Teatrı
onun kimi sevə bilsək...
Biz illər boyu onunla teatrdan
danışırıq, bəzən mübahisə edirik, bəzən
eyni problemlərə müxtəlif bucaqdan
baxdığımızdan sözümüz çəp gəlir,
hardasa, ürəyimizin lap gizli bir guşəsində
bir-birimizə haqq qazandırsaq da, mövqeyimizdən geri
çəkilmək istəmirik, bəzən mən ondan əməlli-başlı
küsürəm də…ancaq, bu, sırf yaradıcılıq,
sənət məsələri ilə bağlıdır ki, hər
ikimiz onu insani münasibətlərimizə, dostluq,
doğmalıq müstəvisindəki səmimiyyətimizə
aid etmirik.
Onda ən çox bəyəndiyim və
dəyərləndirdiyim keyfiyyətlər: dəqiqliyi,
işinə, rəsmi görəvinə aşırı
bağlılığı, qarşılaşdığı
hər hansı problemin, bəzən ətrafındakı hər
kəsin "daha bu iş düzəlməz!"- deyə təəssüflə
əl yellədiyi məsələnin həlli
üçün yorulmadan, usanmadan, canı-dildən
çalışması, yeniliklərə açıq
olması, gənclərə, xüsusilə də,
istedadlı cavanlara münasibətdəki təmənnasızlığı,
vaxtı düzgün qiymətləndirməsi, teatrda
yaradıcı mühiti qoruyub saxlamağı bacarması,
insanların güvənini və hörmətini qazanmaq
qabiliyyəti və sadalamadığım bir çox müsbət
və əlbəttə ki, həm də heç
xoşlamadığım mənfi cəhətləri ilə
Əliqismət Lalayevlə bu gözəl yaz səhəri yenə
onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili
Teatrından və ümumiyyətlə TEATRDAN danışacağıq.
Tanımayamalar üçün
tanışlıq: Əliqismət Hümbət oğlu
Lalayev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Musiqili Teatrının direktoru. O, 1995-ci ilin aprelindən
2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi,
2006-cı ilin yanvar ayından isə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət
Şöbəsinin müdiri vəzifəsində
çalışıb. 6 may 2008-ci ildə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm nazirinin əmri
ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının
(indiki Azərbaycan Dövlət Musiqili Teatrı) direktoru vəzifəsinə
təyin olunub.
- Az qala əsryarımlıq
tarixi olan Azərbaycan teatrının tarixində şərəfli
mövqeyi ilə seçilən Musiqili teatr son illər nəzərə
çarpan və tamaşaçıların diqqətini cəlb
edən dəyişikliyi, bir az fərqli
repertuarı ilə gündəmdədir. Hətta
bəziləri üçün bu yeniliklər çox
gözlənilməzdir. Çünki illər boyu sizin
teatrda daha çox gülüş və əyləncə
xarakterli tamaşalar görməyə alışıq olanlar,
birdən-birə, "Mənim günahım"a, "999-cu
gecə"yə, "Baladadaşın toy hamamı"na baxmağa sanki hazır deyillər.
- Mən də əvvəllər bu qənaətdəydim.
Ancaq repertuarımız daha çox
düşündürücü, maarifləndirici, problemlərin
daha sivil və qəbuledici aspektdən çözmək məqamlarına
yönəli əsərlərlə zənginləşdikcə,
auditoriyanın da dəyişdiyi hiss olunur. İndi bizim teatra tamaşaçılar sadəcə
pul verib 2-3 saatlarını "öldürmək"
üçün gəlmirlər. Bəzən
tamaşa bitir, ancaq asılqana tələsən çox
azdır, əksəriyyət dəqiqələrlə ayaq
üstə aktyorları alqışlayır, bəzən
qapıda dayanıb onlarla görüşmək, minnətdarlıq
bildirmək istəyir. Bilirsiniz ki, son təmirdən sonra
Musiqili teatr ölkənin ən nadir mədəniyyət
ocaqlarından birinə çevrilib,ona
görə də insanlar tamaşa başlamazdan əvvəl
teatrımızın interyerinin gözəlliyinə
heyranlıqla tamaşa edir, şəkil çəkdirir,
teatrda keçirdikləri ömürlərinin bu xoş
saatlarını əbədiləşdirməyə tələsirlər.
