Sözə ürək ver ki...
Ta qədimdən
insan övladı sözə sitayiş edib və sözə
sitayiş etmişlərdən hər biri hər hansı bir nəsnəyə
- kimisi saza, kimisi dosta, kimisi qardaşa, kimisi eşqə, kimisi
sədaqətə, kimisi də Sözə ürək
qızdırıb.
Əbədi
və ədəbi aləmdə söz qədər söz,
söz qədər səs, söz qədər müqəddəs,
söz qədər baha, söz qədər tutumlu, söz qədər
rəzil, söz qədər əzəl, söz qədər təzə-tər,.. söz qədər
köhnə və qədim heç nə ola bilməz. Söz Sözü çəkər, Söz
Sözü əkər. Söz sözdən çəkər...
Hər sözün öz ömrü, öz taleyi, öz məşəqqəti,
öz səhəri, öz zəhəri, zülməti var; əbədi
ömürlüsü də çoxdur, az
ömürlüsü - ömrü gödək olan da az deyil.
Sözü sözsüz anlayanda xoş olur, ovqatın da, eynin
də saz olur, xiridar əlinə düşməyəndə naxoş və nasaz olur. Anlaqlı
olanda söz səninlə, sən də sözlə yaşayırsan.
Sözün namın çəkirsən,
sözü qoruyursan, sözü daşıya bilirsən.
Ən
gözəli isə sözün səni
daşımasıdır... Söz səninlə yaşaya;
öz ömrünü də, söz ömrünü də...
Sözlə insan eyni gendən yaranıblarmış kimi
bir-birindən gen düşəndə şursuz,
köksüz, könülsüz olurlar, kökdən
düşürlər saz kimi. Sözə
vurğunluq da bəxti-tale işidi, elə belə vurğunluq
deyil. Sözsüz ki, sözü saf su kimi
içə biləndə sən saz olursan; saz özü də
qəzəl, gözəl, söz və musiqinin
harmoniyasından yaranıb. Əksərən,
bu baxımdan yanaşıram oxuduğum kitablara. Və oxuduğum kitabların təəssüratını
da saf-çürük eləyirəm. Dərk etdiklərimi
tərk və tərg etməyə tələsmirəm,
canlı kimi canımda, qanımda, ruhumda
dolaşdırıram:
Şairin
Nəsimi hənirtili misraları:
Haqq
göndərir sözü mənə,
mən
özümə sığammıram,
necə
sığım sənə, dünya?!
Vətəndə qürbət çəkmiş hər
bir Vətən övladı həsrət
çuğlamış kimi qəribsəyir. Məsələn:
Dağlarda
duman üşüyür,
Dil donub
aman üşüyür,
Din donub,
iman üşüyür,
Damarımda
qan üşüyür...
lll
Həsrət
dolu baxışları,
Yollardan sökməyim gəlir.
lll
Qəm
köynəyi sıxıb məni,
əynimdən çıxmaq istəmir.
Qazanc dalınca dünyanın hər tərəfinə
dərbədər olmuş övladları gözləməkdən
anaların gözlərinin kökü saralır. Şair bu həsrətə
aşağıdakı kimi don geyindirir:
Bala
qucağında ölməkdən sarı,
Bir oğul gəlişin gözləyir ana.
Dünyanın
bivəfalılığını hələ gənc
yaşlarından hiss edən Sabir Zamanlı dünyadan
haqq-hesab sorur:
Bu
dünyadan nə aparım,
gələndə əli boş gəlmişəm.
lll
Sənin
kimi yaşamağı,
Dünya, mən səndən öyrəndim.
lll
Sən məni dərdlərin içində axtar.
Onun
ictimai çevikliyi də bu müstəvidədir:
Xoşbəxtliyə
qaçanlar da,
Mənzil başı çatır qəmə.
lll
Çiynimizi
yük daşımaq üçün yaratdı,
çox
yüklər daşıdım,
ağrını, acını hiss etmədim,
Ancaq ən
ağır yük doğmalarımı
çiynimdə son mənzilə aparmaq oldu,
bu
gün də onun acısını,
ağrısını çəkirəm qəlbimlə.
Şair əxlaqında
olan çox az şair, yazar əxlaqında
olan, yenə də, çox az yazar tanıyıram, bəlkə
çoxdur, mən bilmirəm?! Sabir Zamanlının bu
yaxınlarda çapdan çıxan və martın 10-da Azərbaycan
Yazıçılar Birliyində təqdimatı
keçirilmiş "Ömür məndən inciməsin..."
kitabını oxuyurdum, yuxarıdakı nümunələri həmin
kitabdan iqtibas eləmişəm. Sabir mətn
yarada bilib və bilir. Şeirlərində
kəmiyyətdən çox keyfiyyətə
üstünlük verib, diqqət ayırıb. Şairin başıaşağı, utanc gətirən
gözükölgəli bircə misrası da yoxdur. Çiy sözü, çiy şeiri, fikri də
yoxdur. Çalışıb ki, hər şeir öz
yerini tutsun, sözünü desin. Sabirin
sözünü deyən və deyə bilən şeirləri
əksəriyyət təşkil edir. Elə
bilirəm ki, ictimaiyyət arasında da Sabirin
sözünü deyən çox olacaq, necə ki, yazar
dostları onun sözünü tuturlar.
