
sevimli şairimiz, istedadlı alim Hüseyn Kürdoğlunun
adına layiq hazırlanıb işıq üzü
gördüyünə məmnun qaldıq. Akademik kitabın "Ədəbiyyatşünaslıqda
faydalı örnək" giriş yazısının müəllifdi.
Hüseyn Kürdoğlu poeziyasını əllinci
illərin ədəbi hadisəsi kimi qiymətləndirən
İ.Həbibbəyli şairin "mənsub olduğu nəsil
altmışıncıların əvvəli idi"
mülahizəsində haqlı mövqedə durur. Dövrü, şairin
yaradıcılığını obyektiv qiymətləndirməklə
daha bir parlaq günəşin ismini xatırlaması alimin dəyərləndirmədə
ədəbiyyatşünas kimi ədalətli mövqe
tutmasını şərtləndirir. Bu
xalq şairi Səməd Vurğunun "qaynar poetik nəfəsi"nə
münasibətdə - onun heca vəznli şeiri yüksək
romantik zirvəyə qaldırması, bu poetik nəfəsin hələ
qulaqlardan getməmiş altmışıncıların daha
çox sərbəst şeiri yazanlardan təmsil olunmaları
kimi qənaətləri məqbuldur. İ.Həbibbəyli
yazır: "Hüseyn Kürdoğlu və onun təmsil
etdiyi ədəbi nəsil isə vəzni dəyişməyərək
şeiri insanın həyatı və mənəviyyatına
yaxınlaşdırmaq vəzifəsini həyata
keçirirdilər".
İsa Həbibbəyli haqqında
söhbət açdığımız bu kiçik ön
sözdə yuxarıda dediyimiz kimi Hüseyn Kürdoğlu
poeziyasının özünəməxsusluqlarından
danışarkən müasirlərini də yaratdığı
çevrəyə çəkir, S.Vurğunla yanaşı, Məmməd
Araz şeirinə mənsub poetik təmayülün genişlənməsindən
də bəhs edir. H.Kürdoğlu ilə M.Araz
poeziyasının vəzn və üslub etibarilə bir-birlərinə
çox yaxın olduqlarını, həyata doğru münasibətlərində
fərqli yanaşmaları ilə fərdiləşdiklərini
nəzərdən qaçırmır.
Altmışıncılar nəslinin
yaradıcılığında tərənnümdən gələn
romantik əlamətlər müəyyən səviyyədə
paradoksallıq olsa da, polemika yaransa da, həyatın və
insanın qəlbi döyünən duyğu və
düşüncələrdə bədii inikasını tapmışdır. Şair, alim,
tədqiqatçı, tərcüməçi Hüseyn
Kürdoğlunun "Həyat ağacı" qismində
silsilə poetik nümunələri gerçəkliyin
müdriklik meyarında tərənnümünün bir
bütöv məcrada yerləşdiyini göstərir.
Belə məqamlarda -
şeirin doğuş zamanı şairin
düşündürücü, poetik dünyası
yaşadığı cəmiyyətin ideologiyasını
deyil, folklordan, klassik ədəbi ənənələrdən
və həyatın özündən, içindən ilham
almışdır - deyir. Bu şeirin fəlsəfi tutumu da
çoxdur, çünki, akademikin fikrinə görə
"Həyat ağacı" şeiri XX əsrin
altmışıncı illərdən sonrakı poeziya
ağacının real mənzərəsini ümumiləşdirmiş,
həm də dolğun şəkildə mənalandırmaq
gücünə malikdir. Müdriklik
ölçülərində də H.Kürdoğlu təbii
bədii düşüncənin ən fəlsəfi və
ümumiləşdirilmiş obrazlı örnəklərini təqdim
edə bilir. İsa Həbibbəylinin "... Ədəbi
məclis əslində yetmiş-səksəninci illər
poeziyasında lirizmi bəlli bir səviyyədə
yaşadıb saxlamaqla şeirin vətəndaşlıq
ruhunun qüvvətlənməsinə güclü təsir
göstərmişlər", monoqrafiya müəllifi,
professor Qəzənfər Paşayevin
"Açığını deyim ki, ... misraları təhlilə
çəkməyə gücüm çatmadı" səmimi
etirafına akademikin "Bizə görə bu cür
yanaşma Hüseyn Kürdoğlunun əslində ədəbiyyatşünaslıq
elminin yüksək tələbləri səviyyəsində dəyərləndirilən
şeirlər yazdığını səciyyələndirmək
deməkdir" fikirləri ədəbiyyatşünaslıq
prizmasından yerində, obyektiv verilən qiymət olmaqla,
Hüseyn Kürdoğlunu istedadlı, orijinal, həm də
elmli şair olmasını təsdiqləyən fikirlərdir.
