Doğma el-obanın unudulmaz mərasimləri

 

 ("Yaddaşımın lövhələri"ndən)

 

... Ana torpağın qoxusunu, onun üzərində bitən güllərin, çiçəklərin könül oxşayan ətrini ciyərlərimə çəkmək, cəh-cəh vuran quşların möcüzəvi səslərini yenidən ruhuma hopdurmaq istəyirəm!

Xəyalən Qara bulağımızdan, göz yaşı kimi saf təmiz suyu olan Sarı bulağımızdan, insanın gözünə nur saçan Qoşa bulağımızdan ovuc-ovuc içmək istəyirəm!

Saf, şəfalı, cənnət rayihəli havanı hərisliklə udmaq, uşaqlıqda yorulmadan dırmandığım dağların, içərisində azmaqdan qorxmadığım zümrüd meşələrin bir daha seyrinə dalmaq istəyirəm!

Şehli çəmənliklərdə səhərdən axşamacan ayaqyalın dolaşmaq, büllur sulu çaylarda yuyunmaq istəyirəm! Səninlə bağlı istəklərim birdimi, ikidimi, mənim doğma yurdum?!

Yəqin ki, hər kəsin qəlbində belə istəklər çağlayır. Hərə üçün də bu istəklərin ünvanı fərqlidir. Mənim üçünsə bunların bir dəyişməz ünvanı var: Qərbi Azərbaycan, Dərəçiçək mahalı, Axundov kəndi! Dağları, meşələri, çəmənlikləri ilə, çayları, bulaqları ilə birgə yaddaşıma köçürüb, indi həsrətindən qovrulduğum əvəzsiz məkan!

Kəndimiz vələsi, cökəsi, yabanı meyvə ağacları ilə məşhur Qabaqlı meşəsi, Maraldoğan dağı, Koroğlu qayası, Qələçəz zirvəsi, bir qədər kənardan nərilti ilə, köpüklənərək, şırıltı ilə axan Böyük Çayla çevrələnib. Biz tərəfə təşrif gətirmiş qonaqlar oradakı qeyri-adi mənzərələri seyr etdikcə heyran olurdular. Bəzən ayaqqabılarını çıxarar, suya girər, əllərini-üzlərini yuyaraq rahatlanar, fərəhlənərdilər! Çayın axarınca atılıb yenidən suya düşən gümüşü rəngli balıqlar sanki qonaqlara "xoş gəldiniz" deyərdi. Qonaqlar da onlara nağıl, möcüzə kimi baxardılar. Böyük Çay öz füsunkarlığı ilə insanları heyran etdiyi kimi, daşıb məcrasından çıxanda da amansız olur, ziyanlıq verib fəsadlar da törədirdi. Daşqından sonra isə sakitləşib əzəli yatağına qayıdar, heç nə olmamış kimi həzin şırıltı ilə axardı. Seldən sonra çayın kənarında qalmış qarabalıqlar, "bığlı"lar və forellər torba-torba yığılıb evlərə daşınar, ailə-uşaq sevinərdi. Daşqından sonra balıq qoxusu uzun müddət oralardan çəkilməzdi.

Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq idi. Dağ mədənlərində və tikinti idarələrində fəhləlik edənlər də olurdu. Ağır işlərdə çalışsalar da, məvacibləri çox aşağı idi, bu da güzəranı çətinləşdirirdi. Axı, təbii gözəlliklər, mənzərələr öz yerində, insanlara pul-para, dolanışıq da lazımdı...

Mənim uşağlıq çağlarımda kəndimizdə elektrik işığı olmadığı üçün neft lampalarından istifadə edilirdi. Rabitə qovşağı, kitabxana, çox kəndlərdəki kimi klub yox idi. Başqa sahələrdə də problemlər vardı, yaşayış asan deyildi.

Ancaq bütün bunlar o doğma yurdun mənim yadımda müqəddəs məkan kimi qalmasına mane ola bilməyib. Kəndimiz xatirələrimə ən əziz bir yer kimi köçüb. Yaddaşımı vərəqlədikcə kəndimizlə, onun insanları ilə bağlı əhvalatlar, maraqlı hadisələr yenidən gözlərim önündə canlanır. Həm kövrəlirəm, həm də ürəyimdə həmin əhvalatları qələmə almaq istəyi yaranır.

