Ədəbi-fəlsəfi fikir
tariximizin diqqətəlayiq səhifəsi
Ömür yolu, yaradıcılıq
istiqamətləri barədə
indiyədək geniş,
sistemli tədqiqat işi aparılmayan görkəmli ədəbiyyatşünas,
istedadlı nəzəriyyəçi,
peşəkar ədəbiyyat
tarixçisi, Azərbaycan
- Rusiya ədəbi-mədəni
əlaqələri sahəsində
müstəsna xidmətləri
olan alimlərimizdən
biri də, uzun illər Nizami adına Ədəbiyyat İnstitutunda
elmi işçilikdən
şöbə müdiri
vəzifəsinədək yüksələn
professor Mikayıl Rəfilidir
(1905-1958).
Aprel ayının
25-də dünyaya gələn
və eyni gündə də həyatını dəyişən
bu böyük şəxsiyyəti yaxından
tanıyanlar onu çox istedadlı, sərt və mərd insan kimi xarakterizə edirdilər.
Mikayıl Rəfili 1933-cü ildə
SSRİ Elmlər Akademiyası
Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin
Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektorunda elmi tədqiqat fəaliyyətə başlamışdır. O vaxt həmin sektorda Böyükağa Talıblı,
Əmin Abid, Salman Mümtaz, Həmid Araslı, Həbibulla Səmədzadə,
Avadyay Avadyayev, Qulu Quluzadə, Davud Quliyev, Paşa Sultanov, Mir Əbdülqasım Mirqasımov
və b. çalışırdı.
Mikayıl Rəfiliyə
"Ədəbiyyat ensiklopediyası"nın
sözlüyünü tərtib
etmək və hazırlamaq həvalə olunmuş, o, 1935-ci ildə
"A"-dan "M"-dək
15 m.v. həcmində iş görmüşdür.
1938-ci ilin fevral ayında Tarix, Dil və Ədəbiyyat
İnstitutunun direktoru,
professor İdris Həsənovun
26 saylı əmri ilə Mikayıl Həsən oğlu Rəfili böyük elmi işçi vəzifəsinə təyin
edildi. Sentyabr ayında tarix
müstəqil instituta
çevrildi, Ədəbiyyat
və Dil İnstitutuna isə Nizaminin adı verildi. 1939-cu il yanvar ayının 1-dən Nizami
adına Ədəbiyyat
və Dil İnstitutuna Heydər Hüseynov direktor təyin edildi. Bu vaxt institutun
strukturu 3 şöbədən
və 18 işçidən
ibarət idi. Ədəbiyyat şöbəsində
Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Mübariz Əlizadə və Tamara Əhmədova
çalışırdı.
SSRİ
EA Azərbaycan Filialının
sədr müavini Əhəd Yaqubovun rəhbərliyi ilə 5 yanvar 1939-cu ildə Nizami adına
Ədəbiyyat və
Dil İnstitutunun geniş istehsalat müşavirəsi keçirildi.
Gündəlikdə yeganə
məsələ: "Nizami
adına Ədəbiyyat və Dil İnstitutunun iş perspektivləri haqqında" idi.
Yığıncaqda institutun əməkdaşlarından
H.Araslı, A.Avadyayev,
Y.Əliyev, M.Əlizadə,
C.X.Hacıyev, H.Hüseynov,
M.A.Dadaşzadə, İ.Cəfərzadə,
F.Qasımzadə, M.H.Təhmasib
və başqaları
iştirak edirdi.
Mikayıl Rəfili
söz alaraq dedi: "Şöbələrin
adlarını dəyişməklə
irəliləyiş mümkünsüzdür,
ona görə də ədəbiyyat və dil şöbələrini
olduğu kimi saxlamalı, folklor şöbəsini ləğv
etməli, onu ədəbiyyat tarixi şöbəsinə folklor
komissiyası kimi birləşdirmək lazımdır.
Folklorun ədəbiyyatla sıx əlaqəsi vacibdir.
Məsələn, "Koroğlu" eposunun mövzusu haqqında araşdırmanı
ədəbiyyat tarixindən
necə ayırmaq olar?
İşin əsas istiqaməti nəşryönümlü yox,
ədəbiyyat tarixi,
dil, folklor və sair problemlərlə
bağlı elmi-tədqiqat
yönümlü olmalıdır.
İndiyədək işdə əsas çatışmazlıqlar elmi
iclasların yoxluğu
ilə bağlıdır. Elmi-tədqiqat institutu ölkənin elmi-tədqiqat həyatına
rəhbərlik etməlidir.
Proqramların müzakirəsində,
dərsliklərin hazırlanmasında
ali məktəblərə
köməklik göstərilməlidir.
Bir sıra məsələlərin
qoyuluşu üçün
işçilərin cəlb
olunması vacibdir.
İndiyədək bu
məsələlərlə heç kim
məşğul olmamışdır.
Dəyərli elmi işlərin
yerinə yetirilməsi
üçün ezamiyyətlər
zəruridir. 1938-ci ildə ezamiyyətlərdən
istifadə olunmamışdır.
Ezamiyyət zamanı yeni
materiallar araşdırılmalı,
seçilməli və
onun əsasında dissertasiyalar yazılmalıdır.