Monoqrafiyanı diqqətlə oxuyan və
H.Kürdoğlu yaradıcılığına yaxından bələd
olan İ.Həbibbəyli bir tərəfdən şairin
şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir
vasitələri etibarilə bənzərsizdir deyirsə, digər
tərəfdən yaradıcılığında
orijinallıq nümayiş etdirmiş sənətkarı məşğul
olduğu bütün bədii fikir sahələrində
professionaldır deyimi bənzərsiz, istedadlı şairə
verilən yüksək qiymət anlamındadır. Hüseyn Kürdoğlunun bayatılardan ibarət
poemalar yazması, haqlı olaraq əsl novatorluq nümunəsi
kimi dəyərləndirilməsi şairin
yaradıcılığına hörmət və ehtiramla
yanaşı, həm də hər iki tədqiqatçı-ədəbiyyatşünasın
ədəbi zövqünün genişliyindən xəbər
verir. Bu monoqrafiyanın bir təqdirəlayiq
cəhəti də həsrətlə, sevə-sevə bizim ədəbiyyatşünasların
oxuyub öyrəndiyi, məqalə və kitablarında onun nəzəri
fikirlərindən sitatlar verdiyi böyük rus alimi Yuri Borevin
məhz bu ailəyə görə Bakıda, Laçın
rayonunda olması mənə də ləzzət etdi,
qürurlandım.
İsa Həbibbəyli
ustadlar kimi hər məqaləsində belə elmi tövsiyyə
verməyi də unutmur. Bu onun sənətə, ədəbiyyata vətəndaşlıq
vurğunluğundan, ədəbiyyatımızın
keşiyində müsəlləh əsgər kimi
dayandığından, onun gələcəyinə, gənc tədqiqatçılar
üçün zəmin yaratmasından irəli gəlir.
O, ədəbiyyatımızın və mədəniyyətimizin
təəssübünü çəkən vicdanlı alimlərimizdəndir.
Hüseyn Kürdoğlunun poetik
dünyasından bəhs olunan monoqrafiyada da İsa müəllim
yenə də vədinə xilaf çıxmır, məsləhət
və tövsiyyəsini əsirgəmir. "...
Yazıçı və şairlərimizin həyatı və
yaradıcılığına həsr edilmiş monoqrafik tədqiqatlar
uzun zamanlardan bəridir ki, çox az
hallarda meydana çıxır. Belə kitablar az
olduğu və ya bəzən heç olmadığı
üçün ayrı-ayrı sənətkarların
yaradıcılığı əsasında aparılan
problem-tədqiqatlar çox hallarda möhkəm təməli
olmayan, havadan asılı qalan araşdırmalar təəssüratı
doğurur. Ədəbiyyat tarixçiliyi ilə
nəzəriyyə biri digərini tamamlayanda daha mükəmməl,
uzunömürlü əsərlər meydana çıxa bilər,
ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə
düşünüb-daşınmalı, addımlar
atmalıdır" - deyir.
