Ruslan Dostəlinin gənclik
hesabatı
"Ürəyimi kəsik-kəsik edirəm, nə vaxt
şeir yazıramsa qan çıxır" - misraları gənc
qələm sahibi Ruslan Dostəliyə məxsusdur.
Ruslan ilk kitabını 2016-cı ildə layiq
görüldüyü Prezident təqaüdü hesabına
çap etdirib. "Ruslan dostumun kitabı" adlanan bu
toplu "Günahlar içində batıram daha, elə
bulanıram sözün qanına" - deyən gənc
yazarın gənclik hesabatı adlandırıla bilər.
Onun öz yaradıcılığına
münasibətini bu sözləri ilə ifadə edə bilərik;
"Nə çoxdur özünə gün ağlayanlar, mən
də söz kövrəltdim, şeir ağladım".
Ümumiyyətlə, onun poeziyasında sözə,
şeirə ünvanlı fikirlər nəzərə
çarpacaq qədərdir. "Bir ovuc
küldən ötəri özünü yandırmayasan,
basasan yaraya şeir" - sətirləri də fikrimizi təsdiqləyir.
Özünü yandırmaq ifadəsi bizim
dilimizdə həm həqiqi, həm də məcazi mənada
işlənə bilir. Bəzən
özün öz sirrinin üstünü bilməyərəkdən
açanda deyirlər ki, "özünü
yandırdın". Bu prizmadan yanaşanda
Ruslan da öz misraları ilə özü özünü
yandırır. Onun daxili aləmi ilə, öz
misraları vasitəsilə tanış
oluruq. Özü yazır ki, "Sözdən dəstə
tutur baxma çoxusu, Bir ləçək də girmir yuxuma
daha". Əslində bu fikirlərin
arxasında müəllifin bir mühafizəkarlığı
da var. O, sözü ucuz tutub, necə gəldi dəstələyənlərə
qarşı olduğunu ifadə edir. Əsl
söz adamları isə bir ləçək sözü
yuxuda da görə bilmirlər. Elə bu səbəbdən
onun "Əsəbiylə az oynayın, sözü oynadan
şairin..." fikirləri ilə razılaşmaq olar.Axı
o, əsl söz sərrafı olmağın incəliklərinə
bəlləddir. Öz bələdçiliyini
belə biruzə verir. "Ya yuxusuz qalır, ya susuz
qalır, şair belə çəkir söz cəzasını..."
Sözün söz sanbalını qoruyan və
sözə məsuliyyətlə yanaşan Ruslanın
şeirlərində mövzu əhatəliliyi diqqəti
çəkir. O həm də sözün alt qatlarına
nüfuz etməyə, məcaziliyi hədəf seçməyə
meyllidir. Belə bir nümunəyə baxaq:
"Gözümüzü açmayaq, gözümüzdən
düşərik". Gözü açıq
olmaq, yaşadığımız dünyaya açıq
gözlə baxmaq insantək yaşamağımızın əsas
şərtlərindəndir. Ruslan isə
açmaq feilinin çoxmənalılıq yaratmaq qabiliyyətindən
məharətlə istifadə edib. Açmaq
hərəkəti icra edilərkən gözün tərpənməsi
nəticəsində gözümüzdə olan nəsnə
düşə bilər. Bu həqiqi mənada
olduğu kimi məcazi mənada da belədir. İnsan çox gözüaçıq olanda
çox şey gözündən düşür.
Bütün bunlar Ruslanın bir yaradıcı insan kimi
yüksək müşahidə qabiliyyətinin nəticəsi
olaraq ortaya çıxır. O, təbiət hadisələrinə
də özünəməxsus baxış bucağı ilə
yanaşır. Yağış haqqında
"yağır, analara yardım eləyir, dəcəl
uşaqları geyindirməyə" misralarında da bunu
görmək olur. Diqqət yetirsək, bu sətirlərdəki
epik gücü aydınca görə bilərik. Yəni bu epizodun təsvirini vermək
üçün təhkiyə yolu ilə bir hekayə də
yazmaq olardı. Lakin Ruslan konkret misralarla
fikrini səlis şəkildə ifadə etməyi bacarıb.
Ana dəcəl balasını geyindirmək
üçün nə qədər yalvar-yaxar eləsə də,
uşaq naz edir. Lakin yağış
yağdığını görən dəcəl uşaq
öz xoşluğuyla paltarını geyinir. Yağıb ətrafı suya qərq edən
yağışın bu cür orijinal təqdimi Ruslanın
böyük yaradıcılıq potensialından xəbər
verir.