 

***

 

Qadağalar olsa da, kənd camaatı hər il Aşuranı qeyd edir, bunun üçün mərasim keçirilirdi. Çox vaxt da Qara bulağın ətrafına toplaşırdılar. Kəndimizin mollası, həm də ağsaqqallarımızdan sayılan Molla Kərim sakinlərə islam dinindən, Aşuranın tarixindən danışar, dini rəvayətlər söyləyib, mərasim iştirakçılarının suallarına cavab verərdi. Nəzir-niyaz deyən qadınlar özləri ilə gətirdikləri şəkəri Qara bulaqdan götürülən suya qarışdırar, şərbət düzəldib uşağa-böyüyə paylayardılar.

Uşaq olduğumuz üçün mənasını bir o qədər anlamasaq da, Aşura mərasimləri bizim üçün də maraqlı keçirdi, bu məclislər ürəyimizdən idi. Çünki həmin gün bolluca şərbət içər, böyüklərin söhbətinə qulaq asar, mərasimə tamaşa edərdik. Bəzən böyüklərimiz bizi də mərasimin iştirakçısına çevirərdilər. Uşaqları sıraya düzər, "Həsən vay! Hüseyn vay! Qərib ölən cavan vay!" qışqıraraq kəndi dolaşmağı tapşırardılar. Mərasimə getməyib kənddə qalanlardan kimisi bizim harayımıza yola çıxaraq, kimisi də evlərdən boylanaraq səsimizə səs verərdi!

Mərasim yerinə qayıdanda Molla Kərim bizi tərifləyər, başımızı sığallayıb, dua-alqış edərdi. Valideynlərimiz buna sevinib, bizə fəxrlə baxardılar.

Aşura mərasimlərində kəndimizin ağsaqqallarından Qulu babanın iştirakı camaatın lap ürəyincə olardı. Qulu baba  ipək parçalar bağlanmış ələmi yuxarı qaldırıb, yanıqlı səslə Qurani-Kərimdən ayələr oxuması, qəmli şeirlər deməsi yaxşı yadımdadır. Onun sayəsində mərasimin matəm havası bir qədər də güclənərdi, adamlar daha da kövrəlib ağlaşardılar. Sonra Qulu baba onları toxtadar, bu dəfə Aşuraya aid başqa mövzulardan söz salardı. Yadımdadır ki, insanda mərdliyin, xeyirxahlığın əhəmiyyətindən, yaxşılıq etməyin vacibliyindən danışıb, bu barədə misallar çəkərdi. Bir sözlə, Molla Kərimlə Qulu babanın əsl el-oba böyüyü olmaları həmin mərasimlərdə də özünü göstərərdi. Qeyd edim ki, rəhmətlik Qulu babanın nəslindən olanlar, onun nəvə-nəticələri, yaxın-uzaq qohumları Azərbaycanımızın və bütün dünyanın müxtəlif bölgələrinə səpələniblər. Onlar da əzəli yurd yerimizi, oranın insanlarını unutmur, əziz ağsaqqallımızı ehtiramla yad edir, ruhuna rəhmət oxuyurlar.

 

***

Kəndimizdə nişan-toy mərasimləri öz adət-ənənələrimiz çərçivəsində keçirilirdi. Ağsaqqal-ağbirçəklər, kəndin sayılıb-seçilən sakinləri, əsas mərasimə bir neçə gün qalmış, bir yerə yığışar, hazırlıqlara nəzarət edər, əyər-əskiyin tamamlanmasının qayğısına qalardılar. Mərasimdə xidmət edəcək cavanlar, yeniyetmələr müəyyən olunar, hər birinə uyğun işlər tapşırılardı. İndiki dövrdə şadlıq mərasimlərimiz nə qədər dəbdəbəli keçsə də, çoxlu xərc aparsa da, əvvəlki vaxtların məclislərinin yerini vermir. O zamanlar isə nə qədər kasıbçılıq da olsa, şənliklər bir elə təmtəraqlı keçməsə də, maraqlı və urvatlı olardı. Buna görə də uzun illər o məclislərin xoş ovqatı yaddan çıxmazdı. Məsələn, mən də, başqa yaşıdlarım da uşaq vaxtı kəndimizdə gördüyümüz şadlıq mərasimlərini ətraflı xatırlayırıq, həmin məclislərdəki söhbətlərin, əhvalatların, yemək-içməyin dadı damağımızdan getmir.

Nişan mərasimlərində ancaq qadınlar iştirak edərdilər. Kişilərin belə məclislərdə iştirakı və rolu qiyabi olardı. O vaxtlar bizim kənddə valideynlərin qızlarına nişan taxanda onların rəyini, razılığını soruşması ağlagəlməz iş sayılardı. Belə məsələləri böyüklər öz aralarında həll edərdilər. Bildiyimə görə, onda nişan mərasimləri qızın əlinə və ayaq barmaqlarına xına yaxmaqla başlayar, oğlan tərəfindən gətirilmiş kəlağayını onun başına bağlamaqla yekunlaşardı.

