Öz könül
dünyası olan şair...
Bəzən insanlar yazıb-yaradırlar,
səssiz-səmirsiz öz
işlərilə məşğul
olurlar.
Elə bilirsən
ki, onlar problemlərdən, qayğılardan
uzaq olan insanlardır ki, səslərini çıxarmır,
heç yerdə özlərini önə çəkmirlər. Bir də baxırsan
ki, sakit təbiətli bu insan qəlb ağrıdan, insanı düşünməyə vadar
edən publisistik məqalələrlə mətbuatda
çıxış etdi.
Və ya təsirli şeirlər toplanmış
bir kitabı çap olundu.
Belə insanlardan biri də "Ədalət"
qəzetində baş
redaktorun birinci müavini olan Əməkdar jurnalist Əbülfət Mədətoğludur. Hər insanın
həyatda öz daxili aləmi olduğu kimi, haqqında söz açacağım Əbülfət
Mədətoğlunun da
öz könül dünyası, özünə
xas olan dünyasında isə haqq dolu dəryası
var. Könül dünyasının
ümmanı isə daim təlatümdədir.
Mənim onunla tanışlığım
"Ədalət" qəzeti
vasitəsilə oldu. Onun yazılarını
həmişə izləyirdim.
Bir dəfə Qarabağ müharibəsinə həsr
olunmuş əlyazmamı
Əbülfət müəllimə
göndərdim. Dedim
ki, Əbülfət müəllim, bir nəzər salın, birdən kəndin adlarını, yerini səhv salaram, qarabağlılar məndən
inciyər. Əbülfət
müəllim dedi ki, baş üstə,
bacım, baxaram.
Mən onunla telefonla danışırdım,
elə telefondaca onun qayğılı səsindən Qarabağ kədərini içində
necə boğduğunu
hiss elədim. Bir neçə gündən
sonra əlyazmanı mənə qaytardı.
Dedi ki, heç bir düzəlişə ehtiyac
yoxdu və bir dənə də ön söz əvəzi yazmışdı.
Onun Qarabağ
dərdi tək üzündə, səsində
yox, yazdığı
məqalələrində, əsərlərində, şeirlərində
də öz əksini tapıb.
Şairin mənə avtoqrafını
yazıb göndərdiyi
"Ürəyim sənlə
danışır" kitabını
oxuyacağım kitabların
cərgəsinə qoymuşdum. Hər rəfə
yaxınlaşanda kitab
məni cəlb edirdi. Ancaq ildırım sürətilə
qaçan günlərim,
saatlarım ucbatından
onu oxuya bilmirdim. Nəhayət
ki, bir az vaxt boşluğundan
istifadə edib onu əlimə aldım, varaqladım. Şeirlər məni ahənrüba kimi özünə çəkirdi,
şeirlərin sirli təsirindən çıxa
bilmirdim... Qarabağ dərdi, yurd
həsrəti onu qarabaqara izləyirdi.
Dərdini ağ
vərəqlərə deyirdi.
Dərdin əlindən dərdini
qoymağa yer tapmırdı sanki. Vətən qaçqını,
yurd qaçqını
olan insan canını qoymağa heç yanda yer tapmayaraq ürəyindəki nisgili
vərəqlərə tökürdü:
Qaçqınıyam Vətənin,
Əsiriyəm vədənin.
Quruyan bir bədənin -
Qanında yer tapmadım.
Nə yazıq ki, Vətən sənin, yurd sənin, ancaq ağrıyan bədəninə məlhəm
ola biləcək
torpağın olmasın.
Bundan da böyük nisgil ola bilərmi
insan övladı üçün?
Nə yazıq ki, yaylağı, qışlağı
olsun, dincəlmək,
istirahət yeri yenə də yeknəsək bildiyin yerlər olsun:
... yaylağım Sulutəpə
aranım
Biləcəri.
... kasıbın, qaçqının məzuniyyəti
də
Çəpərin dibində oturmaqdı,
durmaqdı...
Qarabağ dərdi dərdli övladını elə sarıb ki, dərdin dibini, sonunu görmək üçün dərd adlı quyunun dibinə enmək istəyir. Dərdin dibinə gedə-gedə tanış dərdlərə rast gəlir, sağına boylanır, soluna nəzər salır. Hamısı eyni dərddir: Vətən dərdi, Qarabağ dərdi. Bilir ki, düşəcəyi
dərd quyusunun dibi ölümdür.
Ölümdən qorxmadan necə
olursa olsun quyuya düşmək istəyir. Ancaq dərd quyusuna gedən kəndiri belə tapa bilmir:
... Dərdin dibinə enməyə-
Çatmadı kəndirim, düşüm...
Dərd
də namərdlik elədi,
Atmadı kəndirin düşüm.
Şair bəzən tərki-dünya
olur, heç kimi yaxın buraxmaq istəmir. Dərdlə
baş-başa qalıb
onun öhdəsindən
tək gələcəyinə
inanır:
Dərdlə tək qalacağam,
Siz uzaq olun mənə!
