Tariximizə və milli mədəniyyətimizə sədaqət
simvolu
Böyük
tədqiqatçı Qulam Məmmədlinin 120 illiyinə
Şəxsiyyəti və fəaliyyəti qoşa qanad kimi tamlığını, bütövlüyünü tamamlayır, monumentallığını, əzəmətini, möhtəşəmliyini təcəssüm etdirirdi.
Uca boyu, tökmə bədəni, məğrur səsi, xeyirxah baxışı və səmimi təbəssümü ilə mühitinin, epoxasının ziyalıları arasında sayılır-seçilir, ilk dəfə tanış olanların yaddaşında unudulmaz izlər buraxırdı...
1980-ci illərin əvvəlləri idi. Mirzə Fətəli Axundzadə adına Respublika Kitabxanasının arxivinə tez-tez gəlir, XX əsrin əvvəllərinə aid qəzet və jurnalları vərəqləyir, bəzən qəliz ərəb və fars tərkibli sözləri oxumaqda çətinlik çəkəndə, ona müraciət etməyimi məsləhət bilirdilər. Bütün günü oxu zalında yorulmaq bilmədən araşdırmalar aparan, qeydlərini səbrlə, təmkinlə ümumi dəftərlərə səliqə ilə köçürən qalın eynəkli şəxs respublikanın əməkdar mədəniyyət işçisi, Əməkdar jurnalıst, teatrşünas, publisist, milli mədəniyyət salnaməçiliyimizin banisi Qulam Məmmədli idi. O yaşın və yaradıcılığın ucalığına, bəyaz zirvəsinə yüksələnə qədər dövrün məşəqqətlərindən, zamanın məhrumiyyətlərindən, həyatın keşməkeşli, əzab-əziyyətlərlə dolu tufanlarından keçmişdi...
Qulam Məmmədli 120 il bundan əvvəl, 1897-ci ildə, qədim və zəngin elm, mədəniyyət ənənələri olan Təbriz şəhərində adi ictimai mühitdə və qeyri-adi, qəribə şəraitdə dünyaya göz açmışdı. O, anası Məşədi Zəhranın xatirələrinə əsasən qeyd edir ki, atası Təbrizin Rasta küçəsində yaşayan Sitarə adlı bir qızla gizli evlənir. Bu xəbəri eşidən Məşədi Zəhra şəhərin Xiyaban məhəlləsindən Rasta küçəsinə qədər payi-piyada yol gedir. Gedib günüsünü tapır, dişinin dibindən çıxanı deyib qayıdır. Hamilə qadın yolun yarısında ağrı çəkir. Qulam müəllim anasının dediklərini belə xatırlayırdı: "Elə onu bildim ki, özümü saldım dalana! Nə yaxşı ki, qapı açıq imiş. Həyətə girdiyim yadıma gəlir. Deyəsən, yıxıldığımı da xatırlayıram. Bir vaxt gözümü açdım, gördüm yorğan-döşək içindəyəm, səni də bələyib uzadıblar yanıma" (Q.Məmmədli. "Ömür dəftərindən səhifələr", Bakı, "Təhsil", 2016, s.22).
Bu vüqarlı insan, şərafətli ana Məşədi Zəhra xanım ərinin xəyanətini ona bağışlamır... Cehizlərindən sabiq ərinin xeyrinə imtina edərək, körpə Qulaməlisini qucağına alıb atası evinə qayıdır. Altı aydan sonra isə qohumlarının dəvəti ilə o, Təbrizdən Bakıya, buradan isə Aşqabada gedir. Məşədi Zəhra burada həmşərisi Məmməd adlı bir nəfərlə yenidən ailə qurur. Məmməd kişi kasıb olsa da, əsl ailə başçısına çevrilir, onu oğulluğa qəbul edir. Qulamın ata adı və soyadı Məmməd kişinin ismindən qaynaqlanır.
