Azərbaycan
tarixinin Atabəy romanı
Azərbaycanda Atabəylər
dövrünə maraq həmişə mövcud olub, bir
sıra dəyərli elmi, eləcə də bədii əsərlər
yaradılıb ki, onlardan ikisini - akademik Ziya Bünyadovun
"Azərbaycan Atabəylər dövləti (1136-1225)"
monoqrafiyası ilə Xalq
şairi Nəriman Həsənzadənin "Atabəylər"
mənzum dramını ayrıca qeyd etmək lazım gəlir.
Və mən heç şübhə etmirəm
ki, Yunus Oğuzun "Atabəy və xaşxaşilər"
romanı da həmin mövzuda qələmə
alınmış dəyərli əsərlər
sırasına daxil olacaq.
Roman Azərbaycan Atabəylər
dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin
qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə
başlayır. Və bu hadisənin təsviri dövrün siyasi-ictimai
panoramı ilə yanaşı, minlərlə qıpçaq
kölələrindən birinin gələcəyə yönəlik
arzuları barədə də müfəssəl təsəvvür
yaradır...
"O, Uran tayfasının əsilzadələrindən
idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə
fikir verir, olanları
və söylənənləri yaddaşına həkk
etməklə o biri yaşıdlarından fərqlənirdi.
Amma atasının uduzduğu döyüşlərdən birində qənimət kimi
bacılarını, anasını və onu əsir
götürdülər. Sonradan onu anasından,
bacılarından ayırıb qul kimi Dərbəndə
apardılar. Tale onun ömrünə nə
yazıb, o, bunu bilmirdi. Bildiyi o idi ki, hara
getməyindən asılı olmayaraq, çox
çalışmalı, ağlı və zirəkliyi sayəsində
özünü göstərməlidir".
Romanın bir ideya-estetik məziyyəti
tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin
verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa,
digəri həqiqətləri zədələmədən, təhrif
eləmədən Atabəylər dövrü tarixinin ideya (və
iddia!) münaqişələrilə dolu fəlsəfəsini
ortaya çıxarmaq, həmin münaqişələrin
xalqların taleyinə, eləcə də ayrı-ayrı
tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir
etdiyini göstərmək cəhdidir.
Bədəncə zəif, çəlimsiz,
özündən asılı olmayaraq yol boyu yuxulayıb
arabadan yıxılan, hətta oyanmayıb
düşdüyü yerdə də yatan Şəmsəddin gendən,
kökdən gələn mənəvi gücü,
istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda
böyük nüfuz qazanır, sonra isə qüdrətli Azərbaycan
Atabəylər dövlətini yaradır.
Doğrudur, romanın baş qəhrəmanı
Şəmsəddin Eldənizdir
və onun həyatı, mübarizələri, siyasi
uğurları əvvəldən axıra qədər maraqlı detallar, təfərrüatlarla
izlənilir; bununla belə yazıçı süjetin həm
məkanını, həm də zamanını tez-tez dəyişdirməklə
ümumən dövrün möhtəşəm (və
mükəmməl) obrazını da canlandırmağa nail
olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz
formal hakimiyyətini bərpa etmək üçün hər
cür təxribatlara getməyə hazır olan xəlifəlik, ikinci tərəfdə
dünyanı islam qanunları ilə yanaşı türk
törəsilə idarə
imkanları nümayiş etdirən səlcuqlar,
üçüncü tərəfdə çaşbaş
qalmış, hər cür xəyanətə əl atıb
çıxış yolu axtaran xristian dövlətləri...
Digər tərəfdə isə hakimləri ölümlə,
qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları
hörümçək toru kimi əhatə edib nəzarətdə
saxlayan xaşxaşilər...
"Bir qədər
keçdikdən sonra qapı açıldı və Nüsrət
otağa dəvət olundu. Elə qapının önündəcə
otağa fikir verdi. İyirmi-iyirmi beş
metr uzunluğunda olan bu otağın yeddi pəncərəsi
vardı, altı pəncərədə altı peyğəmbərin
- Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmmədin,
yeddinci pəncərədə isə İsmayıl İbn Cəfər
Sadiqin adı yazılmışdı. Həmədan
rəisinin yadına düşdü ki, bu yeddiləri batinlər
Nutəkəyi Səba adlandırırlar və bu yeddilərdən
başqa batinlər heç bir peyğəmbəri və
imamı qəbul etmirlər.
