"Arzular"dan "Tövbə duaları"nadək
keçilən yol
Arif Abdullazadəni
xatırlarkən
Yaradıcı şəxsiyyətlər, rəssam, bəstəkar, şair və yazıçılar haqqında çox tez-tez deyilən "yaradıcılıq yolu heç kimə bənzəməyən", "orijinal yazı üslubuna malik", "qeyri-adi, özünəməxsus dəsti-xətti ilə seçilən" kimi bir az orijinallıqdan çıxmış (bəlkə də bəzən sadəcə söz demək xatirinə işlədildiyindən) ifadələrə rast gəlirik.
Bəlkə də onların bir şablona çevrilməsi yaradıcı şəxsiyyətdəki həqiqi orijinallığı dərk etməmizə əngəl törədir.
Haqqında söz açmağa cəhd etdiyimiz, adı yaşamı boyunca birmənalı şəkildə hamı, hətta özü tərəfindən də "qəribə", "fərqli" təyinləri ilə birgə çəkilən şair, nasir, dramaturq,
tərcüməçi, ədəbiyyatşünas alim, Filologiya elmləri doktoru, professor Arif Abdullazadənin dünyası da özünəməxsusluğu ilə seçilir desək, yanılmarıq. Çünki 60-cıların
üsyankar ruhunun təmsil və təbliğçisi olmaq
üçün bu orijinallıq əsas şərtlərdən
bəlkə də birincisi idi. Bütün 60-lar kimi o da xorda
yox, solo oxumağı sevməli idi.
Arif Abdullazadə şair,
yaradıcı insan kimi dünyanı necə
görürdüsə eləcə, bəzək-düzəksiz,
soyuq tonlarla, lakin gerçək əks etdirməyə
çalışmaqla bərabər, ədəbiyyatşünas-alim
kimi XX əsr Azərbaycan poeziyasında üslub məsələlərinin
(əslində fərqliliklərin) yorulmaz tədqiqatçısıdır.
Professor Abdullazadənin "Novatorluq və üslub",
"Şairlər və yollar", "Şair Cəfər
Cabbarlı", "Od nə çəkdi" kimi
monoqrafiyaları bu gün də ədəbiyyatşünaslığımızda
qiymətli elmi araşdırmalar hesab olunur. Lakin ilk sətirlərini
oxuduğunuz yazının mövzusu professor Arif Abdullazadənin
fərdi üslublar haqqında bir-birindən dəyərli
düşüncələrinin yer aldığı elmi
araşdırmaları yox, şair Arif Abdullazadənin
poeziyasında çevrilmə yaşayan lirik qəhrəmanına
- İnsana orijinal yanaşmasıdır.
Ədibin on bir şeir kitabını
kəlmə-kəlmə varaqladıqdan sonra belə bir qənaətə
gəlmək olar ki, onun qələmində insan sözün həqiqi
mənasında bir növ tədqiq olunur. Arif müəllimin
şeirlərində müəllifi ilə bərabər
böyüyən, dəyişən, yaşlanan, müdrikləşən
lirik qəhrəmanı da görürük. Bu qəhrəman
düşünən, sevən, inanan, duyan, gülən, əylənən,
həyatdan zövq alan, sonra yenə düşünən,
düşünən, düşünən İnsandır.
Həyat, kainat, yaşam, ömür,
ölüm, arzu, təklik kimi poeziyanın əbədi
mövzularına müraciət edən şair kitabdan-kitaba İnsanı
yaddan çıxarmır (axı poeziya
insanşünaslığın əlifbasıdır). Onun
"İnsanlar düşünür", "İnsan
kimi", "Bir günün ömrü",
"Yaxşı, yaman insanlar", "Arzulara borcumuz",
"Mənimdir", "Öldürən, ölən",
"Həyat fraqmentləri", "Son ölüm",
"Ömrümüz", "Həyat eşqi" ,
"Düzlük ömrü", "Bu ölüm",
"Hər şey gözəldir həyatda", "Günəş
kimi bir ömür", "Dünyanın adiliyi", "Bu
dünyanın işləri", "Mənim dünyam",
"Mənim bu dünyada nə işim vardı" və
daha neçə-neçə şeirləri müəllifin
"İnsan tədqiqatı"nda əvəzsiz nümunələrdəndir.
Bu dünyaya gəlmişiksə,
Ya az, ya çox
Bu dünyada qalmalıyıq,
biz insanıq!
...Bircə sözlə,
Çiynimizdə ömür adlı
bu şərəfli,
ağır yükü
borcumuzdur, daşıyırıq,
Bu dünyada yaşamaq da
Bu dünyaya borcumuzdur -
yaşayırıq,
biz insanıq!