- Əlbəttə, teatr incəsənətin ən
populyar növüdür və bura gələn hər kəs
ilk növbədə mənəvi dünyasını zənginləşdirməyə,
zövqünü "doyurmağa", gözünü,
könlünü sevindirməyə çalışır. Bu günün tamaşaçı tələbatı
50-100 il əvvəlin insanlarının
gözləntiləri ilə üst-üstə düşə
bilməz. İndi tamaşaçılar televiziya
ekranlarında və ya internetdə dünya mədəniyyəti
ilə tanışlıq imkanına malikdir, ən azından məşhur
teatrlar barədə sənədli filmlərə baxır,
orada oynanılan əsərlərə tamaşa edir,
aktyorların səhnə geyimindən tutmuş istifadə
etdikləri ən adi əlbəsə və butaforlarla, səhnədə
istifadə olunan ləvəzimatlarla tanışlıq
imkanı qazanır. Yəni, müasir
tamaşaçını, bir qədər də məlumatlı
tamaşaçını, indi nələrləsə təəccübləndirmək
çox çətindir. Ona görə də ən məşhur
əsər, ən görkəmli aktyorunu belə əlverişsiz,
kasıb bir binada və sınıq-salxaq, şəraitsiz səhnədə
şedevr kimi qəbul edilə bilməz, tamaşaçı
istədiyini görmək, duymaq, yaşamaq arzusu ilə
yanaşı bir komfort və rahatlıq
axtarışındadır.
- Bəlkə elə bu üzdən
son iki onillikdə bizim əsas teatrlarımızın demək
olar ki, əksəriyyəti əsaslı bərpa olundu,
müasir səhnə avadanlıqları ilə təhciz
edildi, tamaşa salonları ilə yanaşı teatrsevərlərin
rahatlığına xidmət edən hər bir kiçik
detal belə nəzərə alınmaqla interyerlər yüksək
səviyyədə, özü də zövqlə yeniləndi.
Aktyorların iş şəraiti də
yaxşılığa doğru dəyişdi, məşq
zalları, qrim otaqları, səhnə, bir sözlə hər
şey keyfiyyətli tamaşa hazırlamaq üçün gərəkli
olan bütün ehtiyaclar öz həllini tapdı...İndi
bizdən tələb olunan ancaq yaxşı tamaşalar
hazırlamaqdır...Mən öz teatrımızın
adından deyə bilərəm ki, biz bu etimadı
doğrultmağa çalışırıq.
- Bu gün sizin
teatr təkcə komediya və operettalar tamaşaya qoymur, bayaq
da qeyd etdiyim kimi repertuarda çox ciddi əsərlər də
var...
- Əslində, 1910-cu ildə
tamaşaya qoyulan ilk musiqili komediyamız, dahi Üzeyir bəy
Hacıbəylinin "Ər və arvad" əsəri, o
dövrə görə ciddi ailə-məişət və bəlkə
də mənəvi-psixoloji problemlərdən cilalanmış
bir göstəri idi. Ancaq ötən əsrin əvvələrində
tamaşaçıya bu əsəri çox ciddi və bir qədər
də faciəvi janrda təqdim etmək təbii ki, Üzeyir bəyin
hədəflədiyi məqsədə yetişməsi
üçün çox ağır olacaqdı. Üzeyir bəy böyük bəstəkar, gözəl
jurnalist, dünyanın inkişaf axarından xəbərdar
olan bir şəxsiyyət, böyük ziyalı idi.
