Otuz üç
gündür
(şeir)
Sən gedəndən yuxum qaçıb,
Fikrim qarışıb,
Çaşıb ağlım,
Başım çaşıb, oğlum.
Ruhum bu halımla barışıb,
oğlum.
Bəlkə heç əvvəldən
yuxum yox imiş...
Bəlkə uzun ömrüm,
Bir uzun qarışıq yuxu imiş...
Sən vardın axı,
Sənin
hər arpa boyu
Boy atdığını izləyirdim.
Səni
yaman gözdən,
Yalan sözdən,
Sürtük üzdən
Ürəyimin içində gizləyirdim.
İndi
otuz üç gündü
Bilmirəm ürəyim ağrıyır,
Yoxsa ürəyimin
içində sən
ağrıyırsan.
Mən ağlamağı bacarmıram,
oğlum,
Yəqin ürəyimin içində
sən ağlıyırsan.
Oğullar atadan uzun yaşayar.
Atadan sonra
Atasının adını alnında daşıyar.
Bəlkə mən sənin həyatındayam, oğlum.
Gözlərim yatmır,
Havam çatmır,
Ürəyim atmır,
Bəlkə mən də
Torpağın sən yatan qatındayam, oğlum.
Ağlama qurbanın olum.
Mənim
də gözlərim dolar,
Bu da sənə bir dərd olar,
oğlum...
13.04.2017
Fikrət
QOCA
525-ci qəzet.- 2017.- 18 aprel.- S.7.