Bəkir Çobanzadə macar mətbuatında

 

Macar mətbuatında bir müəllif kimi fəal iştirakı universitet təhsilini başa vurduğu 1918-ci ildən başlanmışdı. Yuliuş Moravçik tərəfindən hazırlanan   1914-1925-ci illərin  macar türkoloji nəşrlərini əhatə edən biblioqrafiyada Bəkir Çobanzadənin iki məqaləsinin adı çəkilir: "Yeniləşən tatarlıq" ("Az ujjaebredo tatarsag",) "Magyar Figyelö" dərgisində, "Rusiya tatarlarının mədəni həmlələri" ("Az oroszorsagi tatarok kulturalis törekvesei", 1918, ¹ 1, s.216-230) isə macar turançılarının eyni adlı  "Turan" məcmuəsində işıq  üzü görmüşdü.

 Macar türkologiya məktəbinin yetirməsi olan polyak alimi, Poznan universitetinin professoru Henrix Yankovskinin Budapeştin kitabxana və arxivlərindəki axtarışları da səmərəsiz qalmamışdır. O,  daha iki naməlum yazı aşkara çıxarmışdır. Bunlardan birincisi "Budapesti Hirlap" qəzetindəki "Bir tatar gəncinin ana yurdundan" ("Egy tatar ifju a hazajarol", 28. 03. 1918, ¹ 72) , digəri isə "Magyar Figyelö" jurnalında çıxan "Tatar mədəniyyəti. Qeydlər." ("Kulturalis tatarjaras, Fölyegyzesek" 1918, ¹ 7-8, s. 169-172) məqalələridir.  Eyni zamanda təqdim edilən siyahının tam olmadığını düşünmək üçün əldə kifayət qədər əsas var.  Çünki Suleyman Sudi bəyin "Kırım Mecmuası"nda (İstanbul) dərc olunan yuxarıda xatırlatdığım "Macar qardaşlar" adlı tarixi-publisist qeydlərində müəllif yerli mətbuatla fəal əməkdaşlığına və mətbu çıxışlarına göstərilən marağa diqqət çəkərək yazmışdı: "Rusiya ixtilalından sonra yuxarıda zikr etdiyim qəzetə və məcmuələrdə əski, yeni mədəniyyətimizə, Kırımın son zamanlardakı əhvalına dair bir çox məqalələr yazmaq mümkün oldu. Məqalələr ümid etdiyim təsiri yapmaqda gecikmədilər. Birinci məqaləmin nəşrindən sonra öyrətmənlərdən, zabitlərdən, qəzetçilərdən bir çox məktublar aldım..."

Yaxud əski türk yurdu Krımı getman Ukraynasının tarixi torpağı adlandıran lvovlu  professor İvan Rodnitski ilə polemikaya diqqət yetirək. Bu məsələdə macar mətbuatının imkanlarından  yararlandığını yada salan Bəkir Çobanzadə ironik tonla yazırdı: "Möhtərəm professora Budapeşt qəzetlərində də cavab verdim. Bilmirəm, yazmaqdan oxumağa vaxtı oldumu?" Cavabın meydana çıxma səbəbi ukraynalı alimin "macarlar Avropanı türklərdən qoruyanda biz də tatarların yolunu bağladıq və bu gün Asiya çöllərinin sakini barbarlar Qərbi  təhdid edərkən macar milləti ukraynalı qardaşlarını və Avropa mədəniyyətini düşünsün" - sözləri olmuşdu.

O, aşkar  qürur hissi ilə macar mətbuatı və ictimai fikri ilə ilə əlaqələr məsələsində  özünə bağlı duyğusal məqama toxunaraq yazırdı: "Bilxassə macar basınının (mətbuatın) mənim şəxsimdə millətimizə göstərdiyi böyük məhəbbəti burada ayrıca qeyd etməyə borcluyam. Avropa mətbuatının məsələlərimizə, hissiyyatımıza qarşı nə qədər yabançı və nöqteyi-nəzərlərimizdən nə qədər uzaq olduqlarını bilənlər bunun qiymətini anlarlar".

