Kiçik və orta sahibkarlığın
inkişafına dəstək
Lisenziyaların
"ASAN Xidmət" mərkəzləri vasitəsilə
verilməsi özəl sektorun inkişafına əlavə
stimul yaradır
Müstəqil Azərbaycanın
qurucusu və memarı, dünya şöhrətli siyasətçi,
ümummilli lider Heydər Əliyev prezident kimi ölkəyə
rəhbərlik etdiyi illərdə azad sahibkarlığın
inkişafına daim diqqət göstərib. Çünki
o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqda, onun tərəqqisində görüb.
Məhz buna görə də
ulu öndər 1993-2003-cü illərdə ölkədə
geniş iqtisadi islahatların həyata keçirilməsinə,
o cümlədən sahibkarlığın
inkişafının sürətləndirməsinə, ölkənin
sosial-iqtisadi problemlərinin həllində
sahibkarlığın rolunun gücləndirilməsinə, bu
istiqamətdə dövlət qayğısının
artırılmasına və ən əsası mövcud
potensialın reallaşdırılmasına
çalışıb. Bunun üçün isə ilk növbədə
möhkəm qanunvericilik bazası
formalaşdırılıb, bürokratik maneələrin
aradan qaldırılması, sahibkarlara maliyyə dəstəyinin
göstərilməsi və digər istiqamətdə
mühüm addımlar atılıb. Buna
misal olaraq, sahibkarlığın inkişafı məqsədilə
1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki
dövlət proqramının qəbul edilməsini göstərmək
olar. Bu proqramların qəbulu və
icrası sayəsində kiçik və orta
sahibkarlığın inkişafı Azərbaycan dövlətinin
iqtisadi siyasətinin prioritet sahələrindən birinə
çevrilib. Dövlət proqramları
çərçivəsində iqtisadiyyatın və
sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli
tədbirlər həyata keçirilib, sahibkarlara dövlət
maliyyə köməyi sistemi təşkil edilib. Paralel olaraq, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi
ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr
aparılıb. "Bəzi fəaliyyət növlərinə
xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" Azərbaycan Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə
mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə
təkmilləşdirilib. Lisenziyalaşdırılan fəaliyyət
növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilib, sahibkarların lisenziya almaq mexanizmi
xeyli sadələşdirilib, lisenziyaların müddəti
xeyli uzadılıb.
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar,
o cümlədən kiçik və orta
sahibkarlığın inkişafına dövlət dəstəyi,
bu sahəyə dair qanunvericilik aktlarının təkmilləşdirilməsi,
lisenziyalaşdırmanın daha da sadələşdirilməsi
dövlət başçısı İlham Əliyev tərəfindən
bu gün uğurla davam etdirilməkdədir. Söylənilənlərə
əyani misal olaraq, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun
tabeliyində dövlət xidmətlərinin təqdim edilməsinin
yeni modeli hesab olunan "ASAN xidmət" mərkəzlərinin
yaradılmasını da göstərmək olar. Ölkə
başçısı İlham Əliyevin 13 iyul 2012-ci il
tarixli Fərmanı ilə həyata vəsiqə qazanan bu
agentliyin yaradılmasında qarşıya qoyulan əsas məqsəd
dövlət orqanlarının fəaliyyətində şəffaflığın
artırılması, vətəndaşlara göstərilən
xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və
müasir innovasiyaları tətbiq etməklə həyata
keçirilməsi, vətəndaşlara münasibətdə
etik qaydalara, nəzakətli davranışa əməl edilməsi,
dövlət orqanları tərəfindən göstərilən
xidmətlərin təkmilləşdirilməsi və elektron
xidmətlərə keçidin sürətləndirilməsindən
ibarətdir. Zərrə qədər
şübhə etmədən, qətiyyətlə söyləmək
olar ki, Dövlət Agentliyi fəaliyyətə
başladığı tarixdən bu günədək öz
missiyasını uğurla yerinə yetirməklə, vətəndaş-dövlət
və vətəndaş-dövlət qulluqçusu münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə
nail olub. Son statistikaya görə, bu
günə kimi ölkə üzrə 13 milyondan artıq insan
"ASAN xidmət" mərkəzlərinin xidmətindən
faydalanıb.