Qulam Məmməd oğlu Məmmədli Aşqabadda molla yanında dörd-beş il oxuduqdan, "Çərəkə"ni, "Quran"ı, "Gülüstan"ı, "Üsuli-cədid"i başa vurduqdan sonra bir müddət çəkməçi yanında şagird, tünükəçi, Nobelin neft zavodunda fəhlə, "Ruznameyi-Maverayi-Bəhri-Xəzər" qəzetdə, sonra isə müxtəlif mətbəələrdə mürəttib işləyir. Ailənin təsərrüfat işlərinə köməklik göstərir, fərdi qaydada savadını artırır, Sabiri, Səhhəti, Şaiqi, Mirzə Cəlili, Cavidi, Cəfər Cabbarlını mütaliə edir, "Molla Nəsrəddin", "Məktəb", "Babayi-Əmir", "Tuti" jurnallarını mütəmadi oxuyur, bəzən bu mətbuat orqanlarına yazılar da göndərirdi.
1916-cı il may ayının 15-də Aşqabadın dəmir yol vağzalında Cəlil Məmmədquluzadəni və Əliqulu Qəmküsarı qarşılayan ziyalılar, qələm əhli arasında gənc mürəttib Qulam Məmmədli də var idi. Şəhərdə "Ölülər" tamaşasının hazırlanmasında o, həvəskar aktyor kimi ciddi çalışsa da, son anda əsərin göstərilməsinə icazə verilmir. Bununla belə, gənc Qulam Mirzə Cəlil ilə yaxından tanış olur, onun rəğbətini qazanmağa macal tapır.
Q.Məmmədli ilk dəfə 1923-cü il iyun ayının əvvəllərində yazıçı, publisist Yaqub Nəsirli ilə Aşqabaddan həsrətini çəkdiyi, arzularında yaşatdığı Bakıya gəlir. Burada ilk getdikləri yer - "Yeni yol" qəzetinin redaksiyası, ilk görüşdükləri şəxs, baş redaktor Cəlil Məmmədquluzadə olur. Mirzə Cəlilin xeyirxahlığı sayəsində Qulam Məmmədli 8 iyun 1923-cü ildən "Kommunist" qəzetinin mürəttibi işinə qəbul edilir. Bir müddət sonra isə "Molla Nəsrəddin" jurnalına da mürəttiblik edir. Peşəsi ilə əlaqədar o, burada Ruhulla Axundov, Həbib Cəbiyev, Sultan Məcid Əfəndiyev, Əliheydər Qarayev, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Nemət Bəsir, Əfrasiyab Bədəlbəyli və b. ilə yaxından tanış olur, dostluq edir.
Qulam Məmmədlinin həyatından yazan bəzi müəlliflər onun 1924-1926-cı illərdə Türk Teatr Məktəbində oxuduğunu və oranı bitirdiyini qeyd edirlər. Hətta Q.Məmmədli öz xatirəsində yazır: "1924-cü ilin payızında mən Teatr məktəbinə qəbul edildim. Birinci kursda oxuyurdum, özü də istehsalatdan ayrılmamaq şərtilə. ...Beləliklə də, birinci kursda oxuyan Fatma Qədri, Sultan Fikrət, Musa Hacızadə, Hacıməmməd Qafqazlı və başqaları ilə tanış ola bilirdik. Heç gözləmədiyim yerdə Cəfər Cabbarlı da onların içində... Burada olmasının səbəbini soruşdum, dedilər ki, "o da bizimlə oxuyur!" Deməli, mən indi Cəfər Cabbarlı ilə bir məktəbin şagirdi olmuşam".
Tarixi faktlar da təsdiqləyir ki, bu xatirədə xırda yanlışlıqlar var. Cabbarlı Teatr Məktəbində cəmi iki həftə oxuyub: - 1923-cü ilin sentyabr ayının 22-dən oktyabrın 5-dək. Oktyabrın 5-də isə o, gizli "İstiqlal" qəzeti ilə əlaqəsinə , Azçeka tərəfindən həbs edilib. 1924-cü ildə isə C.Cabbarlı Bakı Universitetinin Tarix fakültəsinin qədim filologiya şöbəsinə daxil olub.
