İtaliya mətbuatında Azərbaycanla bağlı məqalə dərc olundu

 

İtaliyanın “Notizie Geopolitiche” analitik portalında italyan tədqiqatçılar Corciya Pilar və Domeniko Letisianın birgə müəllifi olduğu "İtaliya və Azərbaycan hər zaman daha yaxın" adlı məqalə dərc olunub.

Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunan məqalədə Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin inkişafı tarixindən, hazırda müxtəlif sahələrdə əlaqələrin vəziyyətindən, xüsusən iqtisadi sahədə mövcud əməkdaşlıqdan bəhs olunur.

Məqalədə qeyd olunub ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyandan keçən dövr ərzində iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub, çoxsaylı yüksəksəviyyəli səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edən sənədlər imzalanıb, iqtisadi əlaqələr sürətlə inkişaf edib, ticarət dövriyyəsi sürətlə artıb. Hazırda Azərbaycanın xarici ticarət balansında İtaliyanın payı 17.57 faizidir və Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçılarından biridir.

Məqalədə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq Trans-Adriatik boru kəmərinin (TAP) İtaliya üçün əhəmiyyətindən də söz açılır. Qeyd olunur ki, 2020-ci ildən başlayaraq bu boru kəməri vasitəsilə Azərbaycanın Şahdəniz yatağından İtaliyaya ildə 8 milyard kub metrdən çox qazın nəql olunması nəzərdə tutulur ki, bu da enerji mənbələrinin şaxələndirilməsi, istər İtaliya, istərsə də ümumilikdə Avropanın enerji təhlükəsizliyi üçün önəmlidir.

Həmçinin, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, onların neft-kimya zavodlarının tikintisi və yenidən qurulması, infrastruktur layihələrində iştirakından geniş söhbət açılıb. Habelə bildirilib ki, Azərbaycan iqtisadiyyatın diversifikasiyası prosesi neft və qaz sahəsi ilə yanaşı, İtaliya şirkətlərinin Azərbaycanda digər sektorlara, o cümlədən, kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, nəqliyyat, turizm, inşaat, yükəsk texnologiyalar sahələrinə də sərmayə qoymasına şərait yaradır.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 6 aprel.- S.2.