Divarlar yaşıl pərdə
ilə örtülmüşdü. Şamlar və qəndillər zəif
yandırılmış, bu səbəbdən otaq
alaqaranlığa bürünmüşdü. Otaqdan ona tanış qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə
çəkdikləri xaşxaşın qoxusu idi. Otağın o biri başında taxtda Sahibiəzəm
oturmuşdu".
Bu, o yerdir ki, burada
hökmdarların, dövlətlərin taleyi həll olunur. İstər müsəlman
olsun, istər xristian, kim Ələmuta tələb
edilən qədər bac-xərac vermirsə, o dövlət
dağılmalı, o hökmdar aradan götürülməlidir.
Və bu yerin ən böyük rəqibi, düşməni
ağıllı, öz mənliyini qoruyan, xalqının iradəsini
ifadə edən şəxsiyyətlərdir...
"Sahibiəzəm onu çox
intizarda qoymadı:
-Bizim işimiz sultanın zövcəsi,
xanımı Möminə xatunladır. Aldığım
məlumata görə o, ağıllı və tədbirlidir.
Yanında da yalnız ağıllı adamlar
dolaşır. Sultan Toğrulu öz
ağıllı məsləhətləri ilə neçə
dəfə ağır vəziyyətdən
çıxardıb, hakimiyyət taxtında oturdub. Bax, o qadını aradan götürsək, sultandan xərac
ala biləcəyik.
Batinlərin Həmədan rəisi
indiyə qədər nə qadın öldürmüş, nə
də öldürtmüşdü. Amma Baş İmamın verdiyi əmrdən
çıxa bilməzdi:
-Əmr edin, ya Sahibiəzəm!"
Mömünə xatunu ölümdən
yalnız Şəmsəddin Eldənizin ağlı, tədbirli hərəkətləri
xilas edir. Və o, bu xidmətinə görə Sultan Toğrulla Möminə
xatunun oğlu Arslanşahın Atabəyi təyin olunur.
Görünür,
ağıllı, tədbirli adamların üzünə tale də
gülür.
Sultan Toğrulun qəfil ölümü hadisələrə
yeni miqyas verir: Möminə xatınla evlənən Atabəyin
hakimiyyət illəri başlayır.
Əvvəl Bərdədə, sonra isə
Naxçıvanda...
Ancaq tarixin (və
insanlığın) elə bir dövrüdür ki, haqq-ədalət,
əmin-amanlıq uğrunda mübarizənin hər
addımında qarşıya min xəyanət, yüz
ölüm təhlükəsi çıxır.
Bir də ki, Ələmut qalası...
"Dünyanın bütün güclü padşah və
sultanlarını, ağıllı insanlarını, vəzirlərini,
vəkillərini, üləmalarını qətlə yetirən,
qorxudan "ölüm çarxı"nı yaradan xaşxaşilərin
banisi Həsən Sabbah, deyilənlərə görə,
Ömər Xəyyam və Səlcuq
sultanlığının vəziri Nizamülmülklə dost
olur. Çox yaxın olduqları
üçün vəzir onu sarayda maliyyə məsələləri
üzrə məmur təyin edir, lakin o, sarayda rüşvət
almaqla məşhurlaşır. Günlərin birində
məsələ ortalığa çıxdıqda, Həsən
Sabbah canını
qurtarmaq üçün o biri dostunun, Ömər Xəyyamın
yanına xahişə gedir. Vəzir şairin xahişini yerə salmır,
amma deyir ki, qoy cəhənnəm olub hara istəyir getsin, təki
gözümə görünməsin, harada gözümə
görünsə, mütləq cəzalandıracam.