...Dərdin ölçü
qaşığın,
Gizləyib saxlayacam...
Bəzən şairin əli hər yerdən, hər şeydən üzülür. Ümidini Allaha bağlayır.
Ağrılara tuş gələn
aşiq kimi sanki onu tək
Allah saxlayır. Nə yaxşı
ki, Allaha inam qalıb, ümid qalıb. Sonda ölən ümiddir - belə deyib müdriklər...
Əbülfət Mədətoğlunun sevgi
şeirləri də oxucunu öz cazibəsinə çəkir. Şair sevgi
dolu bir ürəklə ətrafına
baxır, gözübağlı
göndərsələr belə
gedib sevdiyini tapacaq qədər məğlubedilməzdi. Hansı
səmtə getsə sevdiyinin izini görür, gülləri
oxşayanda üzünü
görür:
Yollara baxıram,
Mən izimi görürəm.
Gülləri qoxlayıram-
Bənzini görürəm.
Bəzən sevgilisinin yaddaşına
gəlişilə bərabər
od vurulub
yandırılan, tüstülənən
kəndi yadına düşür.
Xatirələri də sanki od tutub yanır, tüstülənir. İçini payız yelləri soyudur, sovurur. Keçmişdə qalan günləri qarmaqarışıq düşür. Bəzən də özünə qapılır, əli yerdən-göydən üzülür. Varından yox olur.Içində özünə qarşı üsyan edir. Heç içində "işaran göz" də köməyinə çatmır. Cismi sanki güllələnmiş daşdır. Ümid verəcək bir adam da yoxdur ki, dərdini ona danışsın. Nə yaxşı ki, istədiyi qızın şəkli ondadır, onun döşünün üstündəki cibindədir. Onunla təsəlli tapır, dərdini ona deyir:
Ümid verəcək nəsə,
Kimsə düşmür yadıma.
Şəklin gözüm önündə-
Budur çatan dadıma...
Şairin torpağa, yurda bağlılığı çox güclüdür. Vətən boyda torpaq itirmiş şair quş olub o yerləri bir də gəzmək arzusunu dilə gətirir. Xəyalən göylərdən asılı qalaraq o yerləri bir də seyr edir. Yaddaşındakı xatirələrinin işığı ilə doğulduğu yurdunu bir daha xatırlayır. Torpaq, vətən, onu özünə çəkir, torpaqdakı gücə mat qalır:
Könlümü oxşayıb, gözümü çəkir,
Canımdan tük kimi sözümü çəkir.
Yaramın üstünə dözümü çəkir-
Torpaqda bu boyda gücə bax, allah!
Şair inanır ki, dünyada ən zülm iş nə ayrılıq, nə ölüm deyilmiş, ən betər zülm gələcəyə ümid bağlayıb, tikan üstə oturmuş kimi yol gözləmək imiş.
Şairi hərədən diqqət umduğu dostların etinasızlığı, diqqətsizliyi incidir, ürəyi sıxılır. Əl verib görüşdüyü əllərin soyuqluğu, baxışlardakı yadlığı görsə də, özünə toxdaqlıq, dəstək verir; ürəyini insanlardan üz döndərməməyə çağırır:
Mən ürəklə, istəklə
Diqqət payladım, amma
Öz-özümə dəstək də
Verdim ki, soyuq olma!
Başqa bir şeirində şair dilə gələrək deyir:
Sönən işıqlar kimi,
İçimdə istək ölür.
Əlimi uzadıram,
Umduğum dəstək ölür.
Bu dünyada hər bir bəşər övladının bir taleyi var: doğulur, yaşayır... Hər bir insan nəsil artırmaqla yanaşı xeyirxah işlər də görür. İnsan var ki, onunla rastlaşanda sevinirsən, qəlbində bir rahatlıq tapırsan. İnsan da var ki, üz-üzə gələndə üzünü döndərmək istəyirsən. Əbülfət Mədətoğlu da birincilərdəndir. Belə insanların ürəyi həmişə Vətən, el-oba, torpaq, övlad sevgisilə döyünür. Əbülfət Mədətoğlu kifayət qədər tanınan jurnalist və şairdir, fədakarlıq hissilə yaşayan bir insandır. Əbülfət müəllim təbiətcə çox sakit adamdır.
Qabaqcadan heç nəyi demir. Sonradan yazdığı məqalələri oxuyanda hiss edirsən ki, bu adamın qələmi necə də qüdrətlidir. Nə xoşa gəlmək üçün şişirdilmiş ifadələr, nə də xəsislik, qısqanclıq duyulan fikirlər onun yazılarında, publisistikasında yoxdur.O, çox diqqətcil və səmimidir. Bunu onun şeirlərində də görmək mümkündür. Şeirləri də özü kimi səmimidir, sadədir. Fəlsəfi tutumu qədərincə olsa da, deyim tərzi, dili anlaşılandır, rəvandır. Mən Əbülfət müəllimin kitabını təqdir edirəm və onun öz oxucusunu tapacağına əminəm.
Salatın
ƏHMƏDLİ
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 18 aprel.- S.7.