Nazirlər Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev yola salınan ildə də
ictimai xidmətlər sahəsində işlərin uğurla
getdiyini, "ASAN xidmət" mərkəzlərinin
sayının 11-ə çatdığını
vurğulayaraq, bu mərkəzlərə 13 milyon müraciət
olduğunu, vətəndaşların bəyənmə əmsalının
təxminən 100 faizə yaxın olmasını müsbət
hal kimi dəyərləndirib. O, "ASAN xidmət"in
ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər
sahəsində bir inqilab sayıldığını, Azərbaycan
brendi kimi dünyada tanındığını dilə gətirib.
Qeyd edib ki, artıq bəzi ölkələr Azərbaycanın
təcrübəsini tətbiq etməyə başlayıblar.
Prezident bildirib ki, bu istiqamətdə
coğrafiya bundan sonra da genişləndiriləcək və
"ASAN xidmət"in funksiyaları bir qədər də
genişləndiriləcək. Ölkə
başçısı "ASAN xidmət"in öz səmərəliliyini
göstərdiyini, vətəndaşlar tərəfindən
çox yüksək qiymətləndirildiyini xüsusi ilə
diqqətə çatdırıb. O, hər bir dövlət
qurumunda və ictimai sahədə şəffaflığın
"ASAN xidmət"dəki kimi olmasının vacibliyini
vurğulayıb. Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransda da ölkə başçısı "ASAN
xidmət"in fəaliyyətindən söhbət
açaraq bildirib ki, bütün bu işlər Azərbaycanda
inkişafın hərtərəfli və sürətli
olması üçün görülür. O, idarəetmədə,
məmur-vətəndaş münasibətlərində
xoşagəlməz hallara son qoyulmasının vacib
olduğunu qeyd edib: "Biz "ASAN xidmət"i yaratdıq,
artıq neçə ildir ki, işləyir. Bir
dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb,
13 milyon müraciət olub. Bu, ictimai xidmətlər
sahəsində bir yenilikdir. Yəni bu, nəyi
göstərir? Birincisi, bizim iradəmizi və
siyasətimizi göstərir. İkincisi isə
onu göstərir ki, bu cür işləmək
mümkündür. Əgər orada
mümkündürsə, deməli, hər yerdə
mümkündür. Ona görə məmur-vətəndaş
münasibətləri, bu məsələlər cəmiyyət
üçün, inkişaf üçün çox önəmlidir.
Burada hər şey məmurlardan
asılıdır. Onlar dediyim kimi işləməlidirlər.
Əgər öz işində nöqsana, yaxud
da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə
cəzalandırılacaqlar".
Qeyd edək ki, Azərbaycan vətəndaşları,
o cümlədən dövlət başçısı
İlham Əliyev tərəfindən də fəaliyyəti
yüksək qiymətləndirilən "ASAN xidmət" mərkəzlərində
hazırda 10 dövlət qurumu və özəl müəssisələr
tərəfindən birlikdə 230-dan çox müxtəlif
xidmətlər həyata keçirilir. Həmin
dövlət qurumlarından biri də İqtisadiyyat
Nazirliyidir. Belə ki, "Sahibkarlıq fəaliyyətinin
xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin
sayının azaldılması, xüsusi razılıq
(lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi
və şəffaflığının təmin edilməsi
haqqında" Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr
tarixli Fərmanından irəli gələn
tapşırığa uyğun olaraq, lisenziya tələb
olunan fəaliyyət növlərinin sayının minimuma
endirilməsi və dövlət təhlükəsizliyindən
irəli gələn hallarla əlaqədar xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin müəyyən olunması ilə
bağlı ilk öncə İqtisadiyyat Nazirliyi tərəfindən
təkliflər hazırlanıb. Bunun ardınca
həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
həm də texniki-təşkilati istiqamətlər üzrə
işlər aparılıb, eyni zamanda "ASAN xidmət" mərkəzlərində
sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi
üçün nazirliyin əməkdaşlarına müvafiq
treninqlər keçilib.
