Gülsadə İbrahimli
"Son tanqo"nu təqdim
edib
Aprelin 8-də "Azərkitab" Kitab Təbliği Mərkəzində
gənc şair Gülsadə İbrahimlinin
"Son tanqo" kitabının
təqdimat mərasimi
keçirilib.
Tədbiri Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı,
şair-publisist, eyni zamanda kitabın redaktoru olan Əkbər Qoşalı açıb.
Qonaqları salamlayan şair-publisist ədəbi mühitin hazırkı durumundan, gənclərin təhsilə,
mütaliəyə, bədii
ədəbiyyata marağından
danışıb.
Gülsadənin yaradıcılığından
söz açaraq, gənc şairənin son kitabının mövzu və məzmun baxımından daha dolğun və rəngarəng olduğunu
qeyd edib:
"Daha
çox sərbəst
şeirə üstünlük
verən Gülsadənin
dili sadə olduğu qədər də axıcı, yeni ifadələrlə zəngindir".
Yazıçı Aqil Abbas gənclərin
ədəbiyyata marağını
müsbət qiymətləndirib,
bədii sözün insan həyatındakı önəmli rolundan bəhs edib.
A.Abbas kitab industriyasının inkişafının, gənclərin
mütaliə bazasının
zənginləşməsinin vacibliyini dilə gətirib.
Gənclərə ədəbiyyatla bağlı
öz tövsiyələrini
verən yazıçı
əlavə edib ki, gənc müəlliflərə
dəstək hər bir ədəbiyyat sevdalısının gündəmində
olmalıdır.
Kənan Hacı,
İlqar Türkoğlu,
Ənvər Məsud,
Zamir Erkin, Şəhriyar Seyidoğlu,
İntiqam Yaşar, Əfsanə Ələsgərli,
Mahir Qabiloğlu, Niftalı Göyçaylı
da söz alaraq şairənin yaradıcılığı və
ümumən çağdaş
ədəbi mühit barədə fikirlərini
bölüşüblər.
Tədbirdə Gülsadə İbrahimli öz şeirlərini səsləndirib, oxucular üçün kitab imzalayıb.
Cavid QƏDİR
525-ci qəzet.- 2017.- 11 aprel.- S.7.