"Mükəmməl keyfiyyət infrastrukturu inkişafın əsas vasitələrindən biridir"
"Keyfiyyət
infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac
məhsulları istehsalının vacib amilidir"
Müasir bazar
iqtisadiyyatının ən mühüm şərtlərindən
biri onun iştirakçıları üçün azad rəqabət
mühitinin formalaşdırılmasıdır. Çünki
məhz azad rəqabət ilk növbədə inkişaf,
ümumdaxili məhsulun artımı, sonrakı mərhələdə
isə ölkənin ixrac qabiliyyətinin yüksəlməsi
deməkdir.
Nə qədər təzadlı
olsa da, hətta totalitar cəmiyyətlərin planlı iqtisadiyyatlarında
belə onun subyektləri arasında azad rəqabət
mühiti formalaşır.
Ümumiyyətlə
iqtisadiyyatı obrazlı şəkildə təsvir etsək,
onu canlı orqanizmə də bənzətmək olar. Çünki
bu sistemdə hər şey bir-birinə zəncirvari
bağlıdır və onun bir həlqəsində yaranan
problem bütövlükdə inkişafı buxovlaya bilər.
Məhz bu zəncirvari bağlılıq
iqtisadiyyatda azad rəqabətdən sonra keyfiyyət amilini
ortaya çıxarır. Bu mənada istehsal və ya xidmət
sahəsində fəaliyyət göstərməsindən
asılı olmayaraq, iqtisadiyyatın hər hansı subyekti o
zaman uğur qazana bilər ki, ortaya keyfiyyətli iş qoysun, yəni
rəqabətədavamlı məhsul istehsal etsin. Bu mənada
rəqabətədavamlı məhsul istehsalına nail olmaq hər
iqtisadiyyatın əsas trendi sayılır. Reallıq
da göstərir ki, hazırda dünyanın inkişaf
etmiş demək olar ki, bütün ölkələrinin
uğurlarının kökündə dayanan amillərdən
biri də rəqabət qabiliyyətinə malik istehsala sahib
olmalarıdır.
Təsadüfi deyil ki, Azərbaycanda
ötən ildən start verilən yeni iqtisadi islahatlarda
ölkəmizin ixrac potensialının yüksəldilməsi
məqsədilə rəqabətədavamlı məhsul
istehsalına nail olunması qarşıya qoyulan əsas vəzifələrdən
biridir. Məlum olduğu kimi, Prezident İlham Əliyev elan
etdiyi yeni iqtisadi siyasətlə əlaqədar həyata
keçiriləcək islahatların bir neçə istiqamətini
müəyyən etdi. Bunlardan biri iqtisadi
sektorun inkişafına yol açacaq tədbirlər kompleksi,
o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi
idi. Prezident İlham Əliyev bəyan etdi
ki, hazırkı dövrdə yaranmış vəziyyətin
ölkəyə mənfi təsirinin qarşısını
almaq üçün prioritet sahə hesab olunan qeyri-neft
sektorunun daha sürətli inkişafını təmin etmək
üçün əlavə təsirli mexanizmlər işə
salınmalıdır. Beləliklə,
ötən ilin əvvəlindən başlayaraq qeyri-neft
sektorunda genişmiqyaslı və sürətli islahatlara
başlandı. Bu zaman əsas prioritetlərdən
biri rəqabətədavamlı məhsul istehsalını
stimullaşdırmaq idi. Məsələn, dövlət
başçısının ötən ilin yanvarında
imzaladığı "Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında" sərəncama
əsasən, qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması, rəqabət qabiliyyətli
qeyri-neft məhsullarının istehsalı və
ixracının, ənənəvi və yeni bazarlara
çıxış imkanlarının artırılması,
bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi
məqsədilə bir sıra vacib tədbirlərin həyata
keçirilməsi qarşıya vəzifə qoyulub.
