Türkiyə Bakı Beynəlxalq Turizm
Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır
Aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində
XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF
2017) öz işinə başlayır. Böyük
Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı
eksklüziv tərəfdaşı olan "Iteca Caspian”
şirkətinin təşkilatçılığı ilə
baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi
yeniliklərlə qatılır. Sərginin Türkiyə
üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı
səfirliyinə yeni təyin olunmuş mədəniyyət
müşaviri, ölkəmizdə də geniş tanınan
şair və alim İrfan Çiftçinin sözlərinə
görə, bu il Türkiyə AITF 2017-də iştirak edəcək
şirkət və qurumlarını mədəni fəaliyyətlərlə
zənginləşdirəcək. İ.Çiftçi ölkəsinin
turizm potensialını daha dolğun və rəngarəng
şəkildə təqdim etmək məqsədilə
Türkiyə Mədəniyyət və Turizm Naziliyinin
başlıca təbliğat meyarlarına uyğun fəaliyyət
planı hazırlayıb: "Azərbaycanda turizm sektorunda
milli mədəni müxtəlifliyə, bölgə turizminə
üstünlük verildiyini nəzərə alaraq budəfəki
sərgidə təbiət turizmi və Qara dəniz mədəniyyətinin
təbliğinə önəm verəcəyik”.
XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyə əsrarəngiz təbiətilə böyük turizm imkanlarına malik olan Trabzonun yerli mədəniyyət və adət-ənənələrini, milli folklorunu önə çıxaracaq. Bu məqsədlə, digər şəhərlərdən fərqli olaraq, sərgidə geniş nümayəndə heyəti ilə iştirak edəcək Trabzonun tanıtımı ilə bağlı xüsusi proqram hazırlanıb. Sərgidə sözügedən bölgənin tanınmış kazaziyyə (əlvan metallarla əl işi sənəti) və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli teatr və musiqi qrupları iştirak edəcəklər. Onların arasında Türkiyəni xarici ölkələrdə uğurla təmsil edən ilk qadın ney ustası Burcu Karadağ, tanınmış teatr və kino aktyoru, "Zeytinburnu Gösteri Sanatları Merkezi”nin (Teatr Sənəti Mərkəzi) baş rejissoru Mehmet Usta da var.
Burcu Karadağın rəhbərlik etdiyi ney və digər musiqi alətləri ifaçılarından təşkil olunan "Karadağ Musiqi Ansamblı”nın – klassik türk musiqisi ilə Mövlanə Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizinin fəlsəfəsindən ilham alaraq "new agge” şərhlər – musiqidə müasir elementlərin vəhdətindən ibarət konserti, Mehmet Ustanın səhnələşdirdiyi "Perdeli Karagöz” və "Kavuklu-Pişekâr” tamaşaları sərgi iştirakçılarına zövqlu anlar yaşadacaq. Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Ebru sənəti ustaları Ömer Faruk Dere və Emine Derenin hazırlayacağı rəsmlər tədbirə xüsusi rəng qatacaq.
Qeyd edək ki, bundan əvvəl keçirilən Bakı Turizm Sərgilərində də Türkiyə bölgə turizminin tanıtımı məqsədilə ayrı-ayrı şəhərləri önə çıxarmışdı. Bu il isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi quruluşlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.
Bundan başqa,
səfir Erkan Özoralın xüsusi dəstəyi ilə səfirliyin mədəniyyət
müşavirliyi sərgidə iştirak edən Türk
qurulurşlarıyla Azərbaycanın turizm
təşkilat və şirkətləri arasında işguzar görüşlər keçirməyi
planlaşdırıb.
Ceyhun
525-ci qəzet.-
2017.- 5 aprel.- S. 3.