Krımlı tələbənin Budapeşt mətbuatında iştirakı prinsipial  bir suala cavab tapmağı da zərurətə çevirir: Bəkir Çobanzadə məqalələrini macarca qələmə alırdı, yoxsa kimsə onun türk, yaxud tatar dilində yazdıqlarını tərcümə edirdi? Bu suala müəllifin   "Krım Mecmuasi" dərgisindəki sətirləri birmənalı şəkildə anlamlı cavab verir: "İki ildən bəridir ki, macarların arasındayam. Dillərini birinci ilin ilk yarısında öyrənməyə müvəffəq oldum. Əvvəla, bir çox türk, tatar, slavyan kəlmələrinin olması, o biri tərəfdən isə ədatlarının, səslərinin ana dilimizi andırması nəticəsində az zaman içərisində macarcanı imtahana girməyə, sonra isə nitq deməyə və məqalə yazmağa imkan verən bir səviyyədə mənimsədim. Macarların içərisində fransızlardan, almanlardan, hətta daim türk-tatar millətləri ilə birgə yaşayan erməni, rumlu və yəhudilərdən daha sərrast və doğru-dürüst türk-tatar dilində danışanlara təsadüf etdim". İki xalqın  biri-birinin dilinə asanlıqla yiyələnməsində qarşılıqlı maraqla  yanaşı etnik köklərin yaxınlığı da ya az rol oynamamışdı:   "Budapeştdən bir az kənara çıxan, təmiz irqli macarların yaşadığı kəndlərə, kiçik şəhərlərə səyahət edən adam dərhal Avropanın bu hissəsində məskunlaşmış  slavyan və germanlardan tam fərqlənən insan tipinə rast gəlir. Bu tipin özünə nə qədər bənzədiyini "Vay, siz necə macara oxşayırsınız"- deyən macarın öz dilindən eşitməli olur". Macarıstanda əsrlər boyu türk etnosunun (Karçak bölgəsindəki qazax-qıpçaq əsilli kunlar nəzərdə tutulur -V.Q.) yaşaması və macarların bir millət kimi formalaşmasında önəmli amilə çevrilməsi daxili və zahiri bənzərliyin yaranmasında mühüm təsirə malik olmuşdu.

 Budapeşt mətbuatındakı ilk yazısında - "Bir tatar gəncinin ana yurdundan" essesində müəllif şəxsi həyatı fonunda vətəni Krımı macarlara tanıtmağa çalışmışdı. Məqalənin işıq üzü gördüyü dövrdə yarımada uğrunda şiddətli mübarizə gedirdi. Rusiya imperiyasının süqutundan sonra "ağ" və "qırmızı" ruslar, ukraynalılar, almanlar Krıma nəzarəti ələ keçirməyə can atırdılar. Çətin, qeyri-bərabər mübarizə şəraitində milli müstəqilliklərini elan edən və əsas ümid yeri kimi özləri də çətin durumda olan Osmanlı imperiyası və Azərbaycan Cümhuriyyətindən yardım uman Krım türkləri yurd və milli ləyaqət naminə qeyri-bərabər savaşa atılmışdılar. Təbii ki, Bəkir Çobanzadə həqiqi vətənpərvər kimi bütün varlığı ilə soydaşlarının yanında idi. "Rusiyanın Riviyera"sı adlandırdığı məmləkətinin taleyinin sahibi olması, azad yaşaması  mücadiləsinə Macarıstanda töhfəsini verməyə can atırdı.

"Bütün Rusiyada olduğu kimi, Krımda da rus inqilabı əskidən təzyiq altında qalan milli hərəkətləri yenidən canlandırdı. İnqilab başlanar-başlanmaz əsgərlərimiz vətənə dönüb yad ünsürləri qovaraq bütün hakimiyyəti aydın kimsələrə verdilər. Ordumuz Yaşıl Adada Xan sarayını ələ keçirdikdən sonra Krım milli bayrağını qaldırdı və Teymurləng marşı ilə Ağməscidə girdi. Vəqflər yenidən xalqa qaytarıldı. Böyük Qurultay çağırıldı, Məclis quruldu. Hələ ki, adıçəkilən  Məclis bütün mühüm məsələlərlə bağlı qərar verir. Milli qurumlarımız o qədər mütəşəkkil və düzənli idi ki, ilk gündən qarşımıza çıxan rus ordusunun təzyiqlərini dəf edə bildik" - məqalədən götürülmüş bu sətirlər Bəkir Çobanzadənin dövrün şərtləri daxilində vətənlə intensiv əlaqə saxladığını, özünü məmləkətindəki azadlıq mücahidlərinin Avropa  sözçüsü kimi hiss etdiyini söyləməyə əsas verir.