Beləliklə, istinad edilən arqumentlərə əsasən qənaətə gəlmək olar ki, Qulam Məmmədli Teatr Məktəbinə 1924-cü ildə yox, 1923-cü ildə dinləyici kimi daxil olub. Çünki o, Cabbarlını Teatr Məktəbində yalnız 1923-cü ilin sentyabr ayının sonu, oktyabrın əvvəlləri görə bilərdi. İkincisi, Q.Məmmədlinin 1926-cı ildə Teatr Məktəbini bitirməsi fikri də reallıqla səsləşmir. Çünki, həmin məktəbi 1926-cı il may ayının 2-də bitirən "ilk qaranquşlar", on iki nəfər məzun bunlar idi: Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, Fatma Qədri, Mollağa Bəbirli, Şüa Şeyxov, Akif Kazımov, Əjdər Nijdət, Əkbər Şəfi, Fazil Dadaşov, Sultan Fikrət, Musa Hacızadə və Ələsgər Şərifov.
Göründüyü kimi, Q.Məmmədlinin adı Teatr Məktəbinin diplom alan məzunları sırasında da yoxdur. Məktəbi bitirə bilməməsinin bir səbəbi də, həmin ərəfədə onun vərəm xəstəliyinə yoluxması, müalicə üçün 1926-cı ilin aprel-may aylarında Yaltaya Vərəm İnstitutuna göndərilməsi olmuş, orada isə davamlı müalicə kursu aldıqdan və tam sağaldıqdan sonra geriyə, Bakı şəhərinə, "Kommunust" qəzetinə qayıtmışdır.
Bir məqam da vurğulanmalıdır ki, Qulam Məmmədli yalnız mürəttib deyil, həm də, çox fəal ictimaiyyətçi, peşəkar təşkilatçı idi. "Kommunust" qəzetinin baş redaktoru Həbib Cəbiyev Q.Məmmədlinin təşəbbüslərini yüksək qiymətləndirir, redaksiyadaxili və respublika əhəmiyyətli tədbirlərə onu cəlb edirdi. Ötən il 90 illik yubileyini qeyd etdiyimiz I Bakı Türkoloji Qurultayına dəvət edilən nüfuzlu qonaqların Dəmiryol Vağzalında qarşılanması mərasimində, eləcə də, qurultay nümayəndələri sırasında adı yazılmasa da, gənc, ucaboy Qulam Məmmədlini görürük. Budur, 1926-cı il martın əvvəllərində qurultay nümayəndələrinin arasında məşhur türkoloqlar - T.Mentsel, A.N.Samoyloviç, S.F.Oldenburq, M.P.Pavloviç, A.B.Baytursun, Aziz Qubaydullin, İsmayıl Hikmət, Əhməd bəy Pepinov, Artur Zifeldt-Simumyaqi, Həbib Cəbiyev, S.Veltman, Cəlil Məmmədzadə və Bəkir Çobanzadə əzəmətlə dayanıb. Şəkil mətbuat vasitəsilə tirajlanıb geniş yayılsa da, Həbib Cəbiyevin sağ tərəfində dayanan gənc Qulam Məmmədlinin adını Türkoloji Qurultayla bağlı nəşrlərdə bugünədək qeyd edən olmamışdır.
Bütün bunlara baxmayaraq, Qulam Məmmədli ictimai-siyasi həyata qaynayıb-qarışır, öz üzərində yorulmaq bilmədən çalışır, mütaliəsini zənginləşdirirdi. Respublikanın bir saylı mətbuat orqanlarında - "Kommunust" qəzetində və "Molla Nəsrəddin" jurnalında yüksək peşəkarlıqla mürəttiblik fəaliyyəti, yazarlarla sıx təmasları, canlı klassliklərdən qazandığı redaktəetmə səriştəsi ali jurnalistika təhsilinə bərabər idi. Onun redaktorluq fəaliyyətinə başlaması, peşəkar jurnalistikaya gəlişi, yaradıcılıq istiqamətində ilk addımları 1926-cı ildən nəşrə başlayan "Çapçı gözü" adlı çoxtirajlı qəzetdən başladı. Sonralar Q.Məmmədli "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, "Kəndli qəzeti"nin redaktor müavini, daha sonra "Azərbaycan kolxozçusu", "Yeni yol" qəzetlərinin redaktoru vəzifələrində müvəffəqiyyətlə, bacarıqla çalışdı, cəmiyyətdə prinsipiallığı, səmimiyyəti ilə böyük nüfuz qazandı. Müharibə illərində fəaliyyətini 44 illik ayrılıqdan sonra Təbrizdə işıq üzü görən "Vətən yolunda" (1941-1942 və 1944-1945) adlı ordu qəzetində ədəbi işçi kimi davam etdirdi. Burada Mirzə Məhəmməd Naxçıvani ilə sıx dostluğu və onun kitabxanasından səmərəli istifadə nəticəsində Mirzə Əli Möcüzün "Seçilmiş əsərləri" (1945), Heyran Xanımın "Seçilmiş əsərləri", "Bəxtiyarnamə" adlı kitabları ilk dəfə Təbrizdə nəşr etdirildi. Müharibədən sonra isə Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri, 1947-ci ildən "Kommunist" qəzetinin şöbə müdiri, 1952-ci ildən "Kirpi" jurnalı redaksiyasında əvvəl məsul katib, sonra baş redaktor vəzifələrində işləmişdir. 1959-cu ildə fərdi təqaüdə çıxan Q.Məmmədli ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini (1969-1975) vəzifələrində çalışmışdır.
