Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasibin
110 illiyi qeyd edilib
AMEA Naxçıvan Bölməsində
görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn
Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans
keçirilib.
AMEA Naxçıvan Bölməsi,
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və
Turizm nazirliyi, Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyi ilə birgə təşkil olunan
tədbirdə Bölmənin sədri, akademik İsmayıl
Hacıyev görkəmli alimin həyat və
yaradıcılığından, Azərbaycan
folklorşünaslıq elmi sahəsindəki əvəzolunmaz
xidmətlərindən söz açıb. Bildirib ki, folklorumuzu sistemləşdirən, toplayan
və Azərbaycanda folklorşünaslıq məktəbi
yaradan professor Məhəmmədhüseyn
Təhmasib 12 aprel
1907-ci ildə Naxçıvan
şəhərində anadan
olub. Akademik qeyd edib ki, Azərbaycan tarixinin, etnoqrafiyasının,
toponiminin, coğrafiyasının
mükəmməl bilicisi
olan alimin apardığı elmi-tədqiqat
işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı
üçün dəyərlidir.
Şifahi xalq ədəbiyyatının
tədqiqində böyük
xidmətləri olan alim gərgin zəhməti sayəsində
müxtəlif janrlı
tədqiqat əsərləri
yazıya alaraq nəşr etdirib. Eyni zamanda o, dastanlarımızın
toplanılması sahəsində
də ciddi işlər görüb.
Professor Məhəmmədhüseyn
Təhmasibin rəhbərliyi
altında şifahi xalq ədəbiyyatımızın
qədim və zəngin janrı olan dastanlarımızın
müxtəlif variantları
yazıya alınaraq 5
cildlik "Azərbaycan
dastanları" çap
edilib. Kitablarda dastanlarımızdakı tarixən daşıdığı
adlar araşdırılıb
və adlara aydınlıq gətirilib.
Eyni zamanda, onun "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" ssenariləri
əsasında eyniadlı
filmlər çəkilib,
"Bahar", "Aslan
yatağı", "Çiçəklənən
arzular" və digər pyes nağılları teatr səhnələrində uğurla
tamaşaya qoyulub.
Məhəmmədhüseyn Təhmasib
kimi alimlərimizin elmi fəaliyyətlərinin
bugünkü gənc
tədqiqatçılara tanıdılmasının
Azərbaycan ədəbiyyatının
inkişafı baxımından
vacib məsələlərdən
biri olduğunu qeyd edən akademik Bölmədə cari ildə nəşr edilməsi nəzərdə tutulan
"Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti" məqalələr
toplusunun üzərində
işlənildiyini də
diqqətlərə çatdırıb.
Elmi konfransda Bölmənin İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev "Məhəmmədhüseyn
Təhmasibin həyatı
və yaradıcılığı",
filologiya üzrə elmlər doktoru Yusif Səfərov "Dastanlarımızın ustad
tədqiqatçısı", İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri
Elxan Məmmədov
"Azərbaycan dastanlarının
toplanması, tədqiqi
və nəşrində
Məhəmmədhüseyn Təhmasibin rolu" mövzusunda məruzələrlə
çıxış ediblər. Konfransda
digər alimlərin də fərqli mövzularda
məruzələri dinlənilib. Məruzələrdə M.Təhmasibin
Azərbaycan ədəbiyyatşünaslığında
müxtəlif istiqamətlər üzrə elmi
fəaliyyəti ətraflı işıqlandırılıb.
525-ci qəzet.-
2017.- 12 aprel.- S.7.