Müəllif çarizmin basqılarına rəğmən, Krım türklərinin İsmayıl Qaspralının rəhbərliyi altında onilliklər boyu milli mənlik şüurunu qoruyub qüvvətləndirməyə,  ana dilini yaşatmağa, müasir təhsil şəbəkəsi qurmağa çalışdıqlarını və bu  yolda  həqiqətən də müəyyən nailiyyət qazandıqlarını macar ictimaiyyətinin diqqətinə çatdırırdı. Eyni zamanda, Avropada səsləri duyulan bir xalq kimi onları çətin müstəqillik savaşında soydaşlarına köməyə çağırırdı: "Mücadiləmiz hala davam etməkdə. Uzun illər boyu təzyiq altında saxlanan Tatar ulusumuz bəlkə də istiqlala qovuşmayıb işğalçı yığınların birinə, yaxud digərinə daha uzun müddətə məğlub olacaq. Bu üzdən tatarlar macar qardaşlarına deyəcəyim sözlərlə müraciət edirlər: "Yardım əlini uzatsana, qardaşım. Sən bəlaya uğrayınca biz də sənə yardım edərik!" Yazı tatar milli şairi Abdulla Tukayın gələcəyə ümid dolu məşhur  misrası ilə başa çatırdı: "Ölkəmizdə dan çabuk atar!" ("Ölkəmizdə sübh tez açılar!")

Güman etmək olar ki, Bəkir Çobanzadə bəzi məqalələrini macar və tatar dillərində qələmə almış, yaxud bir dildən digərinə özü çevirmişdi. Belə yazılardan biri də macar variantı "Magyar Figyelö" jurnalında, türk variantı isə Krım-Tatar Xeyriyyə Cəmiyyətinin "Göy kitab"ında çıxan "Yeni oyanan tatarlıq"  idi.

Burada haşiyə çıxaraq qeyd etməliyəm ki, avropalılar üçün daha anlaşıqlı "tatarlıq" məhfumu altında Bəkir Çobanzadə əslində türk xalqlarını, türk dünyasını nəzərdə tutur və bu zaman təbii  ki, ağırlıq nöqtəsini daha çox Rusiya imperiyası türklərinin üzərinə salırdı. Müəllifin nəzərində "türk" və "tatar" etnonimlərinin eyniliyi, paralelliyi Budapeşt dövrü poetik yaradıcılığının bəhrəsi olan "Ana dilim" şeirində öz əksini aşağıdakı şəkildə tapmışdı: "Bilmirəm, Türkdür, ya Tatardır adın, Amma çox şirinsən, Tanrıdan dadın!"

 "Göy kitab"da "Kırımlı Çobanoğlu Bəkir Sıdkı" imzası iə çap etdirdiyi yazıda (macarca mətni "Az ujjaebredo tatarsağ. İrta Bekir Szidki) o, uzun əsrlərin inadlı mübarizəsi sayəsində  böyük tərəqqiyə qovuşan Macarıstanı türk-tatar soylarına ibrətamiz nümunə kimi göstərirdi: "Qiymətli macar professorlarından Frederik Lilin macarların böhranlı, qaranlıq dövrləri ilə əlaqədar söylədiyi "Hər kəsin uyuduğu otağın içərisində bir nəfər oyanırsa, çox keçmədən o birilər də oyanır" (burada "Molla Nəsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur rəsm xatirə gəlir - V.Q.) misalındakı sadə olduğu qədər də müdrik həqiqəti bizimkilər də başa düşdülər" - deyə, 1905-ci ildən sonra başlanan milli oyanışın Volqaboyu və Krım tatarları, Qafqaz və Mərkəzi Asiya türkləri arasında artıq qaçılmaz prosesə çevrildiyini yazırdı. Kazan tatarları içərisində yenilikçi fikirlərin yayılmasına mühüm xidmət göstərmiş Abdulla Tukay macar xalqının azadlıq mübarizəsinin carçısı, döyüşçü-şair Şandor Pötefi ilə müqayisə edilirdi. Bəkir Çobanzadə "yeni oyanan tatarlığın" bariz nümayəndəsi kimi türk uluslarında milli dirçəliş hərəkatını, ictimai-siyasi canlanmanı Qərbin diqqətinə çatdırmağı ümdə vəzifəsi sayırdı. Budapeştdə poetik yaradıcılığı ilə bir sırada siyasi publisistikaya daha ciddi maraq göstərməsi, mətbuatla əlaqələr yaratması da bundan irəli gəlirdi.