Nişan mərasimindən sonra nişanlıların bir-birilə görüşmələrinə icazə verilməzdi. Belə hallar baş verərdisə, valideynlərin də, ümumən kənd camaatının da  narazılığına səbəb olar, hətta məsələ nişanın geri qaytarılmasına qədər böyüyərdi! Nişanlıların görüşməsinə ancaq ilin axır çərşənbəsində icazə verilərdi. Ona görə də sevgililər Novruz bayramını səbirsizliklə gözləyər, günləri sayardılar. İlaxır çərşənbədə oğlan hədiyyə ilə qız evinə gələr, qızın valideynləri isə nişanlılar üçün ayrıca otaq ayırar, onların söhbətinə imkan yaradardılar! Nişanlılar o fərəhli günü heç vaxt yaddan çıxartmaz, ömürlərinin axırına kimi fərəhlə xatırlardılar.

Toy məclisləri əksərən payız aylarına salınardı. Toydan əvvəl nişanlı qızın anası qızına, bir dəst yorğan-döşəklə bərabər, bəzəkli sandıq cehizi hazırlayardı. Qızını köçürəndə hazırlanmış əşyaları cehiz kimi hədiyyə verərdi. Toylarda yemək-içmək cəhətdən o qədər də bolluq olmasa da, sakinlər hər belə məclisi həsrətlə gözləyər, böyük həvəslə, şövqlə yola verərdilər. Məclis keçirilən yerdə oturmaq üçün skamya, stul olmazdı. Toy iştirakçıları evlərindən gətirdikləri kətillərin, bəzən də daşların üzərinə qoyulan uzun tirlərin üstündə oturardılar. Stulu olmayanlar isə, ot topalarının üstündə əyləşərək qara zurnada çalınan havaları dinləyər, istəyənlər qalxıb oynayar, qalanları da onlara maraqla tamaşa edər, əl çalardılar. Hər toy camaat üçün yaddan çıxmayan şadyanalıq olardı.

Bəylə gəlin məclisə çıxmaz, qonaqlar arasında oturmazdılar. Xatirimdədir ki, o uzaq çağlarda, kəndimizdəki yazılmamış qanuna əsasən, qadınların kişilərlə birgə rəqs etməsi yasaq idi. Böyüklərimizin danışdıqlarından yadımda qalıb ki, gəlin köçdüyü evdə səhərlər yuxudan ailənin qalan üzvlərindən tez durar, bəzi ev işlərini görüb, süfrəni hazırlayardı. Səhər, günorta və axşam yeməyi vaxtı gəlin qaynata-qaynana yanında süfrəyə oturmazdı. Birinci uşağı dünyaya gələnə qədər qaynata ilə üz-üzə gəlib kəlmə kəsməzdi. Sonralar nisbətən ünsiyyət yaransa da, gəlin qətiyyən qaynata yanında uşağını əzizləməz, deyib-gülməzdi. Qaynata da mümkün qədər gəlinlə arada pərdə saxlayar, onu çox dindirib-söylətməz, birbaşa buyurmazdı. Belə qaydalara ciddi əməl olunması sayəsində el-obamızda ailələr çox mehriban, möhkəm olar, narazılıq, söz-söhbət yaranmazdı. Mən özüm də o kənddə, o mühitdə doğulub-böyüdüyüm, adətlərimizi bildiyim üçün həmişə bunlara riayət etməyə çalışmışam. Bu adət-ənənələrimizi indinin özündə   çox vacib və faydalı sayıram, yeri gəldikcə, cavanlara xatırladıram.

Həyatımızda Novruz bayramının o zaman da xüsusi yeri vardı. Əslində bu bizim ən əziz bayramımız idi. Novruza on gün qalmış evlərdə səliqə-sahman yaradılır, təmizlik işləri aparılırdı. Bayramqabağı qonşu qadınlar bir evə yığışar, köməkli ərişdə kəsər, kəsilən ərişdəni ipə düzərək qurudardılar.