Həsən Ömərdən bu
sözləri eşitdikdə deyir: "Ömər, mən
gedirəm. Elə bir yerə gedirəm ki,
çoxları mənim əmrimlə qətlə yetiriləcəklər,
hətta baş vəzir də, ancaq siz məni bir daha görməyəcəksiniz". Aradan bir qədər keçdikdən
sonra Həsən Sabbah hiylə ilə Əlamut qalasını
ələ keçirir, İsmaililər adı altında, xaşxaşilər
kimi məşhurlaşır, "ölüm
çarxı"nın əsasını qoyur. Çox keçmir ki, xaşxaşilər səlcuqların
sultanı Alp Arslanı, onun oğlu Məlikşahı, hər
ikisinin vaxtında vəzir işləmiş Nizamülmülkü
qətlə yetirirlər".
Roman müəllifi bu
şeytan məsləkinin qarşısına Gəncədə
Baş Dədənin müqəddəs missiyasını
çıxarır. Hər ikisinin elmi "batini"dir... Lakin birincisi şərə,
ikincisi isə xeyrə xidmət etməyilə bir-birinin ziddinədir...
Və Atabəylə Möminə xatun
Baş Dədənin
görüşünə gəlirlər... Bu
görüş nə qədər mistikdirsə, romanın ruhu
baxımından o qədər də real; nə qədər
realdırsa, o qədər də mistikdir.
Mənə elə gəlir
ki, xüsusilə həmin epizodda Yunus Oğuza "məhşər"
müəllifinin müsbət mənada əhəmiyyətli təsirini
hiss etməmək mümkün deyil. ancaq o da aydın
görünür ki, İsa Hüseynov (Muğanna) fəlsəfəyə,
"Atabəy və xaşxaşilər" müəllifi isə
siyasətə, diplomatiyaya çəkir...
"Dədə
göründü. Özü onlara yaxınlaşdı.
Birinci şahzadəyə salam verdi:
-İraq
sultanlığının sultanı Gəncəyə xoş
gəlib. Bu, sultan həzrətlərinin Gəncəyə
birinci və axırıncı dəfə gəlişidir.
Eldəniz
etiraz edib, düzəliş vermək istədi:
-Baş Dədə üzr
istəyirəm. İraq sultanlığının sultanı Məsuddur. Bu isə
şahzadə Arslanşahdır.
Baş Dədə
gülümsündü:
-Bilirəm, ey Arranın, Azərbaycanın
Atabəyi. İyirmi beş il keçməyəcək ki, atabəyliyini
etdiyin bu oğlan, -baş barmağı ilə
Arslanşahı göstərdi, -İraq sultanlığının
sultanı olacaq. Siz isə, heç on il
keçməyəcək ki, Sultan Məsud Azərbaycanı da
sizin idarə etmənizə verəcək. - Sonra xanıma tərəf
döndü. - Siz də xoş gəlmisiniz, ey
qadınların ən ağıllısı Möminə
xatun. Təəssüf ki, qadınsınız, yoxsa dünya ayaqlarınız
altında olar, ağlınızla, qılıncınızla
bütün dünyanı tutardınız. Amma
təəssüf etməyə dəyməz. Sizin üçünüz bir yerdə olanda
hökmünüz Hind okeanından Bizans torpaqlarına qədər
çatacaq. Bütün rəqibləriniz
ayaqlarınız altında olacaq, birindən savayı".
Baş Dədə Atabəyə
və onun ailəsinə ən qəddar düşmənlərini
də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə
xəbərdarlıq deyil, həm də əcdad ruhunun himayəsinə
təminatdır. Yəni dədə-babaların Oğuz
xandan gələn törəsinə riayət edəcəksənsə,
heç bir maneə sənin qarşında dayana bilməz,
aşıb keçəcəksən...
"Atabəy bayaqdan beynində
ilişib qalan sualı, nəhayət ki, verdi:
-Dədə, bayaq, həyətdə
dedin ki, bütün düşmənlərimi yenəcəm, təkcə
birindən savayı. Bilmək istəyirəm ki, o kimdir,
-açıq düşməndi, ya gizlin?..
-Düşməniniz gizlidir, onlar sizi
qarabaqara izləyir, hətta bir dəfə sən və
Möminə xatun onların qəsdinə tuş gəlmisiniz.