Siyasi-publisist yazılarında Bəkir Çobanzadə Krım tatarlarını və ümumən türk soyunu tanıtmaqla bir sırada, macarlarla türklərin tarixi-etnik yaxınlığı məsələsini də diqqət mərkəzinə çəkməyə çalışırdı. Amma əsas diqqət Avropada xoşagəlməz şöhrət qazanmış tatar soyunun müsbət cəhətləri ilə tanıdılmasına yönəldilirdi: "Ümumiyyətlə, Avropanın hər tərəfində və hətta mədəni dünyada tatarları ya heç tanımırlar, yaxud çox az tanıyırlar. Çox təəssüf ki, bu günə qədər tatar adı ancaq lənətlə yad olunan bir qanlı afəti xatırlatmaqdadır" - sözləri ilə özünün də dəfələrlə üzləşdiyi tarixi ədalətsizliyi göz önünə gətirirdi. Həm də yalnız acınacaqlı vəziyyətin statik təsviri ilə kifayətlənmirdi. Artıq macar cəmiyyətində yarada bildiyi əlaqələrdən yararlanıb müəyyən reseptlər verməyə, çıxış yolu göstərməyə çalışırdı. İstər məqalələrində,istərsə də şeirlərində Avropa alimlərini tarixi kin və qəzəbdən birdəfəlik xilas olmağa çağırırdı.

Bunun üçün ilk növbədə türk-tatar tarixinin daha dərindən, ən başlıcası isə obyektivlik meyarları ilə öyrənilməsinə ehtiyac vardı. Xüsusən Avropa elmi  fikri antitürk, antitatar əhval-ruhiyyəsindən xilas olmaqla bir sırada pravoslavlıq və panslavyanizm üzərində köklənmiş rəsmi rus tarixçiliyinin yanlış, qərəzli müddəalarına daha ehtiyatlı və həssaslıq yanaşmaq yolunu tutmalı idi. Müəllifin fikrincə, 1380-ci il məşhur Kulikov döyüşündən sonra artıq hakim millətə çevrilən ruslar deyil, məhz türk soyu, tatar xalqı şiddətli assimlyasiyaya məruz qalmışdı. Həmin dövrdən etibarən monqol-tatar zülmündən deyil, rus zülmündən danışmaq daha məntiqidir. Çünki məhz rus ağalığı altına düşən tatarlar dinlərini, dillərini və tarixi torpaqlarını həmişəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdılar. Ən acınacaqlısı isə bu idi ki, assimlyasiya daha böyük inkişafa və yüksək həyat şərtlərinə malik hakim xalqın mədəniyyətinin təsiri altında baş verməmişdi. Çünki Birinci Pyotr islahatlarına qədər ruslar özü bir sıra parametrlərə görə tatarlardan geri qalırdılar və bu mənada hətta istəsələr belə onlara yeni, mütərəqqi nə isə verə bilməzdilər. Sadəcə inzibati yolla, güc və təzyiqlə ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirə bilərdilər. Zorakı ruslaşdırma siyasəti isə  bu və ya digər dərəcədə  əsarət altına düşən onlarla türk-tatar boyunu əhatə etmişdi. Bəkir Çobanzadə miqyasın genişliyinə diqqəti çəkərək yazırdı: "Üç əsr əvvəl on beş milyonu keçməyən rusluq bu gün tam səksən miyon  təşkil edir. Bu da türk-tatar, fin-uqor millətlərinin rusluq içərisində nə qədər sürətlə əridiklərini göstərir". 1848-ci il üsyanı yatırılan zaman dövrün "Avropa jandarmının"- Rusiya imperiyasının  vurduğu yaralar Macarıstanda hələ də yaddan çıxmadığından, nəhayət Birinci Dünya savaşında çar Rusiyası ilə Avstriya-Macarıstan imperiyası cəbhənin əks tərəflərində dayandıqlarından yerli auditoriyanın rus çarizminin əsarət altına düşmüş xalqlara münasibəti ilə bağlı  xüsusi izahata ehtiyacı yox idi...

