İrfan Çiftçi: "Bu sərgi ilə bağlı gözləntilərimiz
doğruldu" - Fotolar
"16-cı Beynəlxalq Turizm və
Səyahətlər Sərgisi Türkiyə-Azərbaycan mədəni əlaqələrinin
inkişafında müsbət rol oynadı"
Bugünlərdə - aprelin 6-dan 8-dək Bakı Expo Mərkəzində 16-cı Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2017) keçirilib. Beynəlxalq miqyasda turizmlə bağlı mühüm tədbirlərdən olan bu sərgi bir çox cəhətlərilə diqqətəlayiq hesab edilir.
Sərginin təşkilatçılarından olan Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çiftçi mədəniyyətin xalqlar arasındakı əlaqələrin möhkəmlənməsinə bilavasitə təsir etdiyini, bu sərginin iki qardaş ölkənin mədəni əlaqələrinin inkişafında müsbət rol oynadığını vurğulayıb: "Mən Bakıya təxminən bir ay əvvəl gələrək çalışmağa başladım. Bir il idi ki, bizim Müşavirliyin fəaliyyəti dayanmışdı.
Bu sərgi işlərimizi canlandırmaq üçün bir vəsilə oldu
Çünki bu, Azərbaycanda keçirilən ən böyük sərgidir. Sərgi çərçivəsində
kiçik bir festival da təşkil etdik. Biz təkcə
turizmin deyil, Türkiyə mədəniyyətinin
təbliğini də
həyata keçirmək
istəyirdik. Bacardığımız
qədər buna nail olduğumuzu düşünürəm. Sərgimizin ilk açılış gününə
cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva da qatıldılar, öz dəstəklərini bizdən
əsirgəmədilər. Ümumilikdə götürsək, bu sərgi ilə
bağlı gözləntilərimiz
doğruldu".
İrfan Çiftçi
sərgidə iştirak
edəcək sənətçilərin
Bakıya dəvət
olunması və buradakı fəaliyyəti
haqqında deyib: "Sənətçilərin hamısını
mən dəvət etdim. Bu da bizim sahədə bir ilkdir. Hörmətli Mədəniyyət nazirimizə əvvəlcədən
bu haqda məlumat verdik və onun da
razılığını aldıq. Sərgi boyunca yanılmadığımızı
da gördük.
Teatr oyunlarımız Azərbaycan
xalq rəqsləri ilə başlayıb, Türkiyənin xalq rəqslərinə çevrilir.
Məncə biz mədəniyyətin, sənətin dəyişdirici,
yaxınlaşdırıcı gücündən maksimum istifadə etməyə çalışmalıyıq".
İ.Çiftçi sərgiyə gənclərin
marağını artırmaq
üçün internetdə,
sosial şəbəkələrdə
reklamın gücləndirilməsinin
vacibliyini vurğulayıb.
Mədəniyyət müşaviri əlaqələrin
daha da gücləndirilməsi
üçün təkcə
Bakını deyil, bütün Azərbaycanı
əhatə edəcək
fəaliyyət planları
hazırladıqlarını qeyd edib. Vaxt məhdudiyyətindən türkiyəli
qonaqlara Bakını geniş tanıtmaq imkanı tapmadığını
deyən İ.Çiftçi
sadəcə şəhərin
qədim hissəsini gəzdiklərini, sakinlərin
teatr sənətçisi
Mehmet Ustaya, ney ifaçısı Burcu Karadağa və digər qonaqlara diqqətindən məmnun qaldıqlarını
bildirib.
Sərgiyə dəvət
olunmuş qonaqlardan tanınmış teatr və kino aktyoru,
"Zeytiburnu Gösteri
Sanatları Merkezi"nın (Teatr Sənət Mərkəzi)
baş rejissoru Mehmet Usta Azərbaycana
səfərindən və
bu kimi tədbirlərdə
iştirakdan böyük
məmnunluq duyduğunu
deyib: "Bu, Azərbaycana
ikinci gəlişimdir.
On il öncə
bir çəkilişlə
əlaqədar ilk gəlişimdə
Bakıda cəmi bir gün qala
bildim. Ona görə də
indiki gəlişimi
ilk kimi qəbul edirəm. Son illər Bakı çox dəyişib, müasirləşib.
Azərbaycan bizə
mənəvi baxımdan
çox doğmadır
İnsanları çox mehriban, qonaqpərvərdir. Ona görə də özümü evimdəki
kimi rahat hiss etdim".