Qulam Məmmədlinin Tarix İnstitutunda, Ədəbiyyat və İncəsənət arxivində çalışdığı dövr, ümumiyyətlə isə ömrünün son 25 ili fərdi təqaüdə qədərki müddət ilə müqayisədə elmi-tədqiqat işlərinin miqyası, sanbalı baxımından daha zəngin və əhəmiyyətli olmuşdur. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə onun 1966-cı ildə çap etdirdiyi "Molla Nəsrəddin" (564 səh.) salnaməsi ustad sənətkara qədirşünaslıq nümunəsi olmaqla yanaşı, ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini, təməl daşını təşkil edir. Minlərlə arxiv sənədlərinə, mətbuat səhifələrinə səpələnmiş faktları "iynənin ucu ilə" bir məcraya yönəltmək, bir süjet xəttində sıralamaq, səbrlə, təmkinlə bu sahədə yeni sistem yaratmaq həvəsi, eşqi, əzabı müqayisə edilməz dərəcədə müşkül, məşəqqətli və mühüm işdir. "Molla Nəsrəddin" salnaməsi 1866-cı ildən 1932-ci il yanvar ayının əvvəllərinədək Mirzə Cəlilin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında mötəbər sənədlərə, etibarlı məxəzlərə istinad edilməklə zəngin materiallar toplusu, misilsiz mənbəşünaslıq abidəsidir. Bu dəyərli ensiklopedik məxəz müəllifin sağlığında iki dəfə (1966, 1984) böyük tirajla çap olunmuş, üçüncü nəşri 2009-cu ildə əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibi, təkmilləşdirməsi, geniş, dolğun ön sözü, yüksək dəyərləndirməsi ilə nəfis şəkildə işıq üzü görmüşdür.
Qulam Məmmədli ucaltdığı salnamə sarayının bünövrəsi üzərinə yeni kərpiclər qoyur, 1967-ci ildə "Hüseyn Ərəblinski" (292 səh.) salnaməsini, bir il sonra isə "Cahangir Zeynalov" (172) kitabını araya-ərsəyə gətirərək nəşr etdirir. İncəsənətimizin, teatrımızın bu iki qüdrətli sənətkarının həyatı və yaradıcılığı barədə boşluqlar demək olar ki, Qulam Məmmədlinin titanik zəhməti sayəsində doldurulur. Onun milli teatr tariximizə ən nəhəng xidməti isə ikihissəli "Azərbaycan teatrının salnaməsi"dir. Tədqiqatın birinci hissəsi 1974-cü ildə (584 səh.), ikinci hissəsi isə 1983-cü ildə (300 səh.) işıq üzü gördü. Səksən illik (1850-1930) teatr tariximizin arxiv materialları və mətbuat səhifələri əsasında tarixi-xronoloji ardıcıllıqla izlənilməsi, yeni mənbələrin və məqamların üzə çıxarılması ədəbi ictimaiyyət üçün böyük elmi-mədəni hadisə idi. İkicildlik "Azərbaycan teatrının salnaməsi" tədqiq miqyasının genişliyi, faktların yeniliyi və zənginliyi baxımından da, çəkilən zəhmətin ağırlığını, çətinliyini, intəhasızlığını nümayiş etdirir. Uzun illər teatrşünaslar, mədəniyyətşünaslar üçün bu sahədə dərslik yoxluğunu əvəzləyən yeganə və mötəbər qaynaqdır.