Lakin müəllif yalnız bədbin, şikayətçi notlarla kifayətlənmirdi. Əksinə,türk-tatar xalqlarının iradəsini qırmağın o qədər də asan olmadığını tarixi faktlarla açıb göstərirdi. Çünki nəticə etibarı ilə təsir əks-təsir doğurmuşdu. Rus silahının bütün vəhşətinə, İlminski və Pobedonostsev kimi türk düşməni missionerlərin bütün səylərinə  baxmayaraq, xalq  yüzilliklər boyu ayaqda durmuş, milli və dini müqavimət bahasına  özünü yaşada bilmişdi. Bəkir Çobanzadə bu yaşarılıq örnəyini daha çox Volqaboyu və Krım tatarlarının timsalında görmüşdü. Və öz fikrində ümumən haqlı idi. Çünki,  Rusiya işğalı altına düşən digər türk torpaqları ilə müqayisədə bu iki coğrafiyanın insanları həm zaman, həm də məsafə baxımından təzyiqlərə daha öncə və daha sərt şəkildə məruz  qalmışdılar. Onlarda özünüqoruma  instinkti də Qafqazın, yaxud Mərkəzi Asiyanın türk əhalisi ilə müqayisədə daha böyük tarixə və təcrübəyə malik idi.

Avstriya-Macarıstan dual imperiyasının bir hissəsi olan Macarıstan krallığı yalnız turançılıq ideyalarına ənənəvi rəğbət baxımından deyil, yuxarıda da qeyd etdiyim kimi, həm də Birinci Dünya müharibəsində Rusiya ilə rəqib, Osmanlı imperiyası ilə müttəfiqlik səbəbindən rus əsarəti altındakı türk-tatar xalqlarına xüsusi maraq göstərirdi. Təsadüfi deyil ki, cahan hərbinin qızğın çağında- 1916-cı ildə Budapeştdə əsir türk xalqlarının konqresi keçirilmiş və Əli bəy Hüseynzadə bu mühüm toplantıda əsas məruzəçi qismində çıxış etmişdi. Təsadüfi deyil ki, tərkibinə Azərbaycan əsilli görkəmli ictimai-siyasi xadim Əhməd Ağaoğlunun daxil olduğu Osmanlı Məclisi-Müəssisan (Parlament) üzvlərindən  ibarət nümayəndə heyəti 1916-cı ildə Budapeşt və Vyananı ziyarət etmiş, türk xalqlarının müstəqillik uğrunda mübarizəsinə  Avstriya-Macarıstanın dəstəyini qazanmaq istiqamətində müəyyən məsləhətləşmə və danışıqlar aparmışdı.

Bəkir Çobanzadənin həmin tarixi hadisələrdən nə dərəcədə xəbərdar olması barədə əlimizdə səhih məlumat yoxdur. Məqalələrində də bu haqda bir şey deyilmir. Lakin mövcud situasiyada macar ictimai-siyasi fikrinə təsir göstərmək, yerli mətbuatın imkanlarından maksimum yararlanmaq istəyi göz önündədir. Son dərəcə mürəkkəb dövrdə özünü həm də siyasi xadim, milli maraqların müdafiəçisi hiss edən gənc alim sanki Vyana və Budapeşti rus sarayına qarşı daha qətiyyətli mövqe tutmağa ruhlandırmaq üçün onlara  Rusiya türklərinin simasında güclü müttəfiq qazanacaqlarını anlatmağa çalışırdı: "Krım, Qafqaz, Türküstan və Sibiryada yeni yaranan cümhuriyyətlər hamısı tatarların əlindədir. Krım qərbdəki  digər türk məmləkətlərindən məcburi köç qaydası ilə təcrid edilmiş kimi görünsə də, şərq tərəfdən Qafqasiya ilə, yəni islam məmləkətləri ilə bağlıdır. Kerç ilə qarşı-qarşıya olan yerlər yalnız tatarlar - Qaraçay, Kabarda, Ləzgistan və b. məskun bulunur. Qafqaz tatarları ( Azərbaycan türkləri - V.Q.) ilə birlikdə dini, yaxud milliyyəti ayrı olan 15 milyonluq əcnəbiyə qarşı 7 milyonluq bir əksəriyyət təşkil edirlər. Qafqazın arxasına düşən müştərək mənşəyimiz Türkistan da eyni vəchlə Volqa civarı ilə sıx rabitədə bulunur. Orada da çoxluğu təşkil etməkdədirlər"