Yaxşı bilirdi ki,"bəşəriyyət öz
keçmişindən gülə-gülə
ayrılır" və bu ayrılma prosesindəki
gülüşdə də bir sarkazm, bir yumor, bir zarafat və
əlbəttə ki, göz yaşı da olmalıydı...
- Yeri gəlmişkən,
Üzeyir bəy dühasından barınan 107 yaşlı bu
tamaşanın zaman-zaman səhnəyə
qayıtmasının özəlliyi nədir? Mövzu
aktualdır, yoxsa tarixə hörmət, ilkinliyi xatırlayan
yaddaşa sahib varislik borcu?
- Daha çox ikincisi. Çünki
indi Mərcan kimiləri daha sivil yollarla öz məsələlərinin
həllinə çalışırlar. Əslində
müasir tamaşanı 100 ilin o tayında qalmış bu
personajları elə ötən əsrin tipləri kimi qəbul
edib, əməllərinə gülürük. Amma o unutduğumuz illərin əks-sədası bu
gün "filankəsin teatrı", "filankəsin əsəri"
və ya "filankəsin rolu" kimi tarixin yaddaşında
yaşayır. Bu da əlbəttə,
varisləri daha diqqətli olmağa, sənətə daha ciddi
yanaşmağa sövq edir.
- Siz ixtisasca
rejissorsunuz və uzun müddət Naxçıvan Dövlət
Musiqili Dram teatrında tamaşalar hazırlamış, üstəlik,
aktyor kimi də tanınmış, sevilmisiniz. Sonra
uzun müddət Mədəniyyət Nazirliyidə işləmisiz
və teatrların problemlərini yetərincə yaxşı
bilirsiniz. Sizcə
teatr rəhbəri hansı keyfiyyətlərə malik
olmalıdır?
- Bu keyfiyyətləri sadalamaq
çox vaxt aparacaq. Sadəcə, teatrı, onun
cəfasını və səfasını qəbul edərək
sevmək əsas şərtlərdən biridir. Və bir də məncə, həyat və məmurluq
təcrübəsi vacibdir. Təcrübə
üzləşdiyin bütün mürəkkəb məqamlarda
sənə ən doğru yolu göstərəcək. Düşünürəm ki, teatrın problemləri
ilə yaşamaq azdır, onun həllinə nail olmaq
üçün nüfuzun olmalıdır və yorulmadan
çalışmağı bacarmaq lazımdır. Ömrünü və taleyini teatra həsr edən
şəxs evinin, ailəsinin qayğılarından daha
çox bərabər işlədiyi insanların vəziyyəti
ilə maraqlanmalı, yaranmış situasiyanı gücü
və səlahiyyəti daxilində həll etməyə
çalışmalıdır. Çünki
teatr istedadlı və çox zərif insanların
çiyinlərində dayanır. Əgər
yaxşı tamaşa, maraqlı repertuar istəyirsənsə,
mütləq bu insanların - aktyordan, rejissordan tutmuş səhnə
maşinistinə, işıq ustasına kimi hər kəsin
qayğısına qalmağı bacarmalısan.
Çünki teatr kollektiv əməyin bəhrəsidir! Onu mürəkkəb bir "mexanizm"ə də
bənzətsək, yaranan kiçik bir nasazlığın nəyə
səbəb olacağı hər kəsə bəllidir.
Mən gənclikdən üzü bəri
çalışdığım vəzifələrdə,
xüsusən Mədəniyyət Nazirliyində (daha sonralar Mədəniyyət
və Turizm Nazirliyində), böyük həyat məktəbi
keçdim, idarəçilik vərdişlərinə yiyələndim.
- Və bu teatra
direktor təyin olunanda o inzibatçılıq metodu ilə
işləməyə başladınız? Axı
inzibatçı sözünün lüğəti mənası
- "quru əmr və sərəncam verməklə idarə
etmə"deməkdir.
- Təkcə əmr verməklə
iş tamamlansaydı, nə vardı ki? Əmr
vermək və kimdənsə nəyisə tələb etmək
sonuncu və bəlkə də ən asan mərhələdir.