Bayram yumurtalarının rənglənməsi və bəzədilməsi üçün kimyəvi boyalar olmadığından, əsasən soğan qabığından istifadə edilərdi. İlaxır çərşənbədə hər həyətdə tonqal qalanardı, od üstündən tullananlar öz arzularını ucadan dilə gətirərdilər. Uşaqlar əvvəl bir yerə yığışar, sonra dəstələrə bölünərək kəndi dörd dolanardılar. Evlərə torba və ya papaq atar, çərəz, şirnilər toplayardılar. Bütün bunlar bizim üçün sonsuz sevinc mənbəyi olurdu! Qız-qadınlar qapıpusduya çıxardılar. Bu adəti bilən camaatımız o axşam daha da mehribanlaşır, evlərdən xoş söz əskik olmazdı. Qapı pusanlar özləri ilə bayram şirniyyatı, qoz, fındıq, boyanmış yumurtalar aparardılar. Onlar qapı-qapı gəzər, hansısa evdən lap ürəyəyatan söhbətlər eşidiblərsə, qapısını açar, gətirdikləri payı içəri ataraq dərhal uzaqlaşardılar.

Qapıpusdudan söz düşəndə həmişə bu əhvalatı xatırlayıram: Bir bayram axşamı anam evdə sobanı yandırmağı mənə tapşırdı. O vaxtlar balaca uşaqlara da cürbəcür ev işləri tapşırılardı, biz də əlimizdən gəldiyi qədər o işi yerinə yetirməyə çalışardıq. Doğranmış odunları səliqə ilə sobanın içinə yığdım. Alışdırmaq üçün qabdakı neftdən bir azca odunların üstünə tökdüm. Kibrit çəkib yandırmaq istəsəm də, heç cür alışdıra bilmədim. Daha doğrusu, neft alışsa da, bir qədər yaş olan odunlar yanmaq bilmədi. O axşam bu iş mənə tapşırıldığından evdəkilərdən kimsə sobayla maraqlanmırdı, heç kəs də kömək etmək fikrində deyildi.

Çox vaxt çətinliyə düşəndə köməyimə çatan böyük qardaşım Musa da indi mənə baş qoşmurdu, bir kənarda bıçağı bülövə çəkərək həvəslə itiləyirdi. Anam isə qonşuya getmişdi. Çox keçmədən qayıtsa da, mənə fikir vermədi, çirkli qabları yumağa başladı. Sonra da süfrə hazırlamaqla məşğul oldu. Mənsə artıq neçənci dəfəydi, odunların üstünə neft damcıladır, kibrit çəkirdim, gəl ki, faydası olmurdu. Xeyli vaxt ötmüş, bayırda qaranlıq düşmüşdü. Odunların üstünə bu dəfə daha çox neft tökdüm, kibrit yandırıb onların üstünə atdım. Ümidsiz vəziyyətdə gözləyirdim ki, birdən odunlar alışdı, sobadakı alovdan üz-gözüm işıqlandı. Elə sevindim ki, özümdən asılı olmayaraq, yerimdən sıçrayıb qışqırdım: "Baxın! Baxın! Yandırdım! Axır ki, sobanı yandırdım!" Evdəkilər təəccüblə mənə baxırdılar. Əlimi sobaya toxundurub: "Gəlin baxın! Toxunmaq olmur, adamın əli yanır!..." Bu sözlər ağzımdan yenicə çıxmışdı ki, qapımız açıldı, uzaq qonşularımızdan iki qadın həyəcanla içəri keçdi. Onlardan biri hirsli halda mənə yaxınlaşdı, özünü saxlaya bilməyib, əlindəki boyalı, bişmiş yumurtanı başıma çırpdı! Sonra da üzümə bir şillə! Mən də, anamgil də mat qalmışdıq. Qəfil "qonaqlar" qayıdıb çıxanda həmin məni vuran qadın hiddətlə dilləndi: "Səni görüm, oda düşəsən! Niyyətimiz vardı... Bu əziz axşamda yanmaqdan danışıb qanımızı qaraltdın! Görüm elə, sən də yanasan, xeyirsizin biri!.."

Onlar deyinə-deyinə çıxıb getdilər. Anam qalxıb mənə yaxınlaşdı. Gördüm ki, yamanca acıqlanıb. Bəlkə də məni döymək, acığını məndən çıxmaq istəmişdi. Ancaq nə vurdu, nə də bir söz dedi. Yanımdan keçib həyətə çıxdı. Qəhər məni boğurdu, iki əlimlə üzümü örtüb yerə çökdüm. O bayram axşamı başqa uşaqlar sevinib-gülürdülər, mən isə için-için ağlayırdım. Çünki həm günahsız yerə cəza görüb, qarğış eşitmişdim, həm də evdəkilərin yanında xəcalətli olmuşdum.

Ancaq bu, birinci belə hal olmadığı kimi, sonuncu da deyilmiş. Tale sonralar da dəfələrlə öz sərt üzünü mənə göstərib qəlbimi yaralayacaqdı...

 

Nurəddin CƏFƏROV

 

525-ci qəzet.- 2017.- 11 aprel.- S.6.