Ağlınız və tədbirləriniz sayəsində
bu qəsddən qurtulmusunuz. Onlar özlərini
"batinlər" adlandırırlar. Xalq
arasında isə onlara xaşxaşilər deyirlər.
Eldəniz ona daha bir sual
ünvanladı:
-Dədə, səhv etmirəmsə,
sizə də "batinlər" deyirlər. Ortada
"iki batin" olur. Sizin batinlə onların
"batin"i arasındakı fərq nədir?
Baş Dədə onun sözlərinə
düzəliş etdi:
-Biz "batinlər" deyilik. Biz batin elmi ilə məşğul olan insanlarıq.
Xaşxaşilər ona görə özlərini
"batin" adlandırırlar ki, guya xəlvəti iş
görürlər, xəlvəti qərar verirlər, xəlvəti xərac
istəyirlər, alınmayanda xəlvəti qətlə
yetirirlər"...
Çox keçmir ki, Atabəyin
hakimiyyətinin Naxçıvan dövrü başlayır. Xaşxaşilərin
bütün cəhdlərinə baxmayaraq, onların xəyanətlərinin
üstü açılır... Naxçıvan
Azərbaycan dövlətinə xəyanət edənlərin
qarşısında alınmaz qalaya çevrilir.
Və romanın dramatik əsasını
təşkil edən
Atabəy - xaşxaşilər
qarşıdurması başlayır...
"Sahibiəzəm əvvəl istədi
desin ki, get, amma
yadına verəcəyi o biri tapşırıqlar
düşdü. "necə olub ki, əsas
tapşırığı yadımdan
çıxarmışam". Bu sualı
özü-özünə verdi:
-Hə, əsas məsələ,
Arranda, Azərbaycanda, əsas da Naxçıvanda şəhid
olan fədailərimizin yerlərini doldurmaq lazımdır. Bu boşluğu uzun müddət saxlamaq olmaz.
Bizim zəif olmağımızı heç kim
görməməli, heç kim hiss etməməlidir. Bu, bizim
hakimiyyətimizin rəhnidir, -dedi, sonra da əlavə etdi: -O,
kölənin və
ləçərin qətlindən hələ vaz
keçməmişəm".
Yazıçının sənətkarlığıdır
ki, romanda əsas konflikti daim nəzərdə
saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli,
xüsusilə etnik ziddiyyətlərini də nəinki unutmur,
əksinə, onlara elə bir miqyas verir ki, bu, əsərin əsas
konfliktinin ideya-estetik
interpretasiyası üçün strateji kontekstə,
bütövlükdə isə, müəllif məramını
anlamaq baxımından metadoloji prinsipə çevrilir...
"Xəlifə vəzirinə
baxdı. Bu ona maraqlı gəldi. indiyə
qədər türkman məhəlləsindən şikayət
olmamışdı. Türkmanlar həmişə
sözünə sadiq, ədalətli idilər, heç kimi
incitməzdilər. Hətta ərəblər
sözün bütövlüyünü onlardan öyrənirdilər.
Buna görə də soruşdu:
-Neyləyib sənə türkmanlar?
-Mənə heç nə, ya əmirəlmömin,
amma onlar müsəlman qaydalarını pozurlar, bu da islam hümmətinə pis təsir edir.
Dinin qoruyucusuna bu sözləri deməkmi
olardı?
-Ay kişi, muss-muss deyincə, bir dəfəlik
Mustafa de, ağzındakı loxmanı çıxart, bir
ağıllı-başlı de görək, müsəlman
qaydalarını neyləyib pozurlar: namaz qılmırlar, şəraba
qurşanıblar? - Bu dəfə Xəlifə Qadirin
üstünə çımxırdı.
Qadir ibn Kərim özünü itirmədi,
dərhal xəlifəyə cavab verdi:
-Yox, ya əmirəlmömin! Siz
sadaladığınız şeylərin hamısına əməl
edirlər, şərab da içmirlər, amma bu türkman məhəlləsinin
əhalisi öz törələri, öz qayda-qanunları ilə yaşayırlar.
