Yaponiyada “Azərbaycanlılığın yaradılışı” adlı elmi kitabı çap olunub

 

YaponiyadaAzərbaycanlılığın yaradılışı” adlı elmi kitab çap edilib.

Bu haqda məlumatı Yaponiyada diaspor fəaliyyəti göstərən, konfliktologiya elmi üzrə tədqiqatçı Əlibəy Məmmədov verib.

O qeyd edib ki, 434 səhifəlik kitabın müəllifi ədəbiyyat üzrə fəlsəfə doktoru Şionozaki Şinyadır: “O, 2010-cu ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına qədər, 2 il müddətinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Tofiq Mustafazadənin nəzarəti altında elmi fəaliyyət göstərib, Azərbaycan dilində də sərbəst yazmağı və danışmağı öyrənib”.

Qeyd edək ki, Əlibəy Məmmədov ilk aylarda elmi araşdırmaçı Şionozaki Şinyanın Azərbaycan dili müəllimi olub: “Şionozaki Şinya Yaponiyanın Kyoto Universitetinin məzunudur. O, bugünədəkQubalı Fətəli xan və Dərbəndin əhalisi”, “18-ci əsrin Dərbəndivə digər mövzularda Azərbaycan və yapon dillərində elmi məqalələr yazıb”.

Əlibəy Məmmədov bildirib ki, “Azərbaycanlılığın yaradılışı” kitabı aprel ayının 12-dən etibarən Yaponiyanın kitab mağazalarında satışda olacaq: “Yaponiyada Azərbaycançılıq, Azərbaycan milləti ilə bağlı geniş tərkibli elmi kitabın çıxması bir ilkdir. Bu kitab Yaponiyanın elm dünyasında Azərbaycana, Azərbaycan xalqına olan marağı daha da artıracaq”.

Kitabda Azərbaycan millətinin formalaşması, onun əsasları haqqında Şionozaki Şinyanın elmi araşdırmalarının nəticələri toplanıb. Kitabda Bakı və Tiflisdə fəaliyyət göstərmiş Azərbaycan ziyalıları, yazıçı, ictimai xadim və dramaturqları, o cümlədən, Abbasqulu ağa Bakıxanov, Aleksandr Kasimoviç Kazembek, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə haqqında geniş məlumatlar verilib. Eyni zamanda, “Molla Nəsrəddinjurnalı və onun o zamankı cəmiyyətdə rolu qələmə alınıb.

Elmi araşdırmaçı Şionozaki Şinya elmi işində türk, fars, rus və qərb dillərində olan ədəbiyyatları əsas götürüb. Bu kitabın Yaponiyanın elm dünyasında Azərbaycanla bağlı araşdırmalara yeni bir nəfəs verəcəyinə ümidlər bəslənilir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 7 aprel.- S. 4.