Geniş və məhsuldar ərazilərlə malik olmaqla bir sırada daha iki mühüm amil böyük coğrafiyaya yayılmış türklərin çiçəklənən, qüdrətli dövlət qurmasına imkan yarada bilərdi. Bunlardan birincisi iqtisadi zənginlik, türk insanının zəhmətə olan məhəbbəti idi. Rusiya türklərinin gələcək siyasi və iqtisadi qüdrəti üçün zəruri şərtlər və təbii sərvətlər sırasında müəllif  Bakı neftinin əhəmiyyətini xüsusi vurğulayırdı. Digər həlledici məsələ isə dil faktoru idi. Dil yaxınlığı bu qardaş xalqlara ən çətin zamanlarda da ünsiyyət saxlamağa imkan vermişdi. Vahid dövlətin mövcudluğu şəraitində isə ortaq dil ümumi məqsəd uğrunda mübarizənin aparıcı qüvvəsinə, birləşdirici amilə çevrilə bilərdi. Müəllifin fikrincə, dil yaxınlığı baxımından türklər Rusiyanın panslavizm ideyası ətrafında birləşdirməyə çalışdığı  slavyanlardan daha şanslı idilər: "Tatarlar qəbilələrin arasını ayıran müxtəlif coğrafi divarlara rəğmən yenə yek-digərləri ilə daimi təmas içində yaşayırlar. Yekvücud bir hökumət təşkil edə bilmələri üçün müştərək kültür əsasları, müştərək dilləri var. Bir krımlı tatarla bir kaşqarlı, bir buxaralı tatar bir serblə bir bolqardan daha tez və daha asan anlaşa bilər. Çünki dilləri, hissləri, irqləri eynidir".

Təbii ki, məlumat kasadlığı ucbatından Budapeşt dövrü yazılarında Bəkir Çobanzadə çar Rusiyasının süqutundan sonra türklər arasında milli oyanışın siyasi aspektlərini dəqiq və ardıcıl işıqlandırmaq imkanından məhrum idi. Ona görə də daha çox ümumi mülahizələrə və yaxşı bələd olduğu dil, ədəbiyyat, mədəniyyət məsələlərinə üstünlük vermişdi. Lakin burada da nabələdlik, yaxud məlumat qıtlığı ucbatından  yanlışlıqlardan tam xilas ola bilməmişdi. Çox güman, həmin dövrdə hələ  Həsən bəy Zərdabinin və "Əkinçi" qəzetinin adını eşitmədiyindən səmimi inancla "Tərcüman" redaktoru İsmayıl Qaspralını Rusiyada türk mətbuatının banisi sayırdı. Teatr və musiqi sahəsində Azərbaycanın uğurlarından, müsəlman Şərqinin ilk milli operasının yaranmasından xəbərsizliyi də göz önündədir. Ən azı Üzeyir bəyin dahiyanə bəstəkarlıq fəaliyyətindən, "Leyli və Məcnun"un qeyri-adi populyarlığından, "Arşın mal alan"ın dünya şöhrətindən xəbərdar olsaydı, 1918-ci ilə aid yazısında türk dünyasının ünvanına "fənni-musiqimiz hənuz beşikdədir" ifadəsini işlətməzdi.

Üzərində bu qədər geniş dayandığım siyasi çəkili və proqram mahiyyətli "Yeni oyanan tatarlıq" məqaləsi Rusiyada qırmızılarla ağlar arasında ölüm-dirim savaşının getdiyi bir şəraitdə qələmə alınmışdı. Həmin dövrdə daxili çəkişmələrin keçmiş imperiya qüvvələrini və bolşevikləri üzüb əldən salacağı, yeni milli dövlətlərin müstəqilliyinin qarşısını almaq  üçün gücün qalmayacağı ilə bağlı ümid və gözləntilər lər hələ qüvvətli idi. Ona görə Bəkir Çobanzadə gələcəyə bəlli şərtlər daxilində nikbin nəzərlərlə baxırdı: "Çingiz xandan qalan mavi bayrağın dikiləcəyi yer Kırm, Qafqaz, Kazan, Orenburq, Ufa və bütün Türkistandan ibarət qitə olsa, tatar milləti-nəcibəsi sülh və sükun içində məsud və mədəni həyatlarını əcdadlarının vətənlərində qura bilərlər" -deyə vəcdlə yazırdı.

