Yazıçılar Birliyində Ayaz Vəfalının 80 yaşı qeyd olunub

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, tənqidçi, füzulişünas alim, tərcüməçi, Əməkdar incəsənət xadimi Ayaz Vəfalının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə şairin sənət dostları, tanınmış mədəniyyət işçiləri, yazarlar, media nümayəndələri və sənətkarın ailə üzvləri iştirak ediblər.

AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayev qonaqları salamladıqdan sonra Ayaz Vəfalı haqqında xatirələrini bölüşüb, şairin həyat və yaradıcılığı haqqında fikirlərini söyləyib: "Ayaz Vəfalını 30 ildir tanıyıram. O, əlli ildir ədəbiyyatımıza təmənnasız xidmət edir. Özü də "Ədəbiyyat qəzeti" kimi ədəbi ictimaiyyətin daim diqqət mərkəzində olan bir qəzetdə. Əlli il bir müəssisədə, özü də söz adamlarının nişangahı olan "Ədəbiyyat qəzeti"ndə işləmək əsl qəhrəmanlıqdır. O, bütün ömrü boyu vicdanla işləyib, obyektiv olub. Odur ki, Ayaz Vəfalı ədəbi ictimaiyyət arasında hörmət və ehtiramla anılır".

Birlik adından yubilyarı təbrik edən Ç.Abdullayev ona xoş arzularını çatdırıb.

A.Vəfalının böyük bir ziyalı ömrü yaşadığını, dəyərli şəxsiyyət olduğunu söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov Xalq yazıçısı Elçinin yubilyara ünvanlandığı təbrik məktubunu oxuyub. Məktubda A.Vəfalının bu yubileyi həm şair və ədəbiyyatşünas, həm də bir insan kimi üzüağ qarşıladığı qeyd olunub: "Sənin poeziyan həmişə səmimi hisslərin, təbii düşüncələrin bədii ifadəsi olub və poetik səmimilik, təbiilik gənc yaşlarından etibarən həmişə səninlə birlikdə olub. Sənin elmi yaradıcılığın da bu mənada həmişə poeziyanla üst-üstə düşüb, obyektivliyi, həqiqəti əks etdirib".

N.Cəfərov A.Vəfalını poeziyanı dərindən bilən şair, tənqidçi, əlli ildən artıq bir dövrdə ədəbiyyatımıza vicdanla xidmət edən, onun keşiyində sayıq dayanan ədəbiyyatşünas alim kimi xarakterizə edib.

Tədbirdə professorlar Aqşin Babayev, Asif Rüstəmli, Şirindil Alışanlı, Qəzənfər Paşayev, Elman Quliyev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məmməd Əliyev, şairlər Oqtay Rza, Rafiq Yusifoğlu, yazıçı Məmməd Oruc, "Ədəbiyyat qəzeti"nin əməkdaşları Fəridə Vəzirova, Elmira Ağamalıqızı və başqaları yubilyarın mənalı ömür yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açıb, onu 80 illiyilə bağlı təbrik ediblər.

Qeyd edilib ki, A.Vəfalının hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışması onun ədəbiyyatımıza sonsuz sevgisini, sözə sadiq olmasını, onun keşiyində müsəlləh əsgər kimi dayandığını bir daha sübut edir. Diqqətə çatdırılıb ki, yaxın günlərdə Ədəbiyyat İnstitutunda da A.Vəfalının yubileyi qeyd olunacaq.

Sonda Ayaz Vəfalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, ənənəsinə sadiq qalaraq ömrünün qalan hissəsini də ədəbiyyata, sözə xidmətdə keçirəcəyini vurğulayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 6 aprel.- S.7.