"Azərbaycanlılar və rumıniyalılar çox yaxındırlar"
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yankunun müsahibəsi
- Rumıniya
və Azərbaycan arasında hazırda mövcud olan əlaqələrin səviyyəsini
necə qiymətləndirirsiniz?
- Rumıniya və Azərbaycan arasında əsl dostluğa və etimada söykənən sıx,
möhkəm əlaqələr
mövcuddur. Bildiyiniz kimi, Rumıniya
Azərbaycanın müstəqilliyini
tanıyan ikinci ölkədir. İki ölkə
arasında münasibətlər
2009-cu ildə strateji tərəfdaşlığa dair
saziş imzalandıqdan
sonra ən yüksək səviyyəyə
çatıb. Bu, Azərbaycanın Avropa İttifaqına üzv ölkə ilə imzaladığı ilk bu
tip sənəd idi.
Biz bu ilin
iyununda diplomatik münasibətlərimizin qurulmasının
25 illiyi ərəfəsində
əməkdaşlığımızın
yeni mərhələsinə
yaxınlaşırıq. Geriyə baxdıqda görürəm ki, son 25
ildə biz nəzərəçarpacaq
irəliləyişə nail ola bilmişik.
İrəli baxdıqda isə
əməkdaşlığı daha da inkişaf
etdirmək üçün
böyük potensialın
olduğunu görürəm.
Konkret layihələrə çevrilməsi
gözlənilən çoxsaylı
potensial ideyalar var.
- İki ölkə
arasında mövcud olan iqtisadi münasibətlər
barədə nə düşünürsünüz? Azərbaycanla Rumıniya strateji
tərəfdaş ölkələrdir.
Gələcəkdə münasibətləri daha da inkişaf
etdirə biləyimiz başqa sahələr varmı? Energetika sahəsində əməkdaşlıq
hansı səviyyədədir?
- İlk növbədə
ikitərəfli ticarətdə
müşahidə olunan
artım daha əvvəl qeyd etdiyim potensiala bir sübut kimi görülməlidir.
İqtisadiyyatlarımız arasında mövcud
olan sahələri tamamlamaq axtarışında
olmaq əvəzinə,
biz əməkdaşlıq üçün yeni sahələrin axtarışında
daha aktiv olmalıyıq. Bu baxımdan
hesab edirəm ki, Azərbaycan prezidenti tərəfindən
ötən ilin dekabrında imzalanmış
“milli iqtisadiyyat və aparıcı iqtisadiyyat sektorları üçün 11 strateji
yol xəritəsi” gələcəkdə ikitərəfli
layihələr üçün
yeni impuls və ən yaxşı istiqamətləndirici
ola bilər. Azərbaycanın qeyri-neft sektorunda
diversifikasiya siyasəti
Azərbaycana investisiya
qoymaq və ticarət əlaqələri
qurmaq istəyən xarici şirkətlər,
o cümlədən Rumıniya
şirkətləri üçün
əlavə imkanlar yaradacaq. Enerji artıq bizim
əməkdaşlığımızın
əsas hissəsidir.
Biz Azərbaycanın Avropanın enerji tələbatına cavab verməsindəki roluna böyük önəm veririk. Rumıniya Cənub Qaz
Dəhlizi layihəsini
həm qaz mənbələrini, həm
də marşrut xətlərini diversifikasiya
etməklə, Avropanın
enerji təhlükəsizliyini
artırmaq üçün
ən uyğun variant sayır.
Bununla yanaşı, Azərbaycan
və Rumıniya AGRI
LNG birləşdirici xəttinin
böyük dəstəkləyicisidir. Bu layihə də yuxarıda qeyd etdiyim enerji təhlükəsizliyi və
diversifikasiya məsələlərinə
cavab verir. AGRI layihəsinin icrası
üçün Aİ tərəfindən
həyata keçirilən
qoşulma imkanlarını
genişləndirən və
Avropa enerji bazarını gücləndirən
investisiyalar barədə
düşünsək, daha
optimal olacaq. Buna misal
olaraq BRUA ( Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) layihəsini qeyd edərdim.
Mən həmçinin SOCAR-ın
Rumıniyada fəaliyyətini
xatırlatmaq istərdim.
Bu fəaliyyət uğurlu şəkildə
artır və SOCAR-la
Rumıniya enerji operatorları ilə əməkdaşlıq inkişaf
edib.
Son olaraq
nəqliyyat və birləşmə layihələrini
qeyd etmək istəyirəm. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində
yerləşir və bu kəsişmələri
reallığa çevirmək
istiqamətində ideyalar
və layihələr
irəli sürür.
Rumıniyaya gəldikdə, Qara
dəniz-Xəzər dənizi
yük nəqliyyat dəhlizi bizim üçün hər zaman prioritet olub. Bu maraq
Azərbaycanın Xəzər
dənizi və Qara dəniz boyunca Şərq-Qərb dəhlizinin inkişafına
ayırdığı diqqətlə
çox uyğundur.