Aktyor azərbaycanlı
izləyicilərdən gördüyü
münasibətdən də
söz açıb:
"Sosial şəbəkə
vasitəsilə Azərbaycandan
məni axtarıb tapan, əlaqə quran, öz sevgisini bildirən insanlar olurdu. Çünki gördüyümüz işlər, çəkildiyimiz
filmlər Türkiyə
qədər burada da izlənilir və sevilir. Keçən gün çox gözəl bir hadisə baş verdi.
Getdiyimiz bir yerdə musiqi qrupunun bir üzvü
həyəcanla bizə
yaxınlaşdı, illər
öncə çəkdiyimiz
"Mommo kız kardeşim" filmini xatırladı və həmin filmə görə, çox sevdiyi gitarasına Mommo adını qoyduğunu dedi. Bu, əlbəttə, çox gözəl və qürurverici bir hissdir. Könül istərdi ki, işlə bağlı deyil, bir tətil
zamanında gəlib, buranı daha dərindən tanımaq fürsəti əldə edək".
Rejissor rəhbəri olduğu teatr haqqında söz açaraq, səhnəciklərində Azərbaycanla
bağlı mövzulara
yer verilməsindən
də bəhs edib.
Azərbaycan kino və teatr sənəti
haqqındakı fikirlərini
bölüşən M.Usta
mərhum rejissor Tofiq İsmayılovu da xatırlayıb: "Buradakı rejissor və aktyorlarla yaxından tanış olma fürsəti tapmamışam, ancaq az zamanda tanıdıqlarım
oldu. Ondan əvvəl isə
deyim ki, bizim tələbəlik zamanlarımızdan bir böyüyümüz, müəllimimiz
vardı - mərhum Tofiq İsmayılov.
Zamanında onun tələbəsi olma şansı qazandım, iki il dərs aldım. Onu hər zaman rəhmətlə anıram".
Qeyd edək ki, Mehmet Ustanın
səhnələşdirdiyi, Ramil Balakin, Engin Kut, Asalet
Durmuş və Hilal Doyranın rol aldıqları "Perdeli Karagöz" və "Kavuklu-Pişekar" tamaşaları
sərgi iştirakçılarına
böyük zövq verib. Mahir ney ifaçısı
Burcu Karadağın rəhbərlik etdiyi "Karadağ Musiqi Ansamblı"nın konserti
də rəğbət
doğurub. Qonaqlar bu sevgi və
diqqətdən məmnun
olduqlarını, Azərbaycana
ilk gəlişlərinin unudulmaz
xatirəyə çevrildiyini
dilə gətiriblər:
"Buraya gələndən
sonra anladıq ki, "bir millət,
iki dövlət" ifadəsi tam yerində deyilmiş bir ifadədir. Səhnəciklərimizə insanların marağı
çox yüksəkdir.
Qayıdanda Türkiyədəki
dostlarımıza mütləq
Azərbaycana gəlməyi
məsləhət görəcəyik"
Osmanlı və müasir türk üslubunda Ebru sənəti ustaları Ömər Faruk Dere ilə
Emine Derenin hazırladıqları rəsmlər
tədbirə xüsusi
rəng qatıb. Onlar da Azərbaycana ilk gəlişləri
olduğunu qeyd ediblər.
Türkiyədən XVI Beynəlxalq
Turizm və Səyahətlər Sərgisinə
qatılan "İstanbul
shopping fest"in direktoru
Hicran Özbük sərginin hər iki ölkənin turizm və mədəniyyəti üçün
əlverişli imkanlar
yaratdığını deyib.
H.Özbük ilk dəfə
qonaq olduğu Azərbaycan haqqında fikirlərini bölüşüb:
"Azərbaycanla Türkiyənin
kökləri o qədər
dərinə dayanır
ki, biz buraya gələrkən özümüzü
heç də qərib hiss etmədik. Eyni mədəniyyətə sahibik,
eyni dildə danışırıq. Buna
görə də Mədəniyyət və
Turizm Nazirliyindən bu sərgidə iştirakımız üçün
təklif gələndə
çox sevindik və məmnuniyyətlə
qəbul etdik. Bakını
dəniz sahilində olmasına, ab-havasına görə İstanbula bənzətdim. İnsanların üzündə xoş bir təbəssüm var. Türkiyəyə geri dönəndə dostlarıma
danışmaq üçün
Bakı və buranın insanları barədə zəngin təəssüratlarım var".
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2017.-12 aprel.- S.4.