Bu misralar Arif Abdullazadənin ilk
şeirlər kitabı "Arzular"a daxil etdiyi
"Borcumuz" adlı şeirdəndir. Sanki bu misralarla
"insanşünaslıq" sahəsində ilk qədəmlərini
atmağa başlayan şairin poetik axtarışları zaman
keçdikcə "bərkdən- boşdan
çıxır", dünyanın düz üzü ilə
yanaşı min bir tərs üzünü də görən,
"görə-görə" yaşayan və yaşlanan
müəllifin özü kimi misraları da tündləşir,
ağırlaşır, onlar zamanla daha ötkəm səslənir:
Bir-bir seçilməsə
ömürdə qış, yaz,
Bəxtinin dərsinə adi bir
üç yaz,
Ulduz tək yanmasan,
işığın uçmaz,
Özünə nur saçmaq
çıraq işidir.
Həyatda göyərən daş
olmalısan,
ömrünü sabaha
daşımalısan,
bəxti sona qədər
yaşamalısan,
dünyaya baş çəkmək
qonaq işidir.
Misralardan görünür ki,
şair bu dünyaya sadəcə gəlib-getməyi,
"baş çəkməyi" dünyanın əbədi
sakini, ev sahibi saydığı İnsana
yaraşdırmır, onu həyatı həyat kimi
yaşamağa - göyərməyə, sabah da yaşamaq
haqqını qazanmağa çağırır. Bəs
görən şairə görə İnsana sabah da
yaşamaq haqqını verən nədir? Bəlkə bu
günkü əməlləri? Bəlkə dünyaya gətirdiyi,
tərbiyə etdiyi nəsil? Bəlkə də
yazıb-yaratdıqları, düzüb-qoşduqları? Hiss
olunur ki, bu misraları yazarkən şair üçün həyatın
anlamı birmənalı şəkildə "çiyinlərində
ömür adlı ağır yük"ü çəkmək
cəsarətidir. Şair bəzən bu cəsarəti tapmaq
üçün qəhrəmanına həyatı
duymağı, bəzən anlamağı, bəzən isə
onların hər ikisini birdən məsləhət bilir. Təbii
ki, "duymaq"da hissi tərəf üstündürsə,
"anlamaq"da idrak, dərketmə, düşüncə
önə keçir. Ağıl və məntiqlə hiss və
duyğuların əksliyindən doğan bir tamlıq
poeziyanın (bəlkə də insan yaradan hər şeyin)
kamilliyinin göstəricisidir.
Yadımdadır, Universitetdə
oxuyarkən müəllimlərimizdən biri Şah
İsmayıldan danışarkən belə deyərdi: "O,
şairliyin zirvəsinə çatanda
hökmdarlığı qarşısını kəsirdi,
hökmdarlığın zirvəsinə də şairliyinə
görə qalxa bilmədi". Nədənsə, indi Arif
müəllimin misralarını oxuyarkən şair və alim
Arif Abdullazadənin zaman-zaman az da olsa, əlbəyaxa
olduğunu görürəm. Belə ki, şair bəzən
ağıl, məntiq və düşüncə cəbhəsinin
tərəfində durur,"düşünmək
azadlığı"nı təbiətin İnsana bəxş
etdiyi yeganə azadlıq kimi qiymətləndirir:
İrqinə, millətinə,
Dərisinin rənginə,
Dilinin ahənginə
Baxmadan, ayırmadan -
Təbiət insanlara
Bir azadlıq bəxş edib:
düşünmək
azadlığı!
... görəsən fikrini də
əllərindən alsalar,
bəs insana nə qalar?!
Şair təbiət tərəfindən
"düşünmək azadlığı" verilən
insana "bircə dəfə yaşadığı
işıqlı dünya"dan nə olursa-olsun ikiəlli
yapışmağı tövsiyyə edir. Ancaq oxucu bir-birini təkrarlamayan
bu poetik nümunələri oxuduqca düşünür ki, hər
halda şair üçün hiss, duyğu daha
üstündür. Sanki "dünyada qonaq" olmamaq,
özünü gələcəyə daşımaq
üçün "bir zərrə gözəllik
yaratmaq" qədər asan və eyni zamanda çox çətin
bir yolu tutan şairin dərindən-dərin dünyasında
dünyanı duymaq (Təsadüfi deyil ki, Arif Abdullazadənin
romanlarından biri elə "Duyum" adlanır) qədər
vacib heç nə yoxdur. Ədib "Mənimdir" adlı
şeirində yazır:
Hər şey insan
üçündür,
insan insan üçündür,
Bu dünyada nə varsa,
onu duyan üçündür.
və yaxud
Zövqdən iz tutsa hissin,
gümanın,
dünya sənin olar, sən də
dünyanın.