Qulam Məmmədli milli salnaməçilik sahəsində elmi-tədqiqat marafonunu daha uğurla davam etdirir, ömrünün ahıl çağında fədakarlığı ilə ən gənc tədqiqatçıları belə təəccübləndirirdi. O, bir-birinin ardınca "Cavid ömrü boyu" (1982, 298 s.), "Üzeyir Hacıbəyov" (1983, 550 s.), "Abbas Mirzə Şərifzadə" (1985, 242 s.), "Nəriman Nərimanov" (1987, 358 s.) adlı irihəcmli salnamələri nəşr etdirir. Bir elmi-tədqiqat institutunun icra etməkdə çətinlik çəkəcəyi ağır işi təkbaşına, böyük həvəslə, məsuliyyətlə yerinə yetirir. Bir insan əzablarının, tədqiqatçı sevgisinin nəticəsində yaranan qalaq-qalaq cildlərin sanbalını, siqlətini nəzərdən keçirib düşündükcə dəyərləndirmə meyarlarının imkansızlığına, məhdudluğuna heyrətlənməyə bilmirsən. Məni isə ən çox heyrətləndirən Qulam Məmmədlinin həcmcə yığcam, vəzncə dağlar qədər ağır, sanballı "İmzalar" (1977, 120 s.) kitabıdır. Mən çəkinmədən bu əsəri Azərbaycan mətnşünaslığının "Morze əlifbası" adlandırardım. Dörd minə qədər gizli, örtülü imzanın kodunu, üst qatını mötəbər dəlil-sübutlarla açmaq, Çin səddini aşmaqdan asan deyil. "İmzalar" kitabı olmadan XX yüzilliyin əvvəlləri satirik mətbuat orqanlarımızın milli ədəbiyyatşünaslıq üçün hazırladığı "sürprizlər"i təsəvvür etmək belə çətindir. Əlbəttə, mətbuat səhifələrində gedən bütün örtülü adların öz əksini "İmzalar" kitabında tapdığını düşünmək də, sadəlövhlük olardı.
Yadımdadır, 1985-ci il avqust ayının 30-u idi. Qulam müəllimin evinə zəng vurub bəzi gizli imzalar barədə köməyə ehtiyac olduğunu bildirdim. Güman edirdim ki, görüşmək üçün o məni Mirzə Fətəli Axundzadə adına Kitabxanaya dəvət edəcək. Belə olmadı, Qulam müəllim mənzilinin ünvanını söyləyərək evdə gözlədiyini bildirdi. Sual dolu vərəqlərlə Qulam müəllimgilə yollandım. "Molla Nəsrəddin" jurnalında rast gəldiyim "Sancan", "Zəhər" və b. gizli imzaların əsl müəllifi haqqında Q.Məmmədlinin kitabında məlumat yox idi. Geniş və ətraflı söhbətlərimiz oldu. O, mənə çox dəyərli məsləhətlər verdi. Hətta, "İmzalar" kitabını avtoqrafla mənə bağışladı: "Bu kitabı gələcək ədəbi fəaliyyəti məni ümidvar edən gənc ədəbiyyatşünas Asifə yadigar verirəm və ona bu nəcib və çətin işdə müvəffəqiyyət arzulayıram. Qulam. 30/VIII-85. Bakı."
"Azərbaycan" jurnalının 1987-ci il mart sayında çap olunan "Cəfər Cabbarlının ilk şeirləri" adlı məqaləmə Qulam Məmmədlinin rəy verdiyi, nəşrini məsləhət gördüyü haqqında redaksiya qeydləri də o vaxt məni çox sevindirdi.
Qulam Məmmədli milli salnaməçiliyin banisi, mətnşünaslıq, mənbəşünaslıq məktəbinin görkəmli nümayəndəsi idi. Onunla yalnız bir dəfə
ünsiyyətdə olanlar vaxta qənaət, fakta sədaqət
məziyyətini əxz edirdilər.
Asif RÜSTƏMLİ
Azərbaycan
Yazıçılar Birliyi Cəfər Cabbarlı
Komissiyasının sədri
525-ci qəzet.-
2017.- 12 aprel.- S.6.