Eləcə də, onun anasına həsr etdiyi şeirdə
də, eyni üslubu görürük. On bir bəndlik
həmin şeirdə övlad-ana münasibətlərinin
doğmalığını görürük. Bu şeirin motivləri əsasında epik əsər
yazmaq olardı. Bu şeirdə
uşağın min bir əziyyətlə böyüdülməsində
ananın çəkdiyi əziyyəti poetik şəkildə
yığcamlaşdıra bilib. Hansı
ki, həmin şeirdə toxunulan motivlər əsasında bir
roman yazmaq olardı. Əsərdə
şairin ilk və son qənaəti bu olur ki, bir ana eyləməz
hamı yığışsa.
Ümumiyyətlə, Ruslanın
yaradıcılığında uşaqlıq illərinə səyahət,
xatirələrin canlandırılması təbii şəkildə,
olduğu kimi oxucuya çatdırılır. "Mən də
böyüməyə tərəf qaçardım,
qarğı atım vardı,- onun belində..."-
cümləsindən də göründüyü kimi, həm
reallıq, həm də bədii təqdimat nəzərə
çarpır. O həm də uşaq oyunları ilə həyatın
oyunları arasında bir bağlılıq görür.
"Gizlənqaç, oynu da dəyişib artıq, qaçan
elə qaçır, bir də qayıtmır..." Bu misralarda uşaqlığın genetik
yaddaşı ilə yanaşı, böyüyənlərin
ictimai mövqeyi də öz əksini tapıb. Bu tipli şeirlərdə keçmişlə bu
günün uğurlu sintezi daha çox maraq doğurur.
"Qaçıb dolablardan oğurladığın
qonaqçün ayrılmış konfetlər kimi yeməli
olasan, şirin olasan kim görsə
üzündə gülüş yarana"- sətirlərindən
də aydın olur ki, gənc yazar özünəxas bir təşbeh
yaratmaq üçün yaddaşının ən məhrəm
xatirələrinə baş vurub.Körpə budaqlardan yay-ox
düzəldib, günahsız göy üzün oxlayan
uşaq "Sonradan səngərdə döyüşən
gördüm, taxta avtomatla
"atdıqlarım"ı..."- deyərək etiraf edir.
Bu etirafların içində uşaq dəcəlliyi də,
bu dəcəlliyi yaradan səmimi istək də ifadə
olunub: "Daşıma tuş gələn quşu sevmişəm,Düşmən kəsilmişəm
quşlara belə". Çox maraqlı bir
sığortalanma metodunu görürük. İnandırmağa çalışır ki, o
quşlara daşı da sevərək atıb, daşına
tuş gələn quşu da sevgisiz qoymayıb. Ruslan o qədər təbii xatirələri
canlandırır ki, insanı öz keçmişinə
boylanmağa vadar eləyir. O yazır: "Vaxt olub o qədər
yorulmuşam ki, yıxılıb yatmışam otların
üstə...". Bu sətirlərdə
həm də bir təbiət məftununun həyat tarixçəsi
əksini tapıb. Həmin tarixçənin davamına
baxaq: "Durub görmüşəm ki, bir yağış
yağıb, damcı da dəyməyib xətrimə belə..."
Ruslan öz reallıqları kimi başqalarının həqiqətlərinə
də şair gözü ilə baxmağı bacarır. "Bu adam
daşından balaca qalıb, bu daş yiyəsindən
yaşca böyükdü" - misralarında
başdaşının mənsub olduğu insanla daşın
arasındakı zaman fərqinə diqqət yetirilir. Bəzən hər gün
qarşılaşdığımız, lakin fərqində
olmadığımız bu şeylər onun
yaradıcılıq özəlliyidir.
Ruslan xəstələnəndə də
özünü xəstə kimi yox, şair kimi aparır. "Üç
aydı təpik döyürəm, "Qara Qarayev" tərəfə..."
misraları onun 2015-ci ildə səhhətində yaranan ciddi
problemlər zamanı qələmə alınıb. Xəstəlik
zamanı Ruslan öz durumunu belə təqdim edir: "Bir
şair var, qələm nədi, üstündə dərman gəzdirir".
Həmin şair reallıqları belə məcazlaşdırır:
"Sənədlərimi vermişəm, "Ağ ciyər"
institutuna..." Onun ağ xalatlı
qızlara yazdığı şeirin həcv və ya vəsf
olduğunu müəyyən etmək çətin olur.
Məni
necə sağaldacaq,
Heç
bu qız qan ala bilmir...
Bir
başqa cəllad gətirin,
Bu
yaxşı can ala bilmir...