Sahibkarlıq sahəsində işlərin
daha da gücləndirilməsi məqsədilə
İqtisadiyyat Nazirliyinin strukturunda da dəyişiklik edilib,
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin
maddi-texniki bazası və kadr potensialı gücləndirilib,
195-2 Çağrı Mərkəzinin səlahiyyətləri
genişləndirilib, Lisenziyalaşdırma və sahibkarlara
xidmətlərin göstərilməsi şöbəsi
yaradılıb. Yeni şöbəyə
sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq istəyən şəxslərə xüsusi
razılığın (lisenziya) verilməsi sahəsində
xidməti təşkil etmək vəzifəsi həvalə
olunub. Bütün bu işlər
yekunlaşandan sonra kütləvi informasiya vasitələrində
bu barədə məlumat xarakterli elanlar yerləşdirilib.
2015-ci il 2 noyabr tarixindən etibarən
İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət"
mərkəzlərində müddəti bitən lisenziyaların
yenisi ilə əvəz edilməsi üçün sənədlərin
qəbulu prosesinə başlanılıb. Növbəti mərhələdə
isə qısa müddət ərzində yeni fəaliyyətə
başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə)
verilməsi ilə bağlı müraciətlərin qəbuluna
start verilib.
2015-ci il noyabrın 5-də
İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı "ASAN
xidmət" mərkəzində avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşımaları və taksi minik
avtomobilləri ilə sərnişin daşımaları sahəsində
fəaliyyət göstərən müəssisələrə
ilk lisenziyalar verilib. Noyabrın 10-da nazirlik tərəfindən
yenə 5 saylı "ASAN xidmət" mərkəzində
sahibkarlara növbəti lisenziyalar təqdim edilib. Bu lisenziyalar avtomobil nəqliyyatı ilə ölkədaxili
və beynəlxalq yük daşımaları, əczaçılıq
fəaliyyəti, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin
satışı, şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm
sərnişin daşımaları sahələrində fəaliyyət
göstərən sahibkarlara verilib. Noyabrın
12-də isə Gəncədəki "ASAN xidmət" mərkəzində
sahibkarlara lisenziyalar təqdim edilib. Bu
lisenziyalar şəhərlərarası (rayonlararası) və
şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin
daşımaları, ölkədaxili yük
daşımaları sahəsində fəaliyyət göstərən
sahibkarlara verilib. Beləliklə də
yalnız 2015-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən
"ASAN xidmət" mərkəzləri vasitəsilə
sahibkarlıq subyektlərinə 264 lisenziya verilib. Bu lisenziyaların 202-si Bakı şəhərinin,
62-si regionların payına düşüb. 2016-cı ilin sonuna dair statistikaya görə isə
ötən müddət ərzində İqtisadiyyat Nazirliyi tərəfindən
"ASAN xidmət" mərkəzləri vasitəsilə
sahibkarlara 3382 lisenziya verilib. Bunlardan 1788-i
yeni verilmiş, 1594-ü müddətsiz lisenziya ilə əvəz
edilmiş lisenziyalardır. Lisenziyalar təhsil, əczaçılıq,
özəl tibb, tikintisinə icazə tələb olunan bina və
qurğuların layihələndirilməsi,
tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı
obyektlərinin quraşdırılması, baytarlıq
preparatlarının satışı, bitkiləri mühafizə
vasitələrinin və aqrokimyəvi maddələrin
idxalı, dağ-mədən işləri, dağ və buruq
qazmalarının aparılması, yanğından mühafizə,
qaldırıcı qurğuların, metallurgiya
avadanlığının, təzyiq altında işləyən
qazanların, tutumların quraşdırılması, təmiri
və sair fəaliyyət sahələrinə verilib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilib, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib. Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Misal üçün, hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün dövlət rüsumu 1000 manatdır.
Son olaraq qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların "ASAN xidmət" mərkəzləri tərəfindən təqdim edilməsi dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş kompleks və ardıcıl tədbirlər sisteminin mühüm tərkib hissəsidir. Sevindirici haldır ki, "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziya əldə etmiş sahibkarlar da xüsusi razılığın alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını qeyd edərək, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirirlər. Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanlar da sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla, biznes mühitinin bir qədər də yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisi kimi dəyərləndirilir. Bütün bunlar, yəni ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.
İsgəndər HƏSƏNOV
525-ci qəzet.- 2017.- 12 aprel.- S.8.