 "Macarıstanla siyasi, ədəbi, elmi pək çox sahədə müştərək ehtiyaclarımız, müştərək məsələlərimiz və eyni səbəbdən dolayı bənzər və qardaş duyğularımız var"- hökmünün ardınca Bəkir Çobanzadə soy-kök ümumiliyinə, tarixi bağlılığa əsaslanıb mövcud problemlərinin həll yollarını  da birlikdə aramağı ən münasib vasitə kimi ortaya atırdı. Macarlar onun nəzərində yüzilliklər boyu yan-yana yaşadıqları ruslardan, digər bölgə xalqlarından qat-qat yaxın və doğma görünürdülər. Bu ölkədə yaşanan illər hər gün onu yerli xalqa daha sıx tellərlə bağlayırdı. Az qala hər addımda üzləşdiyi  bənzərliklərin miqyası və dərinliyi ilə xoş bir şəkildə heyrətləndirirdi: "Vəlhasil, macarların çöhrəsində, naxışlarında, şərqilərində, rəqslərində, daha sonra müstəhzi və məntiqçi təbiətlərində bizim Çonqar tatarlarından lap çox şey var. Bunun səbəbləri ancaq elmi üsulla və hər elmdən bir çox məlumatla kəşf edilə bilər. Yalnız bu bir çox səbəblərdən birisi olmaq üzərə macarlar arasına qarışan bir çox türk-tatar qəbilələrini, nəhayət, macarlıq içərisində əriyən kunları, kumanları yada salmaq gərəkdir".  İlk mühüm linqvistik tədqiqatında macar türklərinin - kumanların dilini araşdırması da məhz sorağına düşdüyü  doğmalığın sirlərinə yaxından vaqif olmaq, macar ruhunun dərinliklərinə baş vurmaq  istəyindən irəli gəlmişdi...

Bəkir Çobanzadə digər Avropa ölkələrini gəzib-dolaşmasa da, Şərqə, ilk növbədə türklərə münasibətdə Macarıstanın yaxşı mənada istisna təşkil etdiyini anlayırdı. Marko Polodan üzü  bəri əksər avropalıların, hətta Armin Vamberi, Pyer Loti kimi "Şərqin küncünü-bucağını gəzmiş və Şərq ədəbiyyatını, tarixini bir şərqli qədər mənimsəmiş səyyahların, mühərrirlərin belə" öz əsərlərində sələflərinin ənənələrini davam etdirib "maraq oyandırmaq, heyrətləndirmək" xatirinə ekzotika axtarışlarına çıxdıqlarını yaxşı bilirdi. Ona görə də müsəlman Şərqini orta əsrlərdə daha çox  ehtişam və zənginlik diyarı, "Min bir gecə" ölkəsi kimi, son dövrlərdə isə yalnız cəhalət və səfalət məskəni kimi təsvir edənlərin  qarşısına gerçək həqiqətlərin qoyulmasını Şərq alim və siyasilərinin, ilk növbədə isə "yeniləşən tatarlıq" nümayəndələrinin ümdə vəzifələrdən sayırdı. Onun fikrincə, "Avropa ədəbiyyatında və zehniyyətində Şərq" mövzusu müasir tədqiqat metodlarına yiyələnmiş türk tarixçi və filoloqları üçün prioitet mövzulardan olmalı idi.

Bu da öz növbəsində türk-tatar gənclərinin Avropa ölkələrində, eləcə də Macarıstanda mükəmməl təhsil almalarını, elmi axtarışlar aparmalarını gündəmə gətirir və zərurətə çevirirdi. Eyni zamanda təhsil və elmi-mədəni əməkdaşlıq məsələsində hər iki tərəfin üzərinə ciddi vəzifələr düşürdü. Macar aydınlarının səyi yalnız türk-tatar gəncliyinin maarif istəyi, cağdaş elmlərə yiyələnmək yanğısı olduğu təqdirdə səmərə verə bilərdi. "Son əsrin macarları müəzzəm, dilrüba paytaxtları ilə bərabər dil bilgisindəki şayani-heyrət müvəffəqiyyətləri ilə heç çəkinmədən iftixar edə bilərlər" - deyə müəllif onlardan öyrənməyə və bütün bunları milli zəminə köçürməyə çağırırdı: "Millətimizin ən böyük və ən mühüm məsələsinin dil məsələsi olduğunu bilən və bu xüsusda söz sahibi olmaq istəyən türk-tatar gənclərinə orada qafiyə aramaqla (istər-istəməz yada böyük Mirzə Cəlilin ovuclarına bir parça kağız alıb gözlərini göyə axıdaraq qafiyə axtaran müsəlman gəncləri haqqındakı sözləri düşür-V.Q.)  keçirəcəkləri bir neçə ili macar universitetini və kitabxanalarını fəth etmələrini cani-könüldən istərəm".