Daha sonra, İnstitutun Azərbaycan ədəbiyyatının
əsas problemlərinə
həsr edilmiş əsərlərinin nəşri
məsələsini vurğulamağa
ehtiyac duyulur. Nəşrinə ehtiyac duyulan çoxsaylı materiallar var, məsələn "Qarabağnamə",
"Bakıxanovun şeirləri",
"Kəmaləddinin əsərləri",
"Qədim İndus
ədəbiyyatı abidələri", Azərbaycan dilinə çevrilmiş
ədəbi məclislərin
əsərləri...
Yalnız öyrənmək və nəşr etmək deyil, həm də işi təşkil etmək vacibdir. Daha böyük intuziazm
ilə (indi hiss olunur ki, hamı
çalışmaq istəyir)
işi yenidən qurmaq, ölkəyə, xalqa onların tələb etdiyini vermək - ölkəsinin
vətəndaşı olan
hər bir işçinin borcudur".
Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun yeni təşkilatlandığı dövrdə professor Mikayıl
Rəfilinin fəaliyyəti
və təşəbbüsləri
bu gün də əhəmiyyətini
qoruyub saxlamaqdadır.
İnstitutun 1941-ci il planını nəzərdən
keçirdikdə müşahidə
edirik ki, altıcildlik "Azərbaycan
ədəbiyyatı tarixi"nin,
eləcə də,
"Azərbaycan ədəbiyyatı
tarixinin qısa kursu"nun hazırlanmasına
Məmməd Arif, Cəfər Xəndan, Mir Cəlal, M.H.Təhmasib ilə yanaşı, Mikayıl Rəfili də cəlb olunub.
Nizami adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının qərarı
ilə professor Mikayıl
Rəfili 1951-ci il 1 sentyabrda Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri
seçilib. Lakin o, bu vəzifədə
uzun müddət səmərəli fəaliyyət
göstərə bilmədi.
Açıq və sərt
çıxışları ona baha başa
gəldi. Bir il sonra, 1953-cü il oktyabr ayının
əvvəllərində İnstitutun
Elmi Şurası onu "burjua ideologiyasının" təbliğində
"günahlandıraraq" institutdan xaric etdilər.
Mikayıl Rəfilinin bugünkü oxucu üçün naməlum olan daha bir açıq
və sərt çıxışı Moskva
Dövlət Universitetinin
Ədəbiyyat və
incəsənət fakültəsinin
tələbəsi adını
daşıdığı dönəmdə,
22 yaşında olan zaman etmişdi.
1928-ci ildə Mirzə
Fətəli Axundzadənin
vəfatının 50-ci ildönümü
Bakıda və Moskvada təntənəli
qeyd edilirdi. O vaxt Kommunist Universitetinin Ədəbiyyat və İncəsənət seksiyası
fevralın 18-də "Mirzə
Fətəli Axundov ədib və yeni türk əlifbasının pioneri"
adlı elmi sesiya keçirmiş, Seydiyev və İsfəndiyarov məruzə,
Smidoviç, Arşanuri
və Mikayıl Rəfili çıxış
etmişdir. Rusiya Elmlər Akademiyasının
Arxivindən əldə
etdiyimiz prof. Mikayıl Rəfilinin bu nadir çıxışı
gəncliyə xas pafosu, ehtirası və fərqli baxış prizması ilə fərqlənir və çox maraqlıdır. Tədbirin məruzəçilərindən
İsfəndiyarov Səncər
Seyid Cəfər oğlu 1889-cu ildə Daşkənddə anadan olmuş, ixtisasca hərbi həkim idi. O, Sovet dövründəTürkmənistan Respublikasının səhiyyə
naziri, sonra isə Mərkəzi İcraiyyə Komitəsinin
sədri seçilmişdir.
Nəriman Nərimanovla
yaxın dost idi.
1928-ci ildə isə Səncər Seyid Cəfər oğlu Kommunist Universitetinin Nəriman Nərimanov adına Şərqşünaslıq
İnstitutunun direktoru
idi. Seydiyev isə (Təəssüf ki, onun haqqında
geniş məlumat əldə edə bilmədik - A.R.) 1920-ci illərin
əvvəllərində Bakı
Dövlət Universitetində
işləmiş, burada
yaradılan Fəlsəfə
cəmiyyətinin katibi
seçilmiş, jurnallardan
birində fəal çalışmış, sonralar
isə Moskvaya gedərək Kommunist Universitetində fəaliyyətini
davam etdirmişdir.
Mikayıl Rəfilinin Mirzə
Fətəli Axundzadəyə
həsr etdiyi çıxışının üslubuna toxunmadan, mübahisəli məqamlara
şərh vermədən
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
elmi əməkdaşı
Ülkər Hüseynovanın tərcüməsində
təqdim edirəm.
Yeri gəlmişkən: bu gün ədəbi ictimaiyyət tərəfindən
Ülkər xanımın
80 illik yubileyi qeyd olunur. İstedadlı tərcüməçini, cəmiyyətdə
böyük nüfuz sahibi olan professor Şirməmməd Hüseynovun
fədakar həyat yoldaşını yubileyi
münasibətilə İnstitutumuzun
Həmkarlar Təşkilatı
adından səmimi təbrik edir, cansağlığı, fəaliyyətində
yeni uğurlar arzulayıram.
Asif RÜSTƏMLİ
AMEA Nizami adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi
və publisistika şöbəsinin müdiri
525-ci qəzet.- 2017.- 18 aprel.- S.6.