Ən çətini bilirsinizmi nədir? Rəhbərlik
etdiyin kollektivin inamını və güvənini qazanmaq! Sən teatrda çalışan bütün
personalın işinin mahiyyətinə bələd
olmalısan ki, irad tutmağa əsasın, deməyə
sözün olsun. Bizim teatrda iş təkcə aktyorun,
dirijorun və rejissorla rəssamın yaradıcılq əməkdaşlığı
ilə bitmir. Bu tandemə baletmeystrləri, orkestrdə
çalışan musiqiçiləri, xor və balet artistlərini,
qrim ustalarını, əlbəsə, işıq, kostyum
sexində çalışanları, bir sözlə onlarla
insanı da əlavə edin və onda görəcəksiniz
ki, bu qədər insanı təkcə əmrlə idarə
etmək mümkün deyil. Mən
çalışıram ki, bütün vacib məsələrdə
mütəxəssislərlə məsləhətləşim,
onların fikrini öyrəndikdən sonra qərar verim.
- Heç kəsə
sirr deyil ki, əsl aktyorlar heç vaxt sevdikləri işə
qazanc mənbəyi kimi baxmır, yüksək maaş
naminə çalışmırlar. Onları səhnəyə
və sənətə bağlayan təmənnasız məhəbbət
və sevgidir. Biz, yəni adi tamaşaçılar, bu
sehirli pərdə arxasındakı yaşantıdan xəbərsiz
olanlarsa, hələ yeri düşəndə bəxtəvərlik
də veririk o insanlara: bütün günü çalıb
oxuyurlar, nə dərd-sərləri var ki...-deyirik. Ancaq
unuduruq ki, bu insanlar bütün qayğı və problemlərini,
ağrı-acılarını küçədə qoyub məbəd
saydıqları bu binaya daxil olurlar. Biz üzdə
görünən nəsnə barədə mühakimə
yürütməyə alışmışıq deyəsən.
- Təəssüf ki, belədir. Ancaq teatr tarixinə nəzər salsaq, çox qəribə
və ibratəmiz hadisələrə rast gələrik.
Son nəfəsinədək rolunu oynayıb kulis arxasında
dünyasını dəyişən də olub, 40 dərəcə
istiliklə səhnəyə çıxan da, evində xəstəsini,
körpə uşağnı qonşuya tapşırıb
tamaşanı oynamağa gələn də, hətta
övladını dünən dəfn edib, bu gün
tamaşaya çıxan da... Bizim fəsil
şıltaqlığı, nəqliyyat problemi,
tamaşaçılardan fərqli olaraq,
rastlaşdığımız hər hansı vəziyyətlə
əlaqədar tamaşaya gəlməmək, nədənsə
imtina eləmək kimi bir şansımız yoxdur. Biz əsgər kimi öz mövqeyimizdə,
işimizin başında olmalıyıq. Maaş məsələsinə
gəlincə... Neçə illərdir ki, ölkə
başçısının sərəncamı ilə hər
il teatrımızın yaradıcı heyətinin əksər
üzvləri Prezident mükafatı alır, bəzilərinə
bu yüksək təqaüd ömürlük təyin olunur. Biz
də son vaxtlar teatrın daxili imkanları hesabına ilin ən
yaxşı aktyorlarını, müxtəlif sahələrində
fərqlənənləri müəyyən edib
mükafatlandırırıq.
- Əvvəllər teatrların rayonlara qastrol səfərləri
daha çox olurdu. Bu həm
tamaşaçılarla bilavasitə ünsiyyət idi, həm
teatrın təbliği, həm də maddi baxımdan kollektivə
sərf edirdi. Bu ənənə son vaxtlar
deyəsən, unudulub.
- Ara-sıra getdiyimiz rayonlar olur. Açığı, bəzi bölgələrimizdə
bu işlə bilavasitə məşğul olanlar nədənsə
ləng tərpənirlər. Teatr ilk
növbədə mədəniyyətimizin
daşıyıcısıdır, təbliğatçısıdır.