Tədqiqatçının iri həcmli,
845 səhifəlik Nuhçıxandan-Naxçıvana
ensiklopedik araşdırmaları (B., "Elm və Təhsil",
2015) ictimai-siyasi, ictimai-tarixi cəhətdən
Naxçıvanın dünəni və bu günü
haqqında qiymətli mənbədir. Dəyərli məxəz
kimi ciddi araşdırmaların nəticəsi olan əsərdə
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvanın qədim tarixinə, ədəbi-mədəni
inkişaf yoluna, elmi mühitinə, görkəmli yetirmələrinə
və müasir dövrdəki yüksəlişinə həsr
edilmiş tədqiqatları böyük oxucu auditoriyasına təqdim
edilibdir. Tarixilik nöqteyi-nəzərindən
elmi mənbələrə, dəqiq faktlara istinad olunan, əsaslandırılaraq
yazılmış məqalələr gənc araşdırıcılara
yol göstərməkdə qiymətli məxəz rolunu
oynayır.
"Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" 2 cildlik
böyük həcmli əsər (Bakı, 2016) İsa Həbibbəylinin
təkidli tələbi, təşkilatçılığı
ilə elmi ictimaiyyətə ən qiymətli mənbə kimi
təqdim edilibdir.
Tanınmış ədəbiyyatşünas
alimlər Kamal Talıbzadə və Yaşar Qarayevin
seçilmiş əsərlərinin nəşri məhz
Ədəbiyyat İnstitutunun direktoru kimi İsa müəllimin
təşəbbüsü ilə işıq üzü
görübdür. Bu xeyirxah işlər bir daha onu ədəbiyyatın
təəssübünü çəkən bir vətəndaş
kimi ictimaiyyətə göstərirsə, digər tərəfdən
keçmiş qələm dostlarına qədirşünaslıqla
yanaşmasından irəli gəlir.
Akademik İsa Həbibbəyli bundan
sonra daha çox - saysız-hesabsız məqalə və
kitablar yazacaqdır. Ədəbiyyatımızın klassik və
müasir dövründəki müxtəlif problemlərini
yaşının püxtələşən, təfəkkürünün
büllurlaşan - ömrünün müdriklik vaxtında
elmi tədqiqat və bədii yaradıcılıq nümunələri
ilə oxucularını daima sevindirəcəkdir.
Çünki tarixi təcrübə göstərir ki, tənqid
tarixi və tanınmış tənqidçilərin yaradıcılıq
təcrübəsi sübut etmişdir ki, həm klassikanı,
onun nəzəriyyəsini, həm də müasir ədəbi
prosesi və onun problemlərini mükəmməl bilənlər
müasir ədəbiyyatın inkişafına kömək
etmiş, ona inandırıcı, düzgün yol göstərə
bilmişlər.
Elm fədaisinin Müstəqil Azərbaycan ədəbiyyatının nəzəri problemləri haqqında bir çox orijinal fikirləri var ki, ("Kitabi-Dədə Qorqud", "Sara əfsanəsi", M.Şahtaxtlı, Eynəli bəy Sultanov, Mirzə Cəlil, satira, novella və s.) bunların elmi şəkildə işlənib ümumiləşdirilməsi (təbii ki, kitab, namizədlik və doktorluq dissertasiyaları səviyyəsində) müasir ədəbiyyatşünaslığımızın nəzəri səviyyəsinin inkişaf yolunu aydınlaşdırmaq üçün xüsusi əhəmiyyətə malikdir. Onun elmi yaradıcılığı ədəbiyyat tarixinin həm akademik nəşrlərində, həm də ali məktəblərin dərsliklərində və ya digər müxtəlif nəşrlərdə çap olunmasını zəruriləşdirib. Alimin elmi-nəzəri irsi müasir, müstəqil Azərbaycan ədəbiyyatı tarixinin qiymətli nümunələrinə çevrilib.
Baba BABAYEV
Filologiya elmləri doktoru
525-ci qəzet.-
2017.- 6 aprel.- S.6.