-Yəni sünnəni pozurlar? - Bu dəfə
vəzir ibn Xubayr sual verdi.
-Hə, belə bir şeydir. Məsələ bundadır ki... -Qadir bilmirdi hardan
başlasın, bir qədər sonra özündə cəsarət
tapıb dilləndi, -bu türkman məhəlləsinin
qız-gəlini küçəyə-bacaya çıxanda həmişə
üzləri açıq olur, çarşab geyinmirlər, pərəncə
örtmürlər. Bu da bizim qız-gəlinlərə
pis təsir edir. Hərdən evdə qızlarım məndən
soruşurlar ki, validim, türkmanlar niyə belə
geyinirlər?
Xəlifə bu sözlərdən
sonra gülməyə başladı".
Bu cür zərif (və təsirli)
eyhamlar, türklərin islama sədaqətini, bununla belə
heç bir əxlaq qaydalarına zidd olmayan adi həyat-məişət
tərzlərini (milli özünəməxsusluqlarını)
qoruyub saxlamaları barədəki təfərrüatlar, elə
bilirəm ki, romanın ideya-estetik enerjisini təbii bir şəkildə
gücləndirir. Və əsas da odur ki, bu təbii enerji
yazıçının buna qədərki
yaradıcılığında - poeziyasında, nəsrində,
dramaturgiyasında, elmində, publisistikasında da təzahür
edən Yaradıcı Təbiətindən irəli gəlir.
...Xalqı Atabəy hakimiyyətindən narazı
salmaq üçün hər cür nalayiq hərəkətlər
edən Gəncə hakiminin cəzalandırılması
barədəki epizodlar, elə bilirəm ki, romanın ən maraqlı, ən təsirli səhifələrini
təşkil edir. Və bu səhifələrdə
gənc Cahan Pəhlivanın xarakteri də
açılır...
"Silahlıları görüb özünü itirmədi,
heç cariyəni də qucağından düşürmədi.
Bu insanlar onun əsgərlərinə
oxşamırdı. Düşündü
ki, bu yüzdə yüz basqındır. Bununla belə həyasızlığından,
təkəbbüründən qalmadı,
qışqırdı:
-Nə cəsarətlə mənim
sarayıma, müqəddəs olan yatağa soxulmusunuz,
basqın etmisiniz. Bilmirsiniz bunun bədəli
ağır olacaq?
Atabəyin iyirmi yaşlı
oğlu onun təhdidedici sözlərindən zərrə qədər
də olsa səksənmədi, çaşmadı. Əlində qılınc
düz gəlib yarıçılpaq Gəncə hakiminin və
onun qucağında oturmuş cariyənin qarşısında
dayandı, hirslə dedi:
-Yataq otağını müqəddəs
hesab edən adamın şərəfi də, qüruru da, ləyaqəti
də müqəddəs olmalıdır. Səndə isə
bunların heç biri yoxdur, şərəfsiz! Əgər bunlardan biri səndə olsaydı,
qudurğanlıq edib, Gəncə camaatını bu qədər
incitməz, ləkələməz, alçaltmazdın. İnsanlara şər atıb tutdurmazdın, əmlaklarını
əllərindən almazdın. Az
qalıb ki, sayəndə bütün Gəncə yaltağa,
satqına çevrilsin. Atabəy Eldənizin təbəəsini
beləmi qoruyursan? Onun ən önəm verdiyi Gəncəni
beləmi idarə edirsən? Qorxmursanmı
yerin yiyəsi bir gün gəlib səndən haqq-hesab
soruşacaq, şərəfsiz?"
...Arslanşahın varis kimi Həmədanda
sultan taxtına oturması ilə Atabəyin hakimiyyət
hüdudları daha da genişlənir. Və o, bu səlahiyyətdən
istifadə edib öz dövlətçilik arzularını
daha inamla həyata
keçirməyə başlayır... Roman belə bir əbədi ideyanı növbəti
dəfə təsdiq edir ki, əsilzadə təsadüfən
köləyə çevrilsə də, ömrü boyu belə
qala bilməz. Damarlarında qaynayan
ehtiraslı qan onu əvvəl-axır hakimiyyətə, layiq
olduğu məqama gətirib çıxaracaqdır.