Hər hansı bir tamaşanın təsir
gücünü, canlı ünsiyyətin yaratdığı
təəssüratı heç nə ilə müqayisə
etmək olmaz.
- Siz bu teatra gələndən
sonra yeni tamaşalarla bərabər, fərqli
yaradıcılıq qabiliyyəti olan istedadlı gənclərlə
əməkdaşlığa daha çox üstünlük
verilir. Bəzi köhnə tamaşalar yenidən işlənilir,
digər teatrlardan ifaçılar dəvət olunur, xaricdən
gələn rejissorlar tamaşa hazırlayır, solistlərinizdən
bir çoxu müxtəlif ölkələrdə təşkil
olunan Beynəlxalq müsabiqələrdə uğurla
çıxış edir, teatr xaricdə keçirilən
festivallara qatılır, bir sözlə burada həyat
qaynayır...
- Başqa cür də ola bilməz. Vaxt gedir, hər kəs
üstünə düşən, ona etibar edilən görəvi
məsuliyyətlə və sədaqətlə yerinə yetirməlidir.
Əgər bu gün məni bu teatrın
direktoru vəzifəsinə layiq görüblərsə, belə
gözəl bir məbəddə işləməyi etibar ediblərsə,
mən bu inamı öz işimlə doğrultmalıyam.
Ən böyük arzum bu teatrı dünya
arenasına çıxacaq bir səviyyəyə gətirməkdir.
Təbii ki, bunun üçün güclü
repertuar, istedadlı və güclü aktyor ansamblı, fərqli
düşüncəyə sahib rejissorlar, müasir tələblərlə
ayaqlaşmaq qüdrətində olan yaradıcı heyət
formalaşdırmaq gərəkdir. Ona
görə də axtarışlarımız, eksperiment eləmək
cəhdlərimiz davam edir.
Ötən
illərdə Qoqolun "Evlənmə" əsərini
tamaşaya qoymaq üçün Gənc
Tamaşaçılar Teatrının baş rejissoru Bəhram
Osmanovu dəvət etdik və belə qərara gəldik ki, bu
tamaşada əsas obrazları Akademik Milli Dram Teatrının
iki tanınmış aktrisasına - xalq artistləri
Şükufə Yusupovaya və Məleykə Əsədovaya
həvalə edək.
Bu bizim üçün bir
ilk idi və hətta çoxları ciddi, dramatik və faciəvi
rolların ifaçısı kimi tanınan bu iki ünlü
xanımın Musiqili teatrın kollektivi ilə birgə
çıxışının uğurlu olacağına
inanmırdı. Ancaq zaman bizim bu təcrübəmizin
uğurlu olduğunu təsdiq etdi. Gənc
Tamaşaçılar Teatrından dəvət etdiyimiz Əməkdar
artist Şövqi Hüseynov daha bir
axtarışımızın müvəffəqiyyətini təsdiqlədi.
Şövqi son illər Üzeyir bəy
Hacıbəylinin "O olmasin, bu olsun" tamaşasında Məşədi
İbad rolunun ən yaxşı ifaçısı
sayılır, bu roluna görə aktyor "Zirvə"mükafatına
layiq görüldü. Bu yaxınlarda biz
daha bir arzumuzu gerçəkləşdirdik. Söhbət Xalq yazıçısı, Dövlət
mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim
günahım" lirik-psixoloji dramı əsasında
hazırlanan tamaşadan gedir. Bu layihədə
dünyaca məşhur bəstəkar Qara Qarayevin bənzərsiz
balet musiqisindən istifadə etdik. Sevgi
haqqında pritça kimi dəyərləndirdiyimiz "Mənim
günahım" tamaşasının quruluşçu
rejissoru Gəncə Dövlət Dram Teatrının baş
rejissoru İradə Gözəlova idi. İradə
xanım buna qədər də bizim teatrda dramaturq
Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?"