Sabir
Zamanlı birinci kitabını da mənə ərməğan
eləmişdi: "Özümdən özümə yol gedirəm
mən" adlı kitabı da çox zadlar demişdi mənə;
sızlayan bir qəlbin inləyən misraları:
O uca zirvələr,o uca dağlar,
Fələyin atdığı daşdan yaranıb.
lll
Məni
kamilliyə aparan izlər,
Xətadan sonrakı kaşdan yaranıb.
lll
Bir
yığın həsrətdir, bir yığın qubar,
Zədəli duyğular, əzik duyğular.
Ömür boyu arzuların dalınca düşüb
ümidlərə arxayın olanlar ümidlərin də əliyalın
olduğunu son anda duyarlar. Necə ki, şair deyir:
Bəzən
ümidlər də bir yavanlıqdır,
Nöqtə
bitmiş olur, noqtə sonluqdur,
Allahım,
sən məni nöqtədən qoru!
lll
Yalanlar
tam, doğru kəsir,
Haqq-ədalət
düşüb əsir,
Dindarımız
qiymət kəsir,
Diri ucuz, ölü baha.
Əli qələm tutanların əksəriyyəti
ananın vəsfində bulunurlar. Atanı vəsf edənlər ata həsrətini
görəndən və o həsrəti özünə həmdəm,
dost bildiyi atasının yoxluğundan sonra yana-yana qələmə
alır:
Yad
gülüşün dodağıma caladım,
Həsrətini
sinəm üstə qaladım,
Qəbrin
üstə torpağını yaladım,
Sənsizliklə barışmadım, ay ata.
Şairlər vətənin suvar yeridir. Vətənə
gələn hər bir dərd, bəla, qada, sazaq və soyuqlar
şairin canından keçir. Vətəni bütöv
həsrətini bəlkə də şairlər çəkir:
Bəlkə
utancından, bəlkə tənədən,
Bu qədər
əriyib, kiçilib Şuşa?!
Dumandan
özünə biçib ağ kəfən,
Sanki,ayaq üstə keçinib Şuşa...
Mən çox sifətlər görmüşəm;
nurlusunu da, nursuzunu da, abırlısını da,
abırsızını da, sırtığını da,
bozunu da. Həyat məşəqqətlərimdən vahə
olan bu sahədə çox-çox məlumatlıyam, nə
qədər desəm də ehtiyatlıyam, yalan olar, səbəb
özü səni qarabaqara izləyir, üzləyir, sonra da
üzür. Sabirlə, elə bil, misra simləri bizi
ortaq məxrəcə gətirir:
O qədər
yalan gördüm,
Düzə də inanmadım.
Sıfıra
heç dedilər,
Yüzə də inanmadım.
Söz
sözlə əyişdikcə,
Yalan dəbə
düşdükcə,
Sifətlər
dəyişdikcə
Üzə də inanmadım.
Gələnlər gəlib getdi.
Ağlayıb,gülüb getdi,
Cığırı
elə itdi,
İzə də inanmadım.
Qəminə
ümid yeri kimi baxan şair, özü də qəmin ümid
yeri, söykənəcəyi, baş qoyacağı
çiyindir:
Məni
Tanrım saxlayacaq,
Sən dərdimi saxla, dünya.
Dünya nə sabahla qurtarır, nə də dünənlə
tükənir.
Dünya qarşılayıb yola salandı:
Ey tənha
ağlayan bil ki,
Tənhalıq səndən keçir.
Və
yaxud
...Alın
yazıları əriyib gedib,
Üç kəlmə söz qalıb
daşının üstə.
Sabirin
ikinci kitabına yığılmış şeirlər,
sözlər xeyli qabağa sıçrayıb:
Haqq
içində haqq axtaran,
Sevib, seçmək özü haqdı.
Gözünü
gözdən gizlədir,
Bu qız yaman utancaqdı.
Sabirin vətənlə
bağlı şeirləri də öz mərhəmliyinə
sadiq qalıb:
Vətəndaşıq
deyə-deyə,
Bu vətəndə daş olmuşuq.
Heç kim bizə qarğamayıb,
Özümüz
qarğış olmuşuq...
Öz
içində dərd cücərdən,
Bir leysan yağış olmuşuq.
- burada çox dürlü mətləblərə
işarə vurulur, burada Sabir və Sabir yanğısı, vətəndaşlığı
qayəsi görsənir. Şeirlərin ağrısı da, əzabı
da öz yerindədir:
Mən
günümü ağ istədim,
Kəfənimi
ağ göndərdi.