Sözdən işə keçmək üçün onları  Macarıstana, əsrlər boyu basqı altında qalsa da, inkişafın formulunu tapmış dost ölkəyə səsləyirdi: "Əminəm ki, bilxassə Krım, Kazan, Anadolu gəncləri macar ovalarına gələrlərsə, şaşaraq deyil, anlayaraq dolaşacaq və çalışacaqlar. Sonra digər millətlərin müəssisələrində, professorlarında gördükləri soyuqluğu burada heç görməyəcəklər və bu surətlə Avropa elmini üşüyərək və qorxaraq deyil, isinib sevərək öyrənə biləcəklər"

Yeri gəlmişkən, bu məsələdə macar hökumətinin və ictimaiyyətinin mövqeyi də kifayət qədər aydın və səmimi idi. Ölkənin gələcək baş naziri Pal Telekinin təşəbbüsü ilə hələ 1910-cu ildə qurulmuş "Turan" cəmiyyəti türk-tatar  kökənli gənclərin Macarıstan universitetlərində təhsil almalarına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə ayrıca proqram hazırlanmış, müharibə və inqilablar dövrünün bütün çətinliklərinə baxmayaraq, uğurla həyata keçirilmişdi.

Təsadüfi deyil ki, türk xalqlarının yenidən bir araya gəlib vahid qüvvəyə çevrilmə  imkanları, "dildə, fikirdə və əməldə birliyə nail olmaları" ideyası çarizmin  süqutundan sonra daha böyük aktuallıq qazanmışdı. 1917-1920-ci illərdə keçmiş Rusiya ərazisindəki mürəkkəb prosesləri Macarıstanda izləyən Bəkir Çobanzadəyə belə birliyin yaranması və türklərin yenidən söz sahibi olmaları real görünürdü. Dövrün sürətlə cərəyan edən dəyişiklikləri nəticəsində onun dünyagörüşündə, ictimai-siyasi baxışlarında, həyat mövqeyində maraqlı və qanunauyğun təbəddülat baş vermişdi: krımlı gənc tədricən özünü Macarıstanda bütün Rusiya türklərinin, bəzi hallarda isə hətta  "Türk irqinin" sözçüsü kimi hiss etməyə başlamışdı. Həm də məsələ yalnız fərdi romantik duyğularla tamamlanmamışdı. Yeni tendensiya müəllifin macar mətbuatındakı yazılarında da əksini tapmağa başlamışdı. Bu cəhətdən konseptual əhəmiyyətə malik "Rusiya tatarlarının mədəniyyət  həmlələri"  məqaləsi üzərində ayrıca dayanmağa ehtiyac var. "Eötvöş Lorand kollecinin üzvü Bəkir Sidki" imzası ilə çap olunan yazıda "türk dünyasından çoxdan qopub ayrılmış çuvaşlar və yakutlar istisna olmaq şərti ilə bir vəhdət təşkil edən və mədəniyyətə doğru addımlarını birlikdə atan türk-tatar xalqlarının" bəşər tarixinin müasir mərhələsindəki mədəni tələbatı və can atdıqları siyasi məqsədlər öz əksini tapmışdı.

Məqalənin "Turan" dərgisində çapı müəllifin turançılarla əlaqələrindən, onların mövqelərinə yaxınlaşmadan xəbər verməkdədir. Bu yaxınlaşma çox güman ki, yuxarıda adını xatırlatdığım dostu, tanınmış şair və publisist Arpad Zemplenyi vasitəsi ilə baş tutmuşdu. Zemplenyi özü də dərginin fəal  müəlliflərindən idi və 1917-ci il "Turan salnaməsini"ndə "Turan birliyi" adlı  yazı  ilə çıxış etmişdi.

 

Budapeşt, dekabr, 2016-cı il

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2017.- 5 aprel.- S. 5, 6.