əsərini tamaşaya hazırlamışdı. Rejissorun teatrımızla daha bir uğurlu əməkdaşlığının
bəhrəsi "999-cu gecə" tamaşasıdır.
"Mənim günahım" onun Musiqili
Teatrda 3-cü işi oldu. Yeri gəlmişkən,
bu tamaşanın quruluşçu rəssamı da Gəncə
Dövlət Dram Teatrının istedadlı rəssamı
Elnur Axundov idi. Tamaşada baş qəhrəmanı
- Nurcahan obrazını hər zaman özünəməxsus
ifası ilə fərqlənən, Xalq artisti,
"Şöhrət" ordenli Şükufə xanım
Yusupova canlandırdı. Şükufə
xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq
edir. Onun iştirakı ilə bayaq
adını çəkdiyim "Evlənmə" əsəri
2012-ci ildə "Zirvə" mükafatına layiq
görülüb. Ayqız obrazını
ifa edən gənc balerina Cəlalə Novruzlu isə
tamaşaçılar üçün yeni sima oldu. Sahib
obrazı Gəncə teatrının
aktyoru, əməkdar artist İlham Hüseynovun təfsirində
yeni və yaddaqalan oldu.
Bu gün teatrımızda yenə gərgin
iş ritmi hiss olunur. Xalq artisti Cənnət Səlimova
Antuan De Sent-Ekzüperinin "Balaca şahzadə" əsərini
tamaşaya hazırlayır. Əməkdar
incəsənət xadimi Əsgər Əsgərovunsa
bütün qayğı və yaradıcılıq
axtarışları "Molla Nəsrəddinin beş
arvadı" ilə "bağlıdır". Özbək
yazıçısı İbrahim Sadıqovun iki hissəli bu
komediyasını Azərbaycan dilinə tanınmış
yazıçı Dilsuz Mustafayev tərcümə edib. Əsrlər boyu türkdilli xalqların hər biri
iddia edir ki, müdrik, şən və hazırcavab Molla Nəsrəddin
məhz onun folklorunun qəhrəmanıdır. Əslində isə Molla Nəsrəddin Uyğur ellərindən
Serbiyayadək böyük bir ərazidə duzlu-məzəli
söhbətləri, tutarlı cavabları el məsəlinə
çevrilən bu geniş çevrədə şöhrət
taparaq bütün coğrafi sərhəd və sədlərdən
keçərək həmiəyaşarlıq qazanıb.
Molla Nəsrəddin ümumilikdə türk
dünyasının müriklik və kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz
hazırcavablığı, hadisələrə məqamında
və operativ münasibəti, güclü və təkrarsız
yumor hissi ilə hər zaman aktualdır, müasirdir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə
birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə
yaşayır, ətrafda baş verənlərə reaksiya
verir, çox müdrik münasibətini bildirir, öz heyrətamiz,
sərrast deyimləri ilə bizi valeh edir. Və... və ən əsası
düşündürür, islah edir, hadisələrdən nəticə
çıxarmağa,
düşünməyə çağırır.
İlk baxışdan belə görünür ki, "Molla Nəsrəddinin
beş arvadı" komediyasının çox sadə, adi
süjet xətti var. Amma dərinliyinə varanda məlum olur
ki, bu sadəliyin, adiliyin arxasında çox böyük mətləblər
gizlənib. İstər teatrda, istərsə də
kinoda dəfələrlə Molla Nəsrəddin obrazı
yaradılıb. Bizimsə
tamaşamızın digərlərindən fərqi onda olacaq
ki, biz hamının tanıdığı, bildiyi, amma
heç kimin indiyəcən görmədiyi,
duymadığı Molla Nəsrəddini təqdim edəcəyik,
əminəm ki, xoşunuza gələcək.
Gələcək
tamaşalarımızdan biri də, rejissor Loğman Kərimovun
quruluş verdiyi M.F. Axundovun məşhur "Hacı Qara"
əsəri olacaq.