Axıb
ümmana gedən varın, sərvətin, torpağın, yarpağın
ola, ixtiyarın, iqtidarın, amanın
olmaya ki, haqqına sığınasan. Sənə yalnız
göz dustağı olmaq qala:
Qismətinə
key-key baxan,
Bir quru baxış olmuşuq.
Sabirin kitabını oxumağa vərəqləməkdən
başlamışdım, ordan-burdan... kitabı
yarılamışam. Şeirlər əlimdən tutub özlərini
mənə oxudurlar. Sabir Zamanlının
şeirlərini ötüb keçmək istəsəm də,
oxuyandan sonra keçə bilirəm, arada boş
buraxdığım şeirlər də olmur. Kitabda şeir, ifadə seyrəkliyi də yox dərəcəsindədir.
Hər şeirin öz məziyyəti, öz
duyğusu. sevgisi, kədəri, həsrəti
boy göstərir:
Gəl,
könlümü tax eşqinə,
Eşqindən asılı qalım.
Bir bucaq
ver mən, qəlbinin
Küncündə basılım qalım.
- bu da bir sevgi, vəfadarlıq səadətidir.
Təbrizə, Araza yazılan şeirlərin sırasında
özünə yer tutan misralar nisgilli xallar vurur:
Araz,ver axar suyunu,
Qoy
saxlayım gözlərimdə
- Araz ona
da qıymır.
Yad nəfəs
üşüdüb səni
Gəl Təbriz,
mən yayın olum
- bəlkə, qoynunda qalan əlləri isinə,
Savalanın buzu əriyə... Ürəyini kədərlə
barışmağa sövq edən şair ürəklərdən
keçən və keçə bilməyən yollardan da
haqqına gileylidir:
Bu nə
yoldu hər addımı döngə, tin...
Üstümüzə
töküb qəmli ahları,
Kimi
acdı, kimi yeyir haqları,
Qarşımıza
töküb ağ günahları,
Yol da
vermir bir az ondan yan keçək.
Sabir hər
şeirində axtarışdadır, axtardıqca axtarır,
tapır... hər tapdığıyla özünə
dönür, özünə qayıdır... Lakin
heç vaxt Sözün üzünə qayıtmır.
Ömür,
günüm neçə rəngə bələndi,
Xəyallarım
gəzib ərşi dolandı,
Sözdən
başqa hər nə varsa,yalandı.
Nə yaxşı sözümdən keçə bilmədim.
Şair
araya salıb mollaya da yerqırması bir selbə atır:
Dilində
quran ayəsi,
Molla da pirdən danışır.
Xirtdəyəcən
çirkə batıb,
Çirkabdan, kirdən danışır.
Bu dəli
sevdadan qoparın məni- deyən şair, bütün
sevdalılar kimi dünyanın dilini tapa bilmir:
Zurna
çalan bu dünyanın,
Mən züyünü tutammıram.
Və
yaxud
Günmü
gördüm bu dünyada,
Deyim ki, ağ günə çıxdım?!
Mən,
Sabir Zamanlının şeirlərindən nümunələr
gətirdim,yenə də istədiyim qədər
gətirə bilərəm, amma oxucu üçün də
saxlamalıyam. Sabir yollara o qədər inanmasa
da, yolları getmək zorundadır. Tanrıya xitabən
yazır:
İndi
savab axtarıram,
Bu qədər günah içində.
Necə gəlim
sənə doğru,
Mən bu
qədər ah içində
- gözəl özünüdərkdi. Sabirin sevgi şeirləri də ürəkdən
süzülüb gələn şeirlərdi. Bəndləri
qalaça kimi qalaylıdı, sanki, şair qala tikməklə
məşğuldu...
Aforizm
xalqın malı olub, folklor şəklində
xalqa qayıdan hikmətlərdi. Qələm əhli öz
aforizmini yazanda isə o, oturuşmuş, bişmiş şəxsiyyət
təsiri bağışlayır:
Mənə olunan pislikləri unutmaqla yaddaşımı
pisliklərdən təmizləyirəm.
Hamının
bir-birində axtardığı günah görəsən
hardadır?..
Bəli,
Sabir Zamanlıya zamanlaşan, sözləşən şair
deyib, söz taleyi təmənnasıyla yazımı bitirmək,
xülaseyi-kəlam demək zorundayam: Sabir kimi söz
sorağında olanlara uğurlar diləmək lazımdır,yalnız uğurlar. Çünki
onlar özlərini tapmaq əzmindədirlər.
Bəli,
Sözə can qıy ki, Söz də sənə can
qıysın, qana dönüb damarlarında dolaşsın:
ümid olsun, arzu olsun, eşq olsun...
Eldar SƏfA
ŞAHVƏLƏDLİ,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şair,
prezident təqaüdçüsü
525-ci qəzet.- 2017.- 18 aprel.- S.7.