90-cı illərin əvvəllərində
ictimai-siyasi həyatda baş verən köklü dəyişikliklər
hamı kimi Arif Abdullazadənin də
yaradıcılığından yan keçmir. Qarabağ hadisələri,
"dost"ların düşmən üzünün
açılması, yüz minlərlə
soydaşımızın yurd-yuvasından didərgin
salınması, cəbhədən hər gün gələn
qara xəbərlər şairin misralarına bir kədər,
niskil notları gətirir. Əllisi 90-cı ilə təsadüf
edən, saçları çallaşan, təkliyi yeganə həmdəmi
olan şair həyatdan getdikcə uzaqlaşır. Ömrün
qürubuna çatdığını duyan şair
yaşanmış ömrünə - İnsan ömrünə
bir daha baxır:
Vuruşlarda kim kimindi, bilmədim,
Düşmən, yoxsa dost qənimdi,
bilmədim,
Səpilənlər öz dənimdi,
bilmədim
Bu səpilən ilk dənimdə
ölmüşdüm.
Yaxud da
Həyat deyildi ki, adi
qaçışdı,
Qayğı
yığın-yığın, söz qucaq-qucaq...
Arif Abdullazadənin lirik qəhrəmanı
böyük dünyanın içində özünü
axtaran, lakin heç də tapa bilməyən fərddir. O, Məcnunun,
İskəndərin, Fəxrəddinin, Aydının sələfidir.
Təkdir, dünya ilə onun arasında böyük bir
uçurum var və nədənsə bu qəhrəman
uçurumun lap kənarında dayanıb var səsi ilə
bağırır ki, bəlkə onu kimsə duydu. Sanki o hələ
də məhv olmaqda olan dünyanı xilas edəcəyinə
ümid edir, bunu özünə borc bilir. Çünki
doğuluşdan dünyanın yükü çiyinlərinə
qoyulmuş bu qəhrəmanın fədakarcasına göy
qübbəsini çiyinlərində saxlayan Atlant kimi onu yerə
qoymağa haqqı yoxdur. Lakin gəncliyində
yaşamağı insana borc bilən bu İnsanın indi
yaşama, öz varlığına münasibəti artıq
çox dəyişib:
Elə bezmişəm ki, mən bu
dünyadan,
Ona bir də dönüb
başdan-binadan,
Keçirib ömrümü bu lal
röyadan,
Sonra həmişəlik sönməyim
gəlir...
Onu başa düşməyə,
duymağa qadir olmayanların içində yaşamağa məhkum
olmuş şair öz dünyasındakı
orijinallığı getdikcə daha aydın hiss edir:
Bir divəm sıx meşədə,
Qalmışam bir köşədə,
Canım bir boş şüşədə,
Məzarım Yurda qalıb.
və yaxud
Suydum, atəşdə
yanmışam,
Başdan-ayağa qanmışam,
Dünyanı indi qanmışam,
Qayıt, axşam deyil hələ...
Hiss olunur ki, bir zamanlar dilindən düşməyən "mavi axşamlar", "çəhrayı röyalar", "bəyaz şaxtalar"ın romantikası artıq şairi özünə çəkmir. "Dünya dünya boyda qayğılarıyla" onu elə yorub ki, son şeirlərindəki misralar heç də süni səslənmir, oxucu duyum dolu bir ürəyin bir an belə tərəddüd etmədən dünyanı tərk edəcəyinə şübhə etmir. "Arzular"dan başlanan uzun yol nəhayət müəllifin son sözü kimi "Tövbə duaları"nda tamamlanır (əslində tamamlanmır, onu bundan sonra da oxuyanlara ünvanlanır):
Zaman taleyimi içindən oydu,
Ömür tabutuma tərsinə qoydu,
Gəlişim matəmdi, gedişim toydu,
Tövbə, Ömür adlı kəlməyə tövbə,
Bir də bu dünyaya gəlməyə tövbə.
P.S. Əgər kiminsə əlində Arif Abdullazadənin "Arzular" və "Tövbə duaları" kitabları varsa, onda şairin dünyasında baş verən dəyişikliyi onun ilk və son kitabında verilmiş fotolarına baxaraq aydınca hiss edə bilər. Görəsən, aprelin 5-də 77 yaşı tamam olan şair indi yaşasaydı, necə düşünər və necə görünərdi?...
Pakizə ZAKİROVA
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı
525-ci qəzet.-
7 aprel.- S. 4.