Konstanta qərbi Qara dəniz sahillərində
rəqabətli xidmətlər,
geniş imkanlar və Danube vasitəsilə
Mərkəzi Avropa bazarına ən mükəmməl çıxış
təklif edən limandır. Mən məmnunluqla qeyd
edirəm ki, Konstanta limanı və Beynəlxalq Bakı limanı bu məsələ ilə bağlı danışıqlar aparır.
- Mədəniyyət
və təhsil sahəsində əməkdaşlıq
barədə nə deyə bilərsiniz?
- Mən
Bakıya daxil olduğum ilk gündən
anladım ki, azərbaycanlılar və
rumıniyalılar ənənələrə
hörmət və mədəniyyətlərinə görə çox yaxındırlar. Məsələn, əgər siz
bəzi Rumıniya musiqilərinə qulaq assanız, orada bəzi muğam çalarlarını hiss edərsiniz.
Bununla yanaşı, hər iki ölkənin dulusçuluq və xalçaçılıq ənənələri
var və burada da həndəsi
motivlər son dərəcə
oxşardır. Bütün bunlar
və digər məqamlar bizi öz ölkəmizin mədəniyyətini yerli
insanlara təqdim etmək üçün ruhlandırır. Martın 1-də Azərbaycanda biz Rumıniyanın
milli ənənəsi
olan Martişoru təqdim etdik. Bu, yazın gəlişi
ilə yenilənməni
və canlanmanı təmsil edir və Novruz bayramından çox da fərqlənmir. Apreldə dünyada məşhur heykəltəraşlardan olan
Konstantin Brankuzinin ən
məşhur əsərlərindən
ibarət foto-sərgi
təşkil etdik.
Təhsil sahəsində gəlincə,
məmnunluqla qeyd etmək istəyirəm ki, azərbaycanlılar arasında Rumıniyada təhsil almağa maraq günbəgün artır. Azərbaycan tələbələri
hər il
Rumıniyanın Təhsil
Nazirliyi tərəfindən
təqdim edilən təqaüdlər əldə
edirlər. Həmçinin Rumıniyada Aİ tərəfindən maliyyələşən
“Erasmus+” proqramı çərçivəsində
tələbə mübadiləsi
həyata keçirən
bir sıra universitetlər var. Biz azərbaycanlı
həmkarlarımızla bu
sahədə əlaqələri
inkişaf etdirmək üzərində işləyirik
və mən əminəm ki, bizim birgə səylərimiz öz bəhrəsini verəcək.
- Azərbaycanla
Aİ yeni razılaşma
üzrə danışıqlara
başlayıblar. Azərbaycanla Aİ arasında əməkdaşlığın
perspektivlərini necə
görürsünüz?
- Yeni razılaşma Azərbaycanla Aİ arasında
bütün sahələr
üzrə əməkdaşlığa
təsir edəcək
və bu münasibətləri gələcəkdə
daha da dərinləşdirmək
və genişləndirməyə
imkan yaradacaq. Hüquqi çərçivənin bu
şəkildə yenilənməsi
Azərbaycan və
Aİ arasında əlaqələrin
möhkəmlənməsi reallığına
cavab verir və bunu özündə
əks etdirir. Aİ artıq Azərbaycanın
ən böyük ticarət tərəfdaşıdır.
Vacib
Aİ şirkətləri bu
gün Azərbaycanda fəaliyyət göstərir
və insanlararası münasibətlər genişlənir.
Rumıniya hər zaman
Azərbaycan-Aİ əlaqələrinin
daha sıx və geniş olmasını dəstəkləyib.
Yeni saziş üzrə danışıqlar davam etdiyi üçün mən hesab edirəm ki, biz hər iki tərəfdən
hədəflərimizi daha
məqsədyönlü etməliyik.
Bu bizə hərtərəfli,
gələcəyə köklənmiş
mətn formalaşdırmağa
və Aİ ilə Azərbaycan arasında böyük vədlər verən və perspektivlər açan əməkdaşlıq üçün
uyğun baza yaratmağa imkan yaradar.
- Rumıniya
Dağlıq Qarabağ
münaqişəsinin həllini
necə görür?
- Bizim Dağlıq Qarabağ münaqişəsinə dair
mövqeyimiz MDB ölkələrində
həlli uzanan bütün münaqişələrə
münasibətimizə uyğun
olaraq hər zaman açıq və sabit olub. Bu
münaqişələr birbaşa təsir
etdiyi ölkələrin stabilliyinə və
davamlı inkişafına mane törədir.
Rumıniya Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn
norma və prinsiplərinə hörmət
əsasında sülh və
danışıqlar yolu ilə hərtərəfli
həllini dəstəkləyir. Eyni zamanda, Rumıniya bu həlli
uzanan münaqişənin həlli istiqamətində
fəaliyyət göstərən Minsk qrupu formatını dəstəkləməyə
davam edir.
525-ci qəzet.-
2017.-12 aprel.- S.5.