Bu cür
hallarla qarşılaşan şair yazır ki,
"Çoxları qoymadı bir salam yeri,
siz elə bildiz ki dəvə kinliyəm..." Bəzən isə
öz günahlarına da sahib çıxır: "Elə
bil, anlıma yazılıb mənim, ruhumu ən doğma kəsdən
küsdürmək..." Bu küskünlüyün də,
incikliyin də səbəbini onun öz şeirlərində
tapmaq mümkündür: "Sənə bircə dəfə
"sevmirəm" dedim, o da ki "aldatma günü"nə
düşdü" - söyləyən müəllif yalan
danışa bilmədiyini də poetik şəkildə ifadə
edir. Hətta qarşı tərəfdən də
əsl həqiqəti tələb edir. "Yalandan
"se-vir-əm!" denən, gerçək-gerçək
unut məni..." Bəzən isə son dərəcə
özünəməxsus xarakter nümayiş elətdirir.
"Bilmirəm, neynirsən get elə, Tanrı o qızn xətrini
özünə qaytar..." Bu yerdə dilimizdəki allah xatirinə frazemi yada düşür. Biz bəndələrdən allaha xatir nəsə xahiş
edirik. Ruslan isə bəndə
üçün allaha müraciət edir. Bu
əslində allahın yaratdığına qarşı
böyük diqqət göstərməklə tanrının
özünə qarşı diqqətcil olmaq anlamına gəlir.
Bu diqqət onun hər bir insan taleyinə həssaslıqla
yanaşmasında da özünü göstərir. O
sosial fərqlilikləri də qeyri-adi ifadə tərzi ilə
təqdim etməyi bacarır.
Varlı
kişilərin şərabı köhnə,
Kasıb
kişilərin tütünü yeni...
İnsanı
bir az da dərdi köhnəldir,
Onun təzəsini
heç kim istəməz.
Baxırsan,
görürsən təzə heç nə yox,
Dərdin
təzələnir istər-istəməz...
Bu nümunəyə istənilən qədər şərh
vermək olar, lakin əsas odur ki, bənd
özü-özünü artıqlamasıyla ehtiva edə
bilir. Onun şeirlərində vətənpərvərlik
motivləri də diqqəti çəkir.
"Şuşa sən boydadı mənim gözümdə,
elə sən özün də Şuşa boydasan..."- sətirləri
ithaf olsa da, həmin şeirdə bir yaddaş
ağrısı var. "Turan andının eşqinə boz
qurdlar yatmaz, ey türküm"- sətirləri də konkret
bir nəfərə ünvanlansa da, ümumtürk insanına
hesablanmış çağırışdır. Eləcə də, "Ay mən yaşdakılar,
bir dövrdənik, bizimlə yaşıtdı Xocalı dərdi..."-
misraları ilə onun şeirlərindəki vətən
obrazının özünəməxsusluğunu
görmüş oluruq. Bəlkə də,
vətənin üzləşdiyi ağrı-acıların nəticəsidir
ki, Ruslan yazır; "Mənim şeirlərim yeriyə bilməz,
hamısı ikinci qrup əlildi".
Onun yaradıcılığında məzmun yeniliyi ilə
yanaşı, forma təzəliyinə də rast gəlinir. Belə ki,
Ruslan bir sıra şeirlərində çox orijinal rədiflərdən
istifadə etmişdir. Bunlara misal olaraq"kisələ"
(içəriyə çatmaz əlin, kisələ,
çölün kisələ), "mənlikdi"
(Almağa hava al gətir, nə olsa pulu mənlikdi...),
"üşüyür" (gəlsin bir yerdə
üşüyək, kim gecə-gündüz
üşüyür...) və.s kimi sözləri göstərə
bilərik. Bununla yanaşı onun qafiyələnmədə
özünəxas cinaslara meyl etməsinin şahidi oluruq.
Bu cür cinaslara"mey və sən- meyvəsən",
"yerdə ha-yer daha", "ta niyə-tanıya",
"üzü nə qədər
çıxıb-üzünə qədər
çıxıb", "söz bazam-sözbazam" və.s
nümunə gətirə bilərik.
Ruslan kifayət qədər gənc yazar olsa da, həm də
artıq püxtələşmiş bir şairdir. Bununla belə,
bəzən diqqətindən yayınan kiçik qüsurları
da olur. Məsələn: "Bahardan payına bir-iki
gül düşür,Payız
bütünlükdə şairlərindi"- misralarında
"bir-iki" sayının yerinə
"üç-dörd" sayı işlənsəydi,
şeirin hecası da pozulmazdı. Təbii ki, bu
cür texniki yanlışlıqlar, başa düşüləndir.
Əsas odur ki, Ruslan istedadlı və milli vətəndaşdır.
O, bir vətəndaş olaraq, nə etməli olduğunu bilən
kəslərdəndir. Ən əsası isə
sözə hörmətlə yanaşıb, sözün qədim
hikmətinə dəyər verir.
Gülnar SƏMA
525-ci qəzet.- 2017.- 18 aprel.- S.8.