- Neçə illərdir
ki, teatrda Gənclərin Yaradıcılıq Studiyası fəaliyyət
göstərir. Burada həm sizin gənc yaradıcı
qüvvələriniz, həm dəsəhnəyə
böyük marağı olan istedadlı cavanlar müxtəlif
tamaşalardan fraqmentlər hazırlayır, qabiliyyətlərini
nümayiş etdirirlər.
- Bu studiya bizim bir növ
yaradıcılıq emalatxanamızdır, ustad dərslərimizin
keçirildiyi
yerdir. Gənclərimiz burada həm
öyrənirlər, həm öyrəndiklərini mini
tamaşalarda tətbiq eləyirlər. Onların
ifasına kiçik səhnəmizdə baxırıq,
yanlışlarını düzəldirik, ən
yaxşılarına böyük səhnədə
özünü göstərmək imkanı veririk. Yenə özümüz özümüz
üçün baza yaradarıq. Təbii
ki, dərs dediyim Mədəniyyət və İncəsənət
Universitetinin tələbələrinə bizim studiyada həmişə
yer və şərait var. Bu ümidverici gənclərdən
ikisi- Zaur Əliyevlə Anar Sadıqov artıq bizimlə əməkdaşlığa
başlayıblar. Anar Ceyms Barrinin "Piter
Pen və Vendi" və Qrimm qardaşlarının məşhur
"Bremen musiqiçiləri" nağıllarının
süjeti əsasında səhnələşdirib. "Bremen musiqiçiləri və Pen" adlanan
musiqili nağıl-tamaşanın quruluşçu-rejissoru,
universitetimizin məzunu Zaur Əliyevdir. Balaca
tamaşaçılarımız üçün nəzərdə
tutulan yeni səhnə əsəri Xeyirlə Şərin əbədi
mübarizəsinə həsr olunub. Beləcə, hər
gün iş başındayıq və demək olar ki,
darıxmağa vaxtımız yoxdur.
- Yeni hazırlanan
bütün tamaşaların məşqlərinə baxmağa vaxt
tapırsınızmı?
- Mütləq! Bunsuz mümkün
deyil ki... Prosesləri lap sonacan izləməyi sevirəm. Daxili baxışlardan, hətta ilk tamaşadan sonra
da düzəlişlər aparmaq lazım gəlirsə, onu da
edirik.
- Bu məsuliyyət
hissini və yaradıcılıq həvəsinizi teatra böyük
sevginizlə izah etmək olar. Günün 15 saatını bu
teatrda keçirmək yəqin ki, sevgisiz mümkün deyil?
- Haqlısınız! Bu mürəkkəb və canlı, rəngarəng
və təzadlı sənət dünyasını sevməsən,
uğur qazana bilməzsən. Ən böyük arzum budur ki,
tamaşaçılar sənət məbədlərinə təkcə
əylənmək və ya teatr binalarının gözəlliyinə
tamaşa etmək üçün gəlməsinlər,
bizim tamaşalarımızı, yaradıcı heyətimizi
özləyərək gəlsinlər. Ən böyük
arzum mübadilə qastrollarının keçirilməsinə
nail olmaqdır. Çox istəyirəm ki, ən yaxşı
tamaşalarımızı kənarda da göstərə bilək.
Arzu edirəm ki, bu qastrol səfərləri daha intensiv xarakter
daşısın, çünki insanlar bir-birlərinin
uğurlarındanxəbərdar olmalı, bəhrələnməli
və mənsub olduqları xalqın mədəniyyətini təbliğ
etməlidilər. Bizim bir sıra xarici ölkə teatrları
ilə əlaqələrimiz var. Gələcəkdə bu əlaqələrin
müştərək tamaşalara çevriləcəyinə
çox inanıram. Ümidvaram ki, arzularımızın
gerçəkləşəcəyi gün o qədər də
uzaqda deyil.
525-ci qəzet.-
2017.-12 aprel.- S.7.