Təbii ki, qeyri-neft ixrac
potensialının yüksəldilməsində keyfiyyət
infrastrukturu sahələrinin mühüm rolu var. O cümlədən
Azərbaycanda iqtisadi islahatların yeni mərhələyə
qoyduğu indiki mərhələdə müasir tələblərə
cavab verən texniki tənzimləmə, standartlaşdırma,
o cümlədən metrologiya olmadan qarşıya qoyulan vəzifələrin,
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi"ndə nəzərdə
tutulmuş tədbirlərin dolğun icrası mümkün
deyil. Bunu Prezident İlham Əliyevin bu ilin fevral ayında
imzaladığı "Standartlaşdırma, metrologiya,
akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi
sahələrində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" Fərmanı da təsdiq edir. Fərmana əsasən
iqtisadi islahatların dayanıqlılığını təmin
etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini,
təhlükəsizliyini, rəqabət qabiliyyətini və
ixrac potensialını yüksəltmək, xarici ticarəti
daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya,
akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi
sahələrini müasir tələblərə
uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının
və çevikliyinin artırılmasına nail olmaq məqsədilə
beynəlxalq təcrübəni nəzərə almaqla, Nazirlər
Kabineti tərəfindən "Standartlaşdırma
haqqında" Azərbaycan Respublikası qanununun yeni layihəsi
hazırlanacaq.
Həmçinin, istehlak bazarında
qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət
sisteminin təkmilləşdirilməsinə, o cümlədən
onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə
uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla
müəyyən olunmuş qaydada akkreditasiya edilmiş
uyğunluğun qiymətləndirilməsi qurumlarına
ötürülməsinə dair təkliflər, milli
standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılması, o cümlədən Avropa
İttifaqının direktivləri əsasında milli texniki
reqlamentlərin və beynəlxalq standartlar əsasında
istinad edilmiş standartların qəbulu məqsədilə
Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2018-2025-ci illər
üçün dövlət proqramının layihəsi
hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.
Fərmana əsasən Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi "Azərbaycan
Metrologiya İnstitutu", "Azərbaycan
Standartlaşdırma İnstitutu", "Azərbaycan
Akkreditasiya Mərkəzi" və "Patent və Əmtəə
Nişanları Mərkəzi"
publik hüquqi şəxslərini yaradacaq. Bunun əsas
məqsədi dövlət büdcəsindən bu sahələrə
ayrılan vəsaitə qənaət edilərək
özünü maliyyələşdirmə mexanizmləri tətbiq
etmək, bununla da yeni iş yerlərinin açılması,
regionlarda bu fəaliyyət sahələri ilə məşğul
olan potensial işçi qüvvəsinin formalaşması və
beləliklə, sahələr üzrə müasir tələblər
səviyyəsində işin qurularaq inkişaf etdirilməsidir.
Bu fərman göstərir
ki, Azərbaycan dövləti qeyri-neft ixrac potensialının
yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin
keyfiyyətinin artırılması ilə yanaşı, bu sahədə
idarəetmənin də təkmiləşdirilməsini diqqət
mərkəzində saxlayır. Ümumiyyətlə,
sənədlə tanışlıq zamanı qarşıya
qoyulmuş vəzifələrin daha çox
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinə həvalə edildiyini görərik. Bu da təsadüfi deyil. Çünki
məhz bu Komitə texniki tənzimləmə,
standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi,
akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye
mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində
dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti
orqanıdır. Kənardan baxanda bəlkə
də bu sahənin işi diqqət çəkməz.
Amma əslində iqtisadiyyatın davamlı inkişafına
nail olunması, ölkəmizin ixrac potensialının
artırılması, dünya bazarlarına yüksək
alıcılıq qabiliyyətinə malik məhsulların
çıxarılması keyfiyyətə nəzarət,
texniki tənzimləmə, standartlaşdırma, metrologiya və
digər bu kimi tələblər olmadan mümkün deyil.
Xatırladaq ki, Azərbaycanda
bu sahənin tarixi XX əsrin əvvəllərinə təsadüf
edir. O zaman Cənubi
Qafqazda ilk dəfə olaraq Bakıda ölçmə və
çəki vasitələrinin yoxlanması həyata
keçirilməyə başlanmışdı. Sonrakı dövrlərdə, o cümlədən
sovet hakimiyyəti illərində ayrı-ayrı sahələrin,
o cümlədən neft sənayesinin inkişafının yeni
mərhələyə qədəm qoyması texniki nəzarət
və keyfiyyətə nail olunması üçün
müvafiq standartların, müvafiq ölçü, çəki
normalarının yaranmasına səbəb olub.
Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra respublikamızda
standartlaşdırma və metrologiya üzrə dövlət
siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət
göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi
tərəfindən aparılırdı. Lakin Ulu
Öndər Heydər Əliyevin dövlət quruculuğu
siyasəti hər bir sahənin davamlı yüksəlişini,
o cümlədən iqtisadi inkişafa xidmət edən
bütün sektorların səmərəli və məhsuldar
fəaliyyətini özündə ehtiva edirdi. Təbii ki, bu sırada iqtisadiyyatda keyfiyyətə,
texniki tənzimləməyə, metrologiyaya nəzarət
mexanizmlərini arxa plana keçirmək olmazdı. Ona
görə Ulu Öndər Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Agentliyi yaradıldı.
Sonrakı illərdə Azərbaycanın
davamlı inkişafı, milli iqtisadiyyatımızın bir
neçə dəfə artması bu sahələrdə də
fəaliyyətin daha səmərəli həyata keçirilməsini
zəruri etdiyindən Prezident İlham Əliyevin 19 noyabr
2008-ci il tarixli sərəncamı ilə
Dövlət Agentliyinin bazasında Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yaradıldı.
Komitənin fəaliyyət
dairəsi kifayət qədər əhatəlidir. Buraya dövlət metroloji nəzarəti,
kəmiyyət vahidləri etalonlarının təsdiqi, məhsulların
istehsalı, saxlanılması, daşınması, işlərin
yerinə yetirilməsi zamanı texniki reqlamentlərin, eləcə
də onlarla qarşılıqlı əlaqəli olan dövlət
standartlarının, texniki tənzimləmə və standartlaşdırma
sahəsində digər texniki normativ hüquqi aktların məcburi
tələblərinə, o cümlədən məhsul
istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə
dair bəyan etdiyi göstəricilərə riayət
olunmasına öz səlahiyyətləri daxilində nəzarəti
həyata keçirmək, istehlak bazarının keyfiyyətsiz,
təhlükəli və saxtalaşdırılmış
mallardan qorunması məqsədi ilə tədbirlər
görmək və digər sadalamadığımız
mühüm vəzifələr daxildir.
Xatırladaq ki, "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən ərazi
sınaq və sertifikatlaşdırma idarələri ləğv
edilib, sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan
keçirməklə, sertifikatlaşdırma sahəsində
işlərin səmərəli həyata keçirilməsi təmin
edilib. Bu Fərmandan irəli gələrək
görülmüş işlərin nəticəsidir ki,
qısa müddətdə uyğunluğun qiymətləndirilməsi
xidməti göstərmək üçün maraqlı təşkilatların
sayı artıb, bu sahədə liberallaşma, həmçinin
rəqabət mühiti yaranıb. Sertifikatlaşdırma
və kalibrləmə fəaliyyəti dövlət qurumunun
inhisarından çıxarılmaqla sahibkarlarla bu xidməti
göstərən özəl təşkilatlar arasında
sıx əməkdaşlıq qurulub, münasibətlər
bazar iqtisadiyyatı münasibətlərinə
uyğunlaşıb və nəticədə məhsul və
malların istehsalında, xidmətlərin göstərilməsində
müasir standartların tətbiqi imkanları genişlənib.
Reallıq ondan ibarətdir
ki, Azərbaycanda iqtisadiyyatının inkişafında
başlıca sahələr olan texniki tənzimləmə,
standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi
sahələrində ölkə rəhbərliyinin təşəbbüsləri
ilə institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə
olaraq Milli Etalon Bazası formalaşıb. Keyfiyyət
infrastrukturunun inkişafını təmin edən qanunvericilik
bazası təkmilləşdirilib, maddi-texniki baza - etalon və
yeni sınaq laboratoriyaları qurulub.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu prioritetlərə uyğun olaraq artıq ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətləri isə müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynayır. Ona görə xüsusən indiki dövrdə keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib.
İqtisadiyyatda özünü göstərən dəyişikliklər həm də keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması istiqamətində perspektivlər vəd edir. Şübhə yoxdur, bu sahədə mərkəzi icra hakimiyyəti olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və onun müvafiq strukturları bu mərhələdə də qarşıda duran vəzifələri layiqincə dəf edəcəklər.
İbrahim CƏFƏROV
525-ci qəzet.- 2017.-
11 aprel.- S.4.