Hakimiyyəti şərəfsizliklə əldə edənlər
isə onu həmin şərəfsizliklə də itirəcəklər...
Nə xəlifə, nə də onun təhriki ilə
Atabəyə qarşı çıxanlar heç nəyə
nail ola bilmirlər...
"Beləliklə,
Böyük Atabəy çox qısa müddətdə
geniş bir ərazini - Qafqaz dağlarından tutmuş ta Kəngər
(Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti
altında birləşdirdi. O, Azərbaycanı, Arranı,
Şirvanı, Tiflis qapılarına qədər əraziləri,
Cibalı, Həmədanı, Gilanı, Mazandaranı,
İsfahanı, Reyi həm idarə edir, həm də o, hakimləri,
atabəyləri təyin edirdi. Xəzinə xərclərinə
o, nəzarət edir, orduya çağırış da
yalnız onun icazəsi ilə həyata keçirilirdi.
Sultan və xəlifədən sonra
sultanlıqda onun adına xütbə
oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər-Rum, Marağa atabəyləri
və Şirvan hakimi onun vassalı
sayılırdı".
Lakin Atabəyin heç zaman sonacan
qalib gələ bilməyəcəyi, Baş Dədə
demişkən, bir
düşməni qalırdı...
"Baş imam:
-Yəni o qədər bərbaddır?
- deyə, onun sözlərinə tam
aydınlıq gətirmək üçün soruşdu.
Əlamut xəlifəsi cavab verdi:
-Bəli, həzrət, bərbaddan bərbaddır.
Belə ki, özünə Böyük Atabəy
adı verdikdən sonra nəinki bütün atabəyləri
ovcunun içinə yığa bilib, hətta
Şirvanşahı da əlinin altında saxlayır.
Odur ki, Eldəniz hökmü keçən bütün atabəylərə,
hakimlərə, şirvanşah Axıstana da əmr verib ki,
heç kim Əlamuta xərac göndərməsin.
İndi bizə Şərqdən heç nə
gəlmir, gəlməsi də gözlənilmir.
Təmimi indi başa
düşdü ki, ustadı onun və zövcəsinin qətl
edilməsini həmişə niyə vurğulayırdı,
niyə onu tələsdirirdi. İndi isə yüyəni
əldən verib. İt izi at izinə
çevrilib. Gərək vaxtında bütün
gücümüzü qoyub ya Atabəyi, ya da onun zövcəsini aradan
götürəydik. Hələ gec deyil, tədbir
görmək lazımdır. Belə getsə,
bir azdan görəcəyik ki, Eldəniz Əlamut
qalasının ətəyindədir".
Lakin Əlamutun Atabəyə
qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan
yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz
iddialarına, məqsədlərinə tabe etməyə
heç bir qüvvənin gücü çatmır... Əgər
çatsaydı bu dünyaya gəlməyin (və bu
dünyada yaşamağın!) bir mənası olardımı?..
1175-ci ildə əvvəl Möminə
Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin
Eldəniz haqq dünyasına qovuşdular... "Cahan
Pəhləvan 1187-ci ildə, Qızıl Arslan isə 1191-ci
ildə xaşxaşilər tərəfindən qətlə
yetirildi. Atabəylər sülaləsi 1226-cı ilə
qədər Azərbaycan və İraq
Sultanlığını idarə etdi...
Yalnız 1258-ci ildə
Hülaki xan hiylə ilə Əlamut qalasını ələ
keçirib, xaşxaşilərin fəaliyyətinə son
qoydu.
Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana
həyatı yaşamış Nəsrəddin Tusini azad edib,
özünə vəzir təyin etdi. Elə o vaxtdan da
Bağdad xəlifəliyi ləğv olundu"...
Yunus Oğuzun yeni romanı ilk
növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə
də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi
də var, Əcəmi Naxçıvani də...
Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin
(və taleyimizin!) romanıdır... Xeyiri ilə, Şəri
ilə!..
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2